Azərbaycanı ucaldan

müstəqilliyə qovuşduran rəhbər

 

Ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu 12 dekabr sevimliunudulmaz ulu öndərimizin ümumxalq anım günüdür. Ötən 12 il ərzində cismani yoxluğuna alışa bilmədiyimiz, işıqlı xatirəsi həmişə qəlbimizi nurlandıran  ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilmişdir. Xalqımız, ölkəmizə gələn mötəbər xarici qonaqlar ardı- arası kəsilmədən bu şərəfli ünvana gedir, müasir Azərbaycan dövlətinin memarı və qurucusunun, müstəqilliyimizin xilaskarının, türk dünyasının böyük oğlunun xatirəsinə ehtiramlarını ifadə edirlər.

 

Bütünlüklə xalqına həsr olunmuş  səkkiz onillik ömründə titanik fəaliyyəti ilə tarixinmizin ən şərəfli səhifələrini yazan Heydər Əliyev azərbaycanlı olmasından sonsuz qürür duyduğu kimi, onun soydaşları olaraq biz– dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar da   ilk ümummilli lideri ilə fəxr edir, qürur duyuruq. Ulu öndər Heydər Əliyevin bəşəri səciyyə daşıyan həyat və fəaliyyəti uzun illərdən bəri beynəlxalq miqyasda maraq doğurduğundan artıq bu insan barədə düşünmək, söz demək üçün hər dəfə onun əzəmətli və ölməz obrazına ümumdünya tarixi, bəşəriyyətin dahi simaları fonunda baxmalı oluruq.

Əvvəla, duyğu- düşüncələrimiz ondan qaynaqlanır ki, hər bir xalqın milli-mənəvi irsini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini gələcək nəsillərə ötürmək missiyası onun taleyində müstəsna rol oynamış nadir şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Müdrikliklər müdriki sayılan belə insanlar həmişə ali məqsədlər uğrunda mübarizənin önündə olmuşlar. Onlar müstəsna bir məharətlə zamanın kəskin tələblərini cavablandırmış, ümumi təhlükəni sovuşdurmuş, öz xalqının bir epoxadan digərinə ahəngdar keçidiniyeni şəraitdə tərəqqisini təmin etmişlər. Tarix belə fenomen şəxsiyyətlərin, xarizmatik liderlərin verdikləri impulslarla irəli gedir, yüksəlir.

İkincisi, düşünürük ki, Azərbaycan tarixində nadir zəkası və əfsanəviləşən hünəri ilə şərəfli bir silsilə təşkil edən şəxsiyyətlərin sırasında hamıdan ucaya qalxmaq, ümummilli lider səviyyəsinə yüksəlmək XX əsrdə bir qərinədən artıq  müddətdə xalqımıza rəhbərlik etmiş, onun hərtərəfli inkişafına nail olmuş, milli dövlətçiliyimizin bərpası və əbədiləşdirilməsi uğrunda mübarizənin öndəri olmuş, respublikamızı tarixi inkişafın ən uca mərtəbəsinə qaldırmış və sağlığında əfsanəviləşmiş ali soydaşımız Heydər Əlirza oğlu Əliyevə nəsib olmuşdur. Adı 25 ildən bəridir ki, dövlət müstəqilliyi, onun ideologiyası olan azərbaycançılıqla  qoşa çəkilən dünya şöhrətli siyasətçi Heydər Əliyev, tarixçilərin söylədiyi kimi,  Tanrının hər xalqa min ildən bir bəxş etdiyi dühalardandır.  Öndərlərə xas olan xalqını arxasınca aparmaq qabiliyyəti, ən çətin məqamda belə doğru yol seçmək bacarığı, fərqli tarixi şəraitlərdə sükanı möhkəm saxlamaq qətiyyəti, rəhbərliyinin hər iki mərhələsində məmləkətinin köklü maraqlarını inadla qorumaq əzmi ilə Heydər Əliyev, həqiqətən, milli dövlətçilik tariximizin ən mükəmməl dövlət başçısıdır. Ulu öndər müdrikliyi, hünəri ilə tən gələn, zəkasını bütünlüklə əmələ çevirən rəhbər kimi xalqımızın qəlbində əbədiyyət qazanmış dahilərimizin ən birincisidir.İdeyaları, idarəçilik təcrübəsi dünənimiz, bu günümüz, sabahımız üçün məktəb, bələdçi olan ümummilli lider Heydər Əliyevin siyasi irsi o qədər zəngin, mənalı və dəyərlidir ki, hələ neçə illər bundan sonra da nəsillər bu xəzinədən istifadə edəcəklər.

Dahi rəhbər, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev əbədiyyətə qovuşsa da, ulu öndərin yaratdığı ən yeni tariximiz XXI əsrin ilk onillikləri boyunca zənginləşməkdə, ən layiqlisadiq davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etməkdədir. İllər, qərinələr ötdükcə, bu nəhəng şəxsiyyətin Vətəni, xalqı qarşısındakı xidmətləri zamanın genişliyi və uzaqlığı  fonunda daha aydın görünəcək, yeni nəsillər bu tükənməz irsdən qədərincə bəhrələnəcəklər.

Hər ötən il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına yeni məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha yaxından göstərir. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun mükəmməl bir qaynaqdan– Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir.

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli amallarını, yaşatdığı  dövlətçilik ənənələrini, həqiqi mənada, XX əsrdən XXI əsrə keçid dövrünü əhatə edən Heydər Əliyev epoxasında gerçəkləşdirdi, yenidən müstəqil Azərbaycan dövlətini qura bildi. Çağdaş Azərbaycan tarixinin 34 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.

Ulu öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Ulu öndər Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi. Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının formalaşmasına çalışan ümummilli lider Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün həyatını şam kimi əritmişdir.

Heydər Əliyev öz xalqına, Vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın XX əsr ictimai-siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir canlanma, yüksəliş yaratmışdır. Müstəqil Azərbaycanın rəhbəri kimi onun miqyaslı və dərin siyasəti bütün dünyanı ehtiva edə bilirdi, regionun perspektiv yolunu düzgün istiqamətə yönəldirdi. Heydər Əliyev dünyanın bir çox ölkələri ilə, hətta xain və məkrli düşmənlərimizlə də “sülh dili” ilə danışmağı bacarır, onların təcavüzkar siyasətinin məhvə məhkumluğunu bəyan edirdi.

Ulu öndərin ali keyfiyyətləri– fenomen xarakteri, insanlara sevgisi, hərəni öz dilində danışdırmaq məharəti, xeyirxahlığı onu tanıyanların sevimlisinə çevirirdi. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, həmişə obyektiv mövqe tutması, yüksək intellekti, analitik təfəkkürü, sadə davranışı, heyrətamiz enerjisi dünyanın hər yerindən görünürdü. Soydaşımızın sərhədsiz sorağı onu hər yerdə populyarlaşdırır, yüz milyonlara sevdirirdi.

Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə, demokratik dövlət quruculuğu prinsiplərinə sadiq bəşəri şəxsiyyət idi. Onun fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilliqlobal əhəmiyyətli problemlərin aradan qaldırılmasına xidmət edirdi. Bu baxımdan, Heydər Əliyevin ali keyfiyyətləri və siyasi potensialı onun müxtəlif sistemlərdə və coğrafi məkanlarda rəhbər elitanın ən yüksək pilləsində qərarlaşmasını təmin etmişdi. Belə bir dühanın məhz Azərbaycan xalqına mənsub olması və özündən sonra bu xalqın tarixində yaradıcı izdaha uzaq gələcəyə hesablanmış siyasi irs qoyması, bütövlükdə, xalqımızın milli uğuruiftixar mənbəyidir.  Ulu öndər Azərbaycan xalqının zaman- zaman fəxr edəcəyi və həyat yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir. O, bir çox siyasətçi müasirlərindən fərqli olaraq təkcə öz dövrünün deyil, daha geniş zaman çərçivəsində baş verən ictimai-siyasi proseslərin axarını müəyyən edə bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət xadimi idi. Heydər Əliyev təkcə gələcəyi görmür, həm də o gələcəyi yaradırdı. O, sabaha doğru gedən yolu açır və insanları bu yöndə getməyə səfərbər edirdi.

Keçmişi izah etmək üçün ilahi vergidən, bugünü anlamaq üçün istedaddan, gələcəyi görmək üçün dahilikdən yararlanan Heydər Əliyev indiki müstəqil dövlətimizin bütün sahələr üzrə gələcəyinin cizgilərini, təxminən, 46 il bundan əvvəl çəkmişdi. Onun 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişini tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Çünki ulu öndərin rəhbəliyinin birinci dövründə respublikada köklü dəyişikliklər baş vermişdi. Əgər Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70- 80-ci illərində yurdumuzun sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən zəruri işlər olmasaydı,  bu gün Azərbaycanın suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik.

Sovet zamanında, hər bir tapşırığın mərkəzdən verildiyi vaxtda geridə qalan Azərbaycanda insanların öləziyən ümidlərini ruh yüksəkliyi ilə əvəz edib, fəal təsərrüfat, tikinti-abadlıq, quruculuq işlərinə yönəltmək əsl qəhrəmanlıq, möhtəşəm bir rəhbərlik nümunəsi idi. Bu gün insanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin hüdudlarını bir daha hiss edir, ümummilli liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyindən xəbərdar olurlar.

Ümummilli lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə xalqda milli özünüdərk hissini gücləndirə, habelə milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdi. Həmin illərdə milli-mənəvi dəyərlərə nihilist baxış tədricən aradan qalxmış, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan möhkəm mənəvi- ideoloji körpü milli düşüncənin düzgün məcrada inkişafına səbəb olmuşdu.

Ümumiyyətlə, həmin dövrdə böyük strateq Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi yalnız xalqın ümumi dirçəlişi, milli qürurunun oyanışı məramına hesablanmışdı. İdarəçilikdə atılan məqsədyönlü addımlar, o cümlədən iqtisadi inkişafın sürətləndirilməsi milli şüurun yüksəlməsinə, milli dirçəlişin etibarlı təməlinin yaradılmasına xidmət edirdi.

Ümummilli lider Heydər Əliyevin xalqın istəyi və iradəsi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlişi isə canından artıq sevdiyi Azərbaycanı, xalqımızı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə həyatını təhlükəyə atmaqla, qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa ölümündən çəkinməyərək nail oldu. Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq səhifəsi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, əqidəsinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi və zəruri nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi bu xilaskarlıq missiyasını gerçəkləşdirə bilərdi.

Heydər Əliyev fəaliyyətinin 1993–2003-cü illəri də bir ömrün qızıl salnaməsi, Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir. Ümummilli lider həmin illərdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqil Azərbaycanın bar- bəhrəsini bəxş etdi.

Heydər Əliyev öz əməli fəaliyyəti ilə nəinki Azərbaycan, eləcə də insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaratdı. Bu, bəşəri ideyaların ölməzliyi, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin yenilməzliyi tarixidir.

Ulu öndər ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Heydər Əliyev qanlı müharibədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi.Böyük rəhbər  respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artdı, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırıldı.

Dünya inkişafının perspektivini aydın görən, ona doğru addımlayan və ölkəsini, xalqını ona doğru istiqamətləndirən Heydər Əliyevin uzaqgörən siyasəti müasir Azərbaycanın dünya birliyinə təbii inteqrasiyasıını təmin edərək, onun müstəqilliyini əbədi və dönməz etdi. Bu siyasət: hər şeydən əvvəl, uzunmüddətli sabitliyin bərqərar olunmasına yönəlmişdi; ikincisi, zaman çərçivəsi ilə məhdudlaşmayıb gələcəyə hədəflənmişdi; üçüncüsü, geopolitik maraqların Azərbaycanın milli mənafeləri ilə uzlaşması harmoniyasını yaradırdı; nəhayət, hələ uzun illər Azərbaycanın daxilixarici siyasət doktrinasının özəyini, milli inkişafımızın təməlini təşkil edəcəkdir.

Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol daha dərin və daha geniş məzmunda, daha konseptual şəkildə açıqlanacaq. Bir həqiqətsə heç zaman dəyişməyəcək: Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyət olması həmişə etiraf olunacaq.

Heydər Əliyev milli dövləti idarə etməyin beynəlxalq siyasi sistemlə ideal bağlılığını tapa bilən müstəsna siyasət ustalarından idi. Ulu öndərin Azərbaycan dövlətçiliyi praktikasındakı bu nailiyyəti, formalaşdırdığı siyasi idarəetmə sistemində bu məqamın tapılması  onun siyasi kursunun uğurla davam etdirilməsinin ən başlıca reallıqlarındandır.

Azərbaycanda siyasi hakimiyyətin Heydər Əliyevin yaratdığı dövlətçilik təməli üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi zərurəti üzərində düşünərkən artıq çoxdan təsdiqini tapmış belə bir həqiqəti dərk edirik ki, Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hər kəsdən yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün lideriniİlham Əliyevi Azərbaycana bəxş etməsidir.

Azərbaycanı Qafqazın ən qüdrətli dövlətinə çevirmiş, ölkəsinin bütün sahələrdə qalibiyyət potensialını üzə çıxarmış Prezident İlham Əliyevlə xalqımız özünə ən etibarlı siyasi gələcək qazandı, mütərəqqi inkişaf yolunu qoruyub saxladı. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesini Prezident İlham Əliyevin yüksək dinamizm və əzmkarlıqla davam etdirilməsi xalqımızın sabaha inamının qaynağıdır. Onun 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünyaya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır.

Ümummilli lider Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar sayəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasiictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. Azərbaycan Prezidenti zaman etibarilə qısa, mahiyyətcə çəkili bir dövr ərzində yeni əsrin lideri kimi sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmamışdır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürü və eyni zamanda, müstəqil Azərbaycan uğrunda və Heydər Əliyevin ölməz ruhu qarşısında fədakarlıqla çalışmağın nəticəsidir.

Bu gün tam cəsarətlə deyə bilərik ki, Azərbaycanın müasir tarixi Heydər Əliyev dühasından ayrı təsəvvür edilə bilməz. Bəli, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir! Bu siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev isə ulu öndərin yaratdığı şanlı tarixi yaşatmaqla bahəm, həm də yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur.

Müstəqil Azərbaycan məhz cənab İlham Əliyevin rəhbərliyi altında qarşıda duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Prezident İlham Əliyev xalqa arxalanmaqla ucalmağı bacaran liderdir. Hər bir azərbaycanlının Prezidenti həm də hər bir azərbaycanlının dostu, cəfakeşi, güvənci, qürur mənbəyidir. Bu gün bironunla qürur duyuruq ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fədakar xidmətləri həm Heydər Əliyevin ölməz ideyalarını davam etdirir, həm də Prezident İlham Əliyevin fəaliyyətinə böyük dəstək və töhfə verən mükəmməl missiyaya çevrilir.

Dövlət başçısı  İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olmasını təmin edən amillərdən birionun xeyirxahlıq, himayədarlıq siyasətində əsas yardımçısı olan Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətidir. Birinci şəxs– birinci xanım tandemi Azərbaycanda mərhəmətin və xeyirxahlığın ən ali səviyyəsini, xalqın inametimad ünvanını təşkil edir. Bu tandemdən güc alan Azərbaycan bu gün dünyaya güclü olmağın, insana dəyər verməyin, humanizmin yeni mahiyyətini təqdim edir.

Bütün bunlar bir daha onu göstərir ki, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və ulu ödərimizin yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır. Bu yol Azərbaycanın müstəqillik yoludur, inkişaf, tərəqqi, sabitlik, sülh və əmim-amanlıq yoludur.

 

Asif ƏSGƏROV,

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı,

YAP Siyasi Şurasının üzvü

 

Xalq qəzeti.- 2015.- 8 dekabr.- S.11.