Regionların tərəqqisi Azərbaycanın
hərtərəfli inkişafının təminatıdır
Azərbaycanda
həyata keçirilən düzgün, hərtərəfli
iqtisadi strategiyanın uğurları ilbəil
artır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş islahatların yeni
dövrün tələblərinə uyğun yaradıcılıqla davam
etdirilməsi, neft strategiyasının
uğurları nəticəsində
Azərbaycanda davamlı və tarazlı inkişafın təməli
qoyulmuş, ölkəmizin beynəlxalq nüfuzu xeyli
artmışdır.
Hazırda keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində konkret tədbirlər həyata keçirilir. İndi başlıca hədəf neft və qaz gəlirləri hesabına ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionların tarazlı inkişafına, əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasına nail olmaqdan ibarətdir. Dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinin başlıca istiqamətini də məhz ölkədə qeyri-neft sektorunu inkişaf etdirməklə yeni iş yerlərinin yaradılması və bunun hesabına əhalinin rifah halının getdikcə yaxşılaşdırılması təşkil edir. Son illər bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı təmin olunmuş, ölkənin tarazlı inkişafının əsas göstəricisi sayılan regionların tərəqqisi xeyli sürətlənmişdir.
Ölkə regionlarının tarazlı inkişafının əsası isə Prezident İlham Əliyevin 2004-cü il fevralın 11-də qəbul etdiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ilə qoyulmuşdur. 2009-cu ilin aprel ayında dövlət başçısının müvafiq fərmanı ilə ölkə regionlarının sosial-iqtisadi inkişafına dair növbəti beş illik Dövlət Proqramı qəbul olunmuşdur. Xatırladaq ki, hər iki proqramın əsas məqsədi regionlarda mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda nəzərdə tutulan islahatları daha da dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsindən ibarət idi. Ölkənin tarazlı inkişafına nail olmaq məqsədilə qəbul olunmuş bu mühüm dövlət sənədlərinin icrasına başlanılması regionlara yeni nəfəs gətirmiş, yerlərdə iqtisadi fəallığı və təşəbbüskarlığı xeyli artırmışdır. Bütövlükdə isə regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə ölkənin inkişafında dönüş nöqtəsi olmuş, bütün regionlarda quruculuq işləri vüsət almış, Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşlar bu strategiyanın nəticələrini öz gündəlik həyatında hiss etməyə başlamışlar.
Ölkədə qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsini, iqtisadiyyatın şaxələndirilməsini, əhalinin həyat səviyyəsinin bir qədər də yaxşılaşdırılmasını təmin etmək məqsədilə qəbul olunmuş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da uğurla həyata keçirilməkdədir. Belə ki, hazırda regionlarda qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq məqsədilə sənaye, kənd təsərrüfatı, turizm, elm, təhsil, səhiyyə, mədəniyyət, rabitə və informasiya texnologiyaları, sosial təminat sahələrində mühüm tədbirlər həyata keçirilir, bölgələrin infrastruktur imkanları əsaslı şəkildə yeniləşdirilir.
Üçüncü regional inkişaf proqramının qəbul edilməsi ilə bölgələrin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur. Dövlət Proqramının həyata keçirilməsinə başlanıldığı ötən iki ilə yaxın müddətdə Azərbaycanın regional inkişafı bir qədər də sürətlənmişdir. Ölkə iqtisadiyyatının dinamik inkişafında müstəsna rol oynayan üçüncü Dövlət Proqramı Prezident İlham Əliyevin daimi diqqət və nəzarəti altında uğurla həyata keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, son iki ilə yaxın dövr ərzində dövlət başçısı ölkənin ayrı-ayrı regionlarına çoxsaylı səfərlər etmiş, müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur. Yeri gəlmişkən, bölgələrdə yaşayan sakinlərlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə dövlət başçısı tərəfindən imzalanmış müvafiq sərəncamlarla milyonlarla manat vəsait ayrılmışdır.
Bu ilin doqquz ayında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə 170-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamışdır. Hesabat dövründə regionlarda 34 məktəb, 26 bağça, 11 səhiyyə, 8 gənclər və idman, 24 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda isə 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir. Bütövlükdə isə 2015-ci ilin ötən dövründə regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri uğurla davam etdirilmişdir.
Hazırda Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsi də iqtisadiyyatın şaxələndirilməsinin prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, sahibkarlığın inkişafı, müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisənin açılması öz nəticəsini vermiş, idxaldan asılılığın azalmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Yeri gəlmişkən, Prezident İlham Əliyev 2015-ci ili Azərbaycanda “Kənd təsərrüfatı ili” elan etmişdir. “Kənd təsərrüfatı ili” çərçivəsində nəzərdə tutulmuş tədbirlər planının icrası nəticəsində regionlarda iqtisadiyyatın bu mühüm sahəsinin inkişafı xeyli sütətlənmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, son illər ölkənin 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artmasına, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsi və ixrac imkanını yaratmışdır.
Ölkə iqtisadiyyatının, o cümlədən aqrar sahənin inkişafında meliorasiya və su təsərrüfatı tədbirlərinin də müstəsna əhəmiyyəti vardır. Məhz buna görə də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda ölkənin 50 rayon və 3 şəhərində çoxsaylı meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, onların da uğurla yerinə yetirilməsi aqrar sektorun inkişafına mühüm töhfələr verəcəkdir.
Məlum olduğu kimi, müasir yol infrastrukturu olmadan regionların inkişafını təmin etmək mümkün deyildir. Məhz buna görədir ki, son illər Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və əsaslı təmiri getdikcə intensivləşir. Üçüncü regional inkişaf proqramının reallaşdırıldığı ötən iki ilə yaxın bir müddətdə təqribən 1170 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 42 yeni körpü və yolötürücüsü tikilmiş və ya təmir olunmuşdur. Ölkədə yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyat keçirilən ardıcıl işlərin nəticəsi olaraq kənd yollarının tikintisi də davam etdirilmişdir. Yeri gəlmişkən, son illər dövlət başçısı bölgələrə etdiyi çoxsaylı səfərlər zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, həttə ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi üçün konkret tapşırıqlar vermişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində yol qurgularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin bütün şəhər və rayonlarının içməli su təchizatının yaxşılaşdırılması üçün geniş imkanlar yaratmışdır. Belə ki, son on illər Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilmişdir. Ötən dövrdə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumları tərəfindən cəlb olunmuş kreditlər hesabına ölkənin 40 şəhərində içməli su və kanalizasiya layihələrinin icrasına başlanılmışdır. Artıq isə 29 şəhərdə işlər yekunlaşdırılmış, rayon mərkəzlərində və ətraf kəndlərdə əhalinin fasiləsiz içməli su təminatı öz həllini tapmışdır. Bu istiqamətdə işlər cari ilin ötən dövründə də intensiv şəkildə davam etdirilmişdir. Təkcə bu ilin doqquz ayında “Azərsu” ASC tərəfindən ölkə üzrə 650 kilometr uzunluğunda su xətti və 28 ədəd su anbarı tikilib istifadəyə verilmişdir.
Son illər ölkə əhalisinin təbii qaz təminatında da ciddi dönüş əldə olunmuşdur. Belə ki, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrimizin qazlaşdırılması istiqamətində görülən işlər nəticəsində uzun illər qaz təchizatından kənarda qalmış yaşayış məntəqələri də “mavi yanacaq”la təmin olunur. Bu ilin doqquz ayında yaşayış məntəqələrinin qazlaşdırılması üçün 9 min 218 kilometr yeni qaz xətti çəkilmiş və 419 kilometr qaz xətti isə əsaslı təmir olunmuşdur. Bunun da nəticəsində ilin ötən dövründə regionlarda 217 yaşayış məntəqəsi qazlaşdırılmışdır.
Ölkənin bütün bölgələrində həyata keçirilən mühüm infrastruktur layihələri regional sahibkarlığın inkişafını getdikcə sürətləndirir. Yeri gəlmişkən, hazırda ölkədə sahibkarlığın inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz buna görədir ki, ölkəmizdə sahibkarlığa dövlət dəstəyi getdikcə gücləndirilir. Dövlət qayğısının nəticəsidir ki, son illər ümumi daxili məhsul istehsalında özəl sektorun çəkisi artaraq 85 faizə çatmışdır. Bütövlükdə isə üçüncü regional inkişaf proqramının həyata keçirildiyi ötən dövrdə regionlarda 4500-dən artıq müəssisə fəaliyyətə başlamış, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artmışdır. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu ilin doqquz ayında 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 64 faizi regionların payına düşmüşdür.
Göründüyü kimi, regionların inkişafına göstərilən qayğı və diqqət bütövlükdə Azərbaycanın davamlı inkişafını təmin edir, ölkəmizi daha da gücləndirir, onun beynəlxalq nüfuzunu getdikcə artırır. Təsadüfi deyil ki, üçüncü regional inkişaf proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bu barədə demişdir: “Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır”.
Mirbağır
YAQUBZADƏ
Məqalə Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim olunur.
Xalq qəzeti.- 2015.- 15
dekabr.- S.7.