Prezidentin növbəti uğurlu
addımı:
Çin səfərinin
strateji-tarixi və geosiyasi aspektləri
Azərbaycanın dövlət
başçısı İlham Əliyevin hər bir xarici səfəri
xüsusi əhəmiyyət kəsb edir. Növbəti
Çin səfərinin də çox uğurlu olduğunu qətiyyətlə
demək olar. Bunun strateji, tarixi və geosiyasi əhəmiyyəti
barədə analitik və ekspertlər fikir bildirir, mətbuatda
şərhlər verilir. Lakin məsələ o dərəcədə
geniş və dərindir ki, yeni təhlillərə ehtiyac
vardır. Səfər çərçivəsində olduqca
vacib sənədlər imzalanıb. Dövlət
başçılarının imzaladıqları bəyannamədə
isə regional və qlobal əhəmiyyətli məqamlar
öz əksini tapıb. Geniş bir geosiyasi məkanda keyfiyyətli
və perspektivli əməkdaşlıq modelinin meydana gəlməkdə
olduğunu vurğulamaq gərəkdir. Tərəflər həmin
istiqamətdə birgə fəaliyyət göstərməkdə
qərarlı olduqlarını, qarşılıqlı
faydalı və bərabərhüquqlu əməkdaşlığın
Avropa ilə Asiya arasında möhkəm dostluq
körpüsünün yaradılması prosesinə xüsusi
töhfə verəcəyinə əminliklərini bəyan
ediblər. Bu tarixi səfərin həm də Azərbaycan
diplomatiyasının zəfəri olduğuna şübhə
yoxdur.
Cənubi Qafqazın lideri:
yeni tarixi imza
Azərbaycan Prezidentinin Çinə səfərinə əvvəlcədən
böyük maraq vardı. Hazırda dünyada
baş verən geosiyasi proseslərin fonunda iki ölkə
arasındakı münasibətlərin məzmununun
aktuallığı dərk edilirdi. Çünki
Çin supergüclərdən biri, dünyanın ikinci
iqtisadi gücü, Azərbaycan isə sürətlə
inkişaf edən və Cənubi Qafqazın lider dövləti
səviyyəsinə yüksəlmiş ölkədir. Onun coğrafi mövqeyi Avropa ilə Asiya arasında
mühüm körpü rolu oynaya biləcəyinə dəlalət
edir. Ən əhəmiyyətlisi isə
ondan ibarətdir ki, Azərbaycan rəhbərliyinin həyata
keçirdiyi siyasi, iqtisadi və enerji sahəsindəki
islahatlar çox səmərəlidir.
Pekində onu da yaxşı anlayırlar ki, rəsmi
Bakı müstəqil xarici siyasət yeridir. Hansı
dövlətlərlə necə əlaqələr
qurmasını Azərbaycanın yalnız özü müəyyənləşdirir.
Buna görə də dövlət
başçısının hər hansı ölkəyə
səfərinə çox ciddi yanaşılır, bir lider
kimi söylədiyi fikirlərə etibar edilir. Rəsmi Pekinin Azərbaycan Prezidentini çox
yüksək səviyyədə qarşılaması və
onunla qlobal əhəmiyyətli problemləri müzakirə
etməsi heç də təsadüfi deyil.
Bununla bağlı Azərbaycan Prezidenti
Administrasiyasının rəhbərinin müavini,
Administrasiyanın xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədovun ölkə rəhbərinin
Çinə səfəri haqqında söylədiyi fikirlər
bir çox istiqamətləri təhlil etməkdə
faydalıdır. O, səfərdən sonra Bakıda jurnalistlərə
verdiyi müsahibədə deyib: “Azərbaycan Prezidenti İlham
Əliyevin Çinə səfəri forma, məzmun və
status baxımından tarixidir”.
Novruz Məmmədov ona diqqəti yönəldib ki, hər
bir dövlətdə ildə iki və ya üç səfərə
dövlət səfəri statusu verilir. Prezident
İlham Əliyevin “səfərinə bu statusun verilməsi
xüsusi yanaşmanın göstəricisidir”. Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin
müavini daha sonra iki ölkə arasında imzalanan sənədlərin
geniş sahələri əhatə etdiyini və dərin məzmunlu
olduğunu ifadə edib.
Onu da deyək ki, Azərbaycan Prezidenti Çinə səfəri
çərçivəsində İpək Yolunun
başlanğıcı sayılan Sian şəhərinə də
baş çəkib. Çin Xalq Respublikasının Sədri
Si Cinpin bu şəhərdə anadan olub və onun indi əsas
hədəflərindən biri İpək Yolu
zolağının yaradılmasıdır. Bu aspektdə də səfərin forması ilə məzmunu
arasında sıx əlaqənin olduğu aydın
görünür.
Şübhəsiz ki, Novruz Məmmədovun
vurğuladığı və geniş təhlilini verdiyi həmin
məqamlar qürur hissi yaradır. Eyni zamanda, ölkə
başçısının həyata keçirdiyi siyasət
müstəvisində bunlar çox əhəmiyyətlidir.
Lakin hazırda qlobal səviyyədə çox
mürəkkəb geosiyasi-hərbi proseslər gedir, müxtəlif
sahələri böhran bürüyüb. Geosiyasi proseslərin ağırlıq mərkəzi
getdikcə Şərqə keçir. Belə
bir şəraitdə Prezident İlham Əliyev strateji əhəmiyyətli
addım atıb.
Reallıqlar və perspektivlər:
iki məqamın sintezi
Həmin prizmadan Pekində imzalanan sənədlər
olduqca perspektivli və real nəticələr verən məqam
təsiri bağışlayır. Tərəflər
ümumilikdə 10 sənəd imzalayıblar ki, onun da 6-sı
iqtisadiyyatı, nəqliyyatı və enerji sahəsini əhatə
edir. Digərləri hüquqi, elmi və
ekoloji sferalara aiddir. Bir mühüm sənəd
isə dövlət başçılarının
imzaladıqları “Azərbaycan Respublikasının və
Çin Xalq Respublikasının dostluq münasibətlərinin
və əməkdaşlığın daha da inkişaf
etdirilməsi və dərinləşdirilməsi haqqında
Birgə Bəyannamə”dir.
Bakı və
Pekin “İpək Yolu İqtisadi Kəməri”nin
yaradılması və birgə həyata keçirilməsi
haqqında razılığa gəliblər. Bu,
geosiyasi əhəmiyyətli bir proqramdır. Faktiki olaraq söhbət Avropa ilə Asiyanın birləşdirilməsindən
gedir.
Çin bu Yolun Şərq tərəfdə
başlanğıcıdırsa, Azərbaycan mühüm
tranzit məkanıdır. Özü də burada
yalnız Qərb-Şərq istiqaməti nəzərdə
tutulmur - ÇXR-in Sədri Si Cinpinin vurğuladığı
kimi, Azərbaycan Şimal-Cənub istiqamətində də
vacib rol oynaya bilər. Azərbaycana çatan istənilən
malı hər iki istiqamətdə
daşımaq mümkündür. Bununla da həm
Qərb dövlətlərinin, həm də Uzaq Şərq
ölkələrinin dünyanın müxtəlif
regionları ilə ucuz, rentabelli əlaqələr yaratmaq
imkanı meydana gəlir.
Həmin çərçivədə beynəlxalq
münasibətlərdə vacib rol oynayan bir məqamı
vurğulamaq gərəkdir. Biz Azərbaycanın
bir dövlət olaraq etibarlı tərəfdaş və
bütün dünya üçün əhəmiyyəti olan
enerji layihələrinin təşəbbüskarı
olmasını nəzərdə tuturuq. Rəsmi
Bakı bu qüdrətini konkret addımları ilə
sübut edib. Şübhə yoxdur ki,
Çin kimi böyük bir dövlət bütün
bunları yaxşı görür və buna görə də
Azərbaycana stavka etməkdən çəkinmir.
Pekindəki görüş zamanı Azərbaycan
Prezidentinin Çinin böyük şirkətlərini ölkəmizə
sərmayə qoymağa dəvət etməsinin maraqla
qarşılanmasının arxasında da həmin incə məqamlar
dayanır. İlham Əliyev qeyri-neft sektorunun daha da sürətlə
inkişafı üçün bunun vacibliyini xüsusi qeyd
edir. Çinin informasiya-kommunikasiya
texnologiyaları, kənd təsərrüfatı, qeyri-ənənəvi
enerji sahələri ilə məşğul olan şirkətləri
də gözəl başa düşürlər ki, Azərbaycana
yatırılan sərmayələr hədər getmir. Burada sabitlik hökm sürür, sahibkarlıq
üçün əlverişli mühit var, iqtisadiyyat dinamik
inkişafdadır, kənar təsirlərdən asılı
deyil və bu səbəblərdən xeyli qazanc götürmək
olar.
Neftin qiymətinin sürətlə aşağı
düşməsi fonunda bu məsələ ciddi əhəmiyyət
daşıyır. Azərbaycan dünyanın ən sürətlə
inkişaf edən iqtisadiyyatı ilə sıx əməkdaşlığa
nail ola bilirsə, onda bütün sahələrdə
irəliləyiş əldə etmək şansı da xeyli
artır. Çin də bunda maraqlıdır.
Birincisi, qlobal səviyyədə Vaşinqton-Pekin rəqabəti
davam edir. Çin üçün əməkdaşlıq
dairəsini genişləndirmək çox vacibdir. İkincisi, Pekinin Avropa ölkələrinə
qısa yolla çıxış əldə etməyə
ciddi ehtiyacı var. Avropa İttifaqı bazarında öz
varlığını genişləndirməklə Çin
inkişaf templərini və bütövlükdə tərəqqi
üçün perspektivlərini saxlamış olur.
Üçüncüsü, dünyada baş verən
hadisələr göstərir ki, enerji sahəsində gözlənilməz
trendlərin meydana gəlməyəcəyinə təminat
yoxdur. Bu səbəbdən Pekin Mərkəzi Asiya, Qafqaz,
Yaxın Şərq və Afrika istiqamətlərində
xüsusi addımlar atmaqda maraqlıdır. Bütün bu marşrutlar isə Azərbaycandan
keçir.
Dördüncüsü, son zamanlar KİV məlumat
yayıb ki, Çinin bir sıra əyalətlərində
iqtisadi inkişaf göstəriciləri bir qədər
şişirdilib. Nəticədə, ölkənin
inkişaf mənzərəsi reallıqdan uzaq olub. Rəqəmlərin saxtalaşdırılması
(sovet dövrünün “pripiskaları”) yanlış
proqnozların verilməsinə yol açır ki, bu da strateji
aspektdə Çini bir dövlət olaraq çox çətin
vəziyyətə sala bilər. İndi
mütəxəssislər Pekinin “orta gəlir” sindromu ilə mübarizə
aparmalı olduğu qənaətindədirlər.
Geniş əməkdaşlıq
modeli:
müxtəlif sahələrin vəhdəti
Yuxarıda vurğulanan məqamlardan aydın olur ki, rəsmi
Pekinin Azərbaycan kimi tərəfdaşa böyük
ehtiyacı var. Ekspertlər həmin reallığı nəzərdə
tutaraq imzalanan sazişlərin həyata keçəcəyinə
əmindirlər. Çin Xalq Respublikasının Sədri
Si Cinpin Azərbaycan Prezidenti ilə görüşündə
hər iki ölkənin 2020-ci ilə qədər xüsusi
inkişaf konsepsiyasının olduğunu ayrıca qeyd edib.
Çin supergüc kimi böyük planlar üzərində
işləyir. Çin şirkətləri
energetika, yüksək texnologiyalar, kənd təsərrüfatı,
informasiya-kommunikasiya sistemləri və başqa sferalarda
geniş fəaliyyət göstərirlər. Azərbaycanla Çin arasında bu istiqamətləri
əhatə edən əməkdaşlığın
qurulmasında heç bir maneə yoxdur.
Bunlardan başqa, Pekin humanitar, mədəni, parlamentlərarası
əlaqələrin, gənclər təşkilatları
arasında əməkdaşlığın perspektivlərinə
də inandığını nümayiş etdirib. Dünyada
terrorizm, təcavüzkar separatizm təhdidlərinin olduğu
bir şəraitdə Azərbaycanla Çin arasında təhlükəsizlik
sahəsində də əməkdaşlığa ehtiyac
yaranıb. Bu, regionda baş verən proseslərə
çox müsbət təsir göstərə bilər.
Bütün bu məqamların strateji əhəmiyyətini
əlavə qeyd etməyə ehtiyac yoxdur. Çünki
indi dünyada cərəyan edən və təşviş
doğuran çoxlu sayda proseslər sübut edir ki, dünyada
gərginliyin zəiflədilməsində
qarşılıqlı faydalı əməkdaşlıq
modelləri böyük rol oynayır. Təhlükəsizlik
sahəsində geniş əlaqələrin qurulub inkişaf
etdirilməsi Asiya ilə yanaşı, Cənubi Qafqazda da
geosiyasi mənzərəyə müsbət təsir göstərə
bilər. Bu bağlılıqda dövlət
başçılarının imzaladıqları birgə bəyannamədə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə xüsusi yer ayrılıb.
Pekin münaqişənin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
edilməsinə tərəfdar olduğunu bəyan edib. Birgə bəyannamədə
həmin müddəanın yer alması siyasi və geosiyasi məna
daşıyır. Çünki bununla
Çin rəsmi olaraq Azərbaycanın ərazi
bütövlüyünü nəinki dəstəkləmiş
olur, həm də münaqişənin bu prinsip əsasında
aradan qaldırılmasını istədiyini bildirmiş olur.
Beynəlxalq təşkilatların da analoji sənədləri
qəbul etdikləri məlumdur. Deməli,
Ermənistanın beynəlxalq qanunlar çərçivəsində
Azərbaycana qarşı hansısa iddia irəli sürmək
şansı qalmır.
Çin tərəfinin Dağlıq Qarabağ probleminin
beynəlxalq hüquq çərçivəsində ədalətli
həllinə tərəfdar olması, hər şeydən əvvəl,
Azərbaycan rəhbərliyinin yeritdiyi uğurlu xarici siyasi
kursla bağlıdır. Ölkə başçısı Pekində
bəyan edib ki, Azərbaycan “Vahid Çin” prinsipinə dəstək
verir.
Bunun rəsmi Pekin üçün nə dərəcədə
aktual olduğu məlumdur. Məsələ
burasındadır ki, bir sıra xarici qüvvələr
Çində radikal və separatçı əhval-ruhiyyə
yaratmağa cəhdlər edirlər. Hətta
bu məqsədlə dəfələrlə terror aktları da
törədilib. Dünyanın bir sıra
regionlarında separatizmin kənardan alovlandırılması
mexanizminə diqqət etsək, analoji halların Çində
də baş qaldırması ehtimalının
mövcudluğunu qəbul etməliyik. Konkret
deyilsə, Çin nə qədər güclü olsa da, onu
da terrorun təhdid etdiyini etiraf etmək gərəkdir. Separatçılıq bu böyük ölkəni də
ciddi çətinliklərə düçar edə bilər.
Ortaq fəaliyyətin istiqamətləri:
separatizmlə
mübarizə və regional təşkilatlarla əməkdaşlıq
Buradan iki mühüm nəticə çıxarmaq olar. Əvvəla,
Çin dünyanın hər hansı bir regionunda separatizmə
dəstək verərsə, onda bundan özü ziyan çəkər.
O cümlədən Dağlıq Qarabağdakı
separatçı rejimi heç bir geosiyasi bəhanə ilə
dəstəkləmək doğru addım sayıla bilməz. İkincisi, Pekin nəinki radikal separatizmi dəstəkləməməli,
həm də ona qarşı mübarizə aparmalıdır.
Azərbaycan da terror və separatizmdən əziyyət
çəkən bir ölkə kimi məsələnin bu
aspektində maraqlıdır. Təbii olaraq, rəsmi
Bakı bütün dövlətlərin ərazi
bütövlüyünə hörmətlə yanaşır.
Bu səbəbdən dövlət
başçısının “Vahid Çin” prinsipinə tərəfdar
olduğunu xüsusi vurğulaması bütövlükdə
Azərbaycanın xarici siyasətinin məzmunu ilə sıx
bağlıdır.
Çox əlamətdardır ki, Azərbaycan rəhbəri
bu məsələyə geniş siyasi, geosiyasi və iqtisadi
kontekstdə qiymət verib. O, Si Cinpinlə görüşdə
deyib: “Bu gün biz münasibətlərimizin gələcək
inkişafını müəyyən edəcək bir sıra
mühüm sənədlər imzalayacağıq. Onların arasında, əlbəttə, Sizinlə bərabər
imzalayacağımız Bəyannaməni xüsusi qeyd etmək
istərdim. Həmin Bəyannamə bizim
niyyətlərimizi əks etdirir. Biz əlaqələrimizi
genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq
təşkilatlarda fəal əməkdaşlığı
bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri
möhkəmlətmək istəyirik. İpək Yolu
iqtisadi zolağının yaradılması barədə Sizin təşəbbüsünüzü biz
Azərbaycanda çox yüksək qiymətləndiririk”.
Prezidentin yuxarıdakı fikirlərindən aydın olur
ki, iki ölkə nəzərdə tutduqları əməkdaşlığı
inkişaf etdirmək üçün müxtəlif istiqamətlərdə,
o cümlədən regional və beynəlxalq təşkilatlarda
daha sıx əlaqələr qurmağı
planlaşdırır. Həmin xüsusda Şanxay Əməkdaşlıq
Təşkilatı (ŞƏT) və BMT-nin rolunu ayrıca
vurğulamaq istərdik.
ÇXR-in
Sədri Azərbaycanın ŞƏT-də “Dialoq üzrə
tərəfdaş” statusunu almasına böyük önəm
verdiyini və Azərbaycan Prezidentinin bu istiqamətdə fəal
addımlar atdığını xüsusi vurğulayıb.
Çin rəhbəri həmin kontekstdə bildirib: “Cənab
Prezident Çin xalqının köhnə dostudur. Siz Çin-Azərbaycan münasibətlərinin
inkişafı üçün daim səy göstərirsiniz.
Keçən ilin mayında Siz Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri
üzrə Müşavirənin Sammitində iştirak edirdiniz.
Bu Sammit çərçivəsində biz ikitərəfli
münasibətlərə və qarşılıqlı maraq
doğuran problemlərə dair fikir mübadiləsi
apardıq, geniş əhatəli məsələlərə
dair qarşılıqlı anlaşmaya nail olduq”.
Öz növbəsində Azərbaycan Prezidenti Çin
dövlət başçısının ölkəmizin
ŞƏT-ə “Dialoq üzrə tərəfdaş” statusunda
qoşulmasında böyük dəstəyini
xatırladıb. Deməli, artıq iki ölkə rəhbərliyinin
əməkdaşlığının konkret nümunələri
də mövcuddur. Regional səviyyədə
həmin istiqamətdə yeni addımlar atılması və
Çindən başlayaraq Mərkəzi Asiyanı da əhatə
etməklə Qafqaza qədər geniş bir ərazidə Azərbaycan-Çin
əlaqələrinin yeni nümunələrinin meydana gəlməsi
mümkündür. Bununla yanaşı,
iki dövlətin siyasi dialoq və beynəlxalq təşkilatlarda
ortaq fəaliyyətlərini genişləndirmək
haqqında razılığa gəlməsinin də çox
mühüm tərəfi var.
BMT
amili: “ağıllı güc”lə
“Böyük Çin səddi”nin aşılması
Biz, hər şeydən əvvəl, BMT çərçivəsində
mümkün əməkdaşlığı nəzərdə
tuturuq. Çin BMT Təhlükəsizlik
Şurasının 5 daimi üzvündən biridir. Onun hər
hansı qərara veto qoymaq, konkret təşəbbüslərlə
çıxış etmək hüququ vardır. Azərbaycanla Çin arasında geniş strateji tərəfdaşlığın
yaranması hər iki ölkə üçün BMT çərçivəsində
uğurlu fəaliyyət göstərmək şansını
artıracaq. Xüsusilə Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı qəbul
edilmiş 4 qətnamənin yerinə yetirilməsinə Pekin təkan
verə bilər.
Məsələnin bu cür qoyuluşu Novruz Məmmədovun
səfərin tarixiliyi ilə bağlı yuxarıda
vurğuladığımız tezisinin işığında
daha dolğun görünür. Çünki ortada iki
dövlətin müxtəlif sahələr üzrə real əməkdaşlıq
imkanları vardır. Müasir
dünyanın geosiyasi mənzərəsini və Qərbin
enerji xəritəsini dəyişə biləcək nəhəng
layihələrdə Azərbaycan və Çin ciddi rol
oynayırlar. İpək Yolu İqtisadi Kəməri
və yeni enerji layihələri bu xüsusda daha çox
önəm verilməli olan amillərdir.
Burada Mərkəzi Asiya ölkələrinin də prosesə
dəstək verdiyini ayrıca qeyd etmək gərəkdir. Hazırda Qazaxıstan,
Türkmənistan, Tacikistan, Özbəkistan və
Qırğızıstan Çinlə müxtəlif sahələrdə
sıx əməkdaşlıq layihələri üzərində
işləyirlər. Bu sırada həmin region
dövlətlərinin Pekinlə birgə enerji layihələrini
reallaşdırması və sərmayə qoyuluşunu
artırması diqqəti çəkir. Belə
çıxır ki, Azərbaycanla Çin arasında əməkdaşlığın
bir neçə “aralıq məntəqələri” vardır
ki, onların da strateji və geosiyasi əhəmiyyəti
danılmazdır.
Bunlar təsdiqləyir ki, iki ölkə arasındakı
əlaqələrə sadə hal kimi baxmaq düzgün deyil. Söhbət
strateji mənalı böyük əlaqələr sisteminin
iki mühüm tərkib hissəsindən gedir. Əhməd Davudoğlunun “Azərbaycan regionun
parlayan ulduzudur” tezisinin məna çalarlarından biri də
məhz bundan ibarətdir. Deməli,
Çin BMT çərçivəsində Azərbaycana dəstək
verə bilər və bu həm də onun maraqlarına
uyğundur.
Maraqlıdır ki, Bakı ilə Pekin arasında əlaqələrin
strateji aspekti yuxarıda vurğulanan məqamlarla məhdudlaşmır. Si Cinpinin də
xüsusi qeyd etdiyi humanitar və mədəni sahələrdə
əməkdaşlıq perspektivlərinin yüksək
olması faktı ayrıca təhlil tələb edən
mövzudur. Məsələnin iki tərəfini
göstərmək olar. Birinci tərəf
həmin sahələrdə əlaqələrin dərin tarixi
köklərinin olması ilə bağlıdır.
Çinin
Renmin Universitetinin rektoru Lyu Vey Azərbaycan Prezidentinə tarix
üzrə fəxri professor diplomunu təqdimetmə mərasimində
çıxışı zamanı bu bağlılıqda
deyib: “Çin və Azərbaycan qədim tarixə, parlaq
sivilizasiyaya malik olan ölkələrdir. Azərbaycan
Avrasiyanın ürəyində yerləşir. Bu ölkə Şərq və Qərb mədəniyyətlərinin
birləşməsinə şahidlik edir, habelə müxtəlif
xalqların, dinlərin və mədəniyyətlərin
bir-biri ilə kəsişdiyi məkandır.
Xalqlarımız arasındakı uzunmüddətli dostluq əlaqələri
iki min il əvvələ - qədim İpək
Yolunun başlanğıcına qədər uzanır. İpək Yolu və onun üzərindəki şəhərlər
müntəzəm inkişaf edirdi. Bu qədim
şəhərlərdən biri olan Bakı İpək Yolunun
incisi kimi dünyada məşhurlaşmışdı. İpək Yolu vasitəsilə Çinin gözəl
ipəyi Azərbaycana, Azərbaycanın nadir xalçaları
və daş duzu isə Çinə gətirilirdi”.
İkinci tərəf isə Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqda fəal iştirakı, onun sözün həqiqi mənasında, multikulturalizm məkanı olması ilə əlaqəlidir. Təbii ki, Pekin belə bir ölkə ilə humanitar sahədə əməkdaşlığın yalnız səmərəli olacağını qəbul edir. Əsas isə odur ki, Azərbaycanın xarici siyasətində bu məqam ciddi yer tutur. Müasir geosiyasi nəzəriyyə terminologiyası ilə deyilsə, rəsmi Bakı “ağıllı güc” strategiyasını həyata keçirir. Məlumdur ki, Çin də daha çox “müdrik güc” deyilən strategiyanı reallaşdırır. Beləliklə, hər iki ölkə “ağıllı güc” aspektində perspektivli tərəfdaş olmaq şansına malikdirlər. Bunun nə dərəcədə əhəmiyyətli olduğunu qeyd etməyə ehtiyac yoxdur.
Yuxarıda aparılan təhlil Azərbaycan Prezidentinin Çin səfərinin zəngin strateji və tarixi aspektlərinin olduğunu təsdiqləyir. İki ölkə rəhbərliyinin qarşılıqlı səmimi əməkdaşlığı inkişaf etdirməsindən bütövlükdə dünyanın faydalana biləcəyinə şübhə yoxdur. Bunun məhz belə olacağına inanırıq.
Xalq qəzeti.- 2015.- 20 dekabr.- S.3.