Azərbaycanı tərəqqi və yeniləşmə

yolu ilə gələcəyə aparan lider

 

Görülən bütün işlər, bir daha demək istəyirəm ki, bir məqsədə yönəldilibdir – Azərbaycan bölgədə və dünyada öz mövqelərini möhkəmləndirsin, Azərbaycanda siyasi islahatlar daha da sürətlə getsin, Azərbaycanda istər siyasi, istərsə də iqtisadi, sosial həyatda bütün kriteriyalar dünyanın aparıcı ölkələrinin kriteriyalarına yaxınlaşsın. Bunu etmək üçün bizim həm niyyətimiz var, həm də proqramlarımız var. Beynəlxalq təşkilatlarla müxtəlif proqramlar var və biz bunları uğurla icra edirik.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Dünya dövlətlərinin minilliklərdən gələn tarixi təcrübəsi göstərir ki, hər bir xalqın gələcəyi əhəmiyyətli dərəcədə onun gerçək imkanlarını, zəruri  tələbatını düzgün qiymətləndirməyi bacaran, uzaqgörən, mükəmməl dövlətçilik konsepsiyası formalaşdıran və həyata keçirən xarizmatik liderlərinin adı ilə bağlıdır. Xüsusən, indiki mürəkkəb dövrdə cəmiyyətin yeni inkişaf meyillərini dərindən bilən, onları vaxtında nəzərə alan, xalqı qarşısına qoyduğu ideallara doğru apara bilən liderlər öz ölkələrini tarixin sınağından uğurla çıxarırlar. Belə liderlər xalqların indiki və gələcək yaşayış fəlsəfəsini formalaşdırırlar.

 

Dünyanın inkişafının mürəkkəb, ziddiyyətli və keşməkeşli müasir dövründə tale Azərbaycan xalqına çağdaş və müstəqil dövlətçilik fəlsəfəsini milli irs və təfəkkür bazası əsasında formalaşdırmış və reallaşdırmış ümummilli lider Heydər Əliyev dühasını və onun layiqli davamçısı olan qlobal düşüncəli, vətənsevər Prezident İlham Əliyev zəkasını bəxş etmişdir. Sovet epoxasından sonrakı ilk illərdə ölkəmizdə yaranmış siyasi böhran zamanı xalqın çağırışına səs verərək dövlət müstəqilliyinin qorunub saxlanılması və ölkənin sosial-iqtisadi inkisafının sürətləndirilməsi məsuliyyətini öz üzərinə götürmuş ulu öndər Heydər Əliyev qarşıda duran tarixi vəzifələri bütün aydınlığı və miqyası ilə dərk etmişdi. O, 1993-cü il oktyabr ayında ölkə Prezidenti kimi ilk dəfə and içərkən tam əminliklə bəyan etmişdi: “Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün istifadə etməkdən ibarətdir ”.

Dünya şöhrətli siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin müdrikliyi, beynəlxalq aləmdə gedən mürəkkəb prosesləri dərindən bilmək, Azərbaycan xalqının mənafeyi üçün onlardan məharətlə istifadə etmək qabiliyyəti doğma vətənimizi tarixin ağır sınaqlarından uğurla çıxardı, XXI əsrdə ölkəmizin dinamik inkişaf etməsi üçün möhkəm zəmin yaratdı. Böyük rəhbər 29 dekabr 2000- ci ildə yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində ölkə qarşısında duran strateji xətti belə müəyyən etmişdi: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq, ümdə vəzifələrimizə uyğun müvafiq proqramları həyata keçirməyə nail ola bilək”.

Ümummilli lider bu tarixi məramını müstəsna bir dahiyanəliklə gerçəkləşdirərək, keçid dövrünün əsaslı islahatlarını hazırladı və onlara uğurlu start verdi, gələcək tərəqqinin mötəbər təminatını yaratdı. Ulu öndər Azərbaycanın sabahını, yarımçıq qalmış istək və arzularının davam etdirilməsini özü qədər inandığı yeni tipli lider İlham Əliyevə etibar edib əbədiyyətə qovuşandan sonra ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Bu, ümummilli liderin ən layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı hərtərəfli yeniləşmə və tərəqqi epoxasıdır.  Dövlət başçısı kimi İlham Əliyev 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində qeyd edirdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm”.

Yeni tarixi şəraitdə Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsində, ölkənin sürətli sosial-iqtisadi inkisafının təmin olunmasında, dünya standartlarına yaxınlaşdırılmasında İlham Əliyevin fenomenal şəxsiyyəti mühüm rol oynayır. Həyatının son aylarında –  2003-cü ilin 1 oktyabrında ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində öz siyasi varisini belə səciyyələndirirdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir”.

Ümummilli liderimiz bütün  taleyüklü işlərdə olduğu kimi, Azərbaycan xalqının gələcəyi ilə bağlı varislik məsələsində də böyük uzaqgörənlik göstərdi. Bu müdrikliyi Azərbaycanın bu günü və sabahı aydın şəkildə nümayiş etdirir. Dünyanın tanınmış dövlət və siyasət xadimləri, nüfuzlu şəxsiyyətləri də Heydər Əliyev seçiminin doğruluğunu təsdiq edir, yeri gəldikcə İlham Əliyevin yeni tipli lider olaraq  özəlliklərini vurğulayırlar. “Microsoft” Şirkətinin vitse-prezidenti Kreyd Mandin İlham Əliyev ilə görüşdən sonra belə demişdir: “Cənab İlham Əliyev qlobal baxışları olan liderdir. O, enerjinin inkişafina söykənən cəmiyyətdən biliyə arxalanan cəmiyyətə keçməyi fikirləşir”.

Müstəqillik dövrünün seçilən siyasətçisi kimi İlham Əliyev sovet təhsil sisteminin yüksək zirvələrində yetişmişdir. Dünya şöhrətli Moskva Beynəlxalq Əlaqələr İnstitutunda mükəmməl ali təhsil alsa da, onun üçün ən böyük bilik və təcrübə qaynağı Heydər Əliyevin nadir siyasət və idarəçilik məktəbi olmuşdur. Prezident İlham Əliyev dərin dövlətçilik konsepsiyasını, mükəmməl idarəetmə bacarığını, müasir cəmiyyətin inkişaf meyillərini dərindən bilən liderlik keyfiyyətini məhz həmin məktəbdə mənimsəmişdir.

Qlobal düşüncəli dövlət xadimi olan İlham Əliyevin bu keyfiyyətləri ARDNŞ- in birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, YAP sədrinin birinci müavini, Milli Məclisin deputatı və ölkəmizi Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin rəhbəri və həmin yüksək qurumun büro üzvü kimi çoxcəhətli rəhbər fəaliyyət çevrəsində formalaşıb yetkinləşmişdir. Belə bir əhatəli ictimai-siyasi, iqtisadi mühit gənc İlham Əliyevin genetik qabiliyyətini daha da təkmilləşdirmiş, onu müasir peşəkar siyasətçiyə çevirmişdir.

Tükənməz enerjisi və dərin geniş dünyagörüşü, qəbul etdiyi tarixi missiyanın dərin məsuliyyəti ilə dövlət başçısı İlham Əliyev öz imkanlarını Azərbaycanın müasir tarixində yeni dövrün əsasını qoymuş olan 15 oktyabr 2003-cü il Prezident seçkilərindən sonra xalqımızın işıqlı gələcəyi naminə uğurla reallaşdırmağa başladı. 17 noyabr 2003-cü ildə Nazirlər Kabinetinin ilk iclasında o, proqram xarakterli bəyanatla çıxış etdi: “Azərbaycanda son illər ərzində aparılan iqtisadi siyasət çox uğurlu olubdur və Azərbaycanın gələcək inkişafı üçün də gözəl təməl yaradıbdır. Bizim hamımızın vəzifəsidir ki, bu siyasəti davam etdirək, əldə olunan bu uğurları artıraq və Azərbaycanın hərtərəfli inkişafı üçün böyük imkanlardan istifadə edərək, qoyulmuş bu gözəl təməlin üzərində müasir Azərbaycanı yaradaq”.  Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının və müstəqilliyinin siyasi proqramını ümummilli liderimiz Heydər Əliyev böyük inamla formalaşdırmış və reallaşdırmış, iqtisadi müstəqillik uğrunda mübarizənin möhkəm təməlini qoymuşdur. Siyasi müstəqilliyin və onun iqtisadi cəbhəsinin daha da möhkəmləndirilməsinin sükanı artıq 12 ildir ki, Prezident İlham Əliyevin əlindədir. Əminliklə demək olar ki, Azərbaycanın iqtisadi müstəqilliyinin reallaşdırılması İlham Əliyev siyasətinin tarixi nailiyyətidir.

Layiqli varis olan İlham Əliyev öz üzərinə düşən tarixi missiyanı böyük həssaslıqla dərk edərək, ölkənin strateji kursunu bütün sahələr üzrə qəbul edilən və elmi cəhətdən əsaslandırılmış proqram sənədləri ilə müəyyən etdi. Əslində, MDB məkanında ilk dəfə olaraq Prezident İlham Əliyev sosial-iqtisadi inkişafı müasir prinsiplər əsasında tərtib edilmiş dövlət proqramları ilə tənzimləyərək, ölkəni yeni üfüqlərə, iqtisadi müstəqilliyin təmin olunmasına doğru istiqamətləndirdi. İqtisadi potensialın ildən-ilə güclənməsi, əhalinin həyat şəraitinin yaxşılaşması, iqtisadi-siyasi islahatların aparılması Azərbaycanın gələcəyinə hesablanan məqsədyönlü dövlət proqramlarının ana xəttini təşkil edir.  Təkamül prosesi göstərir ki, inkişaf etmiş sənaye ölkələrinin bəşəri inkişafda aparıcı mövqe qazanmalarında səmərəli dövlət mexanizmi həlledici rol oynayır. Bu ölkələrin, demək olar ki, hamısında XX əsr ərzində dövlətin həyata keçirdiyi genişmiqyaslı tənzimləmə tədbirləri və sosial proqramların başlıca məqsədi sərt qanunların hökmran olduğu bazar mexanizminə sosial yönümlülük verilməsi, onun mənfi nəticələrinin aradan qaldırılması, ictimai-iqtisadi həyata əsassız məmur müdaxilələrinin ləğv edilməsi, inhisarçı qruplaşmaların dağıdıcı fəaliyyətinin qarşısının alınmasıdır.

Tarixi təcrübə sübut edir ki, hökumət praktik fəaliyyətində o zaman yaxşı nəticələr əldə edə bilir ki, konkret şəraitdə öz qarşısına həyata keçirilməsi mümkün olan ən mühüm və real vəzifələr qoymuş olsun. Ölkə qarşısında duran problemlər kompleksindən ən vacibini seçmək və siyasəti həmin istiqamətə yönəltmək çağdaş dövlət rəhbərindən daha böyük məharət tələb edir. Bu barədə iqtisadi nəzəriyyədə hazır resept yoxdur. Dünya dövlətlərinin müsbət təcrübəsi də həmişə səmt rolunu oynaya bilməz. Hər ölkə inkişafın müxtəlif mərhələlərində dayanır və konkret dövrdə qarşısında fərqli prioritetlər dayanır. Ölkə qarşısında duran konkret vəzifələri seçmək, cəmiyyəti, dövlət orqanlarını, ictimai təşkilatları və vətəndaşları onun yerinə yetirilməsinə istiqamətləndirmək ictimai-iqtisadi inkişafın açarıdır.

Bir sözlə, dövlətin əsas funksiyası cəmiyyət qarşısında duran təməl vəzifələrin müəyyən edilməsi və onların həyata keçirilməsi üçün qüvvələrin səfərbər edilməsidir. Bu baxımdan 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezident fərmanı xüsusi əhəmiyyət kəsb edir. Fərmanda mövcud imkanlardan daha səmərəli istifadə etməklə, Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, onun dünya təsərrüfatı sisteminə inteqrasiyası və bu sistemdə özünə laiyqli yer tutması, sosial problemlərin həlli və əhalinin güzəranının daha da yaxşılaşdırılması ölkə qarşısında duran prioritet məqsəd kimi müəyyən edilmişdir. Bu mühüm tarixi sənəddə ölkə qarşısında duran həyati əhəmiyyətli problemlər kompleksi təsbit edildi və yerinə yetirilməsi dövlət orqanlarına bir vəzifə kimi tapşırıldı.  Ötən illərdə Prezident İlham Əliyev zəka və enerjisini bütünlüklə Azərbaycan xalqının işıqlı gələcəyi naminə uğurla reallaşdırmağa başlamışdır."Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" prinsipini əsas götürən yeni tipli lider başçılıq etdiyi dövlətin qarşısında duran başlıca problemləri, prioritet vəzifələri aydın təsəvvür edir: “Azərbaycanın qarşısında çox üfüqlər açılır, çox gözəl perspektivlər var. Biz bilirik ki, haraya gedirik, məqsədimiz nədir. Məqsədimiz müasir güclü dövlət yaratmaqdır. İqtisadi cəhətdən güclü dövlət yaratmaq, sosial rifah cəmiyyəti qurmaqdır. İnsanları narahat edən bütün məsələləri həll etmək, azad cəmiyyət yaratmaqdır ki, insanlar rahat, gözəl, rifah içində yaşasınlar. Mənim məqsədim budur və bu məqsədə doğru biz uğurla gedirik”.

Azərbaycan rəhbəri İlham Əliyevin ardıcıl olaraq yeritdiyi qlobal və milli dəyərlərə əsaslanan strateji kurs, məqsədyönlü və çevik islahatlar ölkənin qısa müddət ərzində keyfiyyətcə yeni və daha sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olmuşdur. İnkişaf sürətinə görə ölkə regionda və bütün dünyada lider dövlətə çevrilmişdir. İqtisadi artım sürətinin, yəni ümumi daxili məhsul istehsalının artım sürətinin yüksək olması buna bariz nümunədir. İqtisadiyyat inkişafın təməl daşıdır. Bu gün regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanınır. Yüksək iqtisadi göstəricilər qazanan Azərbaycanın son illər müxtəlif sferalarda əldə etdiyi nailiyyətlər ardıcıl şəkildə bir-birini tamamlayır, coğrafiyasını genişləndirir.

Ötən 12 ildə Azərbaycanın dinamik inkişafını təmin edən əsas amillərdən biri də neftdən əldə olunan vəsaitin regionların davamlı və tarazlı inkişafına yönəldilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdir. Ölkə regionlarının inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi ölkə regionlarının kompleks inkişafına, o cümlədən: infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə; istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına; iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə; qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur.

Azərbaycanda həyata keçirilən uğurlu enerji siyasəti nəticəsində əldə edilən gəlirlərdən məqsədyönlü istifadə olunmaqla, infrastrukturun yaradılması, biznes imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin açılması, yerli istehsalın artırılması və digər istiqamətlərdə mühüm işlər görülmüşdür. Bütün bunlar inkişafın yeni mərhələyə keçməsinə zəmin yaratmışdır. Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “ Dünyada və bölgədə gedən proseslər göz qabağındadır. Həm bölgədə, həm də Avropada böhran yaşanır. İqtisadi, hərbi, siyasi böhran, belə şəraitdə ölkəmizdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var, o da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq”. Sosial- iqtisadi təkamüldə əldə edilmiş böyük uğurlar Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlətin idarə edilməsində yeni formata keçilməsini zəruri etmişdir. Bazar iqtisadiyyatında iqtisadi inkişafın aparıcı mühərriki sahibkarlıq fəaliyyətidir. Ona görə də Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru irəliləməsi üçün sahibkarlığın inkişafı dövlət idarəçiliyində yeni formatın başlıca istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Nazirlər Kabinetinin həmin iclasında Prezident İlham Əliyev respublikamızda özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına bundan sonra da xüsusi diqqət göstəriləcəyini söyləmişdir.

Son illər Azərbaycanın sürətli iqtisadi inkişafında onun əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Yalnız onu göstərmək kifayətdir ki, son illərdə investisiyaların böyük əksəriyyəti özəl sektorlar tərəfindən qoyulan daxili investisiyalardır. Bu mərhələdə ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması üçün institusional islahatların aparılması və sahibkarlığın stimullaşdırılması günün tələbidir. Biznes həyatına korrupsiyalaşmış ayrı-ayrı dövlət qurumlarının əsassız müdaxilələrinin əsaslı şəkildə qarşısının alınacağı, Milli Təhlükəsizlik Nazirliyinə qarşı aparılmış sərt tədbirlər ölkənin ictimai fikrində müsbət çalarlar yaratmışdır. Ümumiyyətlə, sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər intensivləşmiş, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır.

Prezident İlham Əliyev iqtisadiyyatın neftdən asılılığının azaldılmasının zəruriliyinə xüsusi əhəmiyyət verir. Çünki hazırda ümumi daxili məhsulun 70 faizi qeyri- neft sektorunun payına düşür. İxracın 90 faizinin enerji sektoruna aid olduğunu deyən dövlətimizin başçısı bunu indiyə qədər qeyri-neft sektorunda istehsal edilən məhsulların daxili bazara hesablanması ilə əlaqələndirərək bildirdi ki, asan olmasa da, növbəti mərhələdə ixracyönümlü istehsala önəm veriləcək.

İnformasiya cəmiyyəti adlanan müasir cəmiyyətdə elmi-texniki tərəqqinin nailiyyətləri əsasında istehsal prosesinin bütün həlqələrində texnoloji istehsal üsulunun transformasiyası baş verir, ölkələrdə iqtisadiyyatın strukturu, iqtisadi inkişafın xarakteri, həyat tərzi, dəyərlər sistemi və motivasiya keyfiyyətcə yeniləşir, “ictimai tərəqqi” anlayışı və onun meyarları haqqında təsəvvürlər dəyişir. Təcrübə göstərir ki, yeni modernləşmə müasir iqtisadi sistemlərin dayanıqlı inkişafının həlledici amilidir. Tanınmış ingilis iqtisadçısı Braynan Tvissin qeyd etdiyi kimi, müasir dövrdə “mütəxəssislər öz səylərini gələcəkdə meydana çıxacaq ehtiyacların ödənilməsinə yönəltməlidirlər, diqqət yeni vəzifələrin həlli üçün yeni texnologiyanın tətbiqi yollarının tapılmasına yönəldilməlidir”.

“Sənaye potensialının artımı bizim prioritet məsələmiz olmalıdır”, - deyən dövlət başçısı İlham Əliyev ən qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsi məsələsini bütün kəskinliyi ilə qarşıya qoymuşdur. Bu resurs amillərinə əsaslanan iqtisadiyyatdan, qlobal proseslərin tələb etdiyi innovasiya yolu ilə inkişaf edən iqtisadiyyata keçilməsi üçün olduqca vacibdir. Prezidentin təkidlə tələb etdiyi bir mühüm məsələnin— iqtisadiyyatın neft amillərindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi probleminin həlli də modernləşmə və innovasiyaların intensiv tətbiqi ilə əlaqədardır.

Prezident İlham Əliyev qətiyyətlə vurğulayır: “Biz öz təbii sərvətlərimizdən çox böyük səmərə ilə istifadə edərək təbii resurslarımızı insan kapitalına çeviririk. Bu gün əsas prioritetlərdən biri Azərbaycan xalqının və gələcək nəslin bilikli olmasıdır, eyni zamanda, bizim milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünyada gedən proseslərə qoşulmasıdır, dünya birliyinə inteqrasiya etməsidir”.

Azərbaycanın bu əsrdə inkişaf etməsi üçün bütün təbii imkanları var. Ölkə başçısı və Azərbaycan hökuməti ölkənin dinamik və sürətli inkişafı üçün yaradıcı, məqsədli və sistemli siyasət aparır. Problemləri, ardıcıl olaraq aradan qaldırmaq, yaxşı ənənələri inkişaf etdirməyə imkan verən və hesablanmış risklərin əvəzində stimullaşdırıcı bir mühit yaratmaq qarşıya məqsəd olaraq qoyulmuşdur.

Prezident İlham Əliyev keçid dövrünün başa çatdığını elan etməklə inkişafda yeni mərhələnin başlandığını və keçən onilliklərdə problemlərin həlli üçün istifadə edilən üsul və yanaşmaların bu yeni, bilik və imkanlar mərhələsi üçün kifayət olmadığını göstərdi. Artıq qloballaşma erasında özünü qabarıq biruzə verən fakt insan və intellektual resursların, inkişafın ənənəvi dəyərləri - torpaq, əmək və kapital ehtiyatlarından önə keçməsidir. Ona görə də müasir inkişaf mərhələsində yaradıcılıq, işgüzarlıq, sahibkarlıq və digər innovativ amillər əsas götürülməlidir.

2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı və təqdim etdi. Dünya İqtisadi Forumu tərəfindən açıqlanan “Qlobal Rəqabət Hesabatı 2009-2010" adlı sənədlə Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətinin qənaətbəxş olduğu qeyd edilir. Dünyanın 133 ölkəsini, o cümlədən, postsovet dövlətlərini əhatə edən hesabatdan aydın olur ki, azad rəqabət şəraitinin yaradılması baxımından Azərbaycan yenə də seçilənlər sırasında yer alıb. Elə bunun nəticəsidir ki, qlobal rəqabətlik indeksinə əsasən, ölkəmiz 2008-ci illə müqayisədə 18 pillə irəliləyib.

Dövlət rəhbəri olaraq İlham Əliyevin siyasətinin ən mühüm istiqamətlərindən biri də Azərbaycanın dünya iqtisadi proseslərə inteqrasiyasının sürətləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi sahəsində görülən genişmiqyaslı tədbirlərdir. Hazırda Azərbaycan dünyanın 140-a yaxın ölkəsi ilə qarşılıqlı ticarət əməliyyatları aparır. Xarici ticarət dövriyyəsi, ixrac və idxal əməliyyatlarının həcmi ildən-ilə artır. Azərbaycan mövcud təbii sərvətlərdən istifadə etməklə iqtisadi infrastrukturunu dünya standartları səviyyəsində quraraq qloballaşan dünyanın enerji təchizatının ödənməsi prosesində xüsusi əhəmiyyət kəsb edir.

Qlobal əhəmiyyətli iqtisadi layihələr olan TRASECA, Bakı-Tbilisi-Ceyhan, Bakı – Tbilisi –  Ərzurum neft və qaz boru kəmərlərinin reallaşması və Bakı –  Tbilisi –  Qars dəmir yol xəttinin tikilməyə başlaması, “Şahdəniz” qaz yatağının işə düşməsi ölkəmizin nüfuzunu bütün dünyada artırır. Çin ilə Azərbaycan arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu"nun imzalanması, "Yeni İpək yolunun" real olaraq işə salınması, Türkiyədən Orta Asiyaya gedən avtomobil karvanlarının böyük cəldliklə Azərbaycan ərazisindən keçməsinin təşkili Türk dünyası və bütün Şərq-Qərb münasibətləri üçün onilliklər, bəlkə də, yüzilliklərə sığmayan ümumbəşəri bir hadisədir.

Prezident İlham Əliyev demişdir: “ Biz bölgədə aparıcı dövlətə çevrilmişik. Bu, artıq reallıqdır. Reallıq hamı tərəfindən qəbul olunub. Bizim qərarlarımız, bizim işlərimiz bütün bölgəyə öz təsirini göstərir. Biz də istəyirik ki, Azərbaycan daha da qüdrətli dövlətə çevrilsin. Bizim imkanlarımız daha da artsın, siyasi çəkimiz artsın, beynəlxalq müstəvidə istədiyimizə nail ola bilək, öz doğma torpaqlarımızı işğalçılardan azad edə bilək və Azərbaycan xalqının normal, yaxşı yaşamasını təmin edə bilək. Bunu etmək üçün Azərbaycan güclənməlidir. Bu proses artıq baş verir”.

Möhtərəm Prezidentimizin önə çəkdiyi “İndi bizim məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir” ideyası əslində, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır və bütün dövlət-təşkilatçılıq tədbirləri həmin strategiyanın həyata keçirilməsinə yönəldilmişdir. İlham Əliyevin başçılığı ilə həyata keçirilən tarazlaşdırıcı siyasət nəticəsində daim artan iqtisadi potensial Azərbaycana müstəqil siyasət yeridir, heç bir xarici təsirlərə boyun əymir.

İlham Əliyevin prezidentliyi dövründə dövlətin hərbi qüdrətinin gücləndirilməsi, ordunun müdafiə qabiliyyətinin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində də radikal addımlar atılmış, bu sahəyə ayrılan dövlət investisiya xərcləri ildən-ilə artırılmışdır. Azərbaycan xalqının ən yaralı problemi,  Qarabağın əsarət altında iniltisi cənab İlham Əliyevin ən yaralı problemidir. Bütün enerjisini qətiyyətlə dogma torpaqların azad olunmasına sərf edir, lazım gəlsə müharibə variantını da istisna etmir.

Prezident İlham Əliyev respublikanın sosial-iqtisadi inkişafı ilə paralel aparılan demokratikləşmə proseslərini də Azərbaycanın gələcək yüksəlişinin əsası hesab edir və onun təkmilləşdirilməsinə mühüm əhəmiyyət verir. Dövlət başçısının qeyd etdiyi kimi: “Azərbaycanın daxili və xarici siyasəti yalnız regional deyil, qlobal miqyasda situasiyaya əhəmiyyətli təsir göstərir və gələcəkdə də göstərəcəkdir”.

Bütün bunlardan göründüyü kimi, Prezident İlham Əliyev ölkəmizi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji yolla irəli apararaq yeni yüksəlişə  qovuşdurmuşdur. Xalqımız öz gələcəyini bu alternativsiz siyasətlə bağlamış və daha böyük arzularının gerçəkləşməsini bu xəttin davamında görür.

 

Dünyamalı VƏLİYEV,

AMEA Z. Bünyadov adına

Şərqşünaslıq İnstitutunun

Şərq- Qərb şöbəsinin müdiri,

iqtisad elmləri doktoru

 

Xalq qəzeti.-2015.- 24 dekabr.- S.5.