Prezident İlham ƏLİYEV: Bu böhranlı

illərdə Azərbaycan ən dinamik inkişaf templərini

göstərən, iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkədir

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi əvvəlki illərdə olduğu kimi, 2015-ci iluğurlarla tarixə yazılacaq. Fikrimizin təsdiqi kimi, bir neçə iqtisadi göstəriciyə nəzər salaq. Belə ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 50,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 4 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 60,9 faizdən   69,3 faizədək yüksəlmişdir.

Ümumi daxili məhsulun 30,7 faizi neft sektorunun payına düşmüşbu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 1,8 faiz artmışdır. Bu dövrdə ümumi daxili məhsulun 33,7 faizi sənayedə, 13,7 faizi tikintidə, 9,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və digər   sahələrdə istehsal edilmişdir. Yeri gəlmişkən, proqnoz göstəricilərinə əsasən, 2016-cı ildə də ölkə üzrə real iqtisadi artım 1,8 faizi olmaqla, ÜDM istehsalı 57,7 milyard   manat təşkil edəcəkdir.  Onu da vurğulayaq ki, bu gün Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin reallaşdırılması zərurətini ortaya qoyur.

Burada cari il noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində keçirilən “Böyük İyirmiliyin” (G20) üzvü olan dövlət və hökumət başçılarının sammiti ilə bağlı buraxılan xüsusi nəşrdə cənab İlham Əliyevin “Ümumi strategiyanın formalaşdırılması” məqaləsində bir məqamı da xatırlatmaq yerinə düşər. Məqalədə deyilir: “Öz enerji təhlükəsizliyinə nail olan Azərbaycan bu gün başqa ölkələrin etibarlı enerji təminatında mühüm rol oynayır. Hazırda “Cənub” qaz dəhlizi çərçivəsində Türkiyə və avropalı tərəfdaşlarımızla inşasına başladığımız TANAP və TAP kimi transmilli qaz ixracı layihələri vasitəsilə Xəzərin zəngin təbii qaz ehtiyatlarının Avropaya nəqli üzərində ciddi aparırıq. “Şahdəniz 2” layihəsinin işlənməsi və Xəzər hövzəsinin zəngin təbii qaz yataqlarının dövriyyəyə buraxılması həm Azərbaycanın bundan sonrakı dövrdə davamlı inkişafını təmin edəcək, həm də Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verəcəkdir”.  Azərbaycan regiondadaha geniş coğrafiyada transmilli kommunikasiya xətlərinin, müasir infrastruktura malik nəqliyyat-tranzit dəhlizlərinin yaradılması işində fəal rol oynayır və artıq demək olar ki, bölgənin nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir. İstifadəyə verilən Bakı Beynəlxalq Dəniz Limanı, yaradılan müasir beynəlxalq hava nəqliyyatı sistemi və nəhayət, yaxın vaxtlarda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Avropa-Asiya əlaqələrinin mərkəzi ölkəsinə çevirəcəkdir.

Bu il Azərbaycanda insan amilinə mühüm önəm verilməsi də diqqət mərkəzində saxlanılmışdır. Məhz elə bunun nəticəsidir ki, BMT İnkişaf Proqramının (BMT İP) 2015-ci ildə insan potensialının inkişafı haqqında “İnsan inkişafı naminə əmək” adlı məruzəsində bildirilir ki, Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına daxil edilmişdir. Sənəddə qeyd edilir ki, dünyada insan inkişafının ən yüksək səviyyədə olduğu dövlətlərin ilk beşliyinə Norveç, Avstraliya, İsveçrə, DanimarkaNiderland daxildir. Postsovet ölkələrindən isə Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna bu siyahıya daxil edilmişdir.

Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında da ölkənin sosial-iqtisadi həyatında baş verən hadisələrə toxunmuş, əldə edilən müsbət göstəriciləri diqqətə çatdırmışdır. Ölkə rəhbəri idmanda olduğu kimi, digər sahələrdə də bu il uğurlu göstəricilər qazanıldığını vurğulamışdır: Baxmayaraq ki, bölgədə və dünyada iqtisadi böhran davam edir, Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. 2015-ci ildə iqtisadi inkişafa nail olmaq əlbəttə ki, böyük məsələdir. Çünki 2015-ci ildə həm siyasi böhran, bölgədə yaşanan hərbi böhran, maliyyə böhranı dərinləşmişdir. Azərbaycan iqtisadiyyatı 2015-ci ildə inkişaf etmişdir. Çalışırdıq ki, biz iqtisadi dayanıqlığı maksimum dərəcədə təmin edək...”.

Yeri gəlmişkən, burada bir məsələni də xatırladaq. Mərkəzi Bankın İdarə Heyəti tərəfindən dekabrın 21-də  ölkə ərazisində manatın üzən məzənnə rejiminə keçilməsi barədə qərarı cəmiyyətdə fərqli fikirlər doğurdu. Yekdil qənaət isə belə oldu ki, bu,  obyektiv zərurətdən irəli gəlmişdir. Dövlət başçısı da 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bu məsələyə toxunaraq demişdir: “...Neft gəlirlərimizin aşağı düşməsi təbii ki, milli valyutamıza da mənfi təsir etmişdir. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neft qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. Biz il ərzində çalışırdıq ki, bunun qarşısını maksimum dərəcədə alaq. Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. Əlli dollar səviyyəsində sabitləşəndə artıq biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Ancaq hazırda neftin qiyməti 36 dollara düşübdür. Amerika Birləşmiş Ştatlarında dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Burada digər geosiyasi amillər var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii-iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb. Templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir. Ancaq buna baxmayaraq, biz əlbəttə çalışacağıq ki, bu vəziyyətin fəsadlarını minimum səviyyəyə endirək. Neftin qiymətinin ucuzlaşması, eyni zamanda, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının kəskin şəkildə ucuzlaşması və digər amillər bu qərarın qəbulunu qaçılmaz etdi”.

Azərbaycan Prezidenti daha sonra demişdir ki, indiki vəziyyətdə hökumət qarşısında əsas vəzifə qoyulmuşdur ki, makroiqtisadi sabitlik təmin edilsin, inflyasiya normal səviyyədə olsun. Bu ilin yekunlarına görə inflyasiya 4 faizdən azdır. Gələn il  çalışılmalıdır ki, bu, ən aşağı səviyyədə saxlanılsın. Son illərdə  yerli istehsala böyük əhəmiyyət verilmişdir, həm dövlət, həm özəl sektora vəsait ayrılmışdır. Hazırda ərzaq məhsullarının böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Buna görə də respublikada istehsal olunan ərzaq, tikinti məhsullarının qiymətləri sabit qalmalıdır... Azərbaycan özünü yanacaqla təmin edir. Ölkədə yanacağın qiyməti dünya qiymətindən üç dəfə aşağıdır. Əgər benzinin, dizel yanacağının qiymətinə baxsanız, görərsiniz ki, Qərb ölkələrindən üç dəfə aşağıdır. Ona görə bu sahədə də heç bir bahalaşmadan söhbət gedə bilməz. Şəhər nəqliyyatı tarifləri - metro, avtobus tarifləri bizdə çox aşağı səviyyədədir...

Azərbaycan Prezidenti cənab İlham Əliyev mərasimdəki çıxışında daha sonra demişdir: “Hökumətin qarşısında makroiqtisadi sabitliyin təmin edilməsi, inflasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq məhsullarının, tikinti materiallarının və yanacağın qiymətlərinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulmuşdur. Çalışacağıq ki, manatın məzənnəsi ilə bağlı qaçılmaz qərarın fəsadlarını azaldaq. Süni bahalaşmaya yol verənlərə, möhtəkirliklə   məşğul olanlara qarşı cəza tədbirləri görüləcək. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı ciddi qərarlar qəbul olunub. İqtisadiyyat, maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İnhisarçılığa qarşı mübarizə tədbirləri görüləcək. Gömrükvergi sistemində maksimum şəffaflıq təmin ediləcək...”.

Ölkə rəhbəri nitqində “ASAN xidmət”in fəaliyyətinə də toxunmuşdur. Xatırladaq ki, Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər bürokratik əngəllərin və korrupsiya hallarının aradan qaldırılmasına öz müsbət təsirini göstərmişdir. 2012-ci il iyul ayının 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”)  yaradılması ilə bu sahədə mühüm islahata imza atılmışdır.

Xatırladaq ki,  hazırda “ASAN xidmət”ın adı  vətəndaşla dialoq göstəricisinə görə dünyanın lider mərkəzləri sırasında çəkilir. Bir müddət bundan əvvəl “ASAN xidmət”ın yaydığı məlumatda  bildirilirdi ki, tanınmış konsaltinqaudit şirkəti “Pricewaterhouse Coopers” (PwC)  dünyanın 18 iri şəhərində yerləşən və “bir pəncərə” prinsipi ilə dövlət xidmətlərinin göstərildiyi çoxfunksiyalı mərkəzlərin (ÇFM) işini təhlil edərək   “ASAN xidmət”in fəaliyyətini növbələrin idarə olunmasına, vətəndaşla dialoq göstəricisinə görə yüksək qiymətləndirmişdir.

Prezident  İlham Əliyev sözügedən mərasimdə “ASAN xidmət”in fəaliyyəti barədə demişdir: “İki il bundan əvvəl “ASAN xidmət” yaradıldı. Yeddi milyon insan “ASAN xidmət”in imkanlarından istifadə etdi. İndi Azərbaycan vətəndaşları fərqi görürlər, orada bütün işlər şəffaf təşkil edilir, heç bir korrupsiyaya, rüşvətxorluğa yol verilmir, mədəni xidmət göstərilir. Ona görə, biz bu sahəni inkişaf etdiririk. İndi bölgələrdə iki yeni mərkəz yaradılır. Onların sayı 10-dan çox olacaqdır. On səyyar avtobus fəaliyyət göstərir. Yəni, bunu etmək mümkündür. Sadəcə olaraq, işlər düzgün təşkil edilməlidir. Önəmli qurumların başında dayanan insanlar vicdanla işləməlidirlər, öz cibini doldurmaq üçün yox, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar və ciddi nəzarət olmalıdır - dövlət nəzarətiictimai nəzarət.

Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq. Əgər buna nail olsaq, onda neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək".

Azərbaycan Prezidenti çıxışının sonunda gələn il qarşıda duran vəzifələr barədə də fikirlərini bildirmişdir. Demişdir ki, əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda siyasiiqtisadi proseslər müsbət istiqamətdə icra edilsin. Respublika bölgənin sabit ölkəsi kimi öz yolu ilə getsin, qarşıda duran iqtisadi məsələlər öz həllini tapsın. Mən buna şübhə etmirəm. Ümid edirəm ki, neftin qiyməti bu cür aşağı səviyyədə çox qala bilməz, qalxacaq və qalxdıqca manatın məzənnəsi də qalxmalıdır. Ancaq bir daha demək istəyirəm ki,  bu amili kənara qoymalıyıq. İqtisadi liberallaşma, azad, sağlam rəqabət, xoşagəlməz halların aradan götürülməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizənin aparılması, iqtisadi islahatlar - bax, budur bizim yolumuz. Biz bu yolla gedirik, amma daha da sürətlə getməliyik və gedəcəyik...

Güclü dövlət, yüksək rifah” prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Azərbaycan dövlətinin düşünülmüş və uzaqgörən siyasəti gələn ildə də ölkəmizin davamlı inkişafını təmin edəcəkdir. Heç şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəldilməsi olacaqdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 25 dekabr.- S.6.