Ulu öndər Heydər Əliyevin ideya

əməlləri Azərbaycanı yeni qələbələrə aparır

 

Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin vəfatının növbəti ildönümü dekabrın 12-də tamam oldu. Azərbaycan xalqı bugünlərdə hər bir insanın qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bu kimi digər yüksək keyfiyyətləri ilə özünə əbədi heykəl qoymuş, bir millətin əbədi simvoluna çevrilmiş rəhbərin nurlu xatirəsini bir daha böyük ehtiramla yad edir.

Müasir, müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tariximizin Azərbaycanımız qədər əbədi və möhtəşəm bir simasıdır. Bəlkə də buna görədir ki, Azərbaycan xalqının taleyini tarixən müəyyən etmiş dahi şəxsiyyətlərin rolunu araşdırılanda ilk yada düşən şəxs ümummilli lider adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev olur. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucuxilaskar dövlət xadimi, milli liderxalq məhəbbətini qazanan öndər kimi qalmaqdadır.

 Ulu öndər Heydər Əliyev dünyanın xarizmalı, seçilən siyasət adamlarından  idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.

Xalqımızın dahi oğlu Heydər Əliyev tarixi proseslərə təsir göstərən, hətta lazımi məqamlarda siyasi gediş və fəhmi ilə hadisələrin gedişini dəyişməyə qadir olan şəxsiyyət idi. O az bir zaman içərisində Azərbaycan xalqının inamını özünə qaytardı və dövlətçiliyimiz üçün misilsiz işlər gördü. Bununla da Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən yeganə tarixi şəxsiyyət oldu. Bənzərsiz dövlət xadimi kimi ən mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı xilas yolu tapmaq bacarığını da taleyin ona bəxş etdiyi şans kimi dəyərləndirmək olar. Azərbaycan xalqının, torpağının və dövlətçiliyinin ən böyük təəssübkeşi olmaq missiyası da Heydər Əliyevə nəsib olmuşdur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərin xronikasını izlədikcə, onun hər bir anında dahiliyin çalarlarını görür, uzaqgörənliyinə şahidlik edirsən. Uzaqgörən daxilixarici siyasət az bir zaman kəsiyində ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafa səbəb olmuş, müstəqilliyimizi əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi.

1990-cı ilin yayında Moskvadan Vətənə qayıdan ulu öndərin Naxçıvan Muxtar Respublikasında yaşadığı illər Azərbaycanın istiqlal tarixində önəmli hadisədir. Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi və ulu yurda rəhbərlik etməsi Azərbaycanın bu ayrılmaz hissəsini erməni təcavüzündən xilas etdi. Məhz Heydər Əliyevin müdrikliyinin, siyasi təcrübəsinin və iradəsinin nəticəsi idi ki, Naxçıvan MR üzləşdiyi bütün çətinliklərdən mərdliklə çıxdı. 1993-cü ilin iyununda Azərbaycan xalqı “olum, ya ölüm” həqiqəti ilə üz- üzə qaldığı vaxtlarda xalqın təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməsi isə zamanın reallığı və yeganə doğru hökmü idi.

O zaman Heydər Əliyev ictimai-siyasi sabitliyi qorumaq üçün ölkədə xaos və özbaşınalığın qarşısını aldı. Xalqın böyük rəhbərinə inamı, etimadı o dərəcədə yüksək idi ki, onun hər bir çağırışı Azərbaycanda böyük əks-səda doğururdu. O günlər ən yaxın tariximizdir. Çox kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etmək, ölkəmizin varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaq Heydər Əliyevin xalqtariximiz qarşısında ən böyük xidməti oldu.

1993-cü ilin payızında müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev çox təcrübəli, müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan qüvvələrin qarşısında sipərə çevrildi. Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu.

Xalqımızın və dövlətimizin elə bir problemi olmamışdır ki, həmin problemləri kimsə Heydər Əliyev qədər hərtərəfli və mükəmməl bir şəkildə dərk etmiş olsun. Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi və onlar onun ağıllı siyasətini birmənalı olaraq qəbul edirdilər.

Buna görədir ki, xalqımız onu əsrin böyük azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi qəbul edir, ürəkdən sevir. Bu da bir həqiqətdir ki, dünyada tanınan, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər Əliyev haqqında söz demək, fikir söyləmək çətin olduğu qədər də şərəfli və qürurvericidir. Həm də sevindiricidir ki, ulu öndərimizin ölməz ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir.

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev ideyaları Azərbaycanın çağdaş uğurlarının əsasıdır,  gələcək qələbələrimizə istiqamətlənmişdir. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın onun ən layiqli davamçısı Prezident İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərməkdədir. Bu siyasət Azərbaycanın Cənubi Qafqazdakı lider rolunun daha da möhkəmlənməsinə, Azərbaycanın sürətli və davamlı inkişafının yeni mərhələyə qaldırılmasına, ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışına təminat verir.

 

Umid ABUZƏRLİ,

YAP Gənclər Birliyinin koordinatoru

 

Xalq qəzeti.- 2015.- 13 dekabr.- S.10.