Görkəmli alim, sevimli
müəllim, vətənsevər
ziyalı
Səmərəli elmi-pedaqoji fəaliyyətini
böyük bir həvəslə davam etdirən akademik Tofiq
Hacıyevin qəflətən dünyasını dəyişməsi
elmimiz və ölkə ictimaiyyəti üçün
ağır itki oldu. Tofiq müəllimin görkəmli
dilçi alim və böyük müəllim olduğunu
göstərmək üçün onun tutduğu vəzifələri,
daşıdığı elmi adları, kitablarını və
məqalələrini sadalamağa ehtiyac yoxdur. Bunlarsız da
o, ölkəmizdə və onun hüdudlarından kənarda
kifayət qədər yaxşı tanınırdı.
Çağdaş Azərbaycan filologiyasında “Tofiq müəllim” deyərkən söhbətin məhz akademik Tofiq Hacıyevdən getdiyi, demək olar ki, hamıya aydın olurdu. Elm və təhsil sahəsində çalışan tələbələrinin onunla əlaqədar olaraq işlətdikləri “Tofiq müəllim” müraciətində “müəllim” sözü həm öyrədən, həm də ustad mənalarını ifadə edirdi. Tofiq müəllim türk ümumtürk filologiyasında “müəllimlərin müəllimi” sayılırdı. Əlbəttə, aydındır ki, hər bir alim və müəllim ümumi nüfuzu ilə yanaşı, özünəməxsus keyfiyyətləri ilə də seçilir. Tofiq müəllim bu mənada klassik alim, klassik müəllim idi.
Bir alim kimi Tofiq Hacıyevi fərqləndirən cəhət əsərlərinin elmi dəyəri ilə, irəli sürdüyü fikir və mülahizələrdəki novatorluq ilə bağlıdır. O, elmi yeniliyi görən, ona xüsusi dəyər verən bir alim idi. Dilçi akademikin elmi fəaliyyətinin əsas istiqamətini Azərbaycan ədəbi dilinin təşəkkülü və inkişafı probleminin öyrənilməsi idi. Görkəmli dilçi bu sahədəki tədqiqatlarda Azərbaycan ədəbi dilinin inkişaf dövrlərini və ayrı-ayrı mərhələlərini sistemli şəkildə araşdıraraq müasir ədəbi dilimizi qədim tarixi olan zəngin bir dil kimi səciyyələndirirdi. Tofiq Hacıyev ikicildlik “Azərbaycan ədəbi dilinin tarixi” əsəri təkcə tələbələrin deyil, müəllimlərin və filoloq alimlərin də stolüstü kitabıdır.
İstedadlı filoloq dilçilik elminə “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası ilə gəlmişdi. Sonralar tədqiqatını ədəbi dil tarixinin öyrənilməsi sahəsində davam etdirən Tofiq Hacıyev 1969-cu ildə – 33 yaşında ikən “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdi. Gənc elmlər doktorunun getdikcə artan elmi uğurları onun şəxsində dilçilik elminə istedadlı bir alimin gəldiyini göstərmişdi. Onun sonrakı elmi fəaliyyəti də bunu təsdiq etdi.
Tofiq Hacıyevin 1975-ci ildən başlayaraq bir-birinin ardınca nəşr olunmuş “Satira dili”, “Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü)”, XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili", “Yazıçı dili və ideya-bədii təhlil”, “Sabir: qaynaqlar və sələflər”, “Molla Nəsrəddinin dili və üslubu”, “Azərbaycan ədəbi dili tarixi (II hissə)”, “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz”, “Azərbaycan dili” (Z.Budaqova ilə birgə), “Füzuli: dil sənətkarlığı”, “Türklər üçün ortaq ünsiyyət dili” və s. kitabları, habelə çoxsaylı məqalələri filologiyamızı yeni fikir və mülahizələrlə zənginləşdirmişdir. Bu əsərlər silsiləsində dilimizin qədim tarixi xalqın tarixi ilə vəhdətdə araşdırılmışdır.
Tofiq Hacıyev ixtisasca dilşünas olsa da, onun yaradıcılığında ədəbiyyatşünaslıq məsələlərinin tədqiqi də müəyyən yer tuturdu. Alimin “Kitabi-Dədə Qorqud” dastanına, Mikayıl Baştunun “Şan qızı dastanı”na, XX əsrin əvvəllərində Azərbaycan realist ədəbiyyatına, Əli Kərimin poeziyasına və s. həsr olunmuş araşdırmaları filoloji təhlilin mükəmməlliyi ilə fərqlənirdi.
Alimin çoxillik davamlı araşdırmalarının yekunu olan “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990) kitabının təkcə dilçilik deyil, ədəbiyyatşünaslıq baxımından da önəmi ayrıca qeyd edilməlidir. Bu kitabda qədim və zəngin tarixi olan ədəbi-bədii dilimizin XX əsrin 30-cu illərindən başlanan yeni inkişaf mərhələsində ayrı-ayrı sənətkarların - şair və nasirlərin dildən istifadədəki özünəməxsusluğu dəqiqliklə müəyyənləşdirilmişdi. Tofiq müəllim ədəbiyyatımızın müxtəlif nəsillərini təmsil edən sənətkarlardan S.Vurğun, R.Rza, M.İbrahimov, M.Rahim, N.Rəfibəyli, İ.Əfəndiyev, İ.Hüseynov, H.Arif, İ.Şıxlı, S.Əhmədov, Anar, Elçin, Ə.Kərim, Y.Səmədoğlu, Teymur Elçin, F.Mehdi, M.Araz və başqalarının fikrin dəqiq və təsirli formada ifadəsi üçün yeni söz, təzə ifadə axtarışlarını, spesifik deyim tərzini konkret dil materialı əsasında araşdıraraq, bütünlükdə, yeni dövrdə bədii üslubdakı novatorluq meyillərini aşkara çıxarmağa nail olmuşdu.O, bədii dilin kamil bilicisi idi, alimin bədii dil duyumu çox güclü idi.
Tofiq Hacıyev ana dilimizin keşiyində duran, onun saflığını və gözəlliyini qoruyan vətənsevər alim idi. O, 1997-ci ildə Azərbaycan yazıçılarının X qurultayındakı çıxışında Bakı şəhərindəki reklamlarda və müxtəlif xarakterli yazılarda əcnəbi, yabançı təsirlərin artdığınıdilimizin taleyi ilə bağlı təhlükəli bir hal kimi diqqətə çatdırmış və bunun qarşısının alınmasının vacibliyini qeyd etmişdi. Yeri gəlmişkən, bu məsələ indi də aktualdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı çıxışında dilimizə xaricdən olan müdaxilələrin yolverilməz olduğunu göstərmişdir: “Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni, doğrudan da, çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur”.
Dilçi- pedaqoq kimi Tofiq Hacıyev yarım əsrdən artıq bir müddətdə ölkənin ali təhsil sistemində çalışmışdır. 1962-ci ildən Azərbaycan Pedaqoji Dillər İnstitutunda, 1968-ci ildən isə Bakı Dövlət Universitetində tələbələrə dərs demişdir. O, 1984-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin türkologiya kafedrasına rəhbərlik etmişdir. Mahir pedaqoq kimi tanınan Tofiq müəllim bir neçə nəslin müəllimi olmuş, yüksəkixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmişdir.
Görkəmli alim 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsində işləsə də, AMEA- nın həqiqi üzvü olsa da bir müəllim kimi dəyişmədi, tələbələri üçün yenə müəllim, ustad olaraq qaldı.
Akademik Tofiq Hacıyevin Azərbaycan dilçiliyinin inkişafında xidmətlərini və elmi-pedaqoji fəaliyyətini dövlətimiz yüksək qiymətləndirmişdir. O, Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, ölkəmizin ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Artıq bir neçə həftədir ki, yoxluğuna inanmaq istəmədiyimiz Tofiq müəllim aramızda yoxdur. Uzun illər onunla bir yerdə işləmiş həmkarları və tələbələri indi ancaq onunla təsəlli tapırlar ki, sevimli müəllimimizin və dostumuzun əziz xatirəsi unudulmayacaq, əsərləri isə Azərbaycanın elm tarixində daim yaşayacaqdır.
Elbrus ƏZİZOV,
Bakı Dövlət Universiteti
türkologiya kafedrasının professoru
Xalq qəzeti.- 2015.- 23 dekabr.- S.9.