Ulu öndər mədəniyyət
xadimlərinin də əsl
hamisi idi
Tarixi şəxsiyyətlərin mənsub
olduqları xalqların və bütövlükdə bəşəriyyətin
taleyində oynadıqları rol
haqqında, fikrimcə, uzun-uzadı izahlara
və sübutlara, faktlara
və dəlillərə ehtiyac yoxdur. Bu, riyazi
düstur qədər dəqiq və
anlamlı bir məsələdir. Aksioma kimi onu
da təkzib və təftiş etmək,
birtərəfli yanaşmaq mümkün deyildir. Həmin şəxsiyyətlər, demək olar ki, bütün
xalqların tarixində vardır və onları “tarixə hökm edən insanlar”
adlandırmaq heç də qəbahət
sayılmazdı. Bu cür
şəxsiyyətlərə malik olmayan xalqlar və millətlər
isə özləri üçün əfsanə
və mif şəklində qəhrəmanlar
yaratmış, onun arxasınca getmək
arzusundadır və məhz belə bir arzu həmin xalqa ictimai inkişafın yedəyində qalmağa imkan vermir, onun inkişafına
stimul yaradır.
Şəxsiyyət sarıdan Azərbaycan xalqını bəxtiyar hesab etmək olar. Tarixin, demək olar ki, bütün mərhələlərində xalqımız dahi insanlar yetişdirmişdir. Bu cür insanlar ədəbiyyatda da, incəsənətdə də, elm və mədəniyyətdə də, siyasətdə də zaman-zaman mövcud olmuşlar. Lakin özündə ictimai-siyasi fəaliyyətin bütün çalarlarını birləşdirən bu cür fenomenal şəxsiyyətlər hər zaman doğulmurlar. Şəxsən mən özümü həm də ona görə xoşbəxt sayıram ki, belə fenomen şəxsiyyətlərdən birinin –Heydər Əlirza oğlu Əliyevin yaşadığı,fəaliyyət göstərdiyi, çalışdığı bir zamanda yaşamışam. Biz Heydər Əliyevin müasiri olduğumuz ücün taleyimizə yazılan qismətə görə Tanrıya minnətdar olmalıyıq.
Mən tarixi şəxsiyyətlər haqqında kitabları çox vərəqləmişəm. Onların, demək olar ki, hamısı ayrı-ayrılıqda özlərinəməxsus xüsusiyyətləri ilə fərqlənmişlər. Ona görə də Heydər Əliyevi başqalarından fərqləndirən məziyyətlər barədə düşünmüşəm. Əslində, bu düşüncələr hər hansı sual qarşısında aciz qalıb, ona cavab tapmaq zərurətindən yaranmır. Heydər Əliyev öz xalqını necə dərindən və yaxşı tanıyırdısa, xalq da onu eləcə dərindən və yaxından tanıyır. Onun həyatı gül ləçəyi üzərindəki səhər şehi kimi təmiz və şəffafdır, biz orada həm də özümüzü–Azərbaycan xalqını görürük. Xüsusilə, böyuk öndərlə dəfələrlə təmasda olan bir insan kimi mənim Heydər Əliyev şəxsiyyəti ilə bağlı hər hansı sual qarşısında cavabsız qalmaq səlahiyyətim yoxdur. Bu məqamda “səlahiyyət” sözünü tam hərfi və müstəqim mənada qəbul olunmamasını rica edirəm. Çünki indiki halda həmin söz daha çox ulu öndərin işıqlı xatirəsi qarşısında mənəvi borcun rəsmi etirafı kimi qavranılmalıdır. Mən bu böyük şəxsiyyət barədə xalqın özünün verdiyi “ümümmilli lider” titulunu birmənalı şəkildə qəbul edirəm və belə bir qənaətdəyəm ki, məhz həmin ifadə ulu öndərin həm fenomenal şəxsiyyətini, həm də xalqın qarşısındakı nəhəng xidmətlərini tam ehtiva edir. Bu baxımdan hesab edirəm ki, tarix nə qədər dəyişir dəyişsin, Azərbaycan xalqı heç vaxt “Heydər Əliyev Azərbaycan üçün kim idi” sualına cavab axtarmayacaq. Çünki onun fəaliyyəti o qədər çoxsahəlidir ki, bir insan ömrünün bir belə işi görmək üçün necə kifayət etdiyinə təəccüblənməyə bilmirsən. O, indiki tarixi mərhələdə xalqımızın qarşısında duran əsas problemləri çözüb əbədyyətə qovuşdu. Müstəqil Azərbaycan dövlətini yaratdı, onun memarı oldu, onu möhkəmləndirdi, müstəqilliyini daimi, dönməz, əbədi etdi. Ölkəmizi siyasi böhrandan çıxardı, dünyanın ən böyük transmilli şirkətlərini Azərbaycana investisiya qoymağa sövq etdi, respublikamızı bölgənin aparıcı dövlətinə çevirdi, özü isə regionun lideri oldu.
Onun məsləhəti və razılığı olmadan regionda heç bir layihə reallaşa bilməzdi. Hər şeyə soyuq başla yanaşan praqmatik amerikalılar ulu öndəri nahaq yerə “Asiyanın Corc Vaşinqtonu” adlandırmırdılar. Heydər Əliyevə 1993-cü ildə siyasi böhran içində boğulan, hərc-mərcliyin baş alıb getdiyi, iqtisadi tənəzzülün tüğyan etdiyi, sosial girdab içərisində çırpınan Azərbaycan miras qalmışdı. Separatizmin didişdirdiyi respublika nəinki parçalanmaq, hətta dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısındaydı. “Xalqın gözü tərəzidir”. Mənə elə gəlir ki, min illərin sınağından çıxmış bu müdrik kəlam 1993-cü ilin iyununda özünün bütün fəlsəfi mahiyyəti ilə daha qabarıq şəkildə üzə çıxdı. Millətin gözü Naxçıvana dikildi. Özünün ən ağır vaxtlarında xalq yenidən müdrik oğluna sarı boylandı. Heydər Əliyevin hakimiyyətə qayıdışı millətə yeni nəfəs verdi. 1989-cu ildə dünyanın bir nömrəli xalqı adlandırılan, 1989-1992-ci illərdə arzu və istəyi ayaqlar altına atılıb tapdanan xalqımız özündə təpər tapıb yenidən dikəldi və məhz Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada birincidir!
Heydər Əliyev XX əsrin sonunda his-pas içərisində batıb qalmış dövlət lokomotivini XXI əsrin əvvəlinə işlək vəziyyətdə irəliyə doğru tam sürətlə şütüyəcək hala gətirib çıxardır. Bu, əlbəttə, obrazlı bir bənzətmə olsa da, ulu öndərin fəaliyyət dairəsini tam əhatə etmir. Çünki həmin fəaliyyətin spektrində siyasi-iqtisadi islahatlardan tutmuş, elmi-mədəni çalışmalara qədər ictimai palitranın bütün rəngləri mövcuddur.
Mən incəsənət adamı olduğumdan, təbii ki, məhz həmin sahədə görülən işləri, həyata keçirilən tədbirləri daha yaxından görmüşəm, şahidi olmuşam və həmin fəaliyyətin xalqın mənəvi dirçəlişindəki rolunu bütün varlığımla hiss etmişəm. Ümummilli lider Heydər Əliyevlə onun Naxçıvanda qoyulmuş büstünü Moskvada hazırlayarkən, mərhum Zərifə xanım Əliyevanın, Azərbaycan qadınının bütün müsbət keyfiyyətlərini özündə birləşdirən bu insanın abidəsi üzərində işləyərkən dəfələrlə təmasda olmuş, söhbətləşmiş, məsləhətləşmiş, hər dəfə də onun intellektinə, erudisiyasına, dünyagörüşünə, nəhayət, istedadına heyran qalmışam. Mənə elə gəlibki, o, siyasətçi olmasaydı mütləq böyük memar, heykəltəraş olardı. Qəribədir ki, Heydər Əliyevlə görüşən, təmasda olan hər bir kəs mənim gəldiyim bu qənaətlə razılaşır. Məsələn: lap yüz il sonra da Azərbaycan mədəniyyətindən söz açılsa, Heydər Əliyev amili önə çəkiləcəkdir. Çünki onun mədəniyyətimizin inkşafına göstərdiyi qayğı, verdiyi töhfələr öz nəticəsini gələcəkdə daha bariz surətdə göstərəcək. Elə bir incəsənət xadimi, mədəniyyət işçisi varmı ki, Heydər Əliyevin diqqətindən kənarda qalsın? Hələ, 90-cı illərin birinci yarısında, o dövrdə ki, Azərbaycanın iqtisadi vəziyyəti büdcəyə “cızığından çıxmağa” imkan vermirdi, onda ulu öndər yaradıcı insanlara fərdi təqaüdlər ayırırdı. Həm də, bu insanların arasında təkcə yaşı ötmüş sənətçilər deyil, gənclər də vardı. Məhz Heydər Əliyevin zamanında teatrların qapıları yenidən tamaşaçıların üzünə açıldı. Əslində həmin qapılar bağlanmamışdı, sadəcə, insanlarda o qədər bədbin əhvali-ruhiyyə, gələcəyə inamsızlıq, ümidsizlik yaranmışdı ki, incəsənət onların gündəlik həyatında axırıncı sıralardan birinə keçmişdi. Təbii ki, problemləri, ölkənin əsl durumunu Heydər Əliyev qədər yaxşı bilən yox idi. O, həm də dövlət başcısı olaraq həmin problemlərin ağırlığını, məsuliyyət yükünü daşıyırdı. Çünki çətinlikləri bir başqası yox, məhz o özü həll etməli idi. Amma ulu öndər bütün varlığı ilə inanırdı ki, insanlarda mənəvi dirçəliş, gələcəyə inam yaratmadan başqa problemlərin həlli çətin və üzücü olacaq. O, demək olar ki, bütün yeni tamaşalarda şəxsən iştirak edir, aktyorlarla söhbətləşir, tamaşanı təhlil edirdi.
2000-ci ildə Azərbaycanda ilk dəfə olaraq Rəssamlıq Akademiyası açıldı. Bu, mənim həyatımın ən unudulmaz anlarındandır. Fikrimcə, başqa ölkələrdə ali rəssamlıq və heykəltəraşlıq təhsili alan bütün azərbaycanlılar respublikamızda belə bir təhsil ocağının nə vaxtsa açılacağı ümidində olmuş və illərlə həmin ümidlə yaşamışlar. Bir sənət adamı kimi məndə həmişə həmin ümidlə bərabər, inam da olmuşdur. Ona görə də Rəssamlıq Akademiyasının fəaliyyətə başlamasını yalnız mədəni həyatımız yox, həm də, bütövlükdə xalqımız üçün çox mühüm addımlardan biri hesab edirəm. Bu yöndə mənə nikbinlik gətirən başqa bir cəhət isə Heydər Əliyev siyasi irsinin və məktəbinin layiqli davamçısı, respublikamızın Prezidenti cənab İlham Əliyevin mədəniyyətimizə göstərdiyi qayğıdır. İndi ictimai həyatın bütün sahələri kimi, mədəniyyət və incəsənətimiz də sürətli inkişaf yolundadır. Heydər Əliyevin müəyyənləşdirdiyi həmin yol xalqımızı daha firavan gələcəyə aparır.
İllər, əsrlər keçəcək. Ümummilli lider Heydər Əliyevin amalları, bütün mənalı ömrünü həsr etdiyi, canından ziyadə sevdiyi, özünün şah əsəri olan müstəqil Azərbaycan , rifahı ücün çalışdığı Azərbaycan xalqı onu untmayacaqdır.
Ömər
ELDAROV,
Xalq rəssamı, akademik
Xalq qəzeti.- 2015.- 12
dekabr.- S.7.