Siciliya: mafiya, qan davası,

dəniz, günəş və sevgi...

 

Türk Hava Yollarının(THY) Bakı ofisiylə əməkdaşlıq çərçivəsində növbəti səfərimizin İtaliyaya, həm  də gözəl təbiətin və qədim tarixin ekzotik qarışığı olan, haqqında saysız mahnılar qoşulan, filmlər çəkilən, hətta  mafiyanın belə əfsanəvi  romantik çalarlar əxz etdiyi  əsrarəngiz Siciliyaya olacağını biləndə çox sevindim. Əksər  azərbaycanlılarda olduğu  kimi, mənim də bu yer haqqında  təəssüratlarım tarixcoğrafiya kitablarıyla yanaşı məşhur “Xaç atası” filmiylə formalaşmışdı. Bir də siciliyalıların xarakter baxımından bizlərə çox bənzədiyini eşitmişdim.

THY-nin rahat biznes salonunda öncə İstanbula, oradansa  Kataniyaya uçduq. Hava limanında bizi ilk qarşılayan Bakını hələ sentyabr ayından tərk edən qızmar günəş oldu. Sanki noyabrdan  birbaşa avqust ayına düşmüşdük.

Səfərimiz THY və Siciliya Konvensiya Təşkilatının birğə təşəbbüsüylə Azərbaycan və Siciliya arasında turizm əlaqələrinin genişləndirilməsi məqsədilə  təşkil olunmuşdu. Qərib Azər adıyla tanınan səyahət bloggeri Azər Qəribov, səfər boyu səmimiyyəti və peşəkarlığı ilə gəzintimizin daha rahatxoş olması üçün səylərini əsirgəməyən THY-nin  əməkdaşı Gülnar Rzazadə və Azərbaycanda fəaliyyət göstərən altı turizm agentliyinin yetkililərindən ibarət bizləri Siciliya Konvensiya Təşkilatının və yerli turizm agentliklərinin nümayəndələri qarşıladılar. Beləcə Danilo, Nadia, DanielaVeronika ilə tanış olduq. Proqrama görə Kataniya səyahətimizi sonraya saxlayıb, başqa bir şəhərə-Sirakuzaya yollandıq.

Yolboyu müxtəlif mənzərələr bir-birini əvəz edirdi. Bunlardan ən çox diqqəti cəlb edən göz oxşayan yaşıllıqlar və tez-tez onu əvəz edən uzun-uzun tunellər oldu. Bələdçimiz isə Siciliyanı bizə tanıdırdı. Onun söylədikləri vaxtilə bu yer haqda oxuduqlarımı yaddaşımda canlandırdı.

Aralıq dənizi cənnətlərindən olan Siciliyanı sivilizasiyanın beşiyi də adlandırırlar. Deyilənə görə,  Avropada zəngin tarixin, çoxşaxəli mədəniyyətin, gözəl təbiətin və zümrüd rəngli suların birləşdiyi ikinci belə yer yoxdur. Qədim abidələri, əsrarəngiz qumlu sahilləri , sıldırım qayaları, saysiz buxtaları və körfəzləri , möhtəşəm nəhəng dağları, yamyaşıl zeytunsitrus bağları, qaynar təbiətli insanları ilə  İtaliyanın ən sirli və təzadlı məkanı sayılır Siciliya. Böyük alman şairi Höteninin sözlərilə desək,  Siciliyanı görmədən İtaliyanı tanimaq olmaz.

Üçbucaq formasına görə qədim dövrlərdə Trinakriya(üçayaq) da adlandırılan Siciliya ərazisinə və əhalisinin sayına görə Aralıq dənizinin ən böyük adası hesab olunur.  Əsrlər boyu qizğın tarixi hadisələrin,müharibələrin, işğalların şahidi olub.  Yunanlar, romalılar, bizanslılar, ərəblər, normanlar, franklar ...Bu fırtınaların biri digərini əvəz etmiş, hər biri dağıtmış, yaratmış. Beləliklə müxtəlif mədəniyyətlərin qovuşması adanın özünəməxsus inkişafına səbəb olmuş, tarixi abidələrdə və siciliyalıların həyatında öz izlərini qoymuşdur.

Hazırda paytaxtı Palermo şəhəri olan muxtar vilayətin öz parlamenti, üzərində mifik varlıq  Meduza Qorqonanın başı və üç ayaq təsvir olunmuş bayrağı və gerbi var.

Bələdçi hey danışır, bizim üçün ayrılmış rahat mikroavtobus isə mürgü döyən Etnanın ətəyində öz taleyini yaşayan Siciliyanın yollarıyla şütüyərək Arximedin vətəni qədim Sirakuza şəhərinə çatmağa tələsirdi.

 

Əfsanələr şəhəri-Sirakuza

 

Vaxtilə qədim Yunanıstanın ən vacib yaşayış mərkəzlərindən olmuş Sirakuza Siciliyanın cənub-şərqində yerləşir.125 min əhalisi var. Şəhərin turizm baxımından cazibədar məkanlarından  biri olan Orticia şəhərciyini ziyarət etdik. Bizim İçərişəhərə çox bənzəyən bu yerin də eynən Qala qapılarına oxşar qapısı var. Qapıdan içəri girən kimi sirli labirinti xatırladan qədim, dar küçələr bizi ağuşuna aldı. Qədim mənbələr Arximedin bu şəhərdə yaşadığını göstərsə də, evin yerini indi kimsə bilmir. Əvəzində burada onun adını daşıyan meydan salınıb. Meydanı Culio Moskettinin sənət əsəri olan Artemida fontanı bəzəyir. Heykəltəraş öz əsərini Artemida, AlfeyAretuzdan bəhs edən qədim əfsanəyə həsr edib. Əfsanəyə görə, çay tanrısı Alfey Aretuz adlı nimfaya vuruluronu təqib etməyə başlayır.  Azadlığına çox düşgün olan Aretuz isə ilahə Artemidadan onu  qorumasını istəyir. Artemida Aretuzu bulağa döndərir. Alfey isə suya çevrilərək dənizə axır və Orticia sahillərində Aretuza qovuşur. Həmin yerə sirakuzalılar Aretuz bulağı adı veriblər.

Bələdçinin rəvayətindən təsirlənib, gecənin düşməsinə baxmayaraq, Aretuz bulağına da baş çəkdik. Lakin ondan öncə Orticianın mərkəzini bəzəyən möhtəşəm Kafedral kilsəsini ziyarət etdik. Sirakuzanın hamisi sayılan Müqəddəs Lusianın adını daşıyan kilsə qədim Afina məbədinin VII əsrdə yenidən qurulmasıyla ərsəyə gətirilib.  Gözoxşayan memarlıq nümunəsi 1693-cü il zəlzələsindən sonra XVIII əsrdə yenidən təmir olunub və hazırkı borokko simasını alıb. Məbədin daxili hələ də bütpərəstlik elementlərini qorumaqdadır.

Sirakuza ilə tanışlığımızın ikinci günü Neopolis Arxeoloji Parkını gəzintiylə  başlayırıq. Antik dövr tikililərinin qalıqlarından ibarət park  bir çox abidəni əhatə edir. Bunlardan ən çox diqqətimizi çəkənsə eramızdan əvvəl V əsrdə tikilmiş, 16 min tamaşaçı tutan Yunan teatrı, bir zamanlar həm də həbsxana kimi istifadə olunmuş Latomiya daş karxanaları, eramızın II əsrində inşa edilmiş Roma amfiteatrı və “Dionisin qulağı”adlanan mağara oldu. Uzunluğu 65 metr, hündürlüyü 23 metr olan, görünüşcə qulağı xatırladan bu nəhəng möhtəşəm akustikaya malikdir.

Hər daşından ruhların pıçıltısı duyulan  abidələrin  əvvəllər Cənnət bağları adlandırılmış gözoxşayan yaşıllıqlar içində olması  gəzintimizə xüsusi zövq qatırdı. Hətta gəlişimizdən sanki sevincək olmuş günəşin noyabr ayına yaraşmayan, yandırıb-yaxan  canfəşanlığını belə parkdakı pişiklər qədər rahatlıqla qarşılayırdıq. Yeri gəlmişkən, görəsən niyə qədim yerlərdə bu qədər çox pişik olur ?

 

Günəşin qızı-Noto

 

Günümüzün ikinci yarısı  Siciliya borokkosunun mərkəzi sayılan, gözəllik və hormoniyadan yaranmış Notoya yollanırıq. İtalyanların kiçik  mirvarı adlandırdıqları  şəhər 1693-cü il zəlzələsindən sonra Simurq kimi öz külündən doğularaq,  bir qədər fərqli yerdə və fərqli simada-borokko möhtəşəmliyiylə  canlanıb. Tarixi milyon il əvvələ, tunc dövrünə dayanan qədim Notonun qalıqları isə bir qədər şimalda-Alvereya dağında yerləşir.

Geniş və səliqəli küçələri,  gözəl naxışlı binaları, insanheyvan fiqurlarıyla bəzədilmiş müxtəlif ölçülü eyvanları, hər tərəfdə diqqəti cəlb edən pilləkanları ilə şəhər sanki teatrı xatırladır. Burada bütün tikililər qızılı-sarı çalarlı “Noto daşları” ilə inşa edilib ki, bu da şəhəri isti və işıqlı atmosferə qərq eləyir. Ölçüsünə görə şəhərcik statusunda olan Notoda 18  kilsə, 15 monastr və 13 möhtəşəm saray var. 2002-ci ildə UNESCO-nun ümumdünya mədəni irsi siyahısına salınan şəhərin vizit kartlarından biri də turistlərin mütləq dadına baxmaq istədiyi şirin muskato çaxırıdır.

 

Dağlar gözəli-Taormino

 

Siciliyadakı ikinci günümüzü axşam edib dağlar qoynundakı cənnətə-Taorminoya gəlib çatırıq. Tauro dağının təpəsindəki bu məşhur kurort şəhəri turistləri heyranedici dəniz mənzərəsi, yamyaşıl təbiəti və qədimliyiylə  cəzb edir. Həddən artıq mənzərəli olan şəhər palma, şam, sitrus və sərv ağaclarıyla əhatə olunub. Əsas küçələrdə çox da yüksək olmayan antik üslublu villalar gözə dəyir. Şəhərin içində bütün yollar çay daşlarıyla döşənib, bu da Taorminoya xüsusi kolorit verir. Bizans imperiyası dövründə Siciliyanın paytaxtı olmuş şəhər bu günorta əsr şəhəri simasını qoruyub saxlayır.

Bütün bu gözəllikləri  biz, əlbəttə, sabah  daha yaxşı görəcəkdik. Hələliksə axşamın toranı yorğun günəşin qırmızısına qarışıb ətrafa pərdə salmışdı. Əşyalarımızı hotelə yerləşdirdikdən sonra italiyalı dostlarımızla birlikdə “Villa Antonio” restoranına şam yeməyinə gedirik.

Yeməkdən söz düşmüşkən, Siciliya haqda danışıb, mətbəxindən söz açmamaq günah olar. İtaliya mətbəxi kimi burada da əsas yeri dəniz məhsulları və əlbəttə ki, makaron tutur. Gündə ən az iki dəfə makaron yeyirlər. Burda olduğumuz müddətdə 10-a dək müxtəlif makaron xörəyini dadmaq şansımız oldu. Hətta restoranlardan birində məşhur “Pasta alla norma”nın bişirilmə qaydasını da öyrətdilər bizə. Unbir neçə pendir növündən hazırlanan xəmir, üstəgəl qovrulmuş soğan,pomidor, badımcan üçlüyünün ləzzəti həqiqətən tərifəlayiq idi. Şirniyyatlarına, dondurmalarına isə söz ola bilməz. Sitruskaktus meyvələri, fistıq, zeytun, parmezan pendiri və şərab süfrələrinin ayrılmaz atributudur. Bir gerçəyə tam əmin olduq ki, sicilyalılar da bizim qədər qonaqpərvərdirlər. Çünki Sicilyada olduğumuz vaxt ərzində ən gözəl hotellərdə və restoranlarda qonaq edildik.

Səhər açılır və biz Taorminanı seyrə çıxırıq. Burada yerlilərlə yanaşı turistlərə sıx rast gəlinir. Bəlkə də buna görədir ki, ətraf müxtəlif suvenirlər satılan kiçik dükanlarla doludur. Hədiyyəlik suvenirlər içində lavadan hazırlanan canlı fiqurları və üzərində mafiya elementləri olan əşyalar çoxluq təşkil edir. Axı Siciliya ilk növbədə mafiya sözüylə assosiasiya olunur. Yerlilər də pul qazanmaq üçün bundan ustalıqla istifadə edirlər.

Enişli yoxuşlu, daş döşəməli küçələrlə bizim eradan əvvəl III minilliyə aid olan Yunan Teatrının xarabalıqlarına gəlib çıxırıq. Buranın insanı sanki sehirləyən qeyri-adi ab-havası var. Dağın ən yüksək zirvəsində yerləşən abidədən ətrafa açılan mənzərə isə sözlə ifadə edilməyəcək qədər gözəldir. Masmavi səma, zümrüd rəngli ağaclar, ayaqlarımız altında bərq vuran gömgöy dəniz. Uzaqdansa Etna ağır-ağır tüstüləyir.

 

Don Karleoninin kəndi

yuxuya getmiş əjdaha

 

Növbəti səyahətimiz Etnaya olmalıdır. Lakin bizim istəyimizlə öncə “Xaç atası” filminin lentə alındığı Savokaya baş çəkirik. Bəs necə, Siciliyaya gəlib  mafiyayla “görüşməmək” olarmı?  Kənd dağların arasında, çox mənzərəli bir yerdədir. Don Karleonenin silahını qurşanıb filmin rejissoru Frensis Ford Koppolanın heykəliylə şəkil çəkdirib, filmdən bildiyiniz  Bar Vitel”də çay içib yolumuza davam edirik. Adanın sahibi yatmış əjdaha bizi gözləyir.

Avropanın ən yüksək fəaliyyətdə olan vulkanının-Etnanın 200-dən 400-dək krateri olduğu deyilir. Təqribən 3 aydan bir hər hansı kraterdən lava axır. Hər 150 ildən bir isə Etna kükrəyərək böyük bir ərazini yandırıb yaxır. Lakin bunlar siciliyalıları dağın ətrafında dolanmaqdan çəkindirmir. Etna onlar üçün yalnız ölüm qorxusu deyil, həm də həyat mənbəyidir. Lavadan nələr yaratmırlar bu insanlar. Turistlərin böyük həvəslə aldığı kiçik suvenirlərin hazırlanmasıdan tutmuş böyük şəhərlərin tikintisinə qədər hər işə yarayır lava daşları. Məsələn, Siciliyanın ikinci böyük şəhəri olan Kataniya lava daşlarından tikilib. Bir azdan bu şəhərə yol alacıyıq. Hələliksə sanki cəhənnəmin yollarına bənzəyən qapqara daşların üzəriylə ölümün cazibəsinə-Etnaya doğru yolumuza gedirik.

Yolda Danilodan zarafatla vendetta barədə soruşuram. Gülərək, qan davasının Siciliyada artıq əfsanə olduğunu deyir. Siciliya Konvensiya Təşkilatının direktor müavinidir Danilo. Həddən artıq səmimi mehriban insandır. Şam yeməklərimizdən birində Azər Qəribovun təklifiylə məclisin tamadası seçdik onu. Elə sevincək olmuşdu ki, hətta ayrılarkən bizə verdiyi vizit kartında imzasının yanınatamadasözünü əlavə eləmişdi. Hələ bu sözü necə tələffüz etdiyini eşidəydiniz.

 

Vulkanın öldürüb-diriltdiyi şəhər

 

Etnanın lap ətəyində yerləşən Kataniya şəhəri ilk dəfə eramızdan əvvəl 729-cu ildə yunanlar tərəfindən salınıb. Öz tarixi boyunca 4 dəfə zəlzələdən dağılıb, 3 dəfə lava altında qalıb, 5 dəfə yenidən tikilib. XVIII əsrdə lavabazaltdan istifadə edilməklə borokko stilində inşa edilərək hazırkı bir qədər qaralmış simasını alıb. Vaxt azlığı üzündən şəhərin kiçik bir hissəsini- Kilsə meydanını və Etna küçəsini gəzməklə kifayətlənməli olduq. Möhtəşəm Müqəddəs Aqata kafedral kilsəsi bu meydanda yerləşir. Vulkanın dağıtdığı kilsə XVIII əsrdə yenidən qurulub. Kilsə meydanında yerləşən başqa bir abidə- böyük lava parçasından yonulmuş, kürəyində Misir obeliski daşıyan qara fil heykəli Kataniyanın  simvolu sayılır. Heykəl fontanın üzərində dayanıb. Bələdçimiz keçmişdə Kataniyda boyu cəmi 90 cm olan cırtdan fillərin yaşadığını deyəndə hamımız çox təəccüblənirik.

Meydandakı Fil sarayına və Useda qapılarına nəzər yetirib Etna küçəsinə yönəlirik. Uzunluğu 3 kilometrə  çatan küçə boyunca saysiz mağazalar fəaliyyət göstərir. Tanınmış Siciliya bəstəkarı Vinsento Bellinin heykəli də bu küçədədir.

Saatın əqrəbləri zamanı qovurbiz bir-birindən möhtəşəm tikililəri olan şəhərdəki gəzintimizi istəmədən yarımçıq qoymalı oluruq. Geri uçuşumuza cəmi bir neçə saat qalıb. Kataniya hava limanında siciliyalı dostlarımızla son dəfə süfrə arxasıda otururuq. Ləzzətli yeməklər, xoş söhbətlər..Və vida anı gəlir. Anlayırıq ki, qısa müddət ərzində bu milləti, dini ayrı olan insanlarla sadəcə insan olduqları və sadəcə insan olduğumuz üçün çox isinişmişik. Terrorun, millidini ayrıseçkiliyin fiziki və mənəvi ağrısını yaşadığımız bir vaxtda bu hissin fərqinə varmaq çox gözəl idi. Bernard VerberinBizim dostumuz insanlardır” əsərini xatırlayıram. Gerçəkdənmi ayrıseçkilik etməmək, bir-birimizin qiymətini anlamaq, sevmək  üçün bu dünyada təktənha qalmalıyıq? Axı Allah bizi bərabər yaradıb və bu dünyada əsas olan O, bizsevgidir. Gözəlliklər diyarı Siciliyadan da bu sevgiylə ayrılırıq...

 

Aida AYSA

 

Xalq qəzeti.- 2015.- 6 dekabr.- S.11.