Azərbaycanda dəmir yolunun
dinamik
inkişafı ulu
öndərin adı ilə bağlıdır
Ulu öndərimiz Heydər
Əliyev Azərbaycana rəhbərliyinin birinci
dönəmində respublikanın inkişaf
tempinin, genişmiqyaslı quruculuq
işlərinin ardıcıl xarakter
alması üçün davamlı islahatlar reallaşdırmışdır. Həyata
keçirilən iri layihələrin
icrası nəticəsində daha çox kənd təsərrüfatı
respublikası olan Azərbaycan sənaye
respublikasına çevrilmişdir. Bu dövrdə neft-kimya,
maşınqayırma, metallurgiya, mədənçıxarma
və digər sahələr əhəmiyyətli dərəcədə
inkişaf etməyə
başlamışdır.
Azərbaycan sənaye məhsulunun artım tempinə görə ittifaq ölkələri arasında ilk yerlərdən birini tutmuşdur. 1970-1980-ci illərdə respublikamızda istehsal olunan sənaye məhsulunun payı ÜDM-də 66 faizə çatmışdır. Bu illər ərzində respublikada 400-ə yaxın yeni sənaye müəssisəsi tikilərək istifadəyə verilmişdir. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatdırılmışdır.
Azərbaycanın sürətli inkişaf dinamikası tikinti-quraşdırma, nəqliyyat, infrastruktur bölmələrinə də təkan vermişdir. Həmin illərdə nəhəng tikinti meydançasını xatırladan respublikamızda aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər tikilmiş, yollar salınmışdır.
Respublikamızda dəmir yolunun inkişaf tarixinin böyük bir hissəsi də Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz ümummilli liderimizin diqqət və qayğısı sayəsində ötən əsrin sonlarında dəmir yolu infrastrukturu öz tərəqqisinin zirvəsinə çatmışdır. Ulu öndər istər Azərbaycan Respublikasında, istərsə də keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi önəm vermişdir. Bununla bağlı bəzi faktlara nəzər salaq. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçmiş SSRİ-nin ən böyük çeşidləyici stansiyalarından olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan Dövlət Dəmir Yolunun öz fəaliyyətini həyata keçirməsində çox mühüm əhəmiyyət daşıyan digər dəmir yolu stansiyaları inşa edilərək istismara verilmişdir. Görülən işlərin nəticəsində dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrdə 80-90 milyon tona çatdırılmışdır.
Bir faktı da xatırlatmaq istərdim. Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu hazırda Zaqafqaziyada bu sahədə ixtisaslaşdırılmış yeganə müəssisədir. 1975-ci ildə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə yaradılmış bu depo bu gün dəmir yolunun fəaliyyətində aparıcı rol oynayaraq bütün konteyner parkının əsaslı və planlı cari təmirini həyata keçirir.
Yuxarıda sadalananlarla yanaşı, 1975-79-cu illərdə Bakı elektrik dairəsində yoldəyişdirici və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülmüş, Gəncə şəhərində texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı, habelə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirmək gücündə olan Şirvan dövriyyə depoları tikilib istifadəyə verilmişdir.
Azərbaycan Baykal-Amur Magistralı (BAM) adlandırılan 160 kilometr uzunluğunda və ən çətin sahədən keçən Yevlax-Balakən dəmir yolu ulu öndərin birbaşa diqqət və qayğısı ilə çəkilmişdir. Həmin xəttin tikintisi zamanı burada yeni stansiyalar, yaşayış evləri, uşaq bağçaları, məktəblər inşa edilmiş və 1985-ci ildə istifadəyə verilmişdir.
Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra dövlətçiliyimizi faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. Həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkədə planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid prosesi sürətləndi, iqtisadiyyatın tarazlı inkişafı üçün kompleks tədbirlər reallaşdırıldı. Davamlı iqtisadi qərarların qəbulu qiymət indeksinin 2-3 il ərzində aşağı salınmasına və inflyasiyanın 11-12 faizə düşməsinə gətirib çıxardı. Dövlət büdcəsinin gəlirləri əhəmiyyətli dərəcədə artaraq 1995-ci ildə köhnə manatla 1 trilyon 584 milyard manata çatdı. 1997-ci ildə isə büdcə gəlirləri 2 trilyon 565 milyard dollardan çox oldu. Əhalinin pul gəlirləri, orta aylıq əmək haqqı, pensiya məbləği 3-4 dəfə artdı. 1995-ci ildən sabitləşməyə başlayan iqtisadiyyat inkişaf üçün baza rolunu oynadı və növbəti illərdə bu tendensiya özünü daha qabarıq şəkildə göstərməyə başladı.
Bütün bu iqtisadi uğurların əldə edilməsində, şübhəsiz ki, Azərbaycanın dəmir yolu infrastrukturunun inkişafının diqqət mərkəzində saxlanılması da öz müsbət təsirini göstərmişdir.
1998-ci il yanvar ayının 4-də Dübəndi terminalının və stansiyasının açılış mərasimində ümummilli lider Heydər Əliyev iştirak etmiş, burada görülən işləri, dəmir yolunun fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Mən bu gün burada verilən məlumatları çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə yaratmışıq, onun maddi texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki,1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”.
2003-cü ildə prezident seçkiləri zamanı namizədliyini İlham Əliyevin xeyrinə geri götürən ulu öndər həmin vaxt qeyd edirdi: “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu öndərin siyasi xəttinin layiqli davamçısı dövlətimizin başçısı cənab İlham Əliyev Prezident seçildikdən sonra dəmir yolu sistemində də ardıcıl tədbirlər həyata keçirilməyə başlanıldı. Ölkə Prezidentinin rəhbərliyi ilə “Azərbaycan Dəmir Yolları”nın beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm tədbirlər dəmir yolu infrastrukturunun inkişafını sürətləndirdi.
Bu gün inamla deyə bilərik ki, Prezident İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaratmışdır. Dövlətimizin başçısının respublikamıza rəhbərlik etdiyi 12 il ərzində bu sahədə baş vermiş dəyişikliklərlə yanaşı, mühüm uğurlar da əldə olunmuşdur. Beynəlxalq maliyyə qurumları ilə sözügedən Qapalı Səhmdar Cəmiyyət (QSC) arasında əlaqələr daha da intensivləşmişdir. İslahatların aparılması sürətlənmişdir. QSC-nin vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılmışdır. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Bütün bunlar isə əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi ilə nəticələnmişdir.
Ölkə rəhbərliyi tərəfindən bu gün dəmiryolçular qarşısında qoyulan ən mühüm tapşırıq yük daşımalarının, xüsusi ilə tranzit yük daşımalarının həcminin artırılmasıdır. Bu məqsədə isə daşımaların sürətini artırmaqla, daşınan yüklərin təhlükəsizliyini təmin etməklə, çevik tarif siyasətini, irimiqyaslı logistika və marketinq işini canlandırmaqla çatmaq mümkündür. Yuxarıda xatırlatdığımız kimi, hazırda QSC-də bu istiqamətdə önəmli tədbirlər reallaşdırılır, tranzit yüklərin ölkə ərazisindən keçirilməsi nəticəsində əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına xüsusi diqqət yetirilir.
Azərbaycan üçün mühüm önəm daşıyan “Şimal-Cənub” beynəlxalq dəmir yolu layihəsi ilə bağlı da bir neçə kəlmə demək istərdim. Bu beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabr 12-də Sankt-Peterburqda bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 2002-ci il mayın 21-dən qüvvəyə minib. 2005-ci ilin sentyabrında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında” Sazişə qoşulub.
“Şimal-Cənub” dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə adıçəkilən beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.
Yuxarıda deyilənlərdən bir daha aydın olur ki, respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Ümumiyyətlə, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir.
Xeyrulla HÜMBƏTOV,
Yeni Azərbaycan Partiyası
“Azərbaycan Dəmir
Yolları”
Qapalı Səhmdar
Cəmiyyəti
üzrə təşkilatının
sədri
Xalq qəzeti.- 2015.- 10
dekabr.- S.4.