Heydər Əliyev irsi:
müstəqil
dövlətçilik və müasirlik
Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxillik ictimai-siyasi fəaliyyəti böyük bir epoxanı əhatə edir. Sovet rejiminin inkişafda olan dövrü (1969-1986), mürəkkəb keçid prosesləri (1987-1990), Azərbaycanın dövlət müstəqilliyi mərhələsi (1991-2003) kimi səciyyələnən 35 illik bir epoxanın aparıcı şəxsiyyətlərindən, əsas simalarından olan Heydər Əliyevin böyük siyasətdə keçdiyi çətin və şərəfli yol, sərt və mürəkkəb məqamlarda onun tutduğu obyektiv və qəti mövqe, atdığı düşünülmüş addımlar, əldə etdiyi ciddi və mühüm nəticələr, əslində, çox mənalı və ibrətamiz məktəbdir.
Bu təlim beynəlxalq siyasi aləmdə və Azərbaycanda özünəməxsus xüsusi yeri və əhəmiyyəti olan, tarixə düşən, hər yeni tarixi mərhələ üçün aktuallıq və müasirlik kəsb edən həmişəyaşarlıq qazanmış Heydər Əliyev siyasi məktəbi kimi özünü təsdiq etmişdir. Eyni zamanda, Heydər Əliyevin qiymətli siyasi irsi: məruzələri, nitqləri, çıxışları, imzaladığı tarixi qərarlar və sərəncamlar, hətta verdiyi tapşırıq və tövsiyələr küll halında həmin böyük siyasət məktəbinin möhtəşəm və mötəbər dərslikləridir. Beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyevin simasında böyük, əbədiyaşar siyasətin nəzəriyyəsi və təcrübəsi bütün zənginliyi ilə vahid məcrada birləşir.
Heydər Əliyev siyasi kursu - bu böyük dühanın parlaq adını və çoxcəhətli fəaliyyətini, geniş dünyagörüşünü və mənalı irsini əhatə edən zəngin dövlətçilik təlimi, siyasi-ideoloji baxışlar sistemidir.
Heydər Əliyev siyasi kursu - qlobal yanaşma ilə milli dəyərlərin vəhdətindən yoğrulmuş düşünülmüş yetkin dövlətçilik təlimidir.
Heydər Əliyev siyasi kursu - milli dövlətçilik təliminin strategiyasından və xalqın inkişaf dialektikasının taktikasından ibarətdir. Haqlı olaraq deyildiyi kimi, O, böyük siyasətin uzaqvuran topu, ağır artilleriyası idi.
Heydər Əliyev siyasi kursu - xalqı birləşdirən, əlaqələndirən, səfərbər edən və daha böyük gələcəyə aparan gerçəkçi siyasətin ifadəsidir.
Heydər Əliyev siyasi kursu - müstəqillik qazanmış ölkələrin dövlət quruculuğunun inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün sınaqlardan çıxmış modeldir.
Nəhayət, Heydər Əliyev siyasi kursu - cəmiyyət həyatının, ümummilli inkişafın əbədiyyət ünvanlı lokomotividir.
Böyük sınaqlardan çıxmış Heydər Əliyev siyasi kursunun nüvəsini, cövhərini milli dövlətçilik təlimi təşkil edir. Böyük dövlət xadimi Heydər Əliyevin uğrunda mübarizə apardığı, əməli fəaliyyəti ilə əsas konturlarını müəyyən etdiyi milli dövlətçilik təliminin əsasında Azərbaycançılıq məfkurəsi dayanır. Azərbaycançılıq - ümumtürk köklərinə bağlı olan milli məfkurədir. Heydər Əliyevə görə Azərbaycançılıq - müstəqil dövlətin daxilində ümumxalq həmrəyliyini təmin edən vahid Vətən idealının təcəssümüdür. Bütövlükdə, Azərbaycançılıq - müstəqil bir dövlətin qurulub möhkəmləndirilməsi və inkişaf etdirilməsi fəlsəfəsini əks etdirir. Bu mənada Azərbaycançılıq Heydər Əliyev siyasi kursunun tac damarıdır, ana xəttidir.
Azərbaycançılığın Heydər Əliyev təlimi dünya azərbaycanlılarının ümummilli ideallarını əks etdirən və onların həmrəyliyini ifadə edən böyük təlimdir. Müstəqil Azərbaycan isə böyük ideallara və universal zəkaya malik olan Heydər Əliyev dühasının şah əsəridir. Azərbaycançılıq məfkurəsini publisistikaya XIX əsrin axırlarında Məhəmmədağa Şahtaxtlı, ədəbiyyata XX əsrin əvvəllərində Səlil Məmmədquluzadə, milli siyasətə, yüksək dövlətçilik təlimi səviyyəsinə isə XX yüzilliyin yetmişinci illərindən qüdrətli siyasi xadim Heydər Əliyev gətirmişdir.
Məhz Heydər Əliyevin ağıllı və uzaqgörən siyasəti nəticəsində azərbaycançılıq təlimi müstəqil Azərbaycanın dövlətçilik ideologiyasına çevrilmişdir. Bu görkəmli dövlət xadimi ilk dəfə olaraq dünya azərbaycanlılarını böyük siyasətinin cazibəsində vahid Vətən amalı ətrafında birləşdirmişdir. Dünya azərbaycanlılarının qurultayları milli tariximizə Azərbaycan xalqının dünyanın müxtəlif qitələrinə səpələnmiş nümayəndələrinin Heydər Əliyev forumu kimi daxil olmuşdur.
“Hamımızın bir vətəni var. Bu - Azərbaycandır!” kimi Ata sözünə çevrilmiş müdrik kəlamın da müəllifi Heydər Əliyevdir. Dünya Azərbaycanlıları ilə iş üzrə Dövlət Komitəsi məhz Heydər Əliyevin milli dövlətçilik strukturuna daxil etdiyi qurumdur. Xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılması, milli lobbiçilik hərəkatının başlanması və inkişaf etdirilməsi də Heydər Əliyevə aid olan tarixi xidmətlərdir. Heydər Əliyev 50 milyonluq dünya azərbaycanlılarının ümummilli lideridir. Bütün bunlara görə Heydər Əliyevin azərbaycançılıq təlimi tarixi dəyərlərlə müasir inkişafı özündə üzvi surətdə birləşdirir.
Heydər Əliyev siyasi kursunun ana maddəsi xalqımızın dövlət müstəqilliyi ideyasının gerçəkləşdirilməsindən ibarətdir. Uzaqgörən dövlət xadimi kimi o, hələ sovet hakimiyyəti illərindən etibarən Azərbaycanın dövlət müstəqilliyinə doğru düşünülmüş qəti addımlar atmışdır.
Vaxtilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi təşkil etməsi böyük gələcək naminə milli hərbçi kadrlarının hazırlanması üçün baza yaratmağa hesablanmış uzaqgörən addımdır. Azərbaycan xalqının tarixində və taleyində böyük yer tutmuş görkəmli şəxsiyyətlərin - Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun, Mirzə Ələkbər Sabirin, Səməd Vurğunun, Cəfər Cabbarlının və başqalarının yubileylərinin dövlət səviyyəsində təşkili də ölkəmizdə milli ideyaların genişləndirilməsi, xalqın özünüdərk proseslərinin dərinləşdirilməsi məqsədini izləmişdir.
Beləliklə, Heydər Əliyevin Sovet hakimiyyəti illərində həm milli şüurun, həm də milli kadrların formalaşdırılması istiqamətində apardığı ardıcıl çoxcəhətli işlər, həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti xalqımızın gələcək müstəqilliyə hazırlanmasına xidmət etmişdir. Dövlət xadimi kimi Heydər Əliyevin adı ilə bağlı olan epoxada formalaşmış vətənpərvər nəsil, milli ziyalılar Azərbaycanda müstəqil dövlətçilik uğrunda mübarizədə həlledici rol oynamışlar.
Azərbaycan müstəqillik qazandıqdan sonra görkəmli dövlət xadimi Heydər Əliyevin çoxcəhətli siyasi fəaliyyəti daha geniş miqyas almış, sistemli, ardıcıl və açıq xarakter daşımışdır. 1990-cı ilin sərt qış günlərində Moskvadakı Azərbaycan Daimi Nümayəndəliyinə gələrək respublikada 20 Yanvar faciəsi törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən qətiyyətli bəyanatla çıxış etməsi Heydər Əliyevin yeni tarixi epoxanın başlanğıcında müstəqillik uğrundakı mübarizəsinin parolu kimi böyük əhəmiyyət kəsb edir.
Bundan sonra taleyin hökmü ilə doğulub boya-başa çatdığı Naxçıvanda yaşayıb-işləməsi onun doğma xalqının dövlət müstəqilliyi uğrunda milli-azadlıq mübarizəsinə rəhbərlik etməsinə meydan açmışdır. Qarabağ savaşının çətin, mürəkkəb dövründə o, Naxçıvan Muxtar Respublikasının əhalisini öz ətrafında birləşdirərək Azərbaycanın bu qədim diyarının erməni işğalına məruz qalmasının qarşısını almışdır. Heç tərəddüd etmədən demək olar ki, bədnam Ermənistanın təcavüzündən xilas olunmuş Naxçıvan Muxtar Respublikası görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycana mühüm ərməğanı, böyük xidmətidir.
Naxçıvan parlamentində böyük öndərin sədrliyi ilə 1990-cı ildə əsas milli dövlətçilik atributu olan üçrəngli bayrağın Azərbaycan Respublikasının dövlət rəmzi kimi qəbul edilməsi müstəqillik dövrü tariximizin ən şanlı hadisələrindən biridir. Onun təşəbbüsü sayəsində Naxçıvanın muxtariyyat statusunu ifadə edən keçmiş formatdan “Sovet Sosialist” sözlərinin çıxarılması yalnız və yalnız müstəqilliyə xidmət edən ciddi siyasi hadisədir.
Naxçıvanda mövcud olan sovet ordusu hissələrini dinc yolla tərksilah etməsi, həmin ordu birləşmələrinin mülkiyyətini, silah-sursatını qansız-qurbansız Muxtar Respublikanın balansına keçirməsi, milli ordunun təməlini qoyması müstəqillik uğrunda mübarizədə Heydər Əliyevin məxsusi qəhrəmanlıqlarıdır. Nəhayət, Naxçıvanda çalışdığı illərdə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qəbul edilməsinə dair qəbul etdiyi tarixi qərarın hər il əvvəlkindən də aktual və əhəmiyyətli olduğu isbat olunur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci mərhələsi yenicə qazanılmış, sadəcə, elan olunmuş dövlət müstəqilliyini itirilmək təhlükəsi qarşısında qalan ölkəmizin ictimai-siyasi, iqtisadi-hərbi problemlərinin uğurlu həlli ilə tarixi hadisəyə çevrilmişdir. Qondarma Talış-Muğan Respublikasının ləğv edilməsi, Vətənimizin ərazi bütövlüyünün qorunub saxlanılması, ölkənin parçalanma təhlükəsinin aradan qaldırılması, Heydər Əliyevin müstəqilliyin gerçək mənada möhkəmləndirilməsi yollarındakı danılmaz böyük xidmətidir.
Ermənistan— Azərbaycan münaqişəsini dayandırması, atəşkəs sazişinə nail olması, qısa müddətdə mütəşəkkil, nizamlı ordunun yaradılması görkəmli dövlət xadiminin müstəqillik uğrunda mübarizəsində mühüm tarixi hadisə sayılmağa layiqdir. Ölkədə müstəqilliyin daha da möhkəmləndirilməsinə hesablanmış geniş miqyaslı islahatların gerçəkləşdirilməsi, elmin, təhsilin, mədəniyyətin, ədəbiyyatın sürətlə inkişaf etdirilməsi sayəsində milli düşüncənin dərinləşdirilməsi nəticə etibarilə müstəqillik təfəkkürünün yetkinləşməsinə, dönməz xarakter almasına özünün sanballı töhfəsini vermişdir.
Heydər Əliyev siyasi təlimində xüsusi əhəmiyyətə malik olan məsələlərdən biri də ictimai-siyasi sabitlikdir. Azərbaycanda dövlət müstəqilliyinin başlanğıc illərində, xüsusən AXC-Müsavat hakimiyyəti zamanı cəmiyyətdə yaranmış xaos, çaşqınlıq ciddi və təhlükəli bir böhranın yaranmasına gətirib çıxarmışdı. Ölkədə təhlükəli vəziyyət yaradan, qorxu, vahimə oyadan, çaşqınlıq toxumları səpən gizli ilahlı dəstələrin, terrorçu qrupların qətiyyətlə zərərsizləşdirilməsi Heydər Əliyevin ictimai-siyasi sabitliyi təmin etmək baxımından həllinə nail olduğu əsas məsələlərdən biri idi.
Hətta dövlət çevrilişinə cəhd göstərən, silahlı yolla hakimiyyəti devirmək istəyən, sağdan-soldan dəstək alan axınların kökünün kəsilməsi Azərbaycanda müstəqilliyin sabahına ümidlə baxmağa böyük inam yaratdı. Bu mənada Azərbaycanda bərqərar olan sabitlik görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən ölkəmizə bəxş edilmiş böyük ərməğandır, əvəzsiz nemətdir. Sabitlik Heydər Əliyev inkişaf strategiyasının siyasi-ideoloji və hüquqi təminatıdır. Sonrakı böyük inkişafın təməlində möhkəm sabitlik amili mühüm yer tutur.
Ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyin baş memarıdır. Dövlət quruculuğu prosesini düşünülmüş şəkildə irəli aparan Heydər Əliyevin dünya təcrübəsinə, ölkəmizin imkanlarına və tələbatlarına uyğun şəkildə dövlət qurumlarının formalaşdırılması, gərəksiz təşkilatların ləğv edilməsi, ehtiyac olan yenilərinin yaradılması yollarındakı səyləri özünəməxsus dövlətçilik siması olan müstəqil bir ölkənin formalaşdırılması ilə nəticələnmişdir. Qeyri-peşəkar kadrların yüksək ixtisaslı, təcrübəli mütəxəssislərlə əvəz edilməsi də dövlət quruculuğu sahəsində böyük irəliləyişin təmin edilməsinin hərəkətverici qüvvəsinə çevrilmişdir.
Nəticədə, Azərbaycanda cəmiyyət həyatını irəliyə aparan, müstəqillik şəraitində qarşıda duran problemləri həll etməyə qadir olan, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən güclü bir dövlət strukturu ərsəyə gətirilmişdir.
Heydər Əliyevin tarazlaşdırılmış, balanslaşdırılmış xarici siyasət təlimi onun adı ilə bağlı olan böyük siyasətin ana maddələrindən biridir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xarici siyasət strategiyasını müəyyən edərkən konkret tarixi dövr üçün müstəqil siyasət daxilində tarazlaşdırılmış siyasi yanaşmanı əsas kimi qəbul etməyi vacib saymışdır. Bu istiqamətdə formalaşdırılmış xarici siyasət dövlətimizin maraqlarına uyğun olan ölkələrin hamısı ilə əlaqə yaratmağa, münasibətləri daha da inkişaf etdirməyə şərait yaradan müstəqil siyasi yanaşma kimi özünü doğrultmuşdur. Bu yanaşma siyasi mühitdə Azərbaycan dövlətinin böyük dövlətlərin şərtlərini deyil, öz ölkəsinin maraqlarını əsas götürməsini şərtləndirmişdir. Siyasətin bu formatı beynəlxalq aləmdə Azərbaycana çoxlu dost ölkələr və etibarlı tərəfdaşlar qazandırmışdır. Nəhayət, bu siyasi təlim Azərbaycanın müstəqil surətdə xarici siyasət aparan dövlət olaraq inkişaf etdirilməsini şərtləndirmişdir.
Milli neft strategiyasının əsasını qoymuş Heydər Əliyev müstəqil dövlətimizin taleyində neft faktorunun xüsusi rolunu və əhəmiyyətini lazımi səviyyədə dəyərləndirmişdir. Neft strategiyasının beynəlxalq layihələrin, iqtisadi proqramların həllinə doğru istiqamətləndirilməsi ölkəmizdə bu tükənməz sərvətdən əldə olunan gəlirin qat-qat artırılmasına rəvac vermişdir. “Bakı-Tbilisi-Ceyhan” neft ixrac boru kəməri Heydər Əliyevin iqtisadi siyasətinin Bakı-Tbilisi-Qars dəmir yolu layihələri də mahiyyət etibarilə Ceyhana uzanan nəhəng magistralı tamamlayır. Beləliklə, neft siyasəti Azərbaycanın hərtərəfli inkişafının və beynəlxalq aləmdəki siyasətinin əsas generatoru statusunu qazanmışdır. Respublikamızda qeyri-neft sektorunun inkişafı da hərtərəfli şəkildə düşünülmüş uğurlu neft strategiyasının bəhrəsidir.
Sosialyönümlü büdcə siyasəti də Heydər Əliyev siyasi kursuna aiddir və ardıcıl olaraq xalqın həyat səviyyəsinin yüksəldilməsinə dövlət qayğısı siyasətini izləyir. Sovet dövründən fərqli olaraq, Prezident təqaüdü formatında rəğbətləndirmənin təsis edilməsi müstəqil Azərbaycanın adlı-sanlı ziyalılarının, alimlərinin və mədəniyyət xadimlərinin qorunub saxlanılmasına, yaşadılmasına, milli ziyalılığın inkişaf etdirilməsinə uğurla xidmət edir. Vaxtaşırı Prezident mükafatlarının verilməsi də ölkəmizdə yeni nəslə, böyük istedadlara dövlət dəstəyinin əməli ifadəsidir. Məhz bunların sayəsində ölkəmizdə “Heydər – Xalq, Xalq – Heydər” formatında müdrik Ata sözləri formalaşmışdır.
Heydər Əliyev siyasi kursu daim inkişafda olan bir təlim olaraq yaşayır və həmişə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə təkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu böyük və sınaqlardan çıxmış dövlətçilik strategiyasını yaradıcı şəkildə və böyük səriştə ilə davam və inkişaf etdirir. Ümumiyyətlə, yeni epoxanın görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezidentimiz İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyev siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrə və böyük bələdçidir. İlham Əliyev hakimiyyəti həmin qranit dövlətçilik pyedestalı üzərində ucalır.
Prezident İlham Əliyev özünü təsdiq etmiş Heydər Əliyevin dövlətçilik təlimini əsas kimi qəbul etməklə yanaşı, bu həmişəyaşar siyasi kursu yeni dövrün, dünyada baş verən proseslərin gerçəkliklərinə uyğun olaraq daim inkişaf etdirir, qiymətli əlavələrlə zənginləşdirir. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın müasir reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək İlham Əliyev idarəetməsinin əsasını təşkil edir. Prezident İlham Əliyevin şəxsində siyasi varisliklə novatorluq, ənənə ilə yeniləşmə, müasirləşmə və modernləşdirmə vəhdət təşkil edir.
Məsələnin bu cəhəti ölkəmizin rəhbərini dünyada son illərdə böyük siyasətə gəlmiş yeni dövlət başçılarından fərqləndirir və ölkəmizə böyük uğur gətirir. Zəngin tarixi təcrübə ilə müasir yaradıcı təfəkkürün vəhdəti, daim yenilik ruhu, yüksək vətənpərvərlik missiyası Prezident İlham Əliyevin dövlət başçısı simasının özünəməxsusluqlarını səciyyələndirir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni tipli görkəmli dövlət başçısı olduğunu, bütövlükdə müasir dövrün qüdrətli siyasi liderlərindən biri səviyyəsinə yüksəldiyini əyani şəkildə nümayiş etdirir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ümummilli liderimiz Heydər Əliyevdən yeni tipli dövlət xadimi İlham Əliyevə qədər hərtərəfli inkişaf yolunu uğurla davam etdirməkdədir. Naxçıvan Muxtar Respublikasına müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması, möhkəm və etibarlı qalasının yaradılması, regionda Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə qarşılıqlı əlaqələrin formalaşdırılması ümummilli lider Heydər Əliyevin strateji xəttinin dönmədən həyata keçirilməsini təmin etmişdir. Vaxtilə çox çətin şəraitdə Heydər Əliyevin böyük uzaqgörənliyi sayəsində Türkiyə ilə Naxçıvan arasında Sədərək-Dilucu körpüsünün salınması ilə mühüm strateji məqsədlərə yol açılmışdır. Bu, əslində böyük həyat körpüsü olmaqla bərabər, həm də Avropaya açılan qapı demək idi.
Prezident İlham Əliyevin 2007-ci ildə rəmzi lentini kəsdiyi Şahtaxtı – Poldəşt körpüsü blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə əlaqələrinin genişlənməsində və Şərqə doğru inkişafının təmin edilməsində mühüm rol oynamışdır. Beləliklə, blokada şəraitində olan Naxçıvanda yeni bir Şərq – Qərb nəqliyyat dəhlizi formalaşdırılmışdır. Naxçıvan Beynəlxalq Hava Limanının 2015-ci ildə Şərq terminalının yaradılması regionun inkişafına əlavə imkanlar açmışdır.
Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun yaxın gələcəkdə Qars-İqdır-Sədərək-Şərur vasitəsilə Naxçıvana birləşdirilməsi layihəsinin reallaşdırılacağı barədə ölkə Prezidenti səviyyəsində səslənən bəyanatlar regionda böyük inkişafa təkan verəcəkdir. Vaxtilə təməlləri görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən atılmış Naxçıvana qaz çəkilişi, Naxçıvan Beynəlxalq Hava Limanının tikilişi, Vayxır su anbarının inşası kimi iri həcmli layihələrin Prezident İlham Əliyev tərəfindən başa çatdırılaraq xalqın istifadəsinə verilməsi vahid siyasətin, böyük siyasi kursun konkret bir regiondakı uğurlu bəhrələridir. Bu mənada Prezident İlham Əliyevin hakimiyyəti illərində Naxçıvanda salınmış Biləv, Arpaçay su elektrik stansiyaları, Günəş Elektrik Stansiyası, burada avtomobil sənayesinin inkişaf etdirilməsi, aqrar sektorun genişləndirilməsi böyük siyasəti tamamlayır və möhkəmləndirir.
Naxçıvan Sənaye Kompleksinin fəaliyyətə başlaması, çoxsaylı iş yerlərinin açılması, sənayeləşmə sahəsinin inkişafı və genişləndirilməsi, energetika sektorunun əsaslı şəkildə yenidən qurulması, quruculuq proseslərinin geniş vüsət alması Naxçıvan Muxtar Respublikasına yönəldilmiş dövlət siyasətinin özünün böyük strateji hadisələrinə doğru məqsədyönlü şəkildə inkişaf etdiyini göstərir. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun Heydər Əliyev siyasi kursuna dərin sədaqəti və ölkəmizin Prezidentinin ardıcıl həyata keçirdiyi dövlətçilik strategiyasına məsuliyyətli münasibəti, konkret əməli işlə cavab verməsi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu qədim diyarda böyük və sürətli inkişafa nail olmaqda əsas, mühüm amildir.
Göründüyü kimi, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan mükəmməl dövlətçilik təlimi müstəqil Azərbaycan dövlətinin inkişafının böyük siyasi təməllərini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu böyük dövlətçilik və müstəqillik təlimini yaradıcı şəkildə davam etdirməsi, zəruri əlavələrlə və yeniliklərlə zənginləşdirməsi Azərbaycan Respublikasına beynəlxalq aləmdə, regionda, ölkə daxilində hər yerdə tərəqqi, inkişaf, rifah və xoşbəxtlik bəxş edir.
Prezident İlham Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin qüdrətli memarı, geniş mənada isə bütövlükdə yeni epoxanın, müasir dövrün görkəmli siyasi lideridir. Müstəqil Azərbaycan dövləti yeni tarixi mərhələdə yetkin, əsaslandırılmış, sınaqlardan çıxmış siyasi təlimin işığında böyük sabahlara doğru qətiyyətlə addımlamaqda davam edir.
Dünyanın böyük siyasi xadimlərinin və müstəqillik qazanmış ölkələrin rəhbərlərinin Heydər Əliyevin çoxcəhətli fəaliyyətinə qiymət verərkən onun dövlətçilik təlimi haqqında ifadə etdikləri fikirlər böyük dövlət xadiminin təcrübəsinin diqqət mərkəzində olduğunu, yaradıcılıqla öyrənildiyini nümayiş etdirir. Almaniyanın keçmiş federal kansleri Helmut Kolun Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev haqqında dediyi aşağıdakı sözlər Qərb siyasi mühitində bu böyük dühanın fəaliyyətinin doğurduğu əks-sədanı dolğun şəkildə mənalandırır: “Heydər Əliyev çətin bir şəraitdə ölkəsinə rəhbərlik edərək, onu azadlıq və siyasi-iqtisadi inkişaf yolu ilə aparmışdır”.
Amerika Birləşmiş Ştatlarının konqresmeni Qreq Laflinin aşağıdakı qənaətləri həmin baxışların konkret ifadəsidir: “Heydər Əliyev Mərkəzi Asiyanın Corc Vaşinqtonudur”. Fikrimizcə, Fransanın keçmiş prezidenti Cak Şirakın aşağıdakı sözləri Qərbdən baxanda Heydər Əliyevin nə demək olduğunu aydın şəkildə ifadə edir: “Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”. Nəhayət, Amerika tarixində böyük yer tutan Corc Buşun baxışları Heydər Əliyev əlçatmazlığının miqyasını təsəvvür etməyə imkan verir: “Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”.
Türkiyə Cümhuriyyətinin doqquzuncu Prezidenti Süleyman Dəmirəlin Heydər Əliyevə “bütün türk dünyasının qüdrətli lideri” olaraq verdiyi yüksək qiymətdə real gerçəkliklə iftixar duyğuları biri-birini tamamlayır: “Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının yetişdirmiş olduğu ən məşhur dövlət xadimlərindən biridir”. Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ideal dövlət xadimi kimi dəyərləndirdiyi Heydər Əliyevin mənsub olduğu xalqa sədaqətini ön mövqeyə çəkməklə dövlətçilikdə xalq və Vətən amalının üstün tutulmasında bu böyük şəxsiyyətin göstərdiyi mövqeyi nümunə hesab etmişdir: “Heydər Əliyev son nəfəsinə qədər öz xalqının rifahı üçün çalışmışdır”. Gürcüstan Respublikasının Prezidenti Eduard Şevardnadzenin aşağıdakı sözləri bu gerçəkliyin real şəkildə ifadəsidir: “Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin indinin özündə nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcəkdir”.
Azərbaycan xalqı özünün böyük oğlu və qüdrətli dövlət rəhbəri Heydər Əliyevin yerini və xidmətlərini dərindən bilir və onunla haqlı olaraq fəxr edir. Xalqımız Heydər Əliyevi həmişəlik ümummilli lider olaraq qəbul etmişdir. Heydər Əliyev Azərbaycan xalqının əbədi iftixar mənbəyidir.
Müasir dünyada ölkəmiz Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının işığında və Prezident İlham Əliyevin böyük dövlət quruculuğu əzminin, yaradıcı təfəkkürünün real və möhtəşəm nəticələri əsasında ardıcıl olaraq davamlı şəkildə inkişaf edən bir dövlət kimi qəbul olunur. Davamlı və yaradıcı inkişaf prosesi Azərbaycanın yeni hədəfləri dəf etməsini təmin edir və daha böyük inkişafa yol açır.
Bütün bunlara görə müstəqil Azərbaycan Respublikası müasir tarixi epoxada dünya xəritəsində yer almış yeni dövlətlər üçün sülhün və sabitliyin, yeniləşmənin və inkişafın canlı bir nümunəsidir.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin elm
və təhsil komitəsinin sədri, akademik
Xalq qəzeti.- 2015.- 13
dekabr.- S.5.