Heydər Əliyev –

Azərbaycan qədər əbədi

 

Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur,  bizim xilaskarımızdır. Bir-biri ilə tamamilə ziddiyyət təşkil edən  iki dövlət quruluşunda Azərbaycana rəhbərlik etmişdir. 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə inkişaf illəri kimi qalacaqdır. İki tamamilə fərqli bir ictimai-siyasi mühitdə Azərbaycan ən yüksək zirvələrə qalxa bilmişdir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Əbəs yerə deyilmir ki, gələcəyə keçmişimizlə addımlayırıq. Gələcəyi düzgün müəyyənləşdirmək üçün, sözsüz ki, keçilən yola bir baxış keçirməyə böyük zərurət duyulur. Bu fikir də hər zaman önə çəkilir ki, insanlar yeniliyi tez qəbul edir, amma bəzən bunun hansı çətinliklər, səylər sayəsində əldə olunduğunu düşünmürük. Bu baxımdan bu gün biz müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən 24 illik müstəqilik tarixində  keçdiyi yola və əldə etdiyi təcrübəyə  qısaca da olsa nəzər salmağı  bir zərurət kimi qəbul edirik.  Eyni zamanda, bu təhlillər zamanı tarixi şəxsiyyətlərin, ölkəni inkişafa aparan strategiyasının müəllifinin liderlik keyfiyyətləri də xüsusi önəm kəsb edir. Çünki ölkə o zaman inkişafa doğru irəliləyir ki, ona güclü siyasi lider rəhbərlik edir.

 

Ulu öndər Heydər Əliyevin əsəri kimi dəyərləndirilən Azərbaycanın uğurlarından bəhs edərkən dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə gördüyü işlərə, onların bazası əsasında  müstəqillik tarixmizdə həyata keçirilən tədbirlərə baxış keçirmək bir tələbdir. Dahi şəxsiyyət  Heydər Əliyevin “Milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda  milli oyanış, milli dirçəliş, milli ruhun canlanması  lazımdır” tezisi məhz  hakimiyyətinin birinci dövrü üçün  xarakterik idi. Həmin dövrdə milli dövlət anlayışı  yasaq idi. Lakin ümummilli lider  Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasəti, yüksək idarəçilik qabiliyyəti, ən əsası  bacarığı  sayəsində  xalqımızın  şüurunda “milli maraqlar” anlayışı dərindən kök saldı.

Məhz Sovetlər Birliyi  dövründə milli maraqların real siyasətdə  reallaşması 80-ci illərin sonunda  ölkədə milli hərəkatın  genişlənməsi  üçün zəmin hazırladı, 1991-ci ildə dövlət müstəqilliyimizin qazanılması üçün  baza formalaşdırıldı.  Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gələcəkdə Azərbaycanı  müstəqil dövlət kimi görmək istəyindən irəli gələn addımlarının miqyası geniş idi.  Azərbaycanlı gənclərin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsədi ilə  böyük səyləri nəticəsində C. Naxçıvanski adına Hərbi Liseyi yaratması və s. addımlar bu  məqsədə xidmət edirdi. Ən əsası ulu  öndər Heydər Əliyev hər bir ölkənin inkişafında əsas faktor olan iqtisadi tərəqqini  düşünərək, 1969-1982-ci illərdə uğurlu siyasəti ilə   ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən  bir diyara çevirdi. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılış mərasimindəki çıxışında həmin dövrü belə xarakterizə etmişdir: “Heydər Əliyev bütün dövrlərdə  öz xalqına sədaqətlə  xidmət etmişdir.  Onun xalq, dövlət qarşısında  misilsiz xidmətləri vardır.  O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və  Azərbaycanın inkişafına böyük səylər  qoymuşdur.  1970-1980-ci illərdə  onun rəhbərliyi altında  Azərbaycan Sovet İttifaqında ən geridə  qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında  o illərdə güclü sənaye potensialı  yaradılmışdır ki,  bu gün də  bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir”.

Məhz həmin dövrdə qoyulan möhkəm təmələ əsaslanaraq bu fikir böyük inam və qətiyyətlə bildirilir ki,  ulu öndər Heydər Əliyevin fəaliyyəti  uzunmüddətli inkişafa hesablanmışdır. Onun təşəbbüsü ilə başlanmış layihələr, tikilmiş müəssisələr bu gün xalqımıza, dövlətimizə  xidmət göstərir, Azərbaycan dinamik iqtisadi inkişafı ilə  beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı illər də Azərbaycanın dirçəlişi, inkişafı dövrü kimi tarixmizə yazılıb. Sovetlər Birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxaran ümummilli lider Heydər Əliyev  1993-cü ildə  hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.

Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı ağır durum yaddaşlardadır. Xaos, anarxiya, özbaşınalıq  o illərin xarakterik cəhətləridir. Xalqın sabaha ümidi itmişdi. Azərbaycanın bir dövlət olaraq varlığı sual altında idi. Belə çətin dövrdə xalq  dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi.  Daim dövləti, xalqı üçün yaşayan, bütün ömrünü  ölkəsinin gələcəyinə həsr edən ulu öndər Heydər Əliyev   ölkənin, xalqın bu ağır durumuna biganə qalmadı, xalqın səsinə səs verdi, hakimiyyətə qayıdışı ilə sabaha ümid yaratdı. Bu tarixi paralellər əsasında bu fikri böyük qətiyyətlə bildiririk ki,  ulu öndər Heydər Əliyev  müasir və müstəqil Azərbaycanın banisidir. Çünki   Azərbaycan 1991-ci ilin oktyabarında dövlət müstəqilliyini yenidən bərpa etsə də, müasir, müstəqil tariximiz 1993-cü ildən başlayır. 1993-2003-cü illərdə  dövlətçiliyimizin əsasları qoyulmuşdur. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi əsasında hazırlanan milli Konstitusiyamız   ümumxalq səsverməsi yolu ilə   qəbul olundu.  Əsaslı iqtisadi və siyasi islahatların həyata keçirilməsi nəticəsində  Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu  müəyyənləşdirdi,  həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün  tribunalar  qazandı. Beynəlxalq təşkilatlara  üzv qəbul olunması ona bu imkanları daha da artırdı.  “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın  bugünkü gənc nəsli gələcək  Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır” – söyləyən ümummilli lider Heydər Əliyev  bu məqsədə nail olmaq üçün  harada yaşamasından asılı olmayaraq  hər bir  azərbaycanlını  müqəddəs Azərbaycan qayəsi ətrafında  birliyə çağırdı. Bir sözlə,  müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi  bir dövləti yaratmaq xilaskar kimi ümummilili lider  Heydər Əliyevə  nəsib oldu.  Azərbaycan xalqının yüksək səviyyədə qeyd etdiyi bayramları sırasına  15 iyun — Milli Qurtuluş Gününün daxil olması da  əsassız deyil.  Bu tarix bir daha Azərbaycan dövlətinin, xalqının həmin illərin çətinliklərindən, ağır durumundan Qurtuluş   günü oldu. Həmin tarix bugünkü uğurlarımızın başlanğıc nöqtəsi, müstəqilliyimizin əbədiliyinin, dönməzliyinin ən yüksək səviyyədə qeyd olunduğu gün oldu.

Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran ümummilli lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. “Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir” – söyləməklə dünya sivilizasiyasına daxil olmağın yollarını müəyyənləşdirdi, prioritetləri qarşıya qoydu. Demokratik prinsipləri bu günümüzün, gələcəyimizin əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyev  bildirirdi ki,  dövlət quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir. Demokratik inkişafın vacib amillərindən biri kimi, insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsasını təşkil edirdi. Milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının mütləq əksəriyyətinin istəyini özündə cəmləşdirən  91 nəfər ziyalının   müraciətinə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabında da bu fikir öz əksini tapmışdır ki,  Azərbaycanın  dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli demokratik dövlətin, hüquqi cəmiyyətin  yaradılması hərtərəfli, geniş planlı  iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi  potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə  ən böyük məmləkət olur.

 

1998-ci ildə  Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv olundu. Bu gün dünyanın bir çox qabaqcıl ölkələrində belə ölüm cəzasının hələ də ləğv olunmadığını və mütəmadi olaraq tətbiq edildiyini nəzərə alsaq, ulu öndərin bu addımının nə dərəcədə böyük  hüquqi, tarixi dəyərini dərk etmiş olarıq. Ulu öndər  Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edildi, həmin dövrdən etibarən imzalanmış sərəncam və fərmanlara əsasən minlərlə vətəndaşımız azadlığa qovuşdu. Atılan bu addımlar dövlətin siyasətində insan amilinə nə qədər yüksək dəyər verildiyini nümayiş etdirir.

Demokratiyanın digər mühüm  amili kimi söz, mətbuat azadlığının inkişafı istiqamətində də ulu öndər Heydər Əliyevin  atdığı addımlar daim təqdir olunur.  Ulu öndər Heydər Əliyev bildirmişdir: “Bunu dəfələrlə demişəm. Azərbaycanın müstəqilliyi dönməzdir. Azərbaycanda verilmiş bütün bu azadlıqların hamısı dönməzdir. Azərbaycanda mətbuat, fikir azadlığı dönməzdir - burada heç bir şey ola bilməz, heç kəs də bundan narahat olmasın” fikri  bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Ulu öndər  Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli fərmanı ilə senzuranın   ləğv olunması  ölkədə müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar yaratdı. Müstəqilliyimizin ilk illərində digər sahələr kimi, mətbuatda da mövcud problemlər hər kəsə bəllidir.  1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı   düçar olduğumuz informasiya blokadasının aradan qaldırılması istiqamətində önəmli addımların atılmasını şərtləndirdi.

Dahi şəxsiyyət Heydər Əliyev  müstəqil mətbuatın  inkişaf etdirilməsini Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdrılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini önə çəkərək, bu yönümdə mühüm islahatların həyata keçirilməsinə səy göstərdi. “Biz senzuranı ləğv etdik. Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata yeni imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, azaddır.  Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır” söyləyən ümummilli lider Heydər Əliyevin azad mətbuatın inkişafına diqqət və qayğısı davamlılığı ilə diqqət çəkirdi. Hər sahədə liderliyini qoruyan Azərbaycan MDB məkanında  senzuranın ləğvini irəli sürən ilk  ölkədir. Ulu öndər söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd kimi qarşıya qoyurdu.

Azad mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün  Azərbaycan  KİV-lərin sayına görə  MDB və Şərqi Avropa  ölkələri arasında  lider mövqedə dayanır. Ölkədə minlərlə  kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Respublikmızda xeyli sayda  jurnalist təşkilatları və ictimai birilklər mövcuddur. Azərbaycanda  internet istifadəçilərinin sayı 75 faizdən çoxdur. İKT-nin inkişafı istiqamətində atılmış addımlar nəinki ölkəmizdə rəğbətlə  qarşılanır, dünya birliyində də  yüksək dəyərləndirilir.  Atılan addımlar bir daha bu reallığı ortaya qoyur ki, dövlətin əsas niyyəti  Azərbaycan vətəndaşlarını  informasiya mənbələrinə çatdırmaqdır.  Müxtəlif informasiyanı əldə etmək hər bir vətəndaşın  hüququdur və  dövlətimiz  bu hüquqları təmin edir.

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə  buraxılması da   informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası istiqamətində atılan  mühüm addımlar sırasındadır. Bir sözlə, sivil, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır.  Bu gün böyük qürur hissi ilə qeyd ediriksə, Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur, insan hüquqları yüksək səviyyədə qorunur, bu, dövlətimizin demokratik dəyərlərə sadiqliyinin və bu prinsiplərin inkişafında maraqlı olmasının göstəricisidir. Müstəqil mətbuatın inkişafının dövlət siyasətinin əsas tərkib hissəsi olması atılan hər addımda özünü təsdiqləyir. Məhz bu diqqət və qayğının nəticəsi idi ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.  Təbii ki, bütün bu addımların atılması ölkəmizin iqtisadi imkanlarına əsaslanır. Ulu öndər Heydər Əliyev bildirirdi ki,   iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadi tərəqqi digər sahələrin inkişafı üçün əsasdır. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini  düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsasında  neft amilindən istifadə etməklə, Azərbaycanın dünya iqtisadi bazarına inteqrasiyası kimi  önəmli məsələ dayanırdı. Neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu. “1994-cü ildən Azərbaycan özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən asılıdır” – söyləyən ulu öndərin proqram xarakterli bu sözləri tək neft sənayesinin deyil, iqtisadiyyatın bütün sahələrinin inkişaf yollarını aydın göstərir. Dünyada elə dövlət yoxdur ki,  müəyyən qədər təbii sərvətlərə malik olmasın. Azərbaycan isə payına düşən sərvətlərin zənginliyinə, strateji əhəmiyyətinə görə fərqlidir. Bu gerçəkliyi də  unutmaq olmaz ki,  təbii ehtiyatlardan düzgün istifadə edildikdə o, zəngin sərvətə çevrilir.  Neft strategiyasının əsasını da bu prinsiplər təşkil edir. Gerçəkləşən hər bir layihə yeni layihənin gündəmə gətirilməsinə stimul verir.

İqtisadi qüdrətini günbəgün möhkəmləndirən Azərbaycan digər sahələrin inkişafı istiqamətində də əhəmiyyətli addımların atılmasına nail oldu. Müstəqilliyimizin qarantı olan ordu quruculuğu sahəsində  atılan addımların uğurlu nəticələri  göz qabağındadır. Ulu öndər Heydər Əliyev diplomatik mübarizənin gücləndirilməsi ilə yanaşı, “Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik” söyləyərək ordu qurculuğu sahəsində mühüm addımlar atdı. 1994-cü il mayın 12-də atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafının təmin olunmasında əhəmiyyətli rol oynadı.

Hər bir dövlət onda güclü olur ki, onun möhkəm iqtisadiyyatı və güclü ordusu var.  Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun yaradılmasının nə dərəcədə zəruri olduğu aydındır.  Ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sülh siyasətinə üstünlük verən ulu öndər Heydər Əliyev  ölkənin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunması üçün hərbi siyasətin düzgün qurulmasını vacib amillərdən biri kimi qarşıya qoyurdu. Müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da  hərc-mərclik, vahid komandanlığın olmaması, ordunun torpaqlarımızın qorunmasına deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi    ərazilərimizin işğalına səbəb oldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mövcud problemlər öz müsbət həllini tapdı. Belə ki,  orduda vahid komandanlıq yarandı, qeyri-qanuni silahlı dəstələr ləğv olundu. Ordu quruculuğu prosesinin sürətlənməsi Azərbaycanın sülh danışıqlarında mövqelərini daha da möhkəmləndirdi. Dahi şəxsiyyət  Heydər Əliyevin  22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan edilmişdir.

Ümummilli liderin xidmətlərindən bəhs edərkən bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Xalqın istəyi, zamanın tələbi ilə yaradılan bu partiya dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edərək, qısa zamanda milyonların sevgisini qazandı. Təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 670 mindən  artıq üzv birləşir. Partiyanın 23 illik fəaliyyətinə diqqət yetirsək, tutduğu yola sadiqliyi, sözlə əməl birliyi özünü qabarıq şəkildə büruzə verir. Məhz bu amil partiyanın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsində, ölkədə keçirilən seçki proseslərindən böyük qələbə ilə çıxmasında əsas rol oynayır. Bu il noyabrın 1-də keçrilən növbəti parlament seçkiləri xalqın  partiyaya inamını və etimadını bir daha nümayiş etdirdi. Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyən ölkə vətəndaşları  seçkilərdə xüsusi fəallıq nümayiş etdirməklə, bu birliyin, həmrəyliyin nə qədər böyük və möhkəm  olduğunu təsdiqlədilər.  Dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi. Yeni Azərbaycan Partiyasına xidmət dövlətə, xalqa xidmət deməkdir. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Partiyanın tarixinə yazılan qələbələr ulu öndər  Heydər Əliyevin ideyalarına sədaqətin,  Prezident İlham Əliyevin siyasətinə inamın təsdiqidir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərini sözsüz ki, bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Ümummilli liderin xidmətləri ilə bağlı  çoxlu sayda kitablar yazılıb və yazılmaqdadır. Ərsəyə gələn hər bir nəşr, eyni zamanda, məqalə  bu xidmətlərə  müxtəlif yanaşmaları ortaya qoysa da, ümumi fikir budur ki, Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Bu onu təsdiqləyir ki, Heydər Əliyev irsi bir məktəbdir, daim öyrənilməsi və gələcək nəsillərə çatdırılması əsasdır.

Bu fikri də bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, bugünkü uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir. Müstəqil Azərbaycan  2003-cü ildən  Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir,  biri-birindən əhəmiyyətli uğurlara imza atır. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvü olmaqla yanaşı, müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkandır. Bu ilin iyununda Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə malik olduğu imkanları bir daha dünyaya təqdim etdi.  Azərbaycan bu gün  dünyanın 10 xoşbəxt, islahatçı ölkəsi sırasında təmsil olunmaqla inkişaf modelinin digər ölkələr üçün cəlbedici olduğunu təsdiqləyir.    

2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan,  “Azərbaycanı daha  qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm”  söyləyən cənab İlham Əliyev son on iki ildə uğurlu addımları ilə hər vədini konkret əməli işdə təsdiqlədiyini nümayiş etdirdi. Bu gün yeni-yeni hədəflərə doğru irəliləyən Azərbaycan möhkəm təmələ əsaslanan siyasətin uğurlarını yaşayır. Cənab İlham Əliyev gələcəyə nikbinliklə baxmaq üçün  kifayət qədər əsasların olduğunu vurğulayır: “Azərbaycan daha da güclü dövlət olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir.  Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir”.

Dövlətimizin  başçısı İlham Əliyevin fərmanı əsasında təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkəmizin qarşısında yeni-yeni imkanlar açır. İmkanların genişlənməsini, Azərbaycanın bir dövlət olaraq dünyada söz sahibi olmasını şərtləndirən əsas amil isə təbii ki,  Heydər Əliyev siyasətinin uğurlu davamıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev  bu əminliyi böyük inam və qətiyyətlə ifadə edir: “Mən əminəm ki, Azərbaycan  xalqı bundan sonra da  ulu öndərin siyasi xəttinə sadiq qalaraq sürətlə inkişaf edəcək. Azərbaycan öz dövlət müstəqilliyini  möhkəmləndirəcək. Bizim yolumuz haqq, inkişaf, tərəqqi  yoludur”.

 

Hüseyn PAŞAYEV,

YAP Siyasi Şurasının üzvü,

YAP mətbuat xidmətinin rəhbəri

 

Xalq qəzeti.- 2015.- 11 dekabr.- S.6.