Avropanın miqrant problemi qarşısında
acizliyi fonunda miqrasiya
sahəsində
idarəetmənin mütərəqqi
Azərbaycan modeli
25 il əvvəl, 18 dekabr
1990-cı ildə Birləşmiş
Millətlər Təşkilatı Baş
Assambleyası tərəfindən “Bütün
əməkçi miqrantların və onların ailə
üzvlərinin hüquqlarının müdafiəsi
haqqında” Konvensiya qəbul edilib. 2000-ci ildən etibarən həmin tarix dünyada Beynəlxalq Miqrant günü kimi qeyd olunur.
Miqrasiya və miqrantlar mövzusu müasir dünyanın geniş müzakirələrə səbəb olan ən aktual mövzularındandır. Məlum olduğu kimi, miqrant - daimi və ya məqsədindən asılı olaraq müvəqqəti yaşamaq üçün ölkə daxilində və ya bir ölkədən digər ölkəyə miqrasiya edən şəxsdir. Miqrantlar iki kateqoriyaya ayrılır: miqrasiya etdiyi təyinat ölkəsinin qanunvericiliyinə uyğun olaraq həmin ölkəyə gəlmə və ölkədən getmə, orda olma, yaşama və bundan irəli gələn digər qaydalara əməl edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər qanuni miqrantlardır; eyni zamanda, sadalanan tələblərdən ən azı birinə əməl etməyənlər isə qanunsuz miqrantlardır. Miqrasiya Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Həmçinin, adıçəkilən Məcəllənin 76.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün vəzifələri də yerinə yetirməlidirlər. Lakin, Miqrasiya Məcəlləsinin 76.2-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər.
Əlbəttə, qloballaşan dünyada XIX əsrə xas formada yalnız bir etnik tərkibdən ibarət olan dövlətin mövcudluğu kifayət qədər məyus görünür. Ona görə də dövlətlər müxtəlif etnik, dini və mədəni tərkiblə hesablaşmağı bacarmalıdırlar. Bu baxımdan bugünkü dünyada bəzi dövlətlər intellektual və əmək potensialından istifadə edilməsi üçün əsasən ixtisaslı mütəxəssislərin ölkələrinə cəlb olunmasında, miqrasiyasında çox maraqlıdır. Bununla yanaşı, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin qarşısının alınması da çox ciddi amildir. Amma şübhəsiz ki, istənilən halda belə, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsas götürülməlidir.
2015-ci ilin ikinci yarısından başlayaraq Avropa İttifaqının aparıcı siyasi dairələrinin də, bütün kütləvi informasiya vasitələrinin də əsas müzakirə mövzusu miqrasiya problemi oldu. Çünki dünyanın bir sıra ölkələrində - Suriya, İraq, Liviya və Yəmən olmaqla Yaxın Şərqdə müharibə və zorakılıqların davam etməsi bu bölgədən Avropaya qeyri-leqal miqrant axınını genişləndirib və avropalılar miqrantları onların boyunlarından asılmış artıq yük adlandırırlar. Təsəvvür edin, baxmayaraq ki, öz sakit həyatını yaşayan xalqı demokratiya pərdəsi altında hakimiyyətə qarşı qaldıran və gözəl gələcək vəd edənlər indi həmin xoşbəxt gələcəyə qovuşmaq üçün Avropaya sığınan milyonlarla insanı dəmir və beton sədlərlə, tikanlı məftillərlə, polis zorakılığı ilə, hətta insanlığa sığmayan əməllərlə üz-üzə qoyurlar. Xatırlayırsınızsa, miqrantlarla dolu, aralarında hətta körpə uşaq olan yük maşını bağlı vəziyyətdə Avstriyada yol kənarında aşkar edilmişdi. Xoşbəxtlikdən onları son anda xilas etmək mümkün olmuşdu. Lakin nə olsun? Dənizdə boğulan və cəsədləri Bodrum sahillərinə çıxan uşaqları xilas etmək mümkün olmadı. Onların fotosu isə dünya mediasının baş xəbərinə çevrildi. Kimlərsə yaşananlara bir tamaşaçı kimi, yaxud xəbər biznesi kimi yanaşmaqdadırlar. Lakin acınacaqlı vəziyyətin aradan qaldırılması istiqamətində hələ ki, real və konkret addımlar atmayan Avropanın cəhdləri və bəyanatları isə heç bir nəticə vermir. Başqa cür ola da bilməz. Çünki ilk növbədə, Qərb dünyası bu gün miqrant problemini həll etmək üçün mütəmadi müzakirələr aparıb, həll yolu axtarsa da səmərəli nəticə əldə olunmamasının köklü səbəbləri var. Məhz Avropada yaşanan problemlərin əsas səbəbi Qərbin vaxtilə Suriyada, Liviyada, Yəməndə, Misirdə, bir sözlə Yaxın Şərqdə törətdiyi əməllərdən qaynaqlanır. Belə olan halda məntiqi olaraq münaqişə ocaqlarını yaradan və onu alovlandıranlar acı nəticələri də bölüşməlidirlər. Həmin ölkələrdə “Ərəb baharı” adı altında inqilablar həyata keçirmək üçün müxalif qüvvələrə siyasi, maliyyə, silah yardımı edən və təlimlər keçirənlər indi o ölkələrdən gələn miqrantları qəbul etmək məcburiyyətindədirlər. Suriyada, İraqda baş qaldıran “İŞİD” terror qrupu da təsadüfən ortaya çıxmayıb. Elə bu qruplar da Qərbin nəzarətsiz silahlı dəstələri inqilabçılar, azadlıq mücahidləri adlandırılmasının acı nəticəsidir. İkincisi isə miqrasiya problemlərinin operativ və düşünülmüş şəkildə həlli üçün düzgün miqrasiya siyasəti aparılmalıdır. Özü də bu siyasətin əsası bu gün, yəni bütün dünyanın miqrasiya problemi ilə üzləşdiyi bir zamanda deyil, çox-çox əvvəllər qoyulmalı idi.
Nəhayət, dünyanın bir çox qaynar nöqtələrində baş verən qarşıdurma və müharibələr geniş, davamlı xarakter alıb. Yerli hökumətlər isə büdcə gəlirlərini artırmaq, əhalinin sosial rifahını yüksəltmək əvəzinə daxili sabitliyi təmin etmək uğrunda mübarizə aparmalı olurlar. Liviyaya, Suriyaya müdaxilə ediləndə, Afrikada yerli əhalinin ənənəvi həyat tərzini pozanda, milli dəyərlərini, mədəniyyətlərini məhv edəndə düşünmək lazım idi ki, bir gün onlar Avropa ölkələrinə üz tutmaq məcburiyyətində qalacaqlar. İndi məsələnin digər tərəfi ondan ibarətdir ki, Avropa ölkələrində qəbul edilən qanunlar insanların irqindən, dinindən asılı olmayaraq hər kəsə bərabər hüquqlar, yüksək həyat şəraiti nəzərdə tutsa da bir sıra ölkələr miqrantlara dini mənsubiyyətinə görə selektiv yanaşır. Bəli, miqrantlara qarşı ayrıseçkilik faktiki olaraq Avropada siyasi elita və dairələrin ikili standartdan çıxış etdiyini göstərir. Bu halda sual oluna bilər. İnsan haqlarından, tolerantlıqdan, bərabərlikdən geninə-boluna danışanlar, ATƏT-in iclaslarında ayrı-ayrı ölkələrdəki hadisələri şişirdib öz siyasi məqsədləri üçün təzyiq vasitəsi kimi istifadə edənlər nə üçün susur və ikili yanaşmaya münasibət bildirmir?
Bu gün dünyanın müxtəlif bölgələrində bütövlükdə 30-a yaxın münaqişə ocağı var və əksəriyyətinin kökündə iqtisadi bərabərsizlik, başqalarını istismar siyasəti, iri imperializm meyilləri dayanır. Yaranmış vəziyyətdən çıxış yolu isə dünyada multikultural, tolerant dəyərlərə, ölkələrin və xalqların həyat tərzinə, ənənələrinə hörmət və onlarla bərabər hüquqlu münasibətlərin yaradılmasından keçir.
Bir məqamı qeyd etmək istərdim ki, Avropa İttifaqının miqrant böhranı ilə əlaqədar tarixinin ən böyük problemlərindən birini yaşadığı vaxtda - bu il sentyabrın 2-də və 3-də Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqin ölkəmizə səfəri diqqət çəkən məqamlardandır. Cənab Uilyam Sinqin Prezident İlham Əliyevlə görüşündə ölkəmizdə miqrasiya xidmətinin fəaliyyətini yüksək qiymətləndirərək öz heyranlığını ifadə etməsinin arxasında isə miqrasiya ilə bağlı aparılan çevik, səmərəli siyasət dayanır.
Uilyam Leysi Sinq dövlətimizin başçısına bildirdi ki,"mən Sizin rəhbərliyinizlə ölkənizdə sözün həqiqi mənasında həyata keçirilən uğurlu işlərdən heyranlığımı ifadə edirəm və Sizə təbriklərimi çatdırıram. Azərbaycanda Miqrasiya Xidməti işləri çox yüksək səviyyədə aparılır və sözsüz ki, cənab Prezident, Sizin dəstəyiniz olmadan bu sahədə uğurlar əldə etmək mümkün olmazdı. Fikrimcə miqrasiya sahəsində ölkənizdə həyata keçirilən işlər, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə ola bilər.
Həmin görüşdə Prezident İlham Əliyevin xüsusi vurğuladığı - “bir neçə il bundan əvvəl Azərbaycanda müstəqil struktur kimi Dövlət Miqrasiya Xidməti yaradılan vaxt dünyada miqrasiya məsələləri bugünkü qədər aktual deyildi. Lakin biz gələcək inkişaf proseslərini qabaqcadan proqnozlaşdıraraq miqrasiya ilə bağlı idarəetmə, tənzimlənmə prinsiplərini özündə əks etdirən effektiv qurum yaratdıq ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər və eyni zamanda bu məsələlər daxili prosedurlara uyğun şəkildə nizamlansın” - fikrinin arxasında da miqrasiya ilə bağlı məsələlərin daim dövlətin diqqət mərkəzində olması durur.
Bəli, Azərbaycanın geosiyasi cəhətdən əlverişli məkanda yerləşməsi, siyasi sabitlik, dinamik inkişaf, demokratiya, geniş beynəlxalq əməkdaşlıq kursu, neft və qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü siyasət nəticəsində xarici və daxili investisiyalar üçün yaradılan əlverişli şərait sərmayələrin həcminin əhəmiyyətli dərəcədə artmasına imkan verib. Ölkəmizi xarici investorlar və miqrantlar üçün cəlbedici edib. Miqrasiya proseslərinin intensivləşməsi və qeyd olunanların məntiqi sonluğu kimi dövlətimizin mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilməsi miqrasiya proseslərinə nəzarətin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsini şərtləndirib. Elə 2007-ci ildə Dövlət Miqrasiya Xidmətinin yaradılmasının da əsas məqsədi bu idi.
Azərbaycanda miqrasiya proseslərinin idarəedilməsi sahəsində nəzarətin gücləndirilməsi, bu istiqamətdə qeydə alınan statistikanın təhlili, tənzimlənməsi və proqnozlaşdırılması, eləcə də miqrasiya siyasətinin ölkənin siyasi və iqtisadi maraqlarına yönəldilməsi məqsədilə Prezident İlham Əliyev dövlətin müvafiq orqanları qarşısında mühüm tapşırıqlar qoyub;
Ölkəmizdə bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması;
Mövcud inzibati prosedurların sadələşdirilməsi;
Xidmət göstərilən kontingent, o cümlədən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin məmnunluq səviyyələrinin artırılması;
“Elektron hökumət” portalına inteqrasiya və s. Nəzərə alaq ki, bütün bunlar uğurlu miqrasiya idarəçiliyinin təmini ilə yanaşı, həm də Azərbaycan dövlətinin humanist mahiyyətindən irəli gələn bir tələbdir. Avropanın miqrant problemi qarşısında acizliyi fonunda Azərbaycanda bu sahədə hökm sürən sabitliyin arxasında da məhz miqrasiya proseslərinin beynəlxalq hüquq normalarına uyğun idarəolunması və demokratik vəziyyətin daim nəzarətdə saxlanılması kimi vacib şərtlər dayanır.
Hazırda dünya iqtisadiyyatının 85 faizi, dünya ticarətinin 80 faizi dünyanın ən mühüm qurumlarından biri hesab olunan G20 ölkələrinin payına düşür. Bu nöqteyi-nəzərdən, G20 ölkələrinin dünyada gedən proseslərə mühüm təsiri var. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qonaq qismində “Böyük İyirmiliy”in Antalya sammitinə dəvət olunması, bu sammitdə iştirak etməsi, sammitin bütün toplantılarında, yığıncaqlarında iştirakı və həmin toplantıların hər birində çıxış etməsi Azərbaycan üçün olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycanın imza atdığı bu tarixi uğurlar Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin uzaqgörən strateji xəttini çox böyük siyasi ustalıqla dünyanın və zamanın sərt tələblərinə uyğunlaşdıraraq davam etdirdiyini göstərir. Nəticə göz qabağındadır. Azərbaycan Respublikasında müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər, ölkəmizdəki siyasi sabitlik, həmçinin ölkəmizin geosiyasi mövqeyi dünyanın müxtəlif ölkələrindən Azərbaycana miqrasiya edənlərin sayının artmasına səbəb olub. Bu gün ölkənin bütün regionlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin genişləndirilməsi və rahatlığın təmin olunması üçün Xidmət tərəfindən 8 regional miqrasiya idarəsinin fəaliyyəti tam təmin olunub. Qeyd edim ki, DMX-nin təqdim etdiyi 11 elektron xidmətdən 10-u “elektron hökumət” portalına qoşulub. Ölkədə miqrasiya sahəsində həyata keçirilən proseslərdə ictimaiyyətin fəallığının artırılması, bu sahədə qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məqsədilə 2015-ci ildə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura yaradılıb. Şura vasitəsilə miqrasiya sahəsində ictimai iştirakçılıq daha geniş tətbiq olunur, ictimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı vətəndaş cəmiyyəti nümayəndələri cəlb edilərək ictimai dinləmələr keçirilir.
Bu gün Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur.
Əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyəti nəzərə alınaraq, vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərdən irəli gələrək, milli qanunvericiliyin beynəlxalq sənədlərə uyğunlaşdırılması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən tədbirlər görülür. Bununla yanaşı, vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülməkdədir. İndiyə qədər görülmüş tədbirlərin nəticəsidir ki, 1033 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölkəmizin vətəndaşlığına qəbul olunub. Bununla belə, bu müddət ərzində 32 mindən çox şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.
Dövlət Miqrasiya Xidməti tərəfindən “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən Xidmətin regional miqrasiya idarələrinin əhatə etdiyi rayonlarda ictimaiyyət və KİV nümayəndələri üçün bir neçə dəfə “Açıq qapı günü”-vətəndaş forumları, maarifləndirmə tədbirləri keçirilib. Məqsəd istər Azərabycan vətəndaşlarının, istərsə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarını təmin etmək, suallarını birbaşa yerindəcə cavablandırmaq, əgər problemləri varsa dərhal həll etməkdir.
Azərbaycanda haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə Dövlət Miqrasiya Xidməti tərəfindən iş icazələrinin verilməsi, qanuni əsaslarla fəaliyyət göstərən əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, qanunsuz fəaliyyət göstərənlərlə bağlı müvafiq tədbirlər görülməsi istiqamətində lazımi tədbirlər müvəffəqiyyətlə icra olunmaqdadır. Çünki Prezident İlham Əliyevin bu Xidmətin qarşısında qoyduğu vəzifələrdən biri də odur ki, “Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur”.
Azərbaycanın miqrasiya qanunvericiliyində əcnəbilərə ölkəmizdə yaşama və iş icazələrinin verilməsi kifayət qədər sadələşdirilib. Əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi. Amma 2013-cü il avqustun 1-dən qüvvəyə minən Miqrasiya Məcəlləsinə əsasən bu məhdudiyyət aradan qaldırılıb. Həmçinin dövlətimizin inkişaf sürəti nəzərə alınaraq ölkə iqtisadiyyatına azı 500 min manat investisiya qoyan şəxslərə üç ilədək müddətə müvəqqəti yaşamaq üçün icazənin verilməsinə dair müddəa da hazırkı qanunvericilikdəki yeniliklərdən biridir.
Miqrasiya prosesi qloballaşan dünyanın ayrılmaz hissəsidir. Azərbaycanda qısa vaxt ərzində miqrasiya sahəsində həyata keçirilmiş yenilikləri ölkə ictimaiyyəti də, beynəlxalq təşkilatlar da, respublikamıza gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də görürlər. Ölkəmizdə miqrasiya ilə bağlı görülən işlər nümunə göstərilir. Biz çalışırıq ki, bu etimadı layiqincə doğruldaq.
Firudin NƏBİYEV,
Azərbaycan
Respublikası
Dövlət Miqrasiya Xidmətinin rəisi,
II dərəcəli
dövlət miqrasiya xidməti müşaviri
Xalq qəzeti.- 2015.- 18
dekabr.- S.3.