Gələn ilin
dövlət büdcəsi
davamlı inkişafa real təminat yaradır
Azərbaycan Prezidenti İlham
Əliyev “Azərbaycan
Respublikasının 2016-cı il dövlət
büdcəsi haqqında” Qanunun tətbiqi
barədə 7 dekabr 2015-ci il
tarixli fərman
imzalayıb. Xatırladaq ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq
hazırlanmış 2016-cı ilin dövlət
büdcəsi son illərin dövlət
büdcələri kimi sosial
mahiyyət daşıması ilə daha çox diqqət çəkir.
“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanun respublikamızın qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən ölkə olduğunu bir daha təsdiqləyir. Bu qanunda qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılması kimi məsələlər daha çox diqqət çəkir.
Gələn ilin dövlət büdcəsinin sosialyönümlü xarakter daşıması da təsadüfi deyil. Son illər ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləmişdir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan vermişdir.
Son dövrdə dünya iqtisadiyyatında cərəyan edən proseslər bir sıra ölkələri ağır sınaqlara çəkib. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş sosial-iqtisadi inkişaf strategiyası bu proseslərin ölkəmizə təsirini azaltmağa imkan verib. Bütün problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayıb. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında Qanun göstərir ki, növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılır. Bu artım ölkə iqtisadiyyatının neft amilindən asılılığının getdikcə zəifləməsinin təzahürüdür.
Göründüyü kimi, 2016-cı ilin dövlət büdcəsinin gəlir və xərclərində cari illə müqayisədə azalma baş verib. Buna baxmayaraq, əvvəlki illərdə olduğu kimi, büdcənin sosial yönümlülüyü qurunub saxlanılır. Gələn il bu xərclərin xüsusi çəkisi 2014-cü ilin faktiki göstəricisi ilə müqayisədə 8,6 faiz-bənd artımla nəzərdə tutulub.
Büdcədə azalmanın əksər hissəsi Dövlət Neft Fondundan edilən transferin payına düşür. Bu il adı çəkilən fonddan edilən transfert 10,4 milyard manat nəzərdə tutulmuşdusa, gələn il üçün bu rəqəm 6 milyard manat proqnozlaşdırılıb. Azalma 42 faiz təşkil edəcək. Büdcə xərcləri isə əsas etibarilə, əvvəllər planlaşdırılmış investisiya layihələrinin müəyyən müddətə təxirə salınması hesabına azaldılacaq. Xərclərin azalması artıq icrasına başlanılmış önəmli infrastruktur layihələrinin maliyyələşdirilməsinə təsir göstərməyəcək.
Eyni zamanda, neft sektorunda məhsul istehsalının həcmi 2 faizə yaxın azalma ilə nəzərdə tutulduğu halda, qeyri-neft sektorunda 3,4 faiz artım proqnozlaşdırılıb. Bunun nəticəsi olaraq, qeyri-neft sektoru mənbələrindən dövlət büdcəsinə daxilolmaların həcmi 47 faizə çatacaq. Bu isə cari illə müqayisədə 12 faiz-bəndə yaxın artım deməkdir. Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarının həcmində qeyri-neft sektorunun payının 73 faiz proqnozlaşdırması da bunun əyani göstəricisidir.
Ölkənin müdafiə qüdrətinin və milli təhlükəsizliyinin gücləndirilməsi əvvəlki illərdə olduğu kimi, diqqət mərkəzində saxlanılır və bu məqsədlər üçün büdcədən lazımi qədər vəsait ayrılır.
Yeri gəlmişkən, xatırladaq ki, 2016-cı il dövlət və icmal büdcələrinin layihələrinin tərtibi zamanı “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə müəyyən olunan hədəflər, 2016-2019-cu illər üçün tərtib edilmiş və büdcə zərfinə daxil olan Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri əsas götürülüb. Bu zaman Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər ərzində ölkəmizdə yaradılmış möhtəşəm iqtisadi potensiala söykənərək dövlətimizin milli maraqlarını təmin edən sosial-iqtisadi kursun keyfiyyətcə yeni iqtisadi mühit şəraitində davam etdirilməsi nəzərdə tutulur.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25,2 faizi həcmində olmaqla, mütləq ifadədə 14 milyard 566 milyon manat nəzərdə tutulub. Bu cari ilin proqnozu ilə müqayisədə 4 milyard 872 milyon manat və yaxud 25,1 faiz az, gözlənilən icrası ilə müqayisədə isə 2 milyard 514 milyon manat və yaxud 14,7 faiz azdır.
Dünya bazarlarında neftin qiymətinin kəskin enməsi və ölkəmizdə neft hasilatının əvvəlki illərə nisbətən azalması, müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib.
2016-cı il üçün isə hasilatın pay bölgüsü müqavilələri üzrə mənfəət vergisindən dövlət büdcəsinə daxilolmaların məbləği 500 milyon manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozu ilə müqayisədə 300 milyon manat və yaxud 37,5 faiz az, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə 112 milyon manat və ya 18,3 faiz azdır.
Növbəti ildə Dövlət Neft Şirkəti (SOCAR) üzrə dövlət büdcəsinə 1 milyard 290 milyon manat vergi daxilolmaları proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozu ilə müqayisədə 210 milyon manat və yaxud 14 faiz azdır.
2016-cı il üçün dövlət büdcəsi gəlirlərinin 6 milyard 773 milyon manatı və yaxud 46,5 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləğinin azalması fonunda 2016-cı ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi cari ilin gözlənilən icrası ilə müqayisədə 11,8 faiz çox olacaq.
Növbəti ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 milyard 602 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 510 milyon manat və yaxud 7,2 faiz azdır.
Həmin məbləğin 4 milyard 812 milyon manatı və yaxud 72,9 faizi qeyri-neft sektorunun payına düşəcək ki, bu da cari ilin proqnozu səviyyəsindədir. Neft sektorundan 1 milyard 790 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 510 milyon manat və yaxud 22,2 faiz azdır.
Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi 10,9 faiz olmaqla, büdcəyə 1 milyard 590 milyon manat, yəni cari ilin səviyyəsində vəsaitin daxil olacağı proqnozlaşdırılır.
Son iki ildə Dövlət Neft Fondundan transfertin tədricən azaldılması istiqamətində aparılan siyasətin davamı olaraq növbəti ildə adıçəkilən fonddan dövlət büdcəsinə 6 milyard manat transfert nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən icrası ilə müqayisədə 26,2 faiz və yaxud 2 milyard 130 milyon manat azdır.
Dövlət büdcəsi xərclərinin 62,6 faizi və yaxud 10 milyard 188 milyon manatı cari xərclərə, 29,7 faizi və yaxud 4 milyard 826 milyon manatı əsaslı xərclərə, 7,7 faizi və yaxud 1 milyard 250 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Belə ki, dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,1 faiz səviyyəsində olacaq ki, bu da cari illə müqayisədə 8,6 faiz-bənd çoxdur. Dövlət büdcəsi xərclərinin azalması fonunda bu xərclər 2015-ci illə müqayisədə 42 milyon manat və yaxud 0,7 faiz artaraq 5 milyard 868 milyon manat təşkil edəcək.
2016-cı il üçün dövlət büdcəsindən elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 5 milyard 139 milyon manat vəsait ayrılacaq ki, bu da cari ilin gözlənilən icrası ilə müqayisədə 211 milyon manat və yaxud 4,3 faiz çoxdur. Həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 31,6 faiz və yaxud cari illə müqayisədə 7,8 faiz-bənd çox olacaq.
Yuxarıda qeyd olunan sahələr üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə 871 milyon manat vəsait proqnozlaşdırılıb.
Dövlət büdcəsi ilə yanaşı, Dövlət Neft Fondunun büdcəsindən Azərbaycan gənclərinin və gənc mütəxəssislərin xarici ölkələrdə təhsili, ali təhsil müəssisələrində təhsilvermə bacarıqlarının təkmilləşdirilməsi və elmi tədqiqatların təşviqi üçün 50 milyon manat vəsait ayrılacaq.
2016-cı ildə səhiyyə xərcləri üçün 745 milyon manat və yaxud dövlət büdcəsi xərclərinin 4,6 faizi həcmində vəsait ayrılıb ki, bu da 2015-ci illə müqayisədə 0,9 faiz-bənd çoxdur.
2016-cı ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün nəzərdə tutulan vəsaitin 178 milyon manatı və yaxud 23,9 faizi bir sıra məqsədli dövlət proqramların və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Gələn il sosial müdafiə və sosial təminat xərclərinə 1 milyard 897 milyon manat vəsait nəzərdə tutulur ki, bu da dövlət büdcəsi xərclərinin 11,7 faizi həcmində olmaqla, cari illə müqayisədə 2 faiz-bənd çoxdur.
2016-cı ildə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi, onların məskunlaşma və mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı 324 milyon manat, o cümlədən dövlət büdcəsindən 224 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən isə 100 milyon manat vəsait ayrılacaq.
2016-cı il dövlət büdcəsinin əsaslı xərcləri 4 milyard 826 milyon manat məbləğində proqnozlaşdırılır ki, onun da 3 milyard 555 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə sərf ediləcək.
Yeri gəlmişkən, mütəxəssislər tərəfindən hazırlanan gələn ilin iqtisadi proqnozlarına da diqqət yetirək. 2016-cı ildə ölkə üzrə iqtisadi artım 1, 8 faiz, inflyasiya 3,3 faiz, növbəti üç ildə isə orta illik artım tempi 3,7 faiz səviyyəsində gözlənilir.
2016-cı ildə Azərbaycan üçün Asiya İnkişaf Bankı 2,8 faiz, Beynəlxalq Valyuta Fondu 2,5 faiz, Dünya Bankı 2,6 faiz, “S and P” agentliyi isə 2,5 faiz artım proqnozları veriblər. Bu da Azərbaycan ekspertləri tərəfindən verilən proqnozlarda daha konservativ yanaşmanı göstərir.
Ölkənin ödəmə qabiliyyətini müəyyən edən tədiyyə balansının növbəti illərdə də müsbət saldosu qorunacaq. 2016-cı ildə ticarət balansı 7,6 milyard dollar, cari hesab balansı isə 1,9 milyard dollar müsbət saldo ilə proqnozlaşdırılıb.
Neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilib və neftin 1 barrelinin qiyməti gələn il və növbəti 3 il üçün hesablamalarda 50 dollar qəbul edilib. Məlumat üçün qeyd etmək lazımdır ki, proqnozlar hazırlanan dövrə Beynəlxalq Valyuta Fondu gələn il üçün neftin 1 barrelinin qiymətini 50, Dünya Bankı 61, ABŞ Enerji Administrasiyası 59, Rusiya 60, Qazaxıstan isə 50 dollar proqnozlaşdırmışdı.
Məlum olduğu kimi, qlobal iqtisadi və maliyyə böhranı, enerji bazarındakı qeyri-sabitlik baş verməmişdən hələ xeyli əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi siyasətinin həyata keçirilməsinə başlanılıb. Məhz bu siyasətin nəticəsidir ki, əgər 2003-cü ildə qeyri-neft sektorunda cari qiymətlərlə 4,4 milyard manat əlavə dəyər yaradılmışdısa, 2014-cü ildə bu göstərici 8 dəfədən çox artaraq 36 milyard manat təşkil edib. Bunun sayəsində yaradılmış iqtisadi potensial bu gün böhran proseslərinin mənfi təsirlərinə qarşı dayanaqlıq göstərməyə, davamlı inkişafı təmin etməyə, sosial proqramları tam şəkildə icra etməyə imkan verir.
Təsadüfi deyil ki, bir müddət bundan əvvəl dərc edilmiş “Qlobal Rəqabət Qabiliyyəti 2015-2016" hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, öz lider mövqeyini qoruyub, ”G-20"yə üzv olan 8 ölkəni - İtaliya, Rusiya, Cənubi Afrika, Türkiyə, Hindistan, Meksika, Braziliya və Argentinanı qabaqlayıb. “Fitch” beynəlxalq kredit reytinq agentliyi Azərbaycanın reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlayıb. Bu günlərdə, həmçinin Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəldib.
Beləliklə, dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər, əldə olunmuş real iqtisadi nəticələr ortamüddətli dövrdə də iqtisadiyyatın davamlı inkişafının təmin olunacağına tam əsas verir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2015.- 9
dekabr.- S.4.