Onu hər yerdə tanıyır və
sevirdilər
Rəşid
Behbudov-100
Azərbaycan o xoşbəxt xalqlardandır ki,
taleyinə dahilər, dünyaca məşhur sənətkarlar qismət olub. Belə insanların sayı
kifayət qədərdir. Elm, ədəbiyyat, incəsənət və
digər sahələrdə onların sayı daha çoxdur. Azərbaycan milli
musiqisinin korifeyləri bu
xalqı dünyaya
tanıdıb. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarlarımızı dünya
miqyasında tanıyır və sevirlər. Elə müğənnilərimizin də
şöhrəti dünyaya bəllidir.
Belə sənətkarlardan biri, Rəşid
Behbudov haqqında söhbət açmaq
istəyirik.
Rəşid Behbudov xalqımızın əsl mənada mənəvi sərvəti idi. Ulu öndər Heydər Əliyev onun sənətini yüksək qiymətləndirmişdir.Bu böyük tarixi şəxsiyyətin Rəşid Behbudov haqqında qiymətli xatirələri var. Onlardan birini yada salmaq istərdik: “Mən Rəşid Behbudovu ilk dəfə 1943-cü ildə, müharibənin o ağır dövründə Bakıda Zabitlər evində dinləmişəm. Ondan sonra mən Rəşid Behbudovun sənətinə, onun səsinə vurğunam və bütün ötən illər onun mahnıları, onun ifa etdiyi gözəl rollar, onun gözəl səsi məni həmişə heyran edibdir. Rəşid Behbudov Tofiq Quliyev ilə birlikdə Azərbaycanda ilk estrada mahnılarının yaradıcısı olubdur. Deyə bilərəm ki, Rəşid Behbudov dünyanı dolaşmış ilk Azərbaycan müğənnisidir, musiqiçisidir. İkinci beləsi olmayıbdır.” O, həqiqətən, təkrarsız sənətkar idi.
Rəşid Behbudovun 100 illik yubileyinin qeyd olunduğu bu günlər xalqımız bu nəhəng sənətkarı dönə-dönə xatırlayır, onun ruhuna dualar oxuyurlar. Yubiley tədbirləri dövlət tərəfindən qeyd olunur. Cənab Prezident İlham Əliyev böyük sənətkarın 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamda deyilir : “Vətənə və xalqa son dərəcə bağlı olan sənətkar dünyanın ən məşhur teatr səhnələri və konsert salonlarındakı rəngarəng repertuarı, saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırmışdır.” Onun bioqrafiyası olduqca zəngin və maraqlıdır. 1915-ci il dekabrın 14-də xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdi. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuş, təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır.
1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxışı onu daha da məşhurlaşdırır.1946-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960 -cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957 -1959 -cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur. Bütün Sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan , Belçika , Çili , Çin , Efiopiya, Finlandiya , Hindistan , İtaliya , Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır.
Rəşid Behbudovun yaradıcılığı kino sənəti ilə möhkəm bağlıdır. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan ” filmində baş rola dəvət olunmuşdur. 1945-ci ildə film ekrana çıxarılandan sonra filmin yaradıcıları SSRİ Dövlət mükafatına layiq görüldü. Bu filmlə o, tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazandı.
1955-ci ilin ilk günlərindən sənətkar kinostudiyada çəkilməyə başlanılan yeni bir filmdə - “Bəxtiyar” filmində baş qəhrəman roluna dəvət olunur. Daha doğrusu, bu musiqili film bütünlüklə Rəşid Behbudovun sənəti üzərində qurulmuşdur. Filmin bəstəkarı sevimli sənətkarımız Tofiq Quliyev Rəşidin istedadının tam açılması üçün bir-birindən gözəl mahnılar yazır. Bu mahnılar - “Qızıl üzük”, “Zibeydə”, “İlk məhəbbət mahnısı”, “Sevgi mahnısı”, “Dostluq mahnısı” Azərbaycan mahnı janrının ən parlaq nümunələri olaraq bu gün də tamaşaçılar tərəfindən həvəslə qarşılanır. “Bəxtiyar” bədii filmi ənənəvi sxem üzrə yaradılsa da, onun müasir materialda olması, tamaşaçıların çox sevdikləri süjet üzərində qurulması, mahnıların Tofiq Quliyev tərəfindən yazılması, ən başlıcası əsas rolda R.Behbudovun çəkilməsi kinolentin müvəffəqiyyətini təmin etmişdir. Sonralar bir sıra sənədli və bədii filmlərdə çəkilən aktyor tamaşaçıların böyük rəğbətini qazanmasıdır.
1952-ci ildə sovet incəsənət xadimləri Hindistana dəvət alırlar. R.Behbudov Hindistanda Azərbaycan bəstəkarları - Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirovun mahnılarını ifa edir. Behbudov Hindistanda özünə yeni dostlar tapır, onların arasında tanınmış kinoaktyorlar Nərgiz Xumara və Rac Kapur da olur. 1957-ci ildə Hindistandan Azərbaycana hind musiqi alətləri kolleksiyasını Rəşid Behbudova hədiyyə yollayırlar.R.Behbudov bu ölkəyə səfəri haqqında “Uzaq Hindistanda” kitabını yazır.
Rəşid Behbudov
vətənpərvər insan idi. Harada olurdusa
Azərbaycanı təbliğ edirdi, onun haqqında mahnılar ifa edirdi.
Görkəmli Azərbaycan müğənnisi
və ictimai xadim Rəşid Behbudovun
yaradıcılığı
yüksək qiymətləndirilmişdi. O, Sosialist
Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və
Azərbaycan Dövlət mükafatları laureatı idi,
“Lenin”, “Qırmızı Əmək Bayrağı” və
“Xalqlar Dostluğu” ordenləri ilə təltif olunmuş, bir
sıra xarici ölkələrin mükafatlarına,
Dağıstan Xalq artisti, Gürcüstanın Əməkdar
incəsənət xadimi kimi fəxri
adlara layiq
görülmüşdür.
Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində
vəfat etmişdir.
Qızı Rəşidə Rəşid
atasının sənət
yolunu davam etdirir. Ölümündən sonra onun haqqında
filmlər çəkilməyə
başladı. 2000-ci ildə “Hər şey olduğu kimi” filmi çəkildi.
Film dahi müğənni,
Xalq artisti Rəşid Behbudov haqqında xronikal kadrlardan ibarətdir.
Azərbaycanda ilk çoxseriyalı sənədli film “Lider
TV”-nin məhsulu
olan “Rəşid ömrü” filmi böyük sənətkarımız
Rəşid Behbudova həsr edilib.
Xalqımız bu
görkəmli sənət xadimini heç zaman unutmayacaq.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.- 15 dekabr.- S.7.