Xalqımızın əbədi
ziyarətgahına aparan yollar
Azərbaycan xalqının
böyük ehtiram və hörmətlə
yanaşdığı, həmişə izdihamlı olan
müqəddəs ziyarətgahlarından biri də ulu öndər
Heydər Əliyevin əbədiyyətə qovuşduğu məkandır.
İnsanlar böyük tarixi şəxsiyyətin
ömür-gün yoldaşı Zərifə xanımla
üzbəüz dayandığı bu məkanı görmək,
ziyarət etmək üçün respublikanın hər
yerindən axın-axın bura gəlirlər. Bakıya qədəm qoyan soydaşlarımız və
əcnəbi qonaqlarımız ən əvvəl bura baş
çəkir və sanki özlərinin mənəvi
borclarını yerinə yetirirlər. Bəs bu ziyarətgahı
bizə sevdirən, hər gün yüzlərlə, anım
günlərində isə saysız-hesabsız insanları
bura gətirən nədir? Niyə bu müqəddəs
məkan bizə gündən-günə daha əziz və
daha doğma olur?
Bunun səbəblərini,
ilk növbədə, Azərbaycan xalqının bu müdrik
oğlunun keçdiyi şanlı və şərəfli həyat
yolunda, müstəqil dövlətimizin yaranıb möhkəmlənməsi,
dünya dövlətləri sırasında öz layiqli yerini
tutması, yer üzündə yaşayan
soydaşlarımızın, həmvətənlərimizin
vahid azərbaycançılıq ideyaları ətrafında birləşdirilməsi,
hər bir vətəndaşımızın normal həyatını
təmin edən möhkəm iqtisadi bünövrənin
qoyulması, Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin
dünyaya tanıdılması üçün
gördüyü böyük işlərdə, millətimizə
digər saysız-hesabsız xidmətlərində axtarmaq
lazımdır.
Ulu
öndər öz həyat yolundan, həyat prinsiplərindən
danışarkən deyirdi: “Mən həyatım boyu,
bütün əmək fəaliyyətim dövründə
ancaq xalq üçün, insanlar üçün
düşünmüşəm, xalq üçün
yaşamışam, insanlar üçün
yaşamışam”. Böyük rəhbərin
bu sözləri əsl həqiqəti əks etdirir və həyat
yoluna nəzər salarkən onun hər bir addımında bunu
əyani surətdə görürük.
Heydər Əliyev fenomeni bu gün onu yaxından
tanıyanları da və onun ömür yolunu sonradan oxuyub
öyrənənləri də daim heyrətə salır. Ona görə
heyrətə salır ki, bu insanın enerjisinə, onun fədakarlığına,
dözümlülüyünə, ən çətin anlarda
qətiyyətli və düzgün qərarlar qəbul etməsinə
ancaq qibtə edirsən. Ulu öndərin 1969-cu ildən
sonra respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycanın
dirçəlişi və inkişafı ilə bağlı
verdiyi unikal qərarlar, bu qərarların həyata
keçirilməsi üçün keçmiş SSRİ-nin
ali rəhbərliyi səviyyəsində gördüyü
işlər, o illərdə respublikada yaradılan yeni sənaye
sahələri, formalaşdırılan böyük enerji mənbələri,
tikilən mədəniyyət ocaqları bunu sübut edən
dəyərli nümunələrdir.
Keçmiş
sovetlər dönəmində dövlət idarəçiliyinin
ən yüksək pillələrini keçmiş və
SSRİ-nin rəhbərliyində aparıcı siyasi xadimlərindən
biri olmuş Heydər Əliyev rəhbərlik etdiyi
bütün sahələrdə ciddi nizam-intizam yaradılmasına nail olmuşdur. Öz məsuliyyətini
yüksək səviyyədə dərk etdiyinə görə
onu tanıyan bütün insanlar, o cümlədən vaxtilə
onunla işləmiş partiya və dövlət xadimləri
onun bu xüsusiyyətlərini dəfələrlə qeyd
etmişlər.
Sovet
İttifaqı Kommunist Partiyasının Siyasi Bürosundan
uzaqlaşdırıldıqdan sonra Heydər Əliyevin məruz
qaldığı təzyiqlərə necə mərdliklə
sinə gərməsi, keçmiş kommunist rejiminin siyasi
repressiyalarından qorxmayaraq necə cəsarətli addımlar
atması, Azərbaycanın adı və mənafeləri
ortaya gəldikdə, heç nədən çəkinməməsi,
öz fikirlərini ən yüksək tribunalardan söyləməsi,
xüsusilə sovet qoşunlarının Bakıda törətdiyi
qanlı qırğına qarşı öz kəskin
mövqeyini bildirməsi, buna etiraz əlaməti olaraq o
dövrdə ölkənin siyasi hakimiyyətini təşkil
edən Kommunist Partiyasının sıralarından
çıxmaq barədə çox sərt və bir
çoxları üçün də gözlənilməz
olan bəyanat verməsi hamını təəccübləndirsə
də, bunun Heydər Əliyevdən başqa kimsənin edə
bilməyəcəyi də danılmaz bir fakt idi.
Heydər
Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə
qayıdışından sonra onun Azərbaycanın müstəqilliyinin,
sözün həqiqi mənasında, bərpa edilməsi və
qorunması üçün gördüyü işlər,
ayrı-ayrı daxili və xarici qüvvələrin dövlətçiliyimiz
üçün yaratdığı təhlükələri
xalqı öz ətrafında birləşdirməklə dəf
etməsi, müstəqilliyimizə göz dikən düşmən
qüvvələrin arzularını gözündə
qoyması Azərbaycan tarixinin ən şanlı səhifələridir.
Onun “Müstəqilliyimiz əbədidir, dönməzdir”–
deyərək xalqımızı və millətimizi vahid bir
ideya ətrafında birləşdirməsi böyük tarixi əhəmiyyət
daşıyır. Dahi rəhbərin “Mən
fəxr edirəm ki, Azərbaycanlıyam!”– sözlərini hər bir azərbaycanlının
öz düşüncə tərzinə çevirməsi bu
böyük şəxsiyyətin bizə miras qoyduğu zəngin
bir irsdir, zəngin bir sərvətdir. Bu sərvətdən
Azərbaycan xalqı, Azərbaycan gəncliyi tarix durduqca, Azərbaycan
dövləti durduqca bəhrələnəcəkdir.
Azərbaycanın
müstəqillik illərində keçdiyi çətin və
mürəkkəb yollara nəzər saldıqda, bu dövrdə
ən çətin məqamlarda xalqın məhz Heydər
Əliyevə güvəndiyini, onun rəhbərliyi altında
birləşdiyini və böyük əzab-əziyyətlə,
qurbanlar hesabına əldə etdiyi müstəqilliyini onun rəhbərliyi
ilə qoruyub saxladığını, Heydər Əliyev
dühasının qüdrətindən bəhrələndiyini
görürük.
1993-cü
il iyunun 15-də Milli Məclisin
iclasındakı çıxışında ulu öndər
deyirdi: “Azərbaycan Respublikasının bugünkü
ağır, mürəkkəb və gərgin vəziyyətini
tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni
üzərimə götürərək, öz məsuliyyətimi
anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən
gələni edəcəyəm...
Heç kəsin şübhəsi olmasın ki, ömrümün
bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan
Respublikasının müstəqil dövlət kimi inkişaf
etməsinə həsr edəcəyəm”. Bu sözlərin
Heydər Əliyevin real işləri və fəaliyyəti ilə
həqiqətə çevrildiyini hər birimiz
görmüş və onun nəticələrindən bu
gün də hamımız bəhrələnirik.
Ümummilli liderimizin bir dövlət xadimi, bir siyasətçi,
ən başlıcası, bir insan kimi yüksək şəxsi
keyfiyyətləri hamını, onu sevənləri də, onu
gözü götürməyənləri də, hətta rəqiblərini
də heyrətə salmış və onlar bunu etiraf etməyə
məcbur olmuşlar. Heydər Əliyevi tanıyan görkəmli
şəxsiyyətlər dəfələrlə qeyd etmişlər
ki, Azərbaycan xalqı belə bir tarixi şəxsiyyətlə
ancaq fəxr etməli, ondan daim öyrənməli və onun
ideyaları ilə yaşayıb yaratmalıdır. Məhz belə bir şəxsiyyəti yetirdiyinə
görə Azərbaycan xalqının xoşbəxt xalq,
xoşbəxt millət olduğunu çoxları qeyd
etmişlər.
Tanınmış dövlət xadimlərindən biri,
MDB-də böyük siyasətçilərdən sayılan
Nursultan Nazarbayev çox düzgün qeyd edir ki, “Onun öz
xalqı qarşısında xidmətlərinin əsl qiymətini
gələcək nəsillər verəcəkdir”. Belə fikirləri onunla
ünsiyyətdə olmuş və çiyin-çiyinə
çalışmış bir çox siyasi xadimlər, o
cümlədən Gürcüstanın sabiq Prezidenti,
böyük siyasətçi Eduard Şevardnadze, həmçinin
dünyanın ən böyük dövlətlərinin liderləri
dəfələrlə
qeyd etmişlər. Türkiyənin
sabiq Baş naziri, Türkiyə tarixində öz izini
qoymuş Bülənd Ecevitin qeyd etdiyi kimi, Heydər Əliyev
min ildən bir yetişən dahilərdəndir.
Azərbaycanın
Avropa ölkələri sırasında öz layiqli yerini tutmasını
Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin
gözəl bəhrəsi kimi qiymətləndirən
Fransanın sabiq Prezidenti Jak Şirakla yanaşı,
Böyük Britaniyanın, Belçikanın, Rusiyanın və
bir çox dövlətlərin siyasi xadimlərinin ulu öndər
haqqında dedikləri fikirlər onun şəxsiyyətinə
bəslənilən böyük hörmətin ifadəsidir.
Heydər
Əliyevi “siyasət nəhəngi” adlandıran Rusiya Prezidenti
Vladimir Putin vaxtilə Azərbaycana səfəri zamanı
Bakı Slavyan Universitetində çıxış edərkən
ulu öndərin Leninqradda,
indiki Sankt-Peterburqda xüsusi məktəbdə
oxuduğu zaman 1949-cu il mayın 16-da
aldığı şəhadətnamədəki qiymətləri
tələbələrə nümunə göstərmişdir.
Burada bütün qiymətlər yalnız “əla”
idi. Heydər Əliyev bu ənənəsini
sonralar Bakı Dövlət Universitetində oxuyarkən də
davam etdirmiş və ən yüksək qiymətlər
almışdır. Sonrakı ömür yolu sübut
edir ki, Heydər Əliyev təkcə təhsildə yox, həyatda
və siyasətdə də bütün imtahanları “əla”
qiymətlərlə vermiş və onun hər bir işi millətimizin
yaddaşına əbədi həkk olunmuşdur.
Heydər
Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10
ildə dünyanın, o
cümlədən Avropanın ən böyük dövlət
başçıları ilə keçirdiyi görüşlər,
apardığı danışıqlar Azərbaycan diplomatiya
tarixinin yadda qalan səhifələrinə
çevrilmişdir. Onun BMT-nin və digər beynəlxalq təşkilatların
tribunasından Azərbaycanın haqq səsini deməsi və
Azərbaycanın işğalının tarixi ədalətsizlik olduğunu
sübut etməsi həmişə böyük rəğbət
doğurmuş və bu gün həmin mövqeni onun layiqli
varisi, hörmətli Prezidentimiz İlham Əliyev uğurla
davam etdirir.
Bu gün ulu öndərin növbəti anım
günü xalqımız tərəfindən böyük
hörmət və ehtiramla qeyd edilir. Yenə də saysız-hesabsız insanlar
onun uyuduğu Fəxri xiyabana gələcək və məzarının
üzərinə güllər düzəcəklər. Heydər
Əliyevin uyuduğu məkanın yollarını insanların
həmişə ehtiramla qət edəcəklərini, bu yolu
keçməklə fəxr edəcəklərini cəsarətlə deyə bilərik.
Çünki bütün mənalı həyatını
xalqının xoşbəxtliyi və azadlığı
yolunda sərf etmiş Heydər Əliyevin gördüyü
misilsiz işlər kimi onun xatirəsi də əbədi olaraq
anılacaqdır.
Səadət İSMAYILOVA,
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Nərimanov
rayon
qeydiyyat şöbəsinin rəisi,
hüquq elmləri üzrə fəlsəfə doktoru
Xalq qəzeti.-
2015.- 12 dekabr.- S.5.