Modernləşən Azərbaycan:

yeni yüksəliş mərhələsinin memarı

 

Tale bu ölkəyə Heydər Əliyev kimi böyük şəxsiyyət,  ulu öndər qismət edib. Onun xidmətlərini Azərbaycan xalqı heç zaman unutmayacaq. Həm də ona görə ki, ulu öndər bu millətə İlham Əliyev kimi lideri də bəxş edib. 12 ildir ölkəyə rəhbərlik edən İlham Əliyev dövlətçilik və xalqın rifahı üçün əhəmiyyətli olan bütün sahələrdə diqqətəlayiq uğurlara nail olub. İndi faktiki olaraq mütəxəssislər yeni məmləkətdən və yeni cəmiyyətdən bəhs edirlər. Nəzərə almaq lazımdır ki, dünya miqyasında çox ziddiyyətli və təhdidlərlə dolu proseslərin cərəyan etdiyi mürəkkəb bir dövrdə müsəlman ölkəsini regional liderə çevirmək, beynəlxalq təşkilatlarda böyük nüfuz qazanmaq, BMT kimi təşkilatda yüksək pilləyə qalxmaq, sosial-iqtisadi sahədə ciddi uğurlar əldə etmək asan məsələ deyil. Bunlardan əlavə, sivilizasiyaların və mədəniyyətlərin dialoqu sahəsində əhəmiyyətli təşəbbüslərlə çıxış edib, nəhəng layihələri həyata keçirmək siyasi iradə və yüksək peşəkarlıq tələb edir. Azərbaycan cəmiyyəti üçün ənənəvi olan multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırıb, konkret proqramlarla ona müasir məzmun verən İlham Əliyevin bu addımlarını dünyanın bir sıra tanınmış şəxsiyyətləri nümunə olaraq göstərirlər. Bunlar Azərbaycan dövlətçiliyi üçün tarixi məqamlardır!

 

Siyasətdə varislik:

Azərbaycan xalqının

uğurlu seçimi

 

Müasir dünya reallığında hər bir dövlətin inkişafı və ya tənəzzülü birbaşa rəhbərin idarəçilik qabiliyyətindən asılıdır. Əslində, tarixin bütün dönəmlərində belə olub. Lakin indi siyasi iradə, çevik diplomatiya, liderin strateji təfəkkürü ayrılmaz vəhdət təşkil etməlidir. Təsadüfi deyil ki, məhz rəhbərin bu xüsusiyyətlərinə görə ən kasıb ölkəni belə inkişaf etdirmək mümkün olur və ya bütün imkanlara baxmayaraq, hansısa dövlət kənar qüvvələrdən asılı vəziyyətə düşür. Yaxın keçmişin dünya təcrübəsi bunu dəfələrlə sübut edib.

Azərbaycanın son 12 ildə keçdiyi yola nəzər saldıqda, Prezident İlham Əliyevin ölkəni davamlı və dönməz inkişaf xəttinə çıxardığını görmək mümkündür. İndi Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Keçən əsrin 90-cı illərinin əvvəllərində isə ekspertlər ölkəmizin perspektivi haqqında heç də nikbin proqnozlar vermirdilər. 1993-cü ilin yayında ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra yüksəlişin əsası qoyuldu.

Bütün sahələrdə islahatlara başlayan ümummilli lider qısa zamanda ölkəni sabitliyə qovuşdurdu, onun iqtisadi inkişaf modelini dəqiqləşdirdi. 2003-cü ildə dövlət başçısı seçilən İlham Əliyev isə bu prosesi uğurla davam etdirməyə başladı. İndi keçilən həmin yola baxdıqda, nəzəri və praktiki əhəmiyyətli çoxlu sayda məqamlara rast gələ bilərik.

Əvvəlcə onu deyək ki, Azərbaycan son 12 ildə həyatın bütün sahələrində tərəqqiyə nail olub. O, hazırda dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir. Dünya miqyasında ümumi böhranın davam etdiyini nəzərə alsaq, bunun strateji əhəmiyyətini daha aydın dərk edərik. Prezident həyata keçirdiyi islahatları elmi əsaslarla, bu günün tələblərini nəzərə almaqla və peşəkarlıqla işləyib hazırlayıb. Bunu görmək üçün bəzi rəqəmlərə nəzər salmaq yetərlidir.

 

İnsan faktoru:

İlham Əliyevin strateji

hədəflərindən biri

 

2014-cü ildə Azərbaycanın dövlət büdcəsi Cənubi Qafqazın ümumi büdcəsinin 76 faizini təşkil edib. Həmin ilin 10 ayı ərzində ümumi daxili məhsul 2,8 faiz artıb. Qeyri-neft sektorunda artım isə 6,6 faiz təşkil edib. Keçən ildə ölkədə işsizliyin səviyyəsi 5 faizə düşüb, əhalinin gəlirləri isə 4,7 faiz artıb. Bütövlükdə sənaye istehsalı 2,7 dəfədən çox artıb.

Bu proses yeni istehsal sahələrinin yaradılması və diversifikasiya prosesinin davamlı aparılması fonunda baş verib. Başqa sözlə, ölkədə sənayenin inkişafında ənənəvi sahələrlə yanaşı, yeni yaradılan və müasir avadanlıqlarla təchiz edilən obyektlər ciddi rol oynayıb. 2014-cü ildə 200-dək yeni sənaye müəssisəsi açılıb! Bu, Azərbaycanda sosial-iqtisadi islahatların düşünülmüş və əsaslandırılmış qaydada aparıldığını göstərir.

Azərbaycana sərmayə qoyuluşu da sürətlə artır. Hər il ölkə iqtisadiyyatına milyardlarla dollar yatırımlar edilir. İldən-ilə Azərbaycana xarici sərmayəçilərin marağı artır. İş adamları ölkədə yaradılmış əlverişli şəraitdən istifadə edərək, daha geniş şəkildə fəaliyyət göstərirlər. Prezident İlham Əliyev bu istiqamətdə işlərin yeni səviyyəyə qaldırılacağını bildirib. Korrupsiyaya qarşı aparılan güzəştsiz mübarizə dövlət başçısının verdiyi vədə ciddi əməl etdiyini təsdiqləyir. Ekspertlər hesab edirlər ki, Azərbaycanda həyata keçirilən bu işlər bundan sonra da davam etdiriləcək. Bütün bunlar dövlət başçısının ölkənin müasir tələblər səviyyəsində inkişafına sistemli yanaşması sayəsində baş tutub. Prezident İlham Əliyev elm, təhsil, mədəniyyət, idman və səhiyyədə islahatların aparılması və yeni inkişaf səviyyəsinə yüksəlməsi üçün səmərəli proqramlar həyata keçirməyə nail olub. Bu prosesin təməlində isə Prezidentin geniş fəlsəfi məna daşıyan “”qara qızıl"ın insan kapitalına çevrilməsi" təşəbbüsü durur. Faktiki olaraq, bu tezislə bütövlükdə idarəetmə fəlsəfəsi yeniləşmiş olur. Konkret deyilsə, bütün dəyərlərin əsasına insan amili qoyulur ki, bu da müasir dünyada olduqca böyük əhəmiyyət kəsb edir.

İlham Əliyev bu istiqamətdə ciddi addımlar atır. Artıq Azərbaycan insan faktoruna strateji əhəmiyyət verən sosial rifah dövləti kimi tanınır. Bu kontekstdə dövlət başçısının intellektual potensialın yüksəldilməsinə verdiyi önəmi ayrıca vurğulamaq lazımdır. Azərbaycanın bütün bölgələrindəki məktəblər əsaslı təmir edilib, müasir təhsil avadanlıqları ilə təchiz olunub. Ali təhsil müəssisələrində tədrisin keyfiyyətini artırmaq üçün səmərəli tədbirlər həyata keçirilir. Gənclərin dünyanın tanınmış ali məktəblərində təhsil alması sahəsində böyük proqramlar reallaşdırılır.

Elm və təhsilin tərəqqisini müasir informasiya-kommunikasiya texnologiyaları və kosmik sənayenin inkişafı olmadan təsəvvür etmək çətindir. Son 12 ildə dövlət başçısı bu sahələrə də ciddi fikir verib. Müasir informasiya-kommunikasiya texnologiyalarının Azərbaycana gətirilməsi və tətbiqi istiqamətində konkret addımlar atılıb. Bununla bağlı Qərbin aparıcı şirkətlərinin rəhbərləri ilə şəxsən görüşən Prezident səmərəli əməkdaşlıq haqqında razılıq əldə edib.

İsveçrənin Davoş şəhərində keçirilən ənənəvi iqtisadi forumda, Uzaq Şərq ölkələrində təşkil olunmuş tədbirlərdə dövlət başçısı bu istiqamətdə real addımlar atıb. Çinə səfərində İlham Əliyev iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. Çin tərəfi də bu məsələdə Azərbaycan rəhbəri ilə həmrəy olduğunu bəyan edib. Şübhə yoxdur ki, həmin istiqamətdə əməkdaşlıq yeni səviyyəyə yüksələcək.

Azərbaycan kosmik sənaye sferasında uğurlu fəaliyyət göstərir. Artıq ölkəmizin bir neçə kosmik peyki orbitdədir. Keçən il “Azersky” müşahidə peyki “Azərkosmos” ASC-yə təhvil verilib. Mütəxəssislər bu peykin geniş tətbiq sahələri olduğunu, müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi və başqa istiqamətlərdə bu kosmik aparatdan istifadə olunacağını deyirlər.

Onu xüsusi qeyd etməyə ehtiyac vardır ki, Cənubi Qafqazın heç bir dövləti kosmik sənayedə bu cür irəliləyiş əldə edə bilməyib. Ermənistan isə, ümumiyyətlə, bu sahədə çox geridədir. Təbii ki, burada dövlət başçısının şəxsi keyfiyyətləri və siyasi səriştəsi haqqında yuxarıda vurğuladığımız məqamları xatırlamaq lazımdır. İlham Əliyev regionun aparıcı lideri kimi fəaliyyət göstərir.

Bütün bunlar insan faktoruna ölkədə verilən qiyməti ifadə edir. Bundan sonra da insan və onun intellekti dövlət başçısının ən çox önəm verdiyi məsələ olacaq. Bunu ölkə rəhbərinin islahatları daxili imkanlar hesabına inkişaf etdirmək haqqında ifadə etdiyi fikirlər də təsdiqləyir. Məlumdur ki, müstəqillik əldə etmiş ölkələrin modernləşməsində iki strategiya mövcuddur. Biri xarici yardıma əsaslanan yeniləşmədir. Bu, istənilən dövləti kənardan asılı hala salır. Digəri isə daxili imkanlar hesabına müasirləşmək, yeniləşmək və tərəqqiyə nail olmaqdır.

Hər bir dövlət ikinci yolla inkişaf etməyi arzu edərdi. Lakin bunu ağıllı və müasir tələblərə cavab verəcək şəkildə həyata keçirə bilən ölkə başçısı lazımdır. İlham Əliyev bu məqsədə ardıcıl, qətiyyətli siyasəti nəticəsində nail olub. O, həmin hədəfləri qarşısına qoyarkən, bir sıra adamlar şübhə ilə yanaşırdılar. Ancaq artıq Azərbaycan kosmosa peyk göndərən dövlətlərdən biridir. “Azerspace”-1 və “Azerspace”-2 peykləri kosmosa Azərbaycanın adını yazıb. Bu zəfərin müəllifi məhz Prezident İlham Əliyevdir.

Deməli, Azərbaycan son 12 ildə həm də kosmos ölkəsinə çevrilib. Bu, şübhəsiz ki, intellektual potensialın milli sərvətə çevrilməsi sahəsində çox ciddi bir addımdır. Ölkənin 2020-ci ilə qədər dövrü əhatə edən inkişaf strategiyasına nəzər saldıqda, insan kapitalına diqqətin daha da artırılacağını görmək çətin deyil. Bu, o deməkdir ki, Azərbaycanın inkişaf etmək və modernləşmək kursu dəyişməzdir. İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi müddətdə zamanın tələblərinə çevik reaksiya verə bilən və müstəqil demokratik dövlətçiliyin inkişafı üçün bütün imkanları yaradan kurs hazırlaya bilib. Etiraf edək ki, bu, tarixi uğurdur!

 

Xarici siyasət: üç faktorun

vəhdəti kontekstində

 

Həmin bağlılıqda xarici siyasət sahəsində görülən işləri xüsusi vurğulamaq gərəkdir. Müasir tarixi mərhələdə bu sfera olduqca böyük əhəmiyyət kəsb edir. Dövlətin beynəlxalq imicinin formalaşmasının onurğa sütununu məhz onun diplomatiyası, reallaşdırdığı xarici siyasətin məzmunu təşkil edir. Azərbaycan ötən 12 ildə həmin sahədə çoxvektorlu, əhatəli və perspektivləri proqnozlaşdırılan şəffaf bir xətt seçdiyini təsdiq edib. Məhz bu müddət ərzində başqaları üçün nümunə ola biləcək bir fəaliyyət modeli formalaşıb. Biz xarici siyasətdə enerji, iqtisadi və mədəni faktorların yeni nisbətinin müəyyənləşməsini nəzərdə tuturuq. Fikrimizi bir qədər geniş ifadə edək.

Məsələ ondan ibarətdir ki, Azərbaycan diplomatiyası dövlətlərarası münasibətlərin tənzimlənməsində və beynəlxalq təşkilatlar çərçivəsində kifayət qədər fəal mövqe nümayiş etdirib. Bu, Prezident İlham Əliyevin hücum taktikasına və önləyici tədbirlər strategiyasına üstünlük verməsi sayəsində reallaşıb. Ölkə rəhbəri informasiya savaşında hücum mövqeyi tutmaq barədə xüsusi tapşırıq verib. Bunun nəticəsində beynəlxalq miqyasda Azərbaycanın uğurları daha da artıb. Bu kimi addımların birbaşa nəticəsidir ki, Azərbaycan BMT TŞ-nin iki il müddətinə qeyri-daimi üzvü seçildi. İlham Əliyevin həmin tarixi hadisə ilə bağlı BMT-nin yüksək tribunasından etdiyi çıxışı yaddaşlardan silinməyib. Bunlar erməni diplomatiyasını və antiazərbaycan qüvvələri faktiki olaraq çaşqın vəziyyətə salıb. Həmin proses indi də davam edir.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə titanik səylər göstərir. Bu zaman Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutmasına baxmayaraq, sülh üçün əlindən gələni edir. Bu, bir reallıqdır ki, məhz Azərbaycan tərəfinin səbri, konstruktiv yanaşması və beynəlxalq hüquqa üstünlük verməsi sayəsində indi regionda sabitlik hökm sürür. Şübhəsiz, bu prosesdə dövlət başçısının ordunu gücləndirmək sahəsində atdığı cəsarətli addımları xüsusi vurğulamaq lazımdır. Azərbaycan ordusu son 12 ildə sürətli inkişaf yolu keçib. Əsgərlərin döyüş hazırlığı yüksəlib, ordunun texniki təchizatında inqilabi işlər görülüb.

Ermənistan tərəfindən atılan hər bir təxribatçı addıma layiqincə cavab verilib. Buna görədir ki, zaman-zaman işğalçılar fəallaşsa da, hərbi sahədə uğur qazana bilməyəcəklərinə tam əmin olublar. Son nəticədə, belə bir vəziyyət rəsmi İrəvanı danışıqlar masası arxasına oturmağa məcbur edir. Görünür ki, Azərbaycan rəhbərliyinin “sərt güc”lə “yumşaq güc”ün bir-birini tamamlamasını “ağıllı strategiya”ya çevirə bilməsi, düşməni ciddi narahat etməkdədir.

Azərbaycan diplomatiyası son 12 ildə dövlətlərarası əməkdaşlıq sahəsində də ciddi uğurlar əldə edib. İlham Əliyev regionun bütün böyük dövlət başçıları ilə səmərəli danışıqlar aparıb, qarşılıqlı faydalı sazişlər imzalanmasına nail olub. İndi Azərbaycanın təhlükəsizliyi üçün mümkün olan hər bir şey edilib. Ölkəmiz regionun ən sabit dövlətidir.

Bundan əlavə, Qərbin güclü dövlətləri ilə də əlaqələr inkişaf etdirilib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq yeni səviyyəyə qaldırılıb. ABŞ və Avropa İttifaqı ilə fəal surətdə təmaslar qurulub. Eyni zamanda, Şərq dövlətlərinə ölkə başçısı uğurlu səfərlər edib, strateji əhəmiyyətli sazişlər imzalayıb. Demək olar ki, bütün müsəlman ölkələri ilə əlaqələr qurulub və inkişaf edir. Azərbaycan həm də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvü kimi öz töhfəsini verməkdədir.

Son 12 ildə Azərbaycan beynəlxalq əməkdaşlığın üçtərəfli və dördtərəfli formalarına yeni məzmun verib. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan-Gürcüstan və digər əməkdaşlıq formatları reallaşmaqdadır. Əlaqələrin bu şəkildə qurulması həm siyasi sabitliyi təmin etməyə, həm iqtisadi əməkdaşlığı inkişaf etdirməyə, həm də təhlükəsizlik məsələlərini yeni səviyyədə nəzərdən keçirməyə imkanlar yaradır. Bütövlükdə isə regional əməkdaşlığın fərqli məzmun alması üçün yeni imkanlar açılır. Prezident İlham Əliyevin bu istiqamətdəki fəallığı təqdirəlayiqdir. .

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, diplomatiya sahəsində əldə edilən bu nailiyyətlər enerji siyasəti ilə tam uyğunluq təşkil edir. Keçən müddət ərzində bu istiqamətdə Prezident İlham Əliyev çox uğurlu addımlar atıb. Avropanın enerji xəritəsini dəyişəcək TANAP və TAP layihələrinin reallaşması üçün ölkəmiz səylərini əsirgəməyib.

Azərbaycan rəhbərinin siyasi iradəsi nəticəsində bu layihələrə hazırda Avropa özünün enerji təhlükəsizliyinin əsas təminatçısı kimi baxır. Buna paralel olaraq, enerji daşıyıcılarının nəqli sahəsində Azərbaycan ciddi işlər görür. Artıq Yeni İpək Yolu işləyir. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur. Yuxarıda sadalanan layihələr bütövlükdə regional inteqrasiyaya böyük mənada təkan verə biləcək işlərə məhz Azərbaycanın əsas töhfə verdiyini göstərir. Bu məqam təhlükəsizlik faktoru ilə regional əməkdaşlığın optimal nisbətinin müəyyənləşdirilməsi istiqamətində bölgədə əsas işləri Azərbaycanın gördüyünü sübut etməkdədir.

 

Dialoq və sülh yolunda:

multikulturalizm dövlət siyasəti kimi

 

Dövlət başçısı son 12 illik fəaliyyəti dövründə çox mühüm bir uğura da imza atıb. İlham Əliyev siyasi, iqtisadi, enerji təhlükəsizliyi məsələlərinə mədəniyyətin, tolerantlığın və multikulturalizmin nə dərəcədə töhfə verə biləcəyini konkret proqramları ilə sübut etməkdədir. “Bakı prosesi” adlanan, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun müasir nümunəvi modeli hesab olunan silsilə tədbirlər bu aspektdə ciddi əhəmiyyət kəsb edir.

Dünyanın tanınmış diplomatları, siyasətçiləri, elm və mədəniyyət xadimləri “Bakı prosesi”ndə bir araya gəlir, fikir mübadiləsi aparır və fərqli mədəniyyətlər arasında əlaqələrin inkişaf etdirilməsi perspektivlərini müzakirə edirlər. Bunun fonunda multikulturailzmin dövlət siyasətinin ayrılmaz bir parçası səviyyəsinə yüksəldilməsi tarixi bir hadisədir.

Çünki dünyanın demək olar ki, bütün regionlarında baş verən ixtilafların əsas səbəblərindən birinin fərqli din və mədəniyyətlərə dözülməz münasibətin olmasıdır ki, bu da bəşəriyyətin varlığını sual altına almaqdadır. Azərbaycan Cənubi Qafqazda yerləşən ölkə kimi bu anlamda qlobal tərəqqiyə və barışa töhfə verən dövlət obrazına malikdir. Bunun əhəmiyyətini gələcək nəsillər daha yaxşı dərk edəcəklər, lakin elə indi də dünyanın əksər siyasətçiləri, görkəmli elm və mədəniyyət xadimləri Azərbaycanı multikultural dəyərləri nümunəvi inkişaf etdirən ölkə olaraq qəbul edirlər. Bu kontekstdə dünya siyasəti üçün ciddi əhəmiyyət daşıyan bir özəlliyi vurğulamaq gərəkdir.

Hazırda mütəxəssislər “ağıllı güc” strategiyasının perspektivi haqqında müxtəlif təhlillər verirlər. Ancaq reallıqda hansı dövlətin bu kursa əməl etdiyi elə də aydın deyil. Böyük dövlətlər daha çox öz maraqlarını üstün tutan mövqe nümayiş etdirirlər. Orta səviyyəli ölkələr isə kifayət qədər fəallıq göstərə bilmirlər. Müstəqilliyini əldə etmiş dövlətlər sırasında yalnız Azərbaycan konkret layihələri ilə “ağıllı güc” strategiyasını həyata keçirir. Bu sırada yuxarıda vurğuladığımız mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşkilinə Bakının ciddi önəm verməsi ilə yanaşı, cəmiyyət daxilində multikultural dəyərlərin öz plana çəkilməsini də qeyd etmək lazımdır. Bundan başqa, Azərbaycan dünyanın müxtəlif ölkələrində (məsələn, Gürcüstanda, İtaliyada, Fransada) mənsubiyyətindən asılı olmayaraq dini abidələri bərpa edir. Postsovet məkanında ikinci belə bir nümunə yoxdur. Bu siyasi kursun memarı isə Prezident İlham Əliyevdir.

Təbii ki, Prezidentin 12 illik fəaliyyətinin bütün aspektlərini bir məqalədə əks etdirmək mümkün deyil. Lakin yuxarıda vurğulamağa çalışdığımız məqamlar da bu müddət ərzində Azərbaycanın dövlət olaraq keyfiyyətcə yeni bir səviyyəyə yüksəldiyini təsdiq edir. Faktiki olaraq, yeni bir cəmiyyət formalaşıb. Bu proses uğurla inkişaf etdirilir.

Onun təməlini ulu öndərimiz qoyub. Heydər Əliyevin həyata keçirdiyi böyük islahatların bəhrəsidir ki, indi Azərbaycan daha yüksək hədəfləri qarşısına qoya bilir. Çox əlamətdardır ki, ötən 12 ildə İlham Əliyev varisi olduğu siyasi kursu yüksək peşəkarlıq və qətiyyətlə inkişaf etdirib. Nəticədə, Azərbaycan yeni bir məmləkətə, qüdrətli dövlətə çevrilib. Öz daxilində multikultural dəyərləri təkmilləşdirən, regional səviyyədə sosial-mədəni və iqtisadi inteqrasiyanı təşviq edən, qlobal miqyasda mədəniyyətlərarası dialoqu və enerji təhlükəsizliyini konkret layihələri ilə dəstəkləyən, müasir, demokratik, müstəqil bir dövlətimiz var! Onu Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni qələbələr gözləyir!

 

Xalq qəzeti.- 2015.- 24 dekabr.- S.7.