“Kitabi-Dədə Qorqud”un
tarixi-coğrafi arealı
Mədəniyyətimizin şah əsəri
olan “Kitabi-Dədə Qorqud”da ulu babalarımızın
yaşadığı bütün torpaqlarda – Dəmir qapı
Dərbənddən Diyarbəkir torpaqlarına və Mardinə,
Xəzərdən Qara dəniz sahillərinədək, Abxaz
elinə, Trabzona qədər geniş ərazidə baş
vermişdi və Bayburddan Kür-Araz nəhrinin
aşağı axarına qədər bölgələri
içinə alırdı. Lakin tədqiqatçılar
dastanın tarixi-coğrafi baxımdan şifahi xəritəsini
cızarkən, nədənsə, Qərbi Azərbaycanda
Ağrı dağının güneyində yerləşən
Vedibasarı həmin areala daxil etməmişlər, təkcə
Göyçə gölünü göstərməklə
kifayətlənmişlər.
Halbuki, Batı Azərbaycan ərazisində Vedibasarda “Dədə
Qorqud” dastanlarında qeyd olunan toponimlərlə səsləşən
yüzlərlə yer-yurd adları vardır. Ona ğörə
də biz bu məqalədə Qərbi Azərbaycanın
gözəl guşələrindən olan Vedibasarın da Dədə
Qorqud dastanlarının tarixi-coğrafi arealına daxil
olduğunu sübut etməyə
çalışacağıq. Çünki
“Dədə Qorqud kitabı”ndakı tarixi hadisələrin və
bədii süjetin coğrafiyası barədə mübahisə
olsa da, ümumi fikir birliyi vardır. Şübhəsiz,
dastan konkret bir zaman kəsiyində yaranmadığı kimi,
onu mütləq coğrafi koordinata yerləşdirmək də
olmaz. Şifahi xalq
yaradıcılığımızın tacı olan “Kitabi-Dədə
Qorqud”, eyni zamanda, əvəzolunmaz tarixi salnaməmizdir.
O bir tarixi qaynaq kimi dünya xalqlarının erkən
çağlara aid xalq qəhrəmanlıq eposları içərisində
özünəməxsus yer tutur. Vedibasar bölgəsində
saxlanılan qədim oğuz məzarlıqları, kitabələr,
koç, qoyun, yəhərli-yüyənli at, məzar
daşları, onlardakı təsvirlər, ornamentlər uzaq
keçmişimizdən, Dədə Qorqud dünyasından xəbər
verir. Həmin bölgənin təkcə
Ciğin dərəsində, Kiçik və Böyük
Əyricədə saxlanılan və bizim şəxsən
yazıya aldığımız 100-dən çox oba, kənd
adları “Dədə Qorqud” qaynaqları ilə bağlı
toponimlərdir. Sonrakı dövrlərdə
Batı Azərbaycanın feodal dövlətləri Qaraqoyunlu,
Ağqoyunlu və Çuxur-Səd bəylərbəyliyi tərəfindən
idarə edilməsi ilə əlaqədar bu ərazidə
oğuz-türk mənşəli əhalinin məskunlaşması
daha da artmış və külli miqdarda oykonimlər, oronimlər,
hidronimlər, toponimlər, paleotoponimlər yaranmışdır.
Bu da tamamilə təbiidir. Çünki qədim
və zəngin mədəniyyətə malik olan Azərbaycan
ilk insan məskəni, qədim toponimlər diyarıdır.
Bunların geniş miqyasda tədqiqi xalqın
soykökünün öyrənilməsi baxımından da
maraqlıdır. Dünya
qorqudşünaslığının yaranmasında və
inkişafında əvəzsiz xidmətləri olan V.Bartold
yazır: “Qopuz çalan, nəğməkar-şaman Qorqud
haqqındakı əfsanənin mənşəyi necə
olur-olsun, Qorqudun adı ilə bağlı bu epik silsilə
çətin ki, Qafqaz mühitindən kənarda yaradıla
bilərdi.” Məhz Bayandur, Bayburd toponimi və Qazan baş
obrazlarının təşkiledici obraz kimi dastanın ana xəttini
təsdiq etməsini Türkiyəli qorqudşünaslar R F.
Sümər, Orxan Şaiq, M. Erkin də bu həqiqəti təsdiq
edirlər. Məlumdur ki, istər XV əsr, istərsə
də ondan əvvəlki dövrlərdə şəxsiyyətlər
arasında bu adlar var. XV əsrdə Azərbaycan və
Türkiyə tarixində xidmətləri olmuş
Ağqoyunlular özlərini və Xanəndanı Bayandur
xanın nəsli sayırdılar. Dastanın
“Qanlı qoca oğlu Qanturalı boyu”nda Oğuz-Trabzon
münasibətlərindən, oğuzların Ağqoyunlu boyundan
olan Qanturalının Trabzonlu qızı Selcan xatunla evlənməsindən
bəhs olunur. Soy-kökü xanlar xanı
Bayandur xana gedib çıxan Ağqoyunlular sonradan paytaxtı
Diyarbəkir olan müstəqil oğuz dövləti
yaratdıqda onu idarə edən sülalə Bayandurlar
adlanırdı.
Oğuz anlayışı ilk dəfə Orxon
yazılarında işlənmişdir. Böyük Kül Təkin
yazısı bunu bir daha aydın göstərir: “Doqquz oğuz
xalqı mənim öz xalqım idi. Yer, Göy
qəzəbləndiyi üçün bizə yağı kəsildi.
Bir ildə beş dəfə
sünğüləşməli olduq. Bununla
“Oğuz” həm də xaqanlığın özü və
onu təmsil edən bir xalqdır, bir xaqanlıq etnosiyasi və
etnomədəni baxımdan artıq “Oğuz” elidir. Bu elin xaqanı, oğuz xalqı, bəyləri,
oğuz-türk bəyləridir. Qərbi
Azərbaycan ərazisindəki yüzlərlə toponimlər
sırasında Qaragünə toponimi də vardır. Dədə Qorqud dastanında Qaraqunə Qazan
xanın qardaşının adıdır. Əlbəttə, Qaraqunə toponimi Qərbi Azərbaycana
təsadüfi düşməmişdir. Bu
ad Dədə Qorqud dastanı ilə bilavasitə
bağlıdır. Türkün tarixində
ənənəvi varislikdən başqa, bəylik ləyaqəti
həyatda şəxsi davranışla da
qazanılırmış.
Türk
igidliyə müqəddəs iş kimi baxıbdır. Təbiidir
ki, qədim abidədə mifoloji anlayışlar xeyli yer tutur:
Yeddi minlik kafir ordusu tərəfindən el-obası talanıb
özü, ailəsi, anası, oğlu, kənizi,
qulluqçusu əsir düşən Qazan xanın ovda
gördüyü yuxunu qardaşı Qaragünəyə
danışması və qardaşının onu yozması
türkün tipik mifoloji düşüncələrindəndir.
Yuxu inamı, Qazan xanın oğlunun ağaca
sadaladığı məişət və həyat vəzifələri,
Qazan xanın yurdla, su ilə, qurdla, köpəklə xəbərləşmələri
qədim inanclarla bağlıdır. Qərbi Azərbaycanın
Vedibasar ərazisindəki bir sıra toponimlər, o sıradan
Kolanı, Baxçacıq, Düyün, Ağasıbəyli,
Qazançı, Aşağı Ərmik, Kərgab, Qaragünə,
İnqala, Ağsu, Göl, Camişbasan, Qarabağlar, Qaratorpaq,
Hortuz, Dəhnəz, Əzizkənd, Daşnov, Küsuz, Babacan,
Kotuz, Alirzalar, Hacımirzə, Xarabakotanlı, Seyidlər
Kotanlısı, Qarağaç, Şuğayib, Şəhriyar,
Bayburd, Qaladibi, Körpüköy, Çatma, Aysorlu, Gilanlar,
Tapgilaniar, Yellicə, Çəmənkoy, Alqiriq, Zəncirli,
Harınburun, Düyüdaşı, Pirəli, Yappa və s.
oğuz ellərinin qoyub getdikləri toponimlərdir. Gətirilmiş
örnəklərdən təkcə “Bayburd” toponimi, oğuz
ellərinin başçısı Qazanı xatırladan
Qazancı köyü, yaxud oğuz igidlərinin adı ilə
adlandırılan Kotuz, Hortuz kənd adları Dədə
Qorqud dünyasını xatırladır. Şərur-Dərələyəz
dərəsində yerləşən kəndlər Civə,
Yelpin, Çanaqçı, Qovuşuq, Ağkənd, Ayı səsi,
Gədik vənçi, Həsən köy, Əməvi, Arpa,
Kotanlı, Poşalı, Cul, Qalasirri də bu qəbildən
olan toponimlərdir. Qalasirri haqqında Aşıq Ələsgər
deyir:
Qalasirr bərkdir namaza,
Suyu sərin saxlar yaza.
Doqquz ayı qılar qəza
Üç ayı beiman
yerdir.
Qərbi Azərbaycan ərazisində paleotoponimlərin,
xüsusilə etnotoponimlərin yalnız bir qisminin
araşdırılması onu göstərir ki, bu ərazidə
qədim tariximizin izləri hələ də qalmaqdadır. Oğuzlara məxsus
obalar, ellər, mahallar, kəndlər, yaylaqların
çoxunun adlarının qədim abidələrimizlə səsləşməsi
də fikrimizi təsdiq edir. Faktların
paralelliyi Qərbi Azərbaycandaki toponimlərin və
ayrı-ayrı sözlərin məna çalarlarının
Dədə Qorqudla eyni olduğunu təsdiq edir. Bu da təsadüfi deyil.
V.Jirmunskinin
fikrincə, Dədə Qorqud boylarının ilk qatlara IX-X əsrlərdə
Sır-Dəryanın aşağı axarlarında
oğuzların əski vətənində, qismən də
oğuzların yeni Vətəni Cənubi Qafqazda
yaranmışdır. Yeni araşdırmaların
elmə gətirdiyi nümunələrə arxalanmış
olsaq, “yeni vətən”də oğuzların izlərinə
tarixin daha ön qatlarında rast gələ bilərik. Bu oğuzların qədim etnik
varlığının düyünlü problemlərini
açmaq üçün dəyərlidir.
Bizə elə gəlir ki, “alban” boy adı dastanda “ilkin Vətən”də
deyil, bu adı daşıyan xalq onu Qafqazda yaşaması ilə
bağlı olaraq gətirmişdir. Çünki Qafqaz
albanları üçün doğma yaşayış yeri
oğuzların ilkin vətəni deyil, onların yeni vətəni
olmuşdur. Professor S.Əliyarlı qeyd edir ki, Kanqli (Kənxər)
boy adı ilə bağlı mövzunun oğuz epik sənətinə
keçməsi bizim öncələr
düşündüyümüzdən qat-qat mürəkkəb,
regionlararası bir proses olmuş, boylardakı bir sıra hekayətlər
kökcə yalnız Mərkəzi Asiya oğuzları
içərisində deyil, Qafqazdakı qədim türk
boyları içərisində, “Oğuz dilində Orxon
yazıları” yaranmamışdan öncə baş
vermişdir. V.Bartoldun fikrincə, “Qorqud” mövzusu “törəyişcə”
çox qədimdir, Oğuzlar onların yayılma
yürüşlərinin başlanğıcında onunla
artıq tanış idilər. V.Bartolda görə, boylarda adı çəkilən
“Oğuz zamam”, yəni əsərin qəhrəmanlarının
yaşadığı dövr uzaq keçmişə,
İslamın ilk yüzilinə düşür. Dastanda təsvir olunmuş hadisələrin
coğrafiyası Kur-Araz ovalığı, Bərdə, Gəncə,
Gürcüstan ətrafı, Dərbənd, Göyçə
ətrafı, Qara dəniz ağzını əhatə edir.
Əlavə edək ki, hadisələrin
coğrafiyası Göyçə ətrafını əhatə
edirdisə, deməli Vedibasar ətrafını da əhatə
edirdi. Vedibasar bölgəsində
saxlanılan, yuxarıda qeyd etdiyimiz qədim onomastik vahidlər
və toponimlər bunu təsdiq edir.
Belə hesab edirik ki, həm də bu yerlər dastan qəhrəmanlarının
doğma vətənidir. Mil-Muğan onların
qışlaqları, Qızılağaç, Vedibasarın
Kiçik və Böyük Əyricə dağları
yaylaqlarıdır. Deməli, doğma
sınırlar içində onların yurdları,
yaylaqları vardı. Bu da Şimali və
Qərbi Azərbaycanın indiki coğrafi ərazisinə
uyğun gəlir. Tanınmış
qorqudşünas Ş.Cəmşidovun
axtarışlarından məlum olur ki, 546-cı ildə
öz üsyankar çıxışları ilə Çin
imperiyası tabeliyindən xilas olan, VII yüzilin
ortalarından “On od budun” qəbiləsinin başçılığı
ilə daxili çarpışmalardan qalib çıxaraq
güclü xaqanlıq yaradan Qərb türkləri təzə
yurdda da yeni qoşunları ilə mübarizə
aparmışlar.
Maraqlıdır ki, Mərkəzi Asiyada deyil, məhz Cənubi
Qafqaz mühitində baş vermiş bu döyüşlərin
“Kitabi-Dədə Qorqud”da izləri vardır. Məşhur türkoloq
S.Q.Qlyaştoni Suriya, gürcü və erməni mənbələrinə
istinad edərək, hələ V yüzildə Qafqaz
Albaniyası ilə İberiya arasında, Göyçə
gölünün sahilində “Duxar”, yaxud “toxao” (“tuxaris”)
adında vilayət və onun mərkəzi dayağı olan “Toxar
qanla”sının mövcud olduğunu qeyd edir. O da
maraqlıdır ki, oğuzlarla toxarlar arasında daima qanlı
döyüşlər olmuşdur. Bu tarixi toqquşmaların
izi “Dədə Qorqud” qəhrəmanı Bamsı Beyrəyin
sözlərində aydın görünür: “Tulu avarı
duxarnliyi qovduğum... ayğır verib aldığım tozlu
qatı yayım.” Əlavə edək ki, VI əsrdə
avarların Azərbaycan ərazisinə basqınları tarixi ədəbiyyatda
öz əksini tapmışdır. D.Yeremenyev yazır:
“568- ci ildə avarlar süvarları əzdilər”. Bundan sonra süvarlar Alnbaniyaya köçdülər.
Bu türkdilli tayfaların adı ilə
bağlı indi Azərbaycanda Biləsuvar yer adının
mövcudluğu diqqəti cəlb etməyə bilməz.
Beləliklə, Azərbaycan (qədim Albaniya və
Qərbi Azərbaycan) ərazisinin “Dədə Qorqud” qəhrəmanlarının
doğma yurdu olmasına şübhə qalmır. Bu mənada akademik Z.M.Bünyadovun türkdilli Azərbaycan
xalqının arealı (coğrafiyası) haqqında dəqiq
fikri diqqətəlayiqdir. O, yazır: “Azərbaycanda
türkləşmə prosesini bəzi tədqiqatçıların
dediyi kimi, XI-XII əsrə aid etmək doğru deyildir. Belə olduqda türk tayfalarının tarixən
burada mövcud olmuş, köklü varlığı inkar
edilmiş olardı.
Tədqiqatlardan məlumdur ki, hələ V əsrdə
Muğanda sakin olmuş hunlar ərəblərin “balasaqun”
adlandırdığı Ağ-hun (Böyük hun) şəhərini
salmışlar. Beləliklə, “Dədə Qorqud
oğuzlarının XI əsr oğuzları ilə
yaxınlaşdırmaq üçün mövcud dəlillər,
onların eyni coğrafi koordinatda fəaliyyət göstərmələri
barədə fikir söyləməyə imkan verir. Çünki dastanda XI əsrə qədərki
Şimali və Qərbi Azərbaycan mühitinin inikası
vardır. Müqəddimə və
üçüncü boyda İstanbulun, dördüncü
boyda Başıaçığın (İmeretiya)
adlarının çəkilməsi “Dədə Qorqud”un coğrafi xəritəsini göz önünə
gətirir. V. Bartold, V.Jirmunski kimi qorqudşünaslar
Qanturalı boyunu XIV-XV əsrlə məhdudlaşdırırlar.
Əlbəttə, bu düzgün deyil. Çünki mənşəcə oğuz olan
Ağqoyunlular əvvəlcə Mərkəzi Asiya düzənliyində
yaşayırdılar. Sonra isə Qərbə
doğru hərəkət edərək Diyarbəkirdə, Qərbi
və Cənubi Azərbaycanda məskən saldılar.
VI əsrin sonu - VII əsrin əvvəllərində
Ağqoyunluların Qarabağda, Göycə ətrafında,
Vedibasar ərazisində, Alagöz yaylaqlarında
yaşadıqları məlumdur. Onomastik vahidlərin
paralelləri və müqayisələr dastanın şifahi
şəkildə tarixin daha qədim qatlarında mövcud
olduğunu, XI əsrdə isə yazıya
alındığını, tarixi-coğrafi koordinatların
müəyyənləşdirilməsi baxımından isə,
Qərbi Azərbaycanın Vedibasar bölgəsini də əhatə
etdiyini deməyə imkan verir.
Süleyman MƏMMƏDOV,
professor, Dövlət mükafatı laureatı
Xalq qəzeti.-
2015.- 6 dekabr.- S.9.