Azərbaycan enerji və nəqliyyat dəhlizlərinin
inkişaf etdirilməsində
mühüm uğurlara imza atmışdır
Neft sektorundan
sonra nəqliyyat ölkə üçün ən
mühüm sahədir və burada inkişaf perspektivləri
çox gözəldir. Biz bütün imkanlarımızdan
istifadə edərək nəqliyyat sektorunu daha sürətlə
inkişaf etdirəcəyik. Azərbaycan Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin
həyata keçirilməsində fəal rol oynayır. Gələcəkdə tranzit ölkə kimi bizim bölgədəki
və dünyadakı mövqelərimiz daha da güclənəcəkdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Coğrafi
baxımdan Qərb ilə Şərqin kəsişməsində
yerləşən Azərbaycan dövləti milli maraqların
təmin edilməsində müəyyənləşdirdiyi hədəflərə
çatmaq üçün xarici siyasətin düzgün
seçilməsi strateji əhəmiyyət kəsb edir. Kifayət
qədər mürəkkəb, eyni zamanda, strateji əhəmiyyətli
bölgədə yerləşməsinə baxmayaraq, Azərbaycan
bölgədə maraqları olan bütün dövlətlərlə,
habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq
münasibətlərini qoruyub saxlamağa və inkişaf
etdirməyə imkan vermiş xarici siyasət yürütməyə
nail olmuşdur. Xarici siyasətinin prioritetləri
sırasında ölkə iqtisadiyyatının müxtəlif
sahələrinin tərəqqisinin sürətləndirilməsi
və iştirakçısı olduğu Avrasiya enerji və nəqliyyat
dəhlizlərinin inkişaf etdirilməsi də Azərbaycanın
son illər iqtisadiyyatın şaxələndirilməsi istiqamətində
də uğurlara nail olmaq məqsədilə fəal siyasət
həyata keçirir.
Azərbaycanın düzgün xarici siyasətinin Avropa və Asiya qitələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat infrastrukturunun və yeni enerji layihələrinin təməlinin qoyulmasında və həyata keçirilməsində böyük rol oynadığı heç kimə sirr deyil. Burada Qərb-Şərq enerji dialoqunda mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini nümunə göstərmək olar. Rəsmi Bakının Qərb tərəfdaşları ilə birlikdə həyata keçirdiyi fəal xarici siyasət nəticəsində bu gün adıçəkilən enerji layihələri uğurla fəaliyyət göstərir və Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ölkənin iqtisadi inkişafına da öz müsbət təsirini göstərir. Bu iki layihədən sonra Azərbaycan strateji müttəfiqləri olan Türkiyə və Gürcüstan ilə birlikdə Avrasiya bölgəsində daha bir əhəmiyyətli layihəni – Trans-Anadolu qaz boru kəmərinin(TANAP) inşasını reallaşdırır. Xatırladaq ki, Azərbaycanın və Türkiyənin birgə səylərinin məhsulu olan bu layihə üzrə saziş 2012-ci ildə İstanbulda imzalanmışdır. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq.
İlk dövrdə TANAP kəməri ilə nəql
olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard
kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə
satılacaq. Avropa üçün nəzərdə tutulan qaz
Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan
sərhədində təhvil veriləcək. Mütəxəssislər
“Cənub” qaz dəhlizi kimi layihənin TANAP vasitəsilə
reallaşmasının Azərbaycanın milli maraqlarına
uyğun olduğunu bildirirlər. Bu enerji dəhlizi Avropa
üçün böyük strateji əhəmiyyətə
malikdir və hazırda Avropanı yeni marşrutlar, yeni qaz mənbələri
ilə təmin edəcək yeganə layihədir. Avropa
Komissiyasının və Avropa İttifaqının
böyük diqqət yetirdiyi layihə “Köhnə
dünya”nın enerji təhlükəsizliyinə töhfə
verəcək əsas strateji təşəbbüs kimi qiymətləndirilir.
Belə bir layihənin reallaşmasında fəal siyasət
yürüdən Prezident İlham Əliyev
düşünür ki, “Cənub” qaz dəhlizi yeni əməkdaşlıq
əlaqələrinin formalaşmasına şərait
yaradacaq: “Cənub” qaz dəhlizinin əhəmiyyəti, eyni
zamanda, ondan ibarətdir ki, bu gün bizim regionumuzda - Avrasiyada
yeni bir əməkdaşlıq formatı yaranır. Biz ilk mərhələdə
üçtərəfli formatı yaratdıq - Türkiyə-Gürcüstan-Azərbaycan
enerji, nəqliyyat, siyasi, iqtisadi, strateji tərəfdaşlıq
formatı. Bu gün bu,
real bir regional amil kimi özünü göstərir. Amma bu
gün biz bu formatı genişləndiririk. Digər ölkələr
bizim işlərimizə qoşulur - Yunanıstan,
Bolqarıstan, Albaniya, İtaliya. Balkan ölkələri gələcəkdə
Azərbaycan qazını ala biləcəklər".
Türkiyənin Qars vilayətində TANAP-ın təməlinin
qoyulması münasibətilə keçirilən təntənəli
mərasimdəki çıxışında “Cənub” qaz dəhlizinin
ötürmə qabiliyyətinin kifayət qədər
böyük olduğunu vurğulayan ölkə
başçısı əlavə etmişdir ki, belə layihənin
fəaliyyətə başlaması Avrasiyada çox ciddi və
yeni əməkdaşlıq formatı yaradır və bunun həm
siyasi və həm iqtisadi təsiri çox böyük
olacaqdır. Prezident İlham Əliyevin layihədə
iştirak edən ölkələrin fərqli tarixə və
mədəniyyətə malik olmalarına baxmayaraq, onları
birləşdirən amilin mahiyyətində xoş niyyətin
dayandığını deməsi və layihənin hər bir
iştirakçı ölkəyə iqtisadi mənfəət
gətirəcəyini vurğulaması xarici siyasətimizin əsas
prinsiplərindən birini təşkil edən
qarşılıqlı hörmətə və etimada əsaslanan
kursun uğurla davam etdirilməsinin bariz nümunəsi kimi
göstərmək mümkündür.
Azərbaycanın
nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə
inteqrasiyasının sürətləndirilməsi ölkədə
daha effektiv nəqliyyat sisteminin yaradılmasının,
irimiqyaslı regional layihələrin həyata keçirilməsinin
vacibliyini ön plana çəkir. Bu istiqamətdə son iki
il ərzində aparılmış intensiv
danışıqların və keçirilən
görüşlərin nəticəsi olaraq, regionda çox
böyük və tarixi, eyni zamanda, strateji əhəmiyyət
kəsb edən Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti
layihəsini göstərmək olar. Bakı-Tbilisi-Qars dəmir
yolu xətti üzrə beynəlxalq layihənin həyata
keçirilməsi və Bosfor boğazında dəmir yolu
tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu
şəbəkələrinin birləşdirilməsini,
yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan,
Gürcüstan və Türkiyə ərazilərindən
keçməklə Avropa və Asiyaya
çıxarılmasını təmin etməklə
yanaşı, region ölkələrin tranzit
potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin
sürətlənməsinə və Azərbaycanın
dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə,
habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin
genişlənməsinə xidmət edəcəkdir. Bu layihənin
həyata keçirilməsi iqtisadi səmərəlilik,
sürət və vaxt tezliyi, təhlükəsizlik və
etibarlılıq baxımından böyük əhəmiyyət
kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə
məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsinin
hər iki istiqamətdə intermodal və konteyner
daşımalarının həcmini artacağı gözlənilir.
Mütəxəssislər əmindirlər ki,
Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu gün özündə
bütöv bir brendi formalaşdırır və Avrasiya
bölgəsinin yükdaşımaları sistemində
böyük müsbət dəyişikliklərə gətirib
çıxaracaqdır.
Bundan
başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Mərkəzi
Asiyanın Xəzər üzərindən Türkiyəyə
bağlanmasını, Avropa-Mərkəzi Asiya arasında daha
qısa, daha təhlükəsiz və ətraf mühitə
daha həssas bir yol üzərindən daşımaları təmin
edəcək. Eyni zamanda, mövcud Şərq-Qərb
marşrutlarına alternativ yeni bir xətti də
formalaşacaq. Layihəyə Mərkəzi Asiya və Uzaq
Şərq ölkələrinin də maraq göstərməsi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
son dərəcə əhəmiyyətli olduğunu təsdiqləyir.
Türkmənistan, Qazaxıstan, Özbəkistanı və
Əfqanıstanın ardınca dəmir yolu ilə yüklərinin
daşınmasında Tacikistan da maraqlı olduğunu
açıqlamışdır. Azərbaycanın tranzit
imkanlarından yararlanmağa çalışan dövlətlər
Bakı şəhərinin iri nəqliyyat limanlarının
mövcud olmasını qabardır və bunu Qərb-Şərq
nəqliyyat sistemində əlaqələrin intensivləməsində
müsbət rol oynayan mühüm amil kimi qeyd edirlər. Bu
baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam fəaliyyətə
başlaması bir çox ölkələrə yüklərini
daha tez və komfortlu şəkildə daşımalarına
imkan verəcək. Göründüyü kimi, Azərbaycan
dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasət
nəticəsində bu gün respublikamız dövlətlərarası
iqtisadi münasibətlərə müsbət təsir
göstərən layihələrin təşəbbüskarı
olmaqla yanaşı, həm də həmin layihələrin həyata
keçməsində çox yaxından iştirak edir.
Zəngin
karbohidrogen ehtiyatlarına baxmayaraq, nəqliyyat sahəsinin
inkişafı Azərbaycan dövlətinin iqtisadiyyatın
şaxələndirilməsi istiqamətində
yürütdüyü siyasətin tələblərinə
cavab verir. Prezident İlham Əliyevin dediyi kimi, nəqliyyat
sektoru Azərbaycanın gələcək inkişafı
üçün çox mühüm əhəmiyyət kəsb
edir. Ölkə başçısının Nazirlər
Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasındakı
çıxışında dünyada böhran
yaşandığını vurğulamış və əlavə
etmişdi ki, bu gün Asiya və Avropa regionlarında iqtisadi fəallıq
böyük dərəcədə aşağı
düşmüşdür. Asiyanın Avropa ilə Azərbaycan
ərazisi vasitəsilə ticarət etdiyini vurğulayan
ölkə başçısı xüsusilə
vurğulamışdı ki, Azərbaycanda
nəqliyyat, logistika mərkəzinin yaradılması istiqamətində
çox işlər görülmüşdür və buna
böyük dərəcədə nail olunmuşdur. Yeni gəmilər,
bərələr, tankerlər, yük gəmiləri, yeni
yük təyyarələri alınmışdır. Azərbaycanda
bir neçə beynəlxalq aeroport tikilmişdir. Dövlət
başçısı dəmir yolunun inkişafı ilə
bağlı tədbirlər görüldüyünü deməklə
yanaşı, əlavə etmişdi ki, Şimal-Cənub və
Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın
ərazisindən keçməlidir. Şimal-Cənub dəhlizinin
Azərbaycana çox böyük iqtisadi mənfəət gətirəcəyini
də bildirən Prezident İlham Əliyev həm də bunu
vurğulamışdı ki, Azərbaycandan keçən bu
yol milyonlarla əlavə yükün ərazimizdən
daşınması deməkdir. Bunun da həm siyasi, həm iqtisadi
gəlirlər gətirəcəyi şübhə
doğurmur.
Bir
sözlə, xarici siyasətimizdə enerji və nəqliyyat dəhlizlərinin
yaradılması və inkişafı Azərbaycana olan
inamın və bunun nəticəsində qazandığı
beynəlxalq nüfuzun artması baxımından da olduqca əhəmiyyətlidir.
Buna görə də, regionda sistemli və çoxvektorlu
xarici siyasət kursunu həyata keçirən nümunəvi
dövlət halına gəlmiş Azərbaycanın strateji əhəmiyyətli
dəhlizlərin işlək vəziyyətə gətirilməsində
oynadığı mühüm rolu bundan sonra da davam etdirəcəyi
gözlənilir.
Səbuhi MƏMMƏDOV
Xalq qəzeti.- 2015.- 23 dekabr.- S.8.