Nə qədər ki, Azərbaycan
var...
Dahi insanlara xas olan bütün mənəvi
keyfiyyətlər Heydər Əliyevin şəxsində qibtəediləcək
kamilliklə əks olunmuşdu: dəmir iradə və fitri
idarəetmə istedadı, yaradıcılıq və
quruculuq, iti fəhm və dərin zəka, siyasi uzaqgörənlik
və müdriklik, fenomenal yaddaş və güclü məntiq,
böyük vətənpərvərlik və yüksək
humanizm, ən nəhayət, dövlətçilik və azərbaycançılıq.
Zaman
keçdikcə bir həqiqəti bütün
varlığımızla dərk edir, Heydər Əliyev
dühasının milli dövlətçilik
qarşısındakı əvəzsiz xidmətlərini daha
aydın görürük. Ulu öndər çağdaş
və gələcək tariximizdə təkcə milli müstəqillik
ideyasını gerçəkləşdirmiş lider olaraq
deyil, eyni zamanda, həm də yaratdığı dövləti
böyük əzmlə hər cür qəsdlərdən
qoruyan, möhkəmliyini, dayanıqlığını təmin
edən, onun hərtərəfli inkişafı
üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan
böyük strateq, müdrik rəhbər olaraq əbədiyaşarlıq
qazanıb. Əminliklə deyərdim ki, Heydər Əliyev
Yaradanın sevimlisi, yaranmışların şərəflisi
olmuş və olaraq qalır.
“Mən həyatımın
heç bir səhifəsindən imtina etməmişəm”-deyən
ümummilli lider bütün həyatı boyu qəti və
aydın şəkildə müəyyənləşdirilmiş
yüksək prinsipləri və amalları, mənəvi dəyərləri
rəhbər tutmuşdur. Bütövlük, tamlıq,
ardıcıllıq, ədalətlilik, prinsipiallıq onun
xarakterinin mühüm cəhətləri idi. Ulu öndər
həyatının bütün mərhələlərində
öz ali məqsədini - mənsub olduğu xalqa və cəmiyyətə
sadiq, vicdanlı və əzmkar xidmət nümunələrini
uca tutmuş və bu yoldan heç zaman dönməmişdir.
Onun “Ağıl olan yerdə zora ehtiyac yoxdur” müdrik kəlamı
cəmiyyətimizin gündəlik həyatında, daxili və
xarici siyasətində əsas normaya çevrilmişdir.
“Nə qədər
ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda
həmişə olacağam” - söyləyən Heydər
Əliyevin həyat və fəaliyyəti barədə
çoxlu kitablar yazılmış, məqalələr dərc
olunmuş, filmlər çəkilmişdir. Amma bütün
bunlar Heydər Əliyev dühasını tam əhatə edə
bilmir. Çünki yarım əsrə yaxın bir zaman kəsiyində
dahi şəxsiyyətin iqtisadiyyat, elm, mədəniyyət, təhsil,
səhiyyə, bütövlükdə həyatın
bütün sahələrində qurub-yaratdıqları, dərin
düşüncəli ideyaları yalnız dünənki və
bugünkü nəsillərə deyil, həm də gələcəyə
hesablanmışdır. Mübaliğəsiz deyə bilərəm:
Nə qədər ki, Azərbaycan xalqı var, müstəqil
Azərbaycan dövləti var onun ümummilli lideri Heydər
Əliyev də ürəklərdə yaşayacaqdır.
Cəsarəti,
prinsipial qərarları, ən çətin şəraitdə
çıxış yolu tapmaq məharəti ilə
seçilən ulu öndər xalqı və dövləti
qarşısındakı müqayisəyəgəlməz xidmətləri
ilə təkcə böyük tarixi epoxanın
yaradıcısı yox, həm də alternativi olmayan mütərəqqi
inkişaf yolunun müəllifidir. Bu mənada Azərbaycanın
tarixində hər dövr özünə uyğun
böyük tarixi şəxsiyyətlər yarada bilmişdir.
XX əsr isə hətta totalitar sovet rejimində belə Azərbaycan
Respublikasını və xalqını təkcə SSRİ məkanında
deyil, bütün dünyada tanıtdıran, dünya
xalqları içərisində onun özünə layiq yer
tutmasına nail olan Heydər Əliyev kimi böyük bir
şəxsiyyət yetişdirmişdir.
“Mən ömrümün qalan hissəsini
də xalqıma bağışlayıram” - deyən ulu
öndər bütün
ömrünü xalqına həsr etmiş, onun dərin məhəbbətini
qazanmışdır. Ümummilli liderin irsi elə
böyük bir xəzinədir ki, onun ən layiqli, ədalətli
qiymətini zaman özü vermişdir. Bu irsi öyrənmək
həm bu gün, həm də gələcək
üçün lazımdır. Müasir Azərbaycan dövlətinin
təməl daşını qoymuş və möhkəm
özülünü yaratmış dahi şəxsiyyətin
nurlu ideyaları onun davamçılarının yoluna həmişə
işıq salacaqdır.
Onu da
deyim ki, xalqın sevimlisi olmaq, milli ideala çevrilmək
insanın fiziki əməyi, mənəvi zəhməti, şəxsi
nümunəsi ilə hasilə gələn bir bəxşişdir,
Tanrı nişanəsidir. Bu sözləri müasir Azərbaycan
dövlətinin banisi, qurucusu və xilaskarı ulu öndər
Heydər Əliyev haqqında da demək olar.
Taleyin
hökmü ilə iki dəfə hakimiyyətə gələn
Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının
həll olunduğu təhlükəli və mürəkkəb
məqamlarda xalqın köməyinə çatmış,
dayaq olmuş, onu zamanın ağır məngənəsindən
xilas etmişdir. Dahi şəxsiyyət
çıxışlarının birində ümumdünya
miqyaslı tarixi hadisələr kontekstində Azərbaycanın
ötən əsrin sonlarında düşdüyü
acınacaqlı vəziyyətə nəzər salarkən
demişdir: “O dövrdə ki Azərbaycan rəhbərliyi sadə
bir həqiqəti nəzərə almırdı ki,
dünyanın siyasi mənzərəsi böyük sürətlə
dəyişməkdə idi. Yeni coğrafi-siyasi vəziyyət
yeni strategiyaların formalaşmasını tələb edirdi
və günün bu tələbinə Azərbaycan, təəssüf
ki, cavab verə bilmirdi”.
Ümummilli
lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli
istəyinə səs verərək hakimiyyətə
qayıdışı Azərbaycanın qurtuluşunda
dönüş nöqtəsi oldu. Onun hakimiyyətə gəlişı
ilə Azərbaycan cəmiyyətində müstəqil
dövlətçilik ideyalarının praktik şəkildə
bərqərar olmasına fundamental əsaslar yarandı.
Ölkə xaosdan, vətəndaş müharibəsindən,
hərc-mərclikdən, bir sözlə, dövlətçiliyi
itirmək təhlükəsindən qurtuldu.Heydər Əliyev
öz doğma xalqını dibi görünməyən
yarğanların, uçurumların üzərindən
keçirib gələcəyə apardı. Heydər
Əliyev müstəqillik yolunda ilk qədəmlərini atan
Azərbaycanın ən mürəkkəb və
taleyüklü dövründə dövlətə rəhbərlik
məsuliyyətini öz üzərinə götürərək
xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə
yerinə yetirməklə xalqımızın ən görkəmli
şəxsiyyəti olaraq tarixdə silinməz iz qoydu.
“Bizim
ölkəmizin bu günü də, gələcəyi də
müstəqil Azərbaycandır” - söyləyən ulu
öndərin Azərbaycanın xilası üçün
gördüyü işlərin miqyasını müəyyənləşdirmək
yox, ancaq təsəvvür etmək mümkündür. Azərbaycan
xalqı Heydər Əliyevi yetişdirdiyi kimi, Heydər
Əliyev də müasir Azərbaycan dövlətini
yaratmışdır. Eyni zamanda, dahi rəhbərin şəxsiyyət
olaraq böyüklüyü həm də əsasını
qoyduğu siyasəti yeni dövrün tələblərinə
uyğun davam etdirə biləcək qüdrətli lider və
etibarlı davamçı yetişdirməsindədir.
Ulu
öndər insanların qayğı və problemləri ilə
yaşamağa, onların hiss və düşüncələrini
dəyərləndirməyə qabil şəxsiyyət idi. O,
insanların qəlbindən keçən fikir və
duyğularını baxışlarından oxumağı, məsafədən
duymağı bacarırdı.
Deyirlər
ki, insanı yaşadan əməlləri, əsərləri və
övladlarıdır. Bu fikir
ulu öndərin düşüncəsində daha dərin
məzmun almış, “Azərbaycanın böyük
keçmişi olduğu kimi, böyük gələcəyi də
vardır” formasında səslənmişdir. Bu, eyni zamanda,
Heydər Əliyevin Vətənimiz üçün tarixin
çətin sınaq dönəmində ən mühüm
işləri görməsinin, ideyaları gerçəkləşdirməsinin
bariz ifadəsidir. Məsələn, 1969-1982-ci illərdə,
Azərbaycana ilk dəfə rəhbərlik etdiyi zaman
görülən tədbirlər Azərbaycanı gələcəkdə
siyasi müstəqilliyə aparan yolda mühüm rol
oynamışdır. Keçmiş Sovetlər Birliyinin ali rəhbərliyində
təmsil olunduğu dövrdə doğma Azərbaycanının
tərəqqisi üçün səyini əsirgəməmiş,
lazım gəldikdə xalqının gələcək taleyi
və milli mənliyi ilə bağlı məsələlərdə
sərt bəyanatlarla çıxış etmiş, əsl vətənpərvərlik
mövqeyi göstərmişdir.
Naxçıvanda
yaşayıb fəaliyyət göstərdiyi illərdə
müstəqil Azərbaycan dövlətçiliyinin
xilaskarı və qurucusu olaraq çağdaş tariximizə
şanlı səhifə yazmışdır.
Xalqın
istəyilə 1993-cü ilin 9 iyununda Bakıya qayıtması
Heydər Əliyevin nə qədər qətiyyətli,
prinsipial, heç bir təhlükədən çəkinməyən,
xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət
olduğunu bir daha təsdiqləmişdir. Yenidən siyasi
hakimiyyətə qayıdan ulu öndərin
qarşısında siyasi, iqtisadi, geosiyasi, etnosiyasi və s.
kimi problemlər dururdu. Onları həll etmədən Azərbaycanın
qazanmış olduğu kövrək müstəqilliyə
dönməz və qəti xarakter vermək, dövlətçilik
ənənələrini dirçəltmək, bütün cəmiyyət
üçün qanunların prioritetini təmin etmək,
düzgün və balanslaşdırılmış xarici
siyasət xətti yeritmək qeyri-mümkün idi.
Hərc-mərcliyin,
özbaşınalığın hökm sürdüyü,
qanunsuz silahlı dəstələrin at oynatdığı,
düşmənlə mübarizə apara biləcək nizami
ordunun olmadığı, ermənilər tərəfindən
işğalın gündən-günə genişləndirildiyi,
bir çox xarici dövlətlərin Azərbaycanı suveren
dövlət kimi görmək istəmədiyi, beynəlxalq aləmdə
təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin
gedişini qısa zaman kəsiyində dəyişərək
normal məcrasına salmaq böyük siyasət və
müdriklik tələb edirdi.Bu qayıdış Azərbaycanın
varlığını, müstəqilliyini, dövlətçiliyini
qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş
müharibəsindən, düşmən
işğalının geniş miqyas almasından xilas etdi. Azərbaycanı Qafqazın iqtisadi cəhətdən
ən böyük dövlətinə çevirdi. Heydər Əliyev
dühasının böyüklüyü Azərbaycanın
keçdiyi inkişaf yolunun mahiyyətini anlamağa geniş əsas
verdi. Möhtərəm Prezidentimiz cənab İlham
Əliyevin “Müasir Azərbaycan
dövləti Heydər Əliyevin şah əsəridir” deyimi
mütləqləşərək milli qürurumuza
çevrildi.
Müstəqilliyin
ilk dönəmində yeni düşüncəli vətəndaş
yetişdirmək, “Hər bir
ölkənin, hər bir millətin aparıcı qüvvəsi
onun bilikli nümayəndələridir”, - vurğulayan dahi öndərin mühüm
önəm verdiyi vəzifələrdən idi. Ümummilli
liderin zəkası və iradəsi, həmçinin şəxsi
vətənpərvərlk nümunəsi sayəsində bu məsələ
də öz həllini tapdı.
Dahi
öndər deyirdi ki, təməlində dövlət, cəmiyyət,
ölkənin keçmişi, bugünü və gələcəyi
haqqında biliklər sistemi olan vətənpərvərlik
artıq maarifçi vətənpərvərlikdir, yəni bu,
yalnız hiss deyil, ölkəni inkişaf etdirmək, ölkədə
münasibətləri yaxşılaşdırmaq imkanları
aramaqdır. Burada həm siyasi, həm iqtisadi, həm də mədəni
münasibətlər nəzərdə tutulur. Bütün bu
münasibətlər biliyin, əxlaqın, insana hörmətin
nəticəsində yüksələ bilir.
Heydər
Əliyev, eyni zamanda, vurğulayırdı ki, insanın ən
ali və əzəli hisslərindən olan vətənpərvərlik
hər kəsin doğulub boya-başa çatdığı
elə, obaya, torpağa, vətəndaşı olduğu
ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik
təkcə Vətəni sevmək deyildir. Vətənpərvərlik
həm də Vətənin naminə çalışmaq, Vətəni
qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar,
fədakarlıqlar göstərmək, Vətənin,
xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə
olsa da, bütün digər hisslər kimi tərbiyəyə
möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir,
artır. Vətənpərvərlik insanı səciyyələndirən
ən mühüm keyfiyyətlərdən olduğundan onun
böyüməkdə olan nəslə aşılanması,
uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə
işinin ən mühüm istiqamətlərindən, məktəbin
ən vacib vəzifələrindən olub.
Heydər
Əliyev məhz buna görə də vətənpərvərlik
tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər
ruhda böyüməsinə xüsusi əhəmiyyət verir
və bunu çıxışlarında dönə-dönə
xatırladırdı. Təhsil işçiləri ilə
görüşlərinin birində böyük öndər
demişdir: “Bizim gənclər, təhsil alan nəslimiz gərək
məktəblərdə ilk addımlarından vətənpərvərlik
əhval-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər,
xüsusən də humanitar fənlər gərək gənclərimizə
Vətənə sədaqət, vətənpərvərlik
ruhu aşılasın, tərbiyə etsin”.
“Azərbaycan
dövlətçiliyinin, müstəqilliyinin keşiyində
bir vətəndaş kimi də, bir Prezident kimi də
durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər
gün şəhid olmağa hazıram”- deyən ulu öndər məhz güclü
iradəsi və əzmi ilə bütün çətinliklərə
sinə gərərək xalqımızı səfərbər
etməyə, öz arxasınca aparmağa və müstəqil
dövlətçiliyimizi dinamik inkişaf yoluna
çıxarmağa qadir olduğunu sübut etmişdir. Ulu
öndər “Azərbaycanın
dövlət müstəqilliyi əbədidir,
sarsılmazdır, dönməzdir”
tarixi çağırışını gələcək
nəsillərə etmiş, cəmiyyəti vahid ideya, məslək
ətrafında birləşdirmiş, Azərbaycanın
hüdudlarından kənarda yaşayan
soydaşlarımızın vahid ideologiya və milli-mənəvi
dəyərlər sistemi ətrafında cəmləşməsi,
onların malik olduğu güclü potensialın ümummilli
problemlərin həllinə yönəldilməsi ilə
bağlı tədbirlər həyata keçirmişdir.
* * *
Nə qədər
ki, Azərbaycan xalqı var, müstəqil Azərbaycan
dövləti var, onun ulu öndəri, ümummilli lideri hər
birimizin qəlbində daim yaşayacaqdır. Heydər
Əliyev bütöv bir millətin
minnətdarlıq və güvənc duyğularını haqq
etmiş böyük bir dahidir. Onun müasiri olmaq böyük
xoşbəxtlikdir.
Uca
dağlar uzaqdan daha əzəmətli görünür, -
deyirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizin
və xalqımızın taleyində oynadığı
misilsiz rolun, yerinə yetirdiyi böyük işlərin,
yaratdığı sabitliyin və əmin-amanlığın,
iqtisadi strategiyanın, ideoloji təməlin əhəmiyyəti
də illər ötdükcə daha aydın
görünür.
Ulu
öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli
inkişafını təmin edən təkmil irs, dövlətçilik
xətti, siyasi məktəb yaratdı. Bu irsin ən görkəmli
nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin
ən layiqli təmsilçisi, möhtərəm
Prezidentimiz cənab İlham
Əliyevdir. Ümummilli lider
Heydər Əliyevin xalqa son müraciətindəki
müdrik mövqeyini, uzaqgörənliyini - “Mən İlham
Əliyevə özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm” fikrini möhtərəm
Prezidentimiz öz uğurlu fəaliyyəti ilə ötən
müddətdə tam təsdiqləməklə, həm ulu
öndərimizin, həm də bütün Azərbaycan
xalqının ümidlərini doğrultdu.
Cənab
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu
gün milli intibahının şərəfli mərhələsini
yaşayır. Hazırda ölkəmizin dinamik inkişafı,
sürətli tərəqqisi, həyata keçirilən əzəmətli
layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi,
modernləşməsi, Vətənimizi dünyaya yeni formada təqdim
etməyə imkan yaradan müsbət dəyişikliklər
ulu öndərin qoyduğu yolun uğurla davamıdır.
Bizim
qarşımızda duran mühüm vəzifələrdən
birincisi vətəndaşlıq mövqeyindən
çıxış etmək, ölkənin daha da qüdrətlənməsi
üçün çalışmaq və möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin siyasi kursuna dəstək
verməkdir. Bu şərəfli vəzifələr naminə
çalışmaq və əlindən gələni əsirgəməmək
hər bir azərbaycanlının müqəddəs borcudur.
Xüsusi
vurğulamaq istərdim ki, Heydər Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti də
hər birimiz üçün nümunədir. Bu gün Azərbaycanın
yüksəlişində, çiçəklənməsində
dahi öndərin adını daşıyan və Mehriban
xanım Əliyevanın rəhbərlik etdiyi fondun xidmətləri
əvəzolunmazdır.
Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
ulu öndər haqqında dediyi bu qiymətli sözləri bir
daha vurğulamaq istəyirəm: “Heydər Əliyev 30 ildən
artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində
daşıyan, onu bir dövlət və millət kimi tarixin
sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət,
Lider olmuşdur”.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Suraxanı rayonunun hər bir sakininin qəlbində yaşayır. Suraxanılılar Heydər Əliyev siyasi məktəbinin yetirməsi və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi xəttini qəlbən müdafiə edir və bu siyasətin xalqımızı firavan gələcəyə aparacağına tam əminliklə inanırlar.
İlqar ABBASOV,
Suraxanı Rayon
İcra Hakimiyyətinin
başçısı
Xalq qəzeti.- 2015.- 11 dekabr.- S.7.