Ağdam yeni ağ günlərin sorağındadır

 

Ölkə Prezidentinin daimi qayğısı, gerçəkləşdirilən dövlət

proqramları bu cəbhə bölgəsini yeni inkişaf mərhələsinə çıxarıb

 

İsti aylarda yerdən qalxan rütubətin, buxarın yaratdığı ilğım düzəngahda  üfüqlə, dağətəyində zirvələrlə araya boz- bulanıq bir pərdə çəkir. Sazaq başlayandan, qırov düşəndən sonra yerlə göy arası tozu alınmış pəncərə kimi arınıb- təmizlənir, baxışların üfüqəcən işləyir, uzaqdakı dağların qarlı zirvələri ovuc içi kimi görünür.

 

İlin belə bir vədəsində Bərdədən Ağdama gedən geniş, asfalt yolun qarşısında iri, aydın bir mənzərə açılır: Aşağı Qarabağın düzlərini qövsvari əhatələmiş Kiçik Qafqaz silsiləsi bütün əzəməti ilə göz önündə sərgilənir. Arxa planda üç qardaş kimi boy- boya vermiş Kirsin, Qırzqızın və Murovun qarlı zirvələri o qədər yaxın görünür ki, sanki, əlini uzadıb bir ovuc qar da götürə bilərsən.

Əslində, bu nəhəng gümüşü mənzərənin ətəkləri ilə arada, ən azı, 30 kilometrlik yol var, zirvələr isə 70-80 kilometrlikdədir. Bir vaxtlar Qarabağın aranını dağı ilə birləşdirən şah damarlardan biri kimi bu magistral yol Ağdam şəhərindən keçib dağlara çatır, şaxələnərək gədikləri aşır, pillə- pillə dikələrək allı- güllü, göy otlaqlı, sərin bulaqlı, axar dərəli, zirvələrinin qarı qışdan- qışa qalan yaylaqlaradək uzanırdı. Artıq neçə illərdir ki, yağı bu damarı kəsib, o dağlardakı ulu yurd yerlərinə aparan yolları üzümüzə bağlayıb. 1993- cü il iyulunda Ağdam işğal olunandan sonra bu yolun 20 kilometrlik, 1994- cü ilin aprelindən isə daha 10 kilometrlik hissəsindən başlayan ərazilər düşmənin əlinə keçib.  İndi 50 kilometrlik Bərdə—Ağdam magistralında gediş- gəliş, təxminən, 20- ci kilometrlikdəki Tərtər— Ağcabədi yolu ilə kəsişmədə— Dördyol adlanan ərazidə cəbhə xəttinə çatıb səngiyir. Buradan o yana bir necə kilometrlik yol boyunca köçkünlər məskunlaşıb, ərazi isə hərbçilərimizin nəzarətindədir. 22 ildir ki, Bakı— Yevlax tərəfdən Ağdama gələnlər bu yerdən sola burulur, 15 kilometr irəliləyib yeni rayon mərkəzi olan Quzanlıya çatır, buradan da cəbhə xəttindəki yaşayış məntəqələrinə yetişirlər.

Bu səmtdən Ağdamın ərazisi Dördyol— Quzanlı yolunun üstündəki Soltanbud təpəsinin yanından keçən Xaçınçayın yatağı boyunca meşə zolağından başlanır. Azərbaycan ərazisindəki ən qədim kurqanlardan sayılan bu təpə Qarabağ düzünün ən hündür nöqtəsi sayıla bilər. Onun yuxarısına qalxanda Ağdam, Ağcabədi, Bərdə və Tərtərin əraziləri göz işləyənədək aydın görünür. Tarixçi və arxeoloqların qənaətinə görə, “şlyapayabənzər” bu süni təpənin aşağı hissəsi eramızdan əvvəlki minilliyin ortalarında Kür— Araz arasında mövcud olmuş sak- iskit çarlığının hansısa hökmdarının kurqanı (gorqanı) olmuşdur. Eramızın VII əsrində isə Qafqaz Albaniyasına müstəqillik qazandırmış qəhrəman hökmdar Cavanşir erməni qəsdinin qurbanı olanda babalarımız böyük ehtiram əlaməti olaraq onu bu  hündür kurqanın  üstündə ucaltdıqları yeni yüksəklikdə dəfn etmişlər. Buna görə də burada “ikimərtəbəli” kurqan əmələ gəlmişdir.

Ötən zamanlarda üzdəniraq xəzinəaxtaranlar  bu kurqanın gizlətdiyi “antik muzey”ə əl uzatmış, onun yan- yörəsini eşərək qədim küpləri, qiymətli əşyaları qırıb- dağıtmışlar. Yaxınlıqdakı Soltanbud tuqay meşəliyindən ad almış, uzun illər baxımsız qalmış bu qədim tarixi abidə Ağdamın işğalından sonra yerdə qalan ərazilərə gediş- gəlişin Bərdə— Tərtər tərəfdən giriş qapısına çevrilib. Son illərdə təpə üçüncü bir zirvəyə ünvan olub: yuxarıda Dövlət bayrağımız ucaldılıb, yaxada milli bayrağımızın üç rənginə bürünmüş Azərbaycan xəritəsi həkk olunub, ətrafda geniş yaşıllıq salınıb, qarşıdakı meydanda isə Şəhidlər kompleksi yaradılıb.

Bu barədə ətraflı söhbət açmağımızın səbəbi odur ki, ulu tariximizin son 2500 ilindən soraq verən, dövlətçilik rəmzlərimizə qovuşaraq, bir az da boy atan, müqəddəsləşən, hər kəsdə ülvi duyğular oyadan bu ərazi artıq rayonda keçirilən bayramların, qeyd olunan tarixi günlərin mərkəzi meydanıdır. Son iki ildə yaxınlıqdakı Quzanlı qəsəbəsi ilə aradakı, təxminən, iki- üç kilometrlik məsafədə salınmış uzun xiyaban və böyük park isə Soltanbudu yeni rayon mərkəzi ilə birləşdirib.

Qabaqcadan vədələşdiyimiz kimi, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla da onun təşəbbüsü ilə salınmış bu yaraşıqlı mədəniyyət və istirahət zonasında, daha dəqiqi,  parkın görkəmli yerində ucaltdırdığı, sanki, Soltanbudun zirvəsində dalğalanan milli bayrağımıza əzəməti ilə əl edən, bugünümüzdən dünənimizə körpü salan  “Çay evi”nin qarşısında görüşdük.

Yeri gəlmişkən bildirək ki, rayonun yeni rəhbəri Ağdamın yetirməsidir. Sovet dövrünün sonunda rayon gənclər təşkilatına rəhbərlik edib, sonra müxtəlif məsul vəzifələrdə özünü layiqincə doğruldub. Rayonun uzaq və yaxın keçmişinə dərindən bələddir. Yerli potensialı hərəkətə gətirməyin yollarını yaxşı bilir. Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə Ağdamın çatdığı tarixi yüksəlişin canlı şahidi kimi, ölkə rəhbəri İlham Əliyevin göstərdiyi müstəsna diqqət və qayğını yeni yüksəlişin digər önəmli amili olan insanların yurd sevgisindən doğan quruculuq əzmi ilə birləşdirməyi ciddi hədəf olaraq seçib.

Raqub Məmmədov rayon rəhbəri kimi bu məramını  qarşısında dayandığımız— Ağdamın söhbət açdığımız yüksəliş illərinin rəmzi olaraq yaradılmış, ermənilərin Ağdam şəhərini viran edərkən xüsusi qəddarlıqla birinci məhv etdikləri “Çay evi”nin tamamilə eyni olan yeni “Çay  evi”ni göstərərək dedi:

— Ağdamın ərazisinin üçdə- ikisi işğal altında olsa da, onun indi də böyük potensialı var. Ötən illərdə ümummilli lider Heydər Əliyevin göstərdiyi əsaslı himayədarlıq, Prezident İlham Əliyevin getdikcə artan diqqət və qayğısı nəticəsində 22 il əvvəl tamamilə boşalmış rayonda indi yüz minədək adam məskunlaşıb. Əhali doğma ocağının işığını yandırır, məhsul əkib- becərir, mal- qara saxlayır. Məktəblərdə normal dərs gedir, sağlamlıq ocaqları ahəngdar işləyir, sakinlərə bütün zəruri xidmətlər göstərilir. Rayonun ən münbit torpaqları  bu ərazidədir. İşçi qüvvəsi də kifayət qədərdir. Hədəfləri düzgün seçməklə, adamlarda yurd sevgisini yüksəltməklə, qurub- yaratmaq həvəsini  gücləndirməklə Ağdamın şöhrətini geri qaytarmaq, ölkəmizə töhfəsini ikiqat artırmaq mümkündür.

Bu məqsədlə də Ağdama qayıdış əhvalını yüksəltmək, adamları yeni quruculuğa səfərbər etmək üçün yolumuz bu geniş istirahət zonasını saldıq. Ağdamın o illərdəki şöhrət tacına çevrilmiş məşhur “Çay evini” burada olduğu kimi bərpa etdik. İndi bu guşə hər bir ağdamlını, sanki, Ağdamlı günlərə qaytarır, onların sabaha inamını yüksəldir. Bu rəmzi tikili həm də düşmənə Ağdamı mütləq geri qaytaracağımızın sərt mesajını çatdırır.

Gümanlarımız tamamilə döğruldu. İndi bu ünvan minlərlə həmyerlimizin, qonaqların Ağdamı anmaq, doğma yerləri ziyarət məkanına çevrilib. Adamlar 25— 30 il əvvəlin Ağdamının ən yaraşıqlı, ifadəli memarlıq nümunəsinin bərpasının timsalında qəti inanırlar ki, Ağdamda itirilənlərin hamısı daha yüksək səviyyədə geri qaytarılacaq. Bu inamın əsasında ulu öndər Heydər Əliyevin bizə əmanət qoyub getdiyi böyük siyasət,  Prezident İlham Əliyevin bu xətti uğurla davam etdirməsi dayanır.

Parkdan ayrılıb başçı ilə birlikdə, yaraşıqlı xiyabanla Quzanlı qəsəbəsinin baş küçəsi olan Heydər Əliyev prospektinə gəldik. Yolun müxtəlif ərazilərində aparılan təmir, abadlıq, yaşıllaşdırma işləri ilə tanış olduq. Rayon rəhbərinin yeri gəldikcə verdiyi məlumatlardan öyrəndik ki, ilin əvvlindən tikinti- quruculuq sahəsində işlər artan miqyas və sürətlə davam etdirilib. Əsas diqqət işğaldan sonra  inzibati mərkəzə çevrilmiş Quzanlı qəsəbəsində zəruri işləri gerçəkləşdirməyə yönəldilib.

Heydər Əliyev prospektinin Ağcabədi tərəfdən giriş hissəsindəki təmir-genişləndirmə işləri artıq başa çatdırılıb. Burada aparılan əsaslı abadlıq tədbirləri çərçivəsində yolun hər iki tərəfində qazon zolağı salınıb, bəzək ağacları və güllər əkilib. Yeni yaşıllıqda suvarma sistemi də qurulub. Prospektin bu başında da yaraşıqlı giriş qapısı yaradılıb.Qeyd etdiyimiz “Çay evi” ilə eyni vaxtda yeni qəsəbədə yeni avtovağzal tikilib, “Ağdam OİL” yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Qəsəbədə mini futbol meydançası da yaradılıb.

 Son bir ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Quzanlı qəsəbəsində 6 mərtəbəli 54 mənzilli yaşayış evi, məcburi köçkünlər üçün İmamqulubəyli kəndində 632 ailəlik şəhərcik tikilib. 160 şagird yerlik Baharlı, hər biri120 şagird yerlik Hacıməmmədli və Həsənxanlı, 360 şagird yerlik Əfətli kənd tam orta mətəbləri üçün yeni binalar istifadəyə verilib. İmamqulubəyli kənd tam orta məktəbi əsaslı təmir olunub. Ballar və Təzəkənddə tibb məntəqəsi yaradılıb. Təzəkənd qəsəbəsində poçt şöbəsi fəaliyyətə başlayıb.

Əfətli və Əhmədağalı kəndlərində Böyük Vətən müharibəsi iştirakçılarının və Qarabağ müharibəsində həlak olanların xatirə kompleksləri abadlaşdırılıb. Evoğlu kəndində 100 yerlik uşaq bağçası, İmamqulubəyli kəndində bulaq kompleksi və istirahət zonası, Çəmənli kəndində kitabxana istifadəyə verilib. Çəmənli kənd uşaq bağçasının, Üçoğlan kənd xəstəxanasının təmiri başa çatdırılıb.

Heydər Əliyev Mərkəzinin, Quzanlı qəsəbəsində Kənd Təsərrüfatı İdarəsinin, 360 şagird yerlik məktəbin, mərkəzi aptekin, Xındırıstan uşaq musiqi məktəbinin tikintisi davam etdirilir.

Magistral avtomobil yollarında 374 min manatlıq təmir- xidmət işləri aparılıb. Kəndarası və qəsəbədaxili yolların təmiri üçün bir sıra tədbirlər görülüb. İmamqulubəyli kəndində 2 kilometrlik yola asfalt döşənib, Quzanlı qəsəbəsində bir küçənin asfaltlaşdırılması başa çatdırılıb. Əfətli— Küdürlü yolunun 2,5 kilometrlik, Səfərli— Ballar yolunun 1,5 kilometrlik, Əhmədağalı— Kolqışlaq yolunun 2,5 kilometrlik hissəsi təmir olunub.

Qeyri-hökumət təşkilatları ilə apardıqları layihələr əsasında Sarıcalı bələdiyyəsi 7,5 kilometr, Alıbəyli bələdiyyəsi 7,5 kilometr, Qaradağlı bələdiyyəsi 7,2 kilometr, Əhmədağalı bələdiyyəsi 7,5 kilometr, Zəngişalı bələdiyyəsi 21 kilometr yolu çınqıllayıb. Azərbaycan hökuməti ilə Dünya Bankının təşkilatçılığı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun maliyyə dəstəyi ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi Birinci Baharlı qəsəbəsində 9 kilometr, Mahrızlı kəndində 12 kilometr kəndarası yolları təmir etdirib.

Prezident İlham Əliyevin hər bir rayonda sənaye məhəlləsi yaradılması tapşırığına uyğun olaraq, Ağdamda da hazırlıq işləri aparılıb. Bu sahədə işi təşkil etmək üçün şirkətlərdən biri ilə əlaqə yaradılıb. Gələcəkdə 300—350 nəfərin işləməsi nəzərdə tutulan sənaye məhəlləsinə torpaq sahəsi ayrılıb, layihə-smeta sənədləri hazırlanıb.

Yeni yaşıllıqların salınması və onlara xidmət işi diqqət mərkəzində saxlanılıb, bu il 50 mindən çox müxtəlif növ ağac əkilib və onların suvarılması üçün xətlər çəkilib. Eyvazlı kəndində yaradılmış şitillik sahəsində işlər genişləndirilib, 50 minə yaxın calaq edilib.

Başçı daha sonra bildirdi ki, əhalinin zəruri ehtiyaclarının ödənilməsi, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir. Rayon ərazisində elektrik enerjisinin fasiləsiz verilməsini təmin etmək üçün üç 110/35/10 kv-luq, on 35/10-kv-luq yarımstansiyada təmir işləri aparılıb. Subartezian quyularına xidmət edən 18 müxtəlif güclü transformator təmir olunub, 2 yeni transformator alınıb. Xındırıstan, Üçoğlan, Evoğlu və Təzəkənd kəndlərində yeni qazılmış 10 subartezian quyusu elektriklə təhciz  olunub. Quzanlı qəsəbəsi və Xındırıstan kəndi ərazisində 4 yeni transfarmator yarımstansiyası quraşdırılıb, 0,4 kv-luq hava xətti SİP kabellərlə keçirilib, 170 abonentin sayğacı yenisi ilə əvəz olunub.

Qaz xətlərində də zəruri təmir işləri aparılıb. Əfətli, Həsənxanlı kənd orta məktəblərinin, Xındırıstan uşaq musiqi məktəbinin istilik qazanxalarına təbii qaz verilib. İçməli suya təlabatın ödənilməsi üçün qəsəbələrdə 5150 metr yeni xətt çəkilib, 136  nasos, 18 transfarmator, 2500 metr xətt təmir olunub. 794 subartezian quyusu, 4 nasos stansiyası, göllər və qaynamalar vasitəsi ilə 35,3 min hektar sahədə 3 dəfə suvarma aparılıb. Bu il daha 30 subartezian quyusu istismara verilib, 20- də isə son tamamlama işləri aparılır. Nasos stansiyalarında və subartezian quyularında təmir işləri yerinə yetirilib.

Rabitə xidmətinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması üçün də tədbirlər davam etdirilib. Quzanlı, İmamqulubəyli, Birinci Baharlı, Qasımbəyli qəsəbələrində 356 nömrəlik telefon və internet xətti çəkilib. İlin əvvəlindən poçt xidməti tapşırığı 104 faiz yerinə yetirilib. “Asan xidmət” Quzanlı qəsəbəsində əhaliyə 9 növ üzrə xidmət göstərib.

Əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və suvarma suyu ilə təminatı üçün vacib olan xidmətlərin dəyərinin ödənilməsini Rayon İcra Hakimiyyəti daim nəzarətdə saxlayır, tədbirlər görür, müzakirələr aparır, nöqsanların aradan qaldırılması üçün lazımi tövsiyyələr verir.

İlin ötən dövrünün hesabatlarından məlum oldu ki, regionların 2014—2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramında Ağdam rayonu üzrə nəzərdə tutulan 14 tədbirdən 12 -si uğurla icra olunur. Proqramın icrası olaraq bu il rayonda 1268 yeni iş yeri açılıb, onlardan 532 daimi, 736 mövsümüdür. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət sənədlərində Ağdam rayonu üzrə nəzərdə tutulmuş 32 tədbirdən 18-i icra edilib, 5 tədbir icra olunur.

Bu mövsümdə rayonda istehsal göstəriciləri də yüksəlib. Ümumi məhsulun həcmi 94 milyon manat, sənaye istehsalı 7 milyon manat, kənd təsərrüfatı məhsulu 68 milyon manat olub. Ticarət dövriyyəsi 8 milyon manata, informasiya və rabitə xidməti 206 min manata, nəqliyyat və anbar təsərrüfatı 942 min manata, tikinti- quraşdırma işləri 9 milyon manata çatıb. 2015-ci ilin 9 ayı ərzində vergilər üzrə 4,10 milyon manat proqnoza 4,13 milyon manat və ya 100,8 faiz əməl olunub, büdcəyə 31 min manat əlavə vəsait daxil olub.

14780 hektar sahədə buğda, 3047 hektar sahədə arpa əkilib, 56183 ton məhsul istehsal edilib, məhsuldarlıq 31,5 sentner olub. 2534 hektar tərəvəz sahəsindən 39050 ton, 450 hektar kartof sahəsindən 7560 ton, meyvə bağlarından 990 ton məhsul yığılıb. İri malın sayı 860 baş artaraq 39587-yə, qoyunların sayı 349 baş artaraq 104375- ə çatdırılıb. Ət istehsalı 47 ton artaraq 3068 tona, süd 538 ton çoxalaraq 24970 tona çatıb, yumurta istehsalı 6,4 milyon ədəd, yun 156,3 ton olub. Alıbəyli kəndində mal bazarı açılıb.

Rayonda sahibkarlığın inkişafına da diqqət artırılıb. Bu il 500-dən artıq fiziki, 20-dən çox hüquqi şəxs qeydiyyatdan keçib, məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 84 faiz, dövlət sektorunun xüsusi çəkisi isə 16 faiz olub. Kapital Bankın Ağdam filialı 2265 nəfərə 4 milyon 350 min manat, “Qafqaz kredit” təşkilatı 558 nəfərə 603 min manat, “Kaspian-İnvest” kredit təşkilatı 266 nəfərə 459 min manat və “Azərkredit” 2107 nəfərə 2 milyon 527 min manat,  İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu 29 lahiyə üzrə 339 min manat kredit verib.  Humanitar sahələrin nailiyyətləri də sevindiricidir. Bu il  ümumtəhsil məktəbləri üzrə attestat alan 1346 şagirddən 643 nəfəri ali məktəblərə sənəd verib, 372 məzun rayonun adına uğur qazandırıb. 23 nəfər 600- dən, 51 abituriyent isə 500- dən çox bal toplayıb.

Mədəniyyət və Turizm Şöbəsi rayonda kütləvi tədbirlərin hazırlanıb keçirilməsində fəal iştirak edir. Mərkəzi Rayon Xəstəxanasının xidmət sahələri əhalinin sağlamlığı ilə bağlı tədbirləri ardıcıl həyata keçirir. 13 müxtəlif idman yarışlarında rayon idmançıları 14 birinci yer, 12 ikinci yer və 14 üçüncü yer qazanıblar. Bu yaxınlarda Kikboksinq Federasiyası, Gənclər və İdman Nazirliyi, Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quzanlı qəsəbəsində Ağdam Olimpiya İdman Kompleksində kikboksinq üzrə möhtəşəm döyüşlər keçirilib.

Heydər Əliyev Mərkəzinə ümumtəhsil məktəbləri və uşaq bağçalarının, idarə, müəssisə və təşkilatların ekskursiyaları təşkil edilib, burada Mərkəzdə Heydər Əliyev irsinin təbliği ilə bağlı məktəblərin XI sinif şagirdlərinə məşğələlər keçirilib.

 712 gənc hərbi xidmətə təntənə ilə yola salınıb. Silahlı Qüvvələrin Yardım Fonduna 206 min 157 manat vəsait keçirilib.

Metodoloji statistikaya görə, hazırda rayonun 45112 ailə-təsərrüfat olmaqla, 193200 nəfər əhalisi var. Ondan 10079 ailə— 41641 nəfər öz yerində yaşayan, 35033 ailə— 151592 nəfər isə məcburi köçkündür. Bu i 1653 doğum, 512 ölüm, 619 nikah qeydə alınmışdır.

Ağdam RİH- in başçısı Raqub Məmmədov rayonun uğurları ilə tanışlığımızdan sonra  növbəti hədəflərdən söz açaraq bildirdi:

— Sosial-iqtisadi inkişafı sahəsində görüləsi işlər, həlli vacib problemlər çoxdur. İlin sonuna kimi Heydər Əliyev Mərkəzinin yeni binasının tikintisini əsasən başa çatdırmalı, Heydər Əliyev Parkının yenidən qurulmasına başlamalıyıq. Kənd təsərrüfatı idarəsinin inzibati binası, Quzanlı qəsəbəsindəki 360 şagird yerlik litsey, Xındırıstan kənd uşaq musiqi məktəbi istifadəyə verilməli, sənaye məhəlləsi yaradılmalıdır.

 Digər sahələrdə də başladığımız, icrasını vacib saydığımız işlərin həllinə nail olmalıyıq. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirləri vaxtında başa çatdırmalıyıq. Məhsul istehsalını artırmaq üçün yüksək məhsuldar bitki sortlarının becərilməsinə, cins heyvanlar yetişdirilməsinə üstünlük verməliyik. Kəndə xidmət edən sahələrin, əhaliyə xidmət göstərən qurumların işini yaxşılaşdırmalıyıq.

 Bütün bu istiqamətlərdə dəqiq proqramlarımız var. Ölkə rəhbəri İlham Əliyevin gündəlik qayğısı, adamlarda yaranmış yüksək quruculuq əhvalı imkan verir ki, qarşıya qoyduğumuz məqsədlərə asanlıqla çataq, Ağdamın yeni günləri yolunda dayanmadan irəliləyək.

Ağdamdan əldə olunmuş uğurlardan, qarşıda duran yüksək hədəflərdən doğan xoş əhvalla ayrıldıq. Uğur olsun, ağdamlılar. Dünənin izləri, sabahın hüdudlari göstərir ki, siz yeni ucalıqlar fəth etməyə, yeni günlərə qovuşmağa qadir və layiqsiniz. Səsiniz tezliklə yağının əsarətindən xilas ediləcək doğma obalardan gəlsin!

 

Tahir AYDINOĞLU,

Ziyəddin SULTANOV

“Xalq qəzeti”

 

Ağdam-Quzanlı

 

Xalq qəzeti.- 2015.- 19 dekabr.- S.6.