Rəşid Behbudov Azərbaycanın
əbədi qürurudur
Dekabrın 20-də
İsrailin Netaniya
şəhərində Azərbaycanın böyük
müğənnisi, SSRİ Xalq artisti Rəşid Behbudovun
anadan olmasının 100 illiyinə həsr
edilən təntənəli tədbir böyük
müvəffəqiyyətlə keçib.
Tədbirin təşkilatçıları bu
böyük müğənninin təntənəli
gecəsinə bu qədər israilli - Rəşid Behbudov
istedadının pərəstişkarları axışıb
gələcəyini gözləmirdilər.
Gələnlərin sayı o qədər çox olub ki, təcili tədbirlər görmək lazım gəlib və yerindəcə 250 nəfərlik zalı Netaniya Mədəniyyət Mərkəzindəki 500 nəfərlik zal ilə əvəz etmək qərara alınıb.
Təntənəli mərasimlə əlaqədar Rəşid Behbudovun ailəsi - qızı, Azərbaycanın Əməkdar artisti Rəşidə Behbudova, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev və böyük müğənninin nəvəsi - Rəşid Behbudov, habelə Behbudovlar ailəsinin dostu Atəş Rzayev Azərbaycanın İsraildə keçirilən bu böyük bayramında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, “Odlar Yurdu” İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri Səadət Şükürova tədbiri açaraq deyib: “Rəşid Behbudov Azərbaycanın qürurudur. O, İtaliya, Bolqarıstan, Macarıstan, Hindistan, Çin, Suriya, Türkiyə, Misir, İordaniya, İran, İraq, Polşa, Finlandiya və Latın Amerikası ölkələrinə qastrollarında tamaşaçıların və pərəstişkarların məhəbbətini qazanıb. Müğənni bütün ölkələrdə konsertlərini “Azərbaycan” mahnısı ilə başlayır və bu mahnı ilə də qurtarırdı”.
“Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, israilli ekspert Arye Qut vurğulayıb ki, xeyirxahlıq, həyat eşqi və eyni zamanda özünə qarşı olduqca böyük tələbkarlıq bu böyük ustadın özəl keyfiyyətləri olub. O deyib: “Bu gün böyük artistin, müğənninin, xalqının vətənpərvər oğlunun ruhu İsraildə, bu zalda bizimlədir. Onun Azərbaycan mədəniyyətinin tarixinə qızıl hərflərlə yazılmış yaradıcılığı bütün dünya üçün ifaçılıq məharətinin nümunəsidir. Rəşid Behbudovun ecazkar səsinin tayı-bərabəri yoxdur”.
Sənətkarın qızı Rəşidə Behbudova çıxış edərək bildirib ki, o, bu gün atasının arzusunu həyata keçirib - bu gün Rəşidin ruhu İsrail dövlətindədir və böyük müğənniyə həsr edilən bu böyük Azərbaycan bayramında iştirak etmək və israilli pərəstişkarlar qarşısında çıxış etmək onun üçün böyük şərəfdir. O deyib: “Atam sinədolusu yaşadı. Yaşadığı kimi - sevgi dolu ürək və geniş qəlbi ilə oxudu. İnsanlara olan sevgisindən nəfəs aldı. Azərbaycan dövləti və xalqı atamı ürəkdən sevir və qiymətləndirir. O, mahnılarımızı, romanslarımızı, xalq mahnılarımızı, dünya ölkələrinin gözəl melodiya və mahnılarını sevə-sevə oxuyub. Atamın çoxlu yəhudi dostları olub. Təmiz, səmimi insanların onun xatirəsini yad etmələri və ailəsinə hörmətlə yanaşmaları mənim üçün çox qiymətlidir! Bu, böyük şərəfdir və yəhudi xalqı tərəfindən Rəşid Behbudova böyük hörmətdir”.
Akko şəhərində Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Şirin Nexamiya Mixaeli Rəşid Behbudovun ailəsini salamlayıb, O, “Odlar Yurdi” teatr truppasının tədbiri böyük peşəkarlıqla təşkil etməsindən qürur duyduğunu deyib. Sonra Şirin Nexamiya Mixaeli Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, “STMEGI” Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayevin məktubunu oxuyub.
Məktubda yazılıb: “Böyük Rəşid Behbudov Azərbaycan xalqının əsl qüruru olub və olmaqda qalır. Əslən Azərbaycandan olan bir yəhudi kimi, mən və həmyaşıdlarım Rəşid Behbudovun mahnıları ilə böyümüşük. Fəxr edirəm ki, böyük Rəşidin canlı ifasını eşitmişəm. O, geniş qəlbli insan idi. Təəssüf ki, şöhrətin zirvəsində ikən bizi qəflətən və gözlənilmədən tərk etdi, lakin onu sevənlərin qəlbində əsl vətənpərvər kimi qaldı”.
Azərbaycanın Xalq yazıçısı Çingiz Hüseynov tədbirdə çıxış edərək böyük müğənni ilə şəxsi görüşlərini xatırlayıb. O deyib: “Mən artıq 60-cı illərdən Moskvada yaşayırdın və Rəşidlə tez-tez görüşürdüm. O, Azərbaycanı dünyada səsi və istedadı ilə tərənnüm edən insanların sırasında xüsusi və əvəzsiz yer tutur. Məhz Moskvada yaşayanda dərk etdim ki, bu sehrli, cazibədar səs təkcə sahibinə deyil, bütövlükdə Azərbaycan xalqına şöhrət gətirəcək. Məhz Rəşid Behbudovun səsi sayəsində dünya Azərbaycan mədəniyyətinin və incəsənətinin nə olduğunu bilib”.
Behbudovlar ailəsinin dostu Mixail Aqaronov tədbirdə çıxış edərək ötən illəri xatırlayıb. O deyib: “Böyük müğənni Rəşid Behbudov Azərbaycan incəsənətində dərin iz qoyub. O təvazökar insan idi, doğma diyarını hərarətlə sevən vətənpərvər idi. Rəşid Behbudov hər zaman ölkəsinin, doğma Vətəninin hüququnu müdafiə edib”.
“Odlar yurdu” teatr truppası “Arşın mal alan”, “Bəxtiyar” filmlərindən hazırladığı səhnəcikləri böyük məharətlə təqdim edib. Tədbirdə, həmçinin Rəşid Behbudovun mahnı-klipləri nümayiş etdirilib. Əslən Azərbaycandan olan israilli müğənnilər Araz Mirzəyev, Tomer Əliyev və Manuel İsakov Rəşid Behbudovun repertuarından mahnılar səsləndiriblər.
Sonra Rəşid Behbudov Fondu “Odlar Yurdu” İsrail-Azərbaycan truppasına Azərbaycan incəsənətinin və mədəniyyətinin İsraildə təbliğinə, Azərbaycanın görkəmli müğənnisi, Xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunan təntənəli tədbirin təşkilinə və keçirilməsinə verdiyi töhfəyə görə fəxri fərman təqdim edilib.
Tədbirin son akkordları Rəşidə Behbudovanın ifasında atasının repertuarından “Xəyal” və “Azərbaycan - Vətənim mənim”, habelə unudulmaz Müslüm Maqomayevin repertuarından “Elegiya” əsəri olub. Bütün bu mahnıları israilli tamaşaçılar Netaniya Mədəniyyət mərkəzinin böyük zalında ayaq üstə alqışlayıblar.
Xalq qəzeti.- 2015.- 22
dekabr.- S.12.