Azər Hüseyn oğlu Rzayev
Azərbaycanın
ictimaiyyətinə ağır itki üz vermişdir.
Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev 2015-ci il dekabrın 14-də ömrünün 86-cı ilində vəfat etmişdir.
Azər Rzayev 1930-cu il iyul ayının 15-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbini bitirdikdən sonra o, 1948-1953-cü illərdə konservatoriyada bəstəkarlıq və ifaçılıq ixtisasları üzrə ali musiqi təhsili almışdır.
Əmək fəaliyyətinə 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbində müəllim kimi başlayan Azər Rzayev 1956-cı ilədək konsertmeyster-müşayiətçi olaraq çalışmış, 1957-ci ildən isə taleyini indiki Bakı Musiqi Akademiyası ilə bağlayaraq burada ömrünün sonunadək müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri işləmişdir.
1958 – 1960-cı illərdə Azərbaycan Nazirlər Soveti yanında radio və televiziya komitəsində səs rejissoru, 1965-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olan Azər Rzayev eyni zamanda, 1960 – 1970-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir.
Azər Rzayev 1972 – 1988-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsini tutmuşdur. Opera və Balet Teatrının tarixində həmin illər Üzeyir Hacıbəylinin operalarının yeni quruluşda səhnələşdirilməsi, yeni əsərlərin işıq üzü görməsi və teatrın kollektivinə çox sayda gənc istedadın cəlb olunması ilə əlamətdardır.
1995-ci ildən etibarən Bülbül adına orta ixtisas musiqi məktəbi nəzdində yaratdığı uşaq simfonik orkestrinə rəhbərlik edən Azər Rzayev respublikada gənc ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməmiş, gələcəyin peşəkar musiqiçi kadrlarının formalaşdırılması işinə sanballı töhfələr vermişdir.
Müasir bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Azər Rzayev Azərbaycan mədəniyyəti xəzinəsini zənginləşdirən, geniş yaradıcılıq diapazonuna malik sənətkarlardandır. Dərin milli ruh, muğamlara bağlılıq, yüksək melodizm və janr əlvanlığı onun yaradıcılığının özünəməxsus keyfiyyətləridir. Altmış ilə yaxın bir müddət ərzində o, yorulmadan çalışaraq qiymətli əsərlər meydana gətirmişdir. Azər Rzayev simfonik orkestr üçün poemaların, konsertlərin, sonata və kamera-instrumental əsərlərin müəllifi kimi şöhrət tapmışdır. Mahnı janrındakı əsərləri bəstəkarın irsində xüsusi yer tutur. Kinofilmlərə və müxtəlif dram tamaşalarına onun yazdığı musiqilər sənətsevərlərin rəğbətini qazanmışdır. Azər Rzayevin “Bakı-90” simfoniyası Qanlı Yanvar şəhidlərinə həsr edilmiş qiymətli əsərlər sırasındadır. Sənətkarın bir çox əsərləri ölkənin hüdudlarından kənarda da bu gün uğurla ifa olunur.
Azərbaycan radio və televiziyasında uzun illər ərzində müxtəlif musiqi janrlarına dair silsilə verilişlərin aparıcısı olmuş Azər Rzayevin milli və klassik musiqinin təbliğində mühüm xidmətləri vardır.
Azərbaycanın müasir musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsi və tanıdılmasında Azər Rzayevin xidmətləri layiqincə qiymətləndirilmişdir. Musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, bir sıra mükafatlar qazanmış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən “Şöhrət” ordeninə və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.
Tanınmış bəstəkar, mahir pedaqoq və səmimi insan Azər Hüseyn oğlu Rzayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Artur RASİZADƏ, Oqtay
ƏSƏDOV,
Ramiz MEHDİYEV, Elçin
ƏFƏNDİYEV,
Hacıbala
ABUTALIBOV, Fatma ABDULLAZADƏ,
Əbülfəs
QARAYEV, Mikayıl CABBAROV
Arif MƏLİKOV, Firəngiz
ƏLİZADƏ
Fərhad
BƏDƏLBƏYLİ, Siyavuş
KƏRİMİ,
Oqtay ZÜLFÜQAROV, Tofiq
BAKIXANOV,
Musa MİRZƏYEV, Xəyyam
MİRZƏZADƏ
Ramiz ZÖHRABOV
Mərhumun cənazəsi
vidalaşmaq üçün
2015-ci il dekabrın 15-də saat 13.00-dan
15.00-dək Bakı Musiqi
Akademiyasının binasında
(Şəmsi Bədəlbəyli
küçəsi, 98) qoyulacaqdır.
Xalq qəzeti.- 2015.- 15
dekabr.- S.2.