Milyonların sevgisini
qazanmış
əfsanəvi xanəndə
Qədir Rüstəmov
– 80
Azərbaycan
xalq musiqisinin bənzərsiz
ifaçısı, Xalq artisti
Qədir Rüstəmovun anadan
olmasının 80 illiyi münasibətilə
Beynəlxalq Muğam Mərkəzində
keçirilən yubiley mərasimində unudulmaz xanəndənin milli
musiqi irsimizin qorunub- yaşadılmasında, zənginləşdirilməsində
xidmətləri qədirbilənliklə yad edildi,
könüllərdə əbədiləşmiş sənətkarın
xatirəsinə dərin ehtiram ifadə olundu. Milli muğam
və mahnı ifaçılığının istedadlı davamçıları Qədir
Rüstəmovun ölməz irsinin
seçmə nümunələrini məharətlə səsləndirməklə
bir daha onun sənət yolunun həmişəyaşarlığını
sərgilədilər.
Mərasimdən əvvəl Muğam Mərkəzinin foyesində Qədir Rüstəmovun fotoları sıralanmış lövhənin qarşısına toplaşanlar onunla Ağdam şəhər məktəbində bir sinifdə oxumuş tanınmış şair- publisist Ramiz Məmmədzadənin söhbətindəki bir məqamdan yamanca təsirləndilər. Yeddi onilik bundan əvvəli xatırlayan Ramiz müəllim bildirdi ki, o çılğın yeniyetməlik illərində hər ikisi siniflərindəki ən gözəl qıza aşiq olubmuş. Lakin qız onların hər ikisini cavabsız qoyaraq o zaman ailə saxlamaqda daha imkanlı görünən çəkməçi oğlana ərə gedib. Bir qıza sevgisində əli boşa çıxan cibiboş Qədir, sən demə, çox keçmədən Tanrının hər kəsə bəxş etmədiyi misilsiz bir səslə bütöv bir xalqın sevgisini qazanacaqmış...
Yubiley məclisinin başlanğıcında Qədir Rüstəmovun doğulub, qoynunda pərvazlandığı xoşbəxt Ağdamlı günlərdə lentə alınmış videoifası xəyallara qanad taxdı, xanəndə ilə bağlı ötənlərə canlı qapı açdı. Gecənin aparıcısı, xalq musiqisinin tanınmış araşdırıcısı, uzun illər yubilyarla sıx təmasda olmuş yazıçı- publisist Mustafa Çəmənli əvvəldən sonadək seçilən bir məftunluqla, dərin bir bələdliklə Qədir Rüstəmovun xalqımızın milli varlığından qaynaqlanan, sağlığında əfsanəviləşərək mənəvi dünyamızda silinməz izlər qoyan sənət yoluna işıq saldı.
Aparıcı bildirdi ki, Qarabağın ünlü xanəndələrinin xalq ruhunu ifadə edən ifaçılıq məktəbinin nadir davamçısı kimi Qədir Rüstəmovun el şənliklərindəki və konsert salonlarındakı davamlı çıxışları, həmişə efirdən və ekrandan yayımlanan ifaları, hər bir evdən əskik olmayan audio və video yazıları yarım əsrdən artıq bir dövrdə milyonlarla insanın könül qidası olub. Onun xalqımıza ərməğan etdiyi sənət həmişə könülləri oxşayacaq.
Xalqımız ilk gündən Qədirin səsinin şirinliyini, ifasının mükəmməlliyini, şəxsiyyətinin saflığını yüksək dəyərləndirib, onun kütləvi pərəstişkarına çevrilib. Xalqın ürəyində yuva qurmuş sevgilər bir gün dövlətimizin başçısının təsdiqi ilə rəsmiləşib, bu xoş məramla el sənətkarı “Xalq artisti” mərtəbəsinədək yüksəlib.
Bu yerdə səhnədə ümummilli lider Heydər Əliyevin Qədir Rüstəmova “Xalq artisti” adının diplomunu və “Şöhrət” ordenini təqdim etməsini əks etdirən kadrlar göründü. Salonda qopan alqış səsləri ulu öndərin xalqın sevimli sənətkarına verdiyi yüksək qiymətdən – illər boyu ürəklərdə-diləklərdə dolaşan “Qədirin qədrini bilək” arzusunun, nəhayət, Xalq atasının iradəsi ilə gerçəkləşməsindən doğan məmnunluğu ifadə etdi.
Xalq artisti Canəli Əkbərov çıxışında çoxəsrlik xalq musiqisi ənənələrini professional ifaçılıqla süsləndirmiş Qədir Rüstəmov haqqında korifey sənətkarların söylədiklərini yada saldı, bu qiymətli irsin yeni istedadların yetişməsində həmişə önəmli olacağını vurğuladı.
Yubilyarın ən yaxın dostları olmuş yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas və şənətşünas Fəxrəddin Hacıbəyli xanəndənin səsinin özəlliklərindən, mənəvi aləminin gözəlliklərindən söhbət açdılar, onunla bir yerdə keçmiş günlərin unudulmaz məqamlarını xatırladılar.
Məclis boyu Qədir Rüstəmovun vaxtilə istedadlarına dəyər verdiyi Nəzakət Teymurova, Zakir Əliyev, Sevinc Sarıyeva, Ehtiram Hüseynov, Babək Niftəliyev, İlkin Əhmədov, Mustafa Mustafayev, Kamilə Nəbiyeva kimi tanınmış ifaçılar öz ustadlarının repertuarında təzələnmiş, populyarlaşmış mahnı, təsnif və muğamları məharətlə ifa etməklə yubiley mərasiminə təntənə gətirdilər, əbədiyyətə qovuşmuş xanəndənin ruhunu sevindirdilər.
Sonda Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova və Qədir Rüstəmovun həyat yoldaşı Fatma xanım yubileyin təşkilatçıları olan Mədəniyyət və Turizm Nazirliyinin, Xan Şuşinski Fondunun, Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsünü, iştirakçıların qədirbilənliyini razılıqla vurğuladılar, yubilyarın həmyerliləri və ailəsi adından minnətdarlıqlarını bildirdilər.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2015.-
20 dekabr.- S.7.