Azərbaycanda qeyri-neft ixracının

genişləndirilməsi prioritet istiqamətdir

 

Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaratmış, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir.

Azərbaycanda elmi əsaslara söykənərək hazırlanan regional dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində ölkəmizin dünyadakı nüfuzu durmadan artmış, regionun siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmişdir.

Ölkə rəhbəri İlham Əliyevin intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri də öz uğurlu nəticəsini vermiş, bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur.

Bu gün əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkəmizdə müasir aqroparklariri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulur, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir.

Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişlər. Fermersahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir.

Bütün bunlar barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ətraflı söhbət getmişdir. Dövlət başçımız iclasda demişdir: “Bir neçə il bundan əvvəl qarşıya qoyduğumuz vəzifə icra edilir. Çünki Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye istehsalı və kənd təsərrüfatı istehsalı ilə bağlı olacaqdır. Ona görə qeyri-neft sənayesinin 10 faizdən çox artması, əlbəttə ki, bizi həm sevindirir, həm də daha da ruhlandırır. Biz bu yolla getməliyik və sənayenin inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görüləcəkdir... Bu il ”Kənd təsərrüfatı ili" elan edilib. Hesabat dövründə kənd təsərrüfatımız 6,7 faiz artıb. Ölkədə aparılan islahatlar, eyni zamanda, dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiyalar, texnika təminatı və bütövlükdə dövlət siyasəti, bax, bu vəziyyəti yaradır. İri fermer təsərrüfatlarının yaradılması da, xüsusilə, taxılçılıq sahəsində, böyük dönüşə səbəb olub".

Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması, yerli məhsulların çeşidinin və keyfiyyətinin artırılması da bu gün diqqət mərkəzində saxlanılır. Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata əsasən, Azərbaycanda toxumçuluğu daha da inkişaf etdirmək üçün bu sahədə İsrail dövlətinin təcrübəsindən istifadə olunacaq. Hazırda nazirlikdə bununla bağlı ehtiyacların müəyyənləşdirilməsi, əkin üçün torpaq sahələrinin seçilməsi və müvafiq layihənin hazırlanması üzərində gedir.

Mütəxəssislər bildirirlər ki, Azərbaycanda hazırda müasir texnologiyalar əsasında toxumçuluq qurumlarının yaradılması məqsədilə İsrail şirkətlərinin təcrübələrindən istifadə edilməsi üçün geniş imkanlar var.

Bütün bunlar barədə kənd təsərrüfatı naziri Heydər Əsədovla İsrailinBreedİT LTD” şirkətinin rəhbəri Odxed Sagee arasında keçirilən görüşdə ətraflı danışılmışdır. Görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə “BreedİT LTD” şirkəti arasında ölkəmizdə toxum sənayesinin inkişaf etdirilməsi üzrə perspektivlər müzakirə olunmuşdur.

Bir müddət bundan əvvəl isə Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının ABŞ bazarlarına nəql edilməsi imkanları da müzakirə edilmişdir. Nazir Heydər Əsədov ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşündə indiyədək ABŞ hökuməti tərəfindən Azərbaycanda kənd təsərrüfatı və aqrobiznes sahəsində göstərilmiş dəstəyi təqdirəlayiq hesab etmiş, Azərbaycanın aqrar sahədəki yeni prioritetlərinə uyğun olaraq bu dəstəyin gələcəkdə də davam etdirilməsinin ikitərəfli əməkdaşlığa töhfə verə biləcəyini bildirmişdir. Görüşdə kənd təsərrüfatı və aqrobiznes sahələrində ikitərəfli əməkdaşlığın bir çox istiqamətləri, o cümlədən kadr hazırlığı, toxumçuluq, heyvandarlıq, laboratoriya infrastrukturunun gücləndirilməsi ilə əlaqədar məsələlər müzakirə olunmuşdur. Bununla yanaşı, görüşdə Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının ABŞ bazarlarına nəql edilməsi imkanları barədə fikir mübadiləsi aparılmışdır.

Bu il noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində keçirilən “Böyük İyirmiliyin” (G20) üzvü olan dövlət və hökumət başçılarının sammiti ilə bağlı buraxılan xüsusi nəşrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ümumi strategiyanın formalaşdırılması” məqaləsində oxuyuruq: “Reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq son 12 ildə Azərbaycanda ümumdaxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru və sənaye istehsalı 3 dəfə artmış, iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi ildən-ilə yüksəlmiş və 2015-ci ilin səkkiz ayının göstəricilərinə görə 68,4 faizə çatmışdır. Bu, ölkədə iqtisadiyyatın şaxələndirildiyini və neft amilindən asılılığın xeyli azaldığını açıq şəkildə göstərir. 2003-cü ildən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 200 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bunun da mühüm bir hissəsini xarici sərmayə təşkil etmişdir. İqtisadiyyatın ənənəvi sahələri modernləşdirilmiş, ölkədə turizm, kosmik sənaye, müdafiə sənayesi, informasiya-kommunikasiya texnologiyaları və digər yeni istiqamətlər yaradılmışdır. Azərbaycan özünün iki süni peykini orbitə buraxaraq dünyanın kosmik dövlətləri sırasına qatılmışdır”.

Ümumi strategiyanın formalaşdırılması” məqaləsində daha sonra deyilir ki, Azərbaycan ölkələr arasında səmərəli və proqnozlaşdırıla bilən ticarət rejiminin yaradılması, investisiyaların təşviqi və digər məsələlərə dair irəli sürülmüş təşəbbüslərə qoşulur, bu istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulan əməli tədbirləri dəstəkləyir. Təkcə cari ilin yanvar-sentyabr aylarında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin həcmi 4 milyard 450,6 milyon manat olmuşdur ki, onun da əhəmiyyətli hissəsi qeyri-neft sektoruna yatırılmışdır.

Dövlət başçısı cənab İlham Əliyev çıxışlarında da dəfələrlə ölkəyə xarici sərmayənin qoyulmasının əhəmiyyətini qeyd edərək sərmayədarlara hər cür şəraitin yaradılmasının vacibliyini bildirmişdir. Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə demişdir: “Biz çalışmalıyıq ki, xarici investisiyaları qeyri-neft sektoruna cəlb edək. Bu günə qədər xarici sərmayədarlar daha çox neft-qaz sektoruna maraq göstərmişlər. Bu da təbiidir, çünki orada daha böyük qazanc əldə edirlər. Amma bizim siyasətimiz ondan ibarətdir ki, əlbəttə, neft-qaz sektoruna da xarici sərmayə qoyulmalıdır və qoyulur. Nəzərə alsaq ki, indi ”Cənib" qaz dəhlizi icra edilir - əlbəttə, bu, böyük vəsait tələb edir, - ancaq bizim əsas prioritetimiz xarici sərmayəni qeyri-neft sektoruna cəlb etməkdir. Hesab edirəm ki, burada bütün qurumlar daha da fəal işləməlidirlər. Həm təqdimatlar keçirilməlidir - əlbəttə, biznes forumları keçirilir, biz xarici investorları maraqlandırırıq - eyni zamanda, Azərbaycanda biznes mühiti yaxşılaşdırılmalıdır. Bunun üçün əlavə tədbirlər görülməlidir və mən hökumətdən təkliflər gözləyirəm ki, biznes mühitini biz hansı yollarla yaxşılaşdıra bilərik".

Bu siyasətin həyata keçirilməsi nəticəsində son illər xüsusən qeyri-neft sektorunda tikilən müəssisələrin bir çoxu məhz xarici sərmayənin hesabına fəaliyyət göstərir. Bundan əlavə, yerli sahibkarlarla ortaq kapitala malik çoxsaylı müəssisələr də ölkə iqtisadiyyatına öz töhfəsini verir. Bu, eyni zamanda, xarici ticarət əməliyyatlarının genişlənməsinə öz müsbət təsirini göstərir. Faktlara diqqət yetirək. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan 148 ölkə ilə ticarət əməliyyatları həyata keçirmiş, 97 ölkəyə məhsul ixrac olunmuş, 135 ölkədən mal idxal edilmişdir.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda həmçinin bildirilir ki, ticarət dövriyyəsinin 9,2 faizi MDB üzvü dövlətləri, 48,6 faizi Avropa İttifaqı ölkələri, 42,2 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

Doqquz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi, statistik məlumatlara görə, 19467,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 12889,1 milyon dollar, idxalın həcmi 6578,5 milyon dollar təşkil etmişdir. Nəticədə 6310,6 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır. İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitkiheyvan mənşəli piylər və yağlar, şəkər, alüminiumplastik kütlə, eləcə də onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları üstünlük təşkil etmişdir.

Yeri gəlmişkən, yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 1179 milyon dollar təşkil etmişdir.

Ölkə iqtisadiyyatın diversifikasiyasının və qeyri-neft sektorunun inkişafı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətidir. Xatırladaq ki, qeyri-neft sektorunun ÜDM-də payı 2007-2014-cü illərdə ortalama 9,4 faiz, 2015-ci ilin 9 ayında isə 6,4 faiz artmışdır. Biznesinvestisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyinin genişləndirilməsi nəticəsində sahibkarlıq qeyri-neft sektorunun inkişafında aparıcı qüvvəyə çevrilmişdir. Dövlət başçısı tərəfindən son dövrlərdə bu sahədə bir sıra ciddi addımlar atılmışdır. Belə ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sahəsində inzibati prosedurların sadələşdirilməsi sahibkarlığın inkişafı baxımından inqilabi addımlar olmaqla, biznes mühitinin yaxşılaşdırılması, özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən mühüm islahatlardır. Bundan başqa, sahibkarlıq subyektlərinə qanunsuz müdaxilələrin qarşısının alınması istiqamətində ciddi tədbirlər görülmüşbu proses davamlı olacaqdır. Dövlət başçısının 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ölkənin tranzit imkanlarını genişləndirməklə yanaşı, yükdaşımalar sahəsində vahid tarif siyasətinin həyata keçirilməsinə, bu sahədə prosedurların sadələşdirilməsinə imkan verəcək ki, bu da ölkənin ixrac potensialının daha səmərəli reallaşdırılması baxımından əhəmiyyətlidir.

Ölkəmizdə biznesinvestisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. “Doing Business 2016" hesabatında Azərbaycan öz mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlmiş, dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olmuşdur. ”Qlobal Rəqabət Qabiliyyəti 2015-2016" hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, lider mövqeyini qoruyur.

Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycanın ixrac potensialının və yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə son illər bir sıra tədbirlər həyata keçirilmişdir. Xarici ticarətin strukturunda kənd təsərrüfatı məhsulları üstünlük təşkil etməsi və bu sahədə logistik mərkəzlərin rolu xüsusilə əhəmiyyətli dərəcədə artmışdır. İxrac imkanlarının genişləndirilməsi məqsədilə hazırda ölkə daxilində və xaricdə logistik mərkəzlərin yaradılması nəzərdə tutulur. Artıq Qazaxıstanın Aktau şəhərində Azərbaycanın ilk logistik mərkəzinin yaradılması yekunlaşmaq üzrədir. Bu mərkəzin inşasına dair razılıq 2013-cü ildə Azərbaycan və Qazaxıstan prezidentlərinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində keçirilmiş görüşü zamanı əldə edilmişbu sahədə müvafiq tapşırıqlar verilmişdir. Dövlətin maliyyə dəstəyi, İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərsun Holdinq” MMC tərəfindən inşa edilən ümumi sahəsi 4,2 hektar olan logistika mərkəzi 4365 kvadratmetr quru, 4365 kvadratmetr soyuq anbarlardan və digər infrastrukturdan ibarətdir. Kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz bu ilin dekabrında fəaliyyətə başlayacaq. Mərkəz sahibkarlara, xüsusilə də ixracatçılara bir sıra imkanlar və üstünlüklər təqdim edir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 18 dekabr.- S.1.