Multikulturalizm və tolerantlıq

ideyalarının təntənəsi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu və balanslı xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir.

 

Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident  İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təbirincə desək, Prezident İlham Əliyev dünya siyasətinə təsir gücünə malik  beynəlxalq aktor statusunda dövlət başçısıdır. Bu statusuna tam adekvat olaraq dövlətimizin  başçısı həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcısı olan Prezient İlham Əliyev harada  çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin edir. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin – Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu, sırf zaman məsələsidir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Bu il noyabrın 17-də Prezident İlham Əliyevin Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda möhtəşəm çıxışı da bu həqiqətin növbəti dəfə təsdiqi  kimi dəyərləndirilə bilər.

Dövlət başçısının  proqram xarakterli həmin çıxışı, əslində, natiqlik elminin sirlərinə mükəmməl yiyələnmək istəyən istənilən kateqoriyalı siyasətçilər üçün stolüstü əyani vəsait rolunu oynaya bilər. Çıxışı zamanı problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu,  auditoriya ilə  işləmək və onu ələ almaq   qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət, ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə  dövlət başçısı ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə və onları  “siyasi hipnoz” vəziyyətinə salmağa müyəssər ola bildi.

Prezident İlham Əliyevin Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda möhtəşəm nitqində səslənən fikir, mühakimə və tezislərin böyük siyasi aktuallıq və əhəmiyyət kəsb etdiyinin fərqinə vararaq, onların  təhlil və təbliğini,  geniş ictimaiyyətin nəzərinə çatdırılmasını vacib hesab edirik.

Əslində, Azərbaycanın dövlət başçısının nitqini dinləyən auditoriya dünyada multikultural dəyərlərin erroziyaya uğradığı, süni şəkildə dinlərarası və mədəniyyətlərarası etimadsızlıq mühitinin formalaşdırıldığı bir reallıqda Azərbaycanın sivilizasiyalararası alyans ideyasına sadiqliyi və onun təminatı naminə atmış olduğu mühüm addımlar haqqında məlumatları ilkin və ən etibarlı mənbədən aldıqlarının fərqində idilər. Bu faktın özü Prezidentin çıxışına olan marağı şərtləndirən olduqca ciddi amil idi.

Ölkə rəhbərinin məntiqi ardıcıllığa və siyasi analitikaya söykənən çıxışında qaldırdığı məsələləri öz forma və məzmun mündəricəsi baxımından şərti olaraq 3 qrupa bölmək olar.

Birinci qrup məsələlər Azərbaycan-UNESCO əməkdaşlığının ayrı-ayrı tərəflərinə  dair məsələlərin təhlil və analizini özündə ehtiva edirdi.

İkinci qrup məsələlər Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi  böyük uğurların, apardığı siyasi islahatların, regionda sabitləşdirici amilə çevrilməsi ilə bağlı reallıqların, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və dünyada etibarlı tərəfdaşa çevrilməsi ilə əlaqədar həqiqətlərin və xüsusilə də həllini  tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin dərin  analizini inikas etdirirdi.

Üçüncü qrup məsələlər isə Azərbaycanın dini azadlıq, mədəniyyətlərarası dialoq, tolerantlıq və multikulturalizm  sahəsində  ciddi uğurlara imza atdığı və bununla da, əslində, dünyada  sivil birgəyaşayış qaydalarının bərqərar olmasına mühüm töhfələr verməsi ilə əlaqədar məsələlərin təhlilini əks etdirirdi.

Birinci istiqamət üzrə məsələlərin təhlilinə keçməzdən əvvəl Prezident İlham Əliyev 2015-ci il  noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror aktları ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına dərin hüznlə başsağlığı verdi və qeyd etdi ki, bu dəhşətli bəlaya qarşı səmərəli mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyət səylərini birləşdirməlidir. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, Ermənistan tərəfindən törədilmiş çoxsaylı terror aktlarının qurbanı olmuş bir ölkə kimi Azərbaycan terrorizmə qarşı mübarizədə öz rolunu oynayır və bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir.

Prezident İlham Əliyev Azərbaycanın UNESCO-nun 23 ildən artıqdır ki, fəal üzvü oldugünü və ötən müddət ərzində ölkəmizin bu beynəlxalq qurumun bütün konvensiyalarını və digər hüquqi aktlarını imzaladığını və ratifikasiya  etdiyini bildirmişdir. İkitərəfli münasibətlərin mühüm hüquqi-normativ bazasını təşkil edən sənədlər sırasında 2003-cü ildə imzalanmış və Azərbaycan ilə UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq münasibətlərinin inkişafı mənafeyinə xidmət göstərən Çərçivə Sazişi xüsusi olaraq vurğulanmışdır. Bu isə, öz növbəsində, Azərbaycana UNESCO-nun donorlarından birinə çevrilmək imkanı vermişdir.

Cənab Prezident fikirlərinin davamı olaraq qeyd etmişdir ki, müstəqillik dövrünün əvvəlində Azərbaycan da yoxsulluq, siyasi böhran, işğal və iqtisadi tənəzzüllə üzləşmişdi və o zaman biz beynəlxalq yardım alırdıq. İndi isə bu yaxşılığın əvəzini ödəmək və dünyanın inkişafı naminə töhfə vermək növbəsi bizimdir. Həmin töhfəni vermək üçün Azərbaycanın geniş imkan və potensialı vardır. İqtisadi sahədə qazanılan uğurlar heyrətamizdir. Ötən onillikdə ölkəmizdə əldə edilmiş iqtisadi inkişaf dünya miqyasında ən sürətlilər sırasındadır-300 faizdən çox. Yoxsulluğun səviyyəsi həmin dövrdə təxminən 50 faizdən 5 faizədək enmişdir. Xarici borc ÜDM-nin cəmisi 12 faizini təşkil edir. Davos İqtisadi Forumunun son hesabatına görə, Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyətinə görə 40-cı yerdədir. Ölkəmizdə məktəblərin sayı 5 minə qədərdir. Bunlardan 3 mindən çoxu ötən 10 il ərzində inşa edilmişdir. Həmin dövr ərzində 500-dən artıq xəstəxana və digər səhiyyə müəssisəsi istifadəyə verilmişdir.

Prezident İlham Əliyev ölkəmizdə siyasi islahatlar kontekstində funadamental azadlıqların qorunması sahəsindəki vəziyyətə diqqəti cəlb edərək qeyd etdi ki, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Siyasi fəaliyyət azadlığı vardır. Yüzlərlə siyasi təşkilat, partiya mövcuddur; ifadə azadlığı, mətbuat azadlığı vardır. Qırxdan artıq gündəlik və təxminən iki yüz həftəlik və aylıq qəzet çıxır. Respublika səviyyəsində doqquz televiziya kanalı vardır. On dörd bölgə və on dörd kabel televiziya kanalı fəaliyyət göstərir. Bizdə azad internet vardır. Dünya Bankının qiymətləndirməsinə əsasən, 2008-ci ildə Azərbaycanda 17 faiz internet istifadəçisi var idisə, 2015-ci ildə bu göstərici artıq 75 faiz təşkil edir. Bu reallıq mətbuat azadlığının, informasiya azadlığının ölkəmiz üçün prioritet məsələlər sırasına daxil olduğunu aydın nümayiş etdirir.

Hazırda hökumətimiz böyük sərmayələri tələb edən layihəni həyata keçirməkdədir: genişzolaqlı internet hər bir şəhər və kənd üçün təmin edilməlidir. Başqa sözlə, azad internetin mövcudluğu, senzuranın olmaması şəraitində mətbuat azadlığı məhdudlaşdırıla bilməz. Əksinə, biz mətbuat azadlığının tərəfdarıyıq, çünki media azadlığı demokratiya deməkdir. O, hökumətə çatışmazlıqlara diqqət yönəltməyə yardım edir. O, hökumət ilə cəmiyyət arasında zəruri əlaqələrin qurulmasına zəmin yaradır.

Dövlət başçısının çıxışının şərti olaraq ikinci qrup üzrə məsələlərin təhlilinə həsr olunmuş hissəsində Azərbaycanın malik olduğu böyük iqtisadi imkan və potensilalın təqdimatı və təbliği ilə paralel olaraq üzləşdiyi ən mürəkkəb problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərı əsasında ədalətli həlli məsələsi prioritet istiqamət kimi irəli sürülmüşdür. Azərbaycan dövlətinin rəhbəri UNESCO tribunasından Ermənistanın işğalçılıq siyasətinin bütün “anatomiyası”nı açıb göstərən, onu ifşa edən, eyni zamanda, münaqişənin həlli prosesində beynəlxalq birliyin selektiv yanaşma tərzini tənqid edən nitqində bir sıra mühüm əhəmiyyətli tezislər irəli sürmüşdür:

– Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. “Qarabağ” sözünün özü Azərbaycan mənşəlidir. Bu sahədə bütün coğrafi toponimlər Azərbaycana məxsusdur.

– Etnik təmizləmə siyasəti nəticəsində 250 min nəfər azərbaycanlı Ermənistandan deportasiya olunmuş, 750 min nəfər soydaşımız isə məcburi köçkün vəziyyətinə düşmüşdür. Nəticədə ölkəmiz humanitar fəlakətlə üzləşmişdir. O vaxtlar  Azərbaycan əhalisi təxminən 8 milyon nəfərdən bir az artıq idi. Deməli, Azərbaycanda dünya miqyasında adambaşına düşən qaçqın və məcburi köçkünlərin ən yüksək göstəricisi qeydə alınmışdı.

– Beynəlxalq hüquq normaları baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəssidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın hissəsi kimi tanıyır. Heç bir ölkə, o cümlədən Ermənistan qeyri-qanuni Dağlıq Qarabağ rejimini müstəqil qurum kimi tanimamışdır.

– ATƏT-in Minsk qrupu və həmsədrləri, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri-Birləşmiş Ştatlar, Rusiya və Fransa-onların prezidentləri dəfələrlə aydın bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, Ermənistan işğal edilmiş ərazilərdən öz işğalçı qüvvələrini çıxarmağa başlamalıdır. Lakin onlar beynəlxalq hüquqa sadəcə məhəl qoymur, dünyanın aparıcı dövlətlərinin bəyanatlarını nəzərə almırlar.

– Rusiya imperiyasının dağılması nəticəsində 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının ən birinci fərmanlarından biri İrəvanın paytaxt kimi Ermənistan dövlətinə verilməsi idi. Çar Rusiyasının XX əsrin əvvəllərinə təsadüf edən xəritələrinə baxsanız görərsiniz ki, Ermənistanın bugünkü ərazisinin, bütün şəhərlərinin və kəndlərinin, bütün toponimlərinin mütləq əksəriyyətinin adları öz mənşəyini Azərbaycan dilindən götürübdür. XX əsrin əvvəlində İrəvanın əhalisinin 80 faizi azərbaycanlı idi.

– İslamın terrorizmlə əlaqələndirilməsi tamamilə qəbuledilməzdir.

Respublikamızın rəhbəri  ikili standartlar” kontekstində aktuallaşan digər mühüm prioritet məsələyə də diqqəti cəlb etmişdir. Bu, beynəlxalq təşkilatların qətnamə və qərarlarının yerinə yetirilməsinin vacibliyi ilə bağlı məsələdir.  Bu sahədəki ikili yanaşmalara toxunan dövlət başçısı bildirmişdir ki, konkret olaraq Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrdən heç biri icra olunmamışdır. Nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizmlərinin yaradılmasının vacibliyinə diqqəti cəlb edən Prezident İlham Əliyev  xəbərdarlıq etmişdir ki, belə mexanizmlər olmadığı təqdirdə  qəbul edilmiş qətnamələr öz mahiyyətini itirir. Bəzən görürük ki, BMT-nin qətnamələri bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə bu, iyirmi ildən çox çəkir. Mexanizm isə yoxdur.

“Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm,” – deyən Prezident İlham Əliyev UNESCO tribunasından Ermənistanın mədəni isrə qarşı vandalizm siyasətini ifşa etdi və işğalçı dövlətə sərt xəbərdarlığını çatdırdı: “ İşğal nəticəsində ölkəmizin 600-dən çox tarixi və memarlıq abidəsi, 40 min eksponatı olan 22 muzey, 10 məscid məhv edilmişdir. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan  hökuməti tərəfindən bərpa edilmiş erməni kilsəsini görə bilərsiniz. Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəblər və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimiz bərpa edə bilməyəcəyik. Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin onlar bizim iradəmizi məhv edə bilməzlər, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər. Onlar geri qayıdacaqlar! Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik”.

Heç şübhəsiz, Azərbaycanın dünyada analoqu olmayan iqtisadi inkişaf sürəti, güclü ordusu, demokratik islahatlara sadiqliyi, Ermənistandan fərqli olaraq, ölkəmizdə siyasi sabitliyin hökm sürməsi və ən başlıcası isə xalqın öz Prezidentinə  intəhasız məhəbbəti işğalçı dövlətin  mövqelərini sarsıdan amillərdir. Bu reallıqları nəzərə alaraq, Ermənistan rəhbərliyi praqmatik siyasət yeridərsə, bu halda baş verməsi istisna olmayan müharibədən və onun fəlakətli nəticələrindən sığortalana bilər, əksi isə bu işğalçı dövlətin labüd iflası prosesinin katalizatoru ola bilər.

Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də, islamafoboya kimi təhlükəli meyillərin bir sira dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər. Təsadüfi deyildir ki, bu məntiqdən çıxış edərək Prezident İlham Əliyev nitqinin üçüncü istiqaməti üzrə məsələlərin dərin təhlilinə həsr edilmiş hissəsində Azərbaycanın dini azadlıq, mədəniyyətlərarası dialoq, tolerantlıq və multikulturalizm  sahəsində  ciddi uğurlara imza atdığını təkzibedilməz faktlar və arqumentlərlə əsaslandırdı.

Dövlət başçısı qeyd etdi ki, bizdə dini azadlıq vardır. Bu da ölkəmizin ən böyük varlığıdır. Biz çoxmillətli və çoxsaylı dinlərin olduğu cəmiyyətik. Əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində layiqli həyat sürüblər. Cənab Prezident sivilizasiyalararası dialoq sahəsinə ölkəmizin böyük töhfələr  verdiyinə və bu sferada geniş təcrübəyə malik olduğuna diqqəti cəlb edərək Azərbaycanın  2008-ci ildə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısında başlamış “Bakı prosesi”nin təşəbbüskarı olduğunu  da forum təmsilçilərinin nəzərinə çatdırmışdır.  Fikrini davam etdirən Azərbaycanın dövlət başçısı  xüsusi olaraq vurğulamışdır ki, biz həmin tədbirə İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini dəvət etdik. Bu, tarixdə ilk dəfə idi ki, iki mühüm beynəlxalq təşkilatın nümayəndələri Bakıya toplaşmışdılar. Növbəti il, 2009-cu ildə əksinə etdik: biz Avropa Şurasının mədəniyyət nazirlərini İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən tədbirinə dəvət etdik. Bir sözlə, multikulturalizm üstünlüklərdən, böyük varlıqlardan biridir. Əfsuslar ki, dünyanın müxtəlif yerlərində, qonşu bölgələrdə, Orta Şərqdə və Avropada müəyyən narahatlıq yaradan meyillərin şahidi oluruq. Təcridolunma, ayırma və bəzən ədavət meyillərini görürük. Biz bu məsələləri həll etməliyik. Çünki dünyaya töhfə vermək, daha yaxşı dünyanı, hamı üçün müvafiq olan dünyanı qurmaq üçün yaşayırıq. İstəyirik ki, bütün xalqların, dinlərin nümayəndələri yaşayış tərzindən asılı olmayaraq, layiqli şəraitdə dinc həyat sürsünlər. Dini hisslərə əsaslanan gərginlik halları bütün ölkələr, o cümlədən çoxmillətli cəmiyyəti olan ölkələr üçün çox təhlükəlidir.

Prezident İlham Əliyev sadalanan reallıqlar kontekstində bu gün mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər ehtiyac duyulduğunu vurğulayaraq bildirdi ki, dövlətimiz nəinki məscidlərin, həmçinin pravoslav və katolik kilsələrinin, sinaqoqların yenidən qurulmasına və inşasına sərmayə yatırır.

“Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm-dövlət siyasəti və ictimai sifarişdir. Multikulturalizm bizim həyat tərzimizdir”, – deyən  dövlət başçısı  Qafqazda ən qədim kilsələrdən birinin Azərbaycanda, qədim Şəki şəhərinin yaxınlığında yerləşməsindən, o cümlədən 743-cü ildə tikilmiş ən qədim məscidlərdən birinin Azərbaycanda, qədim Şamaxı şəhərində olmasından  xalqımızın qürur və fərəh hissi keçirdiyini forum iştirakçılarının nəzərinə çatdırdı.

Azərbaycan Prezidenti UNESCO-nun məlum forumunda çıxışında onu da xüsusi olaraq vurğuladı ki, cari ildə birinci Avropa Oyunlarına ev sahibliyi etməyimiz də multikulturalizmin bir nümunəsidir. Müsəlman ölkəsində ilk Avropa  Oyunlarının keçirilməsi multikulturalizm və tolerantlıq ideyalarının təntənəsidir. Dövlət başçısı fikirlərini davam etdirərək bildirdi ki, 2017-ci ildə İslam Həmrəylik Oyunlarını keçirəcəyik və nəticədə ola bilsin ki, uzun illər ərzində Azərbaycan, Bakı şəhəri bu iki yarışın bir məkanda keçiriləcəyi yeganə yaşayış yeri olaraq qalacaqdır. Bundan savayı, Azərbaycan  2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi edəcəkdir.

Beləliklə, sonda onu da xüsusi olaraq qeyd edək ki, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, multikulturalizm siyasətinin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların,  müasirləşmənin, ugurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı  olan Prezident İlham Əliyevin Parisdə UNESCO Baş Konfransının 38 ci sessiyasının Liderlər Forumunda tarixi və proqram xarakterli çıxışı dünyanın üzləşdiyi potensial və real risklərin, o cümlədən ksenofobiya, irqçilik, islamofobiya və multikulturalizmin alternativi olan digər təhdidlərin aradan qaldırılması mənafeyinə xidmət göstərən orijinal   həll yollarının irəli sürülməsi baxımından  da unikaldır: “Siz qonşunuzdan milliyyətini, kilsədə, sinaqoqda və ya məsciddə ibadət etməsini soruşmadan onunla yanaşı yaşamalısınız. Yalnız bu halda potensial riskləri azalda bilərik.”

 

Elman NƏSİROV,

Milli Məclisin deputatı,

siyasi elmlər doktoru, professor

 

Xalq qəzeti.- 2015.- 25 dekabr.- S.8.