Milli teatrımızın unudulmaz aktyoru
Cahangir Zeynalov- 150
Azərbaycan
teatrının görkəmli aktyoru, milli teatrımızın ilk yaradıcılarından olan Cahangir Zeynalovun anadan
olmasının 150 ili tamam
olur.
Bu yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Cahangir Zeynalov qüdrətli sənətkar kimi ifaçısı olduğu bütün rolları öz canlı müşahidələri sayəsində daim yeni cizgilərlə zənginləşdirmiş və həyat həqiqətlərini realizm prinsipləri əsasında səhnədə müvəffəqiyyətlə canlandıran dolğun surətlər silsiləsi yaratmışdır. Onun yüksək əhəmiyyətə malik sənət məktəbinin parlaq ənənələri böyük səhnə ustaları tərəfindən layiqincə davam etdirilmişdir”.
Doğrudan da Cahangir Zeynalov Azərbaycan teatr sənətinin yaradıcılarından olmaqla, böyük yaradıcı irs qoyub getmişdir. Onun qızı, Azərbaycan səhnəsinin, kino sənətimizin əvəzsiz aktrisası Nəsibə xanım Zeynalova atasının sənətini uğurla davam etdirmiş, nəvəsi, Əməkdar incəsənət xadimi Cahangir Novruzov hazırda milli teatrımızın görkəmli simalarından biridir.
Cahangir Zeynalovun çox zəngin bioqrafiyası var. 1865-ci ildə Bakıda doğulmuş Cahangir Zeynalovun atası Məşədi Rza tacir idi. Oğlu Cahangir də fəaliyyətinə tacirliklə başlamışdı. Amma səhnəyə böyük həvəsi var idi. İlk dəfə 1885-ci ildə qız rolunda səhnəyə çıxmışdı. Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi var idi.
O, ilk dəfə Həbib bəy Mahmudbəyovla Sultanməcid Qənizadənin hazırladıqları tamaşalarda oynayıb. XIX əsrin sonlarında isə sənət dostu Nəcəfqulu Vəliyevlə birgə əsərlər tamaşaya qoyub. Ötən əsrin əvvəllərində Müsəlman Dram Artistləri şirkətinin təşkilində onun müstəsna rolu olub. “Nicat” (1906), “Səfa” (1912) və “Nəşri-maarif” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında Cahangir Zeynalov əsasən aktyorluq edər və həm də tamaşalara quruluşlar verərdi. “Səfa”nın teatr truppası 1912-ci ildən fəaliyyətdə idi, ancaq cəmiyyətin özü 1910-cu ildə yaranmışdı. “Səfa”nın kitabxanasının təşkilində böyük işlər görən Cahangir Zeynalov onun fonduna çoxlu nüsxədə kitab bağışlamışdı. Bakıda qabaqcıl elm ocaqlarından sayılan “Səfa” məktəbində Səməd Mənsur, Abbasmirzə Şərifzadə, Cəfər Bünyadzadə ilə yanaşı, Cahangir Zeynalov da dərs deyirdi. O, dəfələrlə, “Səfa” teatr bölməsi idarə heyətinin rəhbərləri sırasına seçilmişdi. Hətta, 1914-cü ildə sədr vəzifəsini Cahangir Zeynalov, müavinliyi isə Mehdi bəy Hacınski tutmuşdular.
Cahangir Zeynalov ilk Azərbaycan aktyorudur ki, teatr ictimaiyyəti ona təntənəli yubiley keçirib. Səhnə fəaliyyətinin 25 illiyi münasibətilə “Nicat” cəmiyyətinin Qurban bayramı günündə (30 noyabr 1910-cu il) Tağıyev teatrında keçirdiyi yubiley təntənəsində rəsmi hissə olmuş, fasilələrdə xanəndə və sazəndələr çalıb-çağırmış, Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası oynanılmış, Mirzə Həbib rolunu Cahangir Zeynalov ifa etmişdi. Yubiley münasibətilə “Günəş”, “Kaspi”, “Nicat”, “Səda”, “Bakı”, “Bürhani-Tərəqqi” qəzetləri məqalələr çap etmişdir.
Mirzağa Əliyev, Hacıağa Abbasov, Məmmədəli Vəlixanlı kimi məşhur aktyorların səhnəyə gəlişində onun böyük xidmətləri olub.
Səhnəmizdə qadınların olmamasından həmişə rahatsızlıq keçirən aktyor qızını aktrisa görmək istəmiş, ancaq amansız ölüm bu arzuya kölgə salmışdı. Üç yaşında atası Cahangir Zeynalovu itirmiş Nəsibə Zeynalova sonralar onun bünövrəsmi qoyduğu realist aktyor məktəbinin ən layiqli davamçısı oldu.
Cahangir Zeynalov Azərbaycan klassiklərinin müxtəlif janrlı əsərlərində oynayıb. M.F. Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah”ında Şahbaz bəy və Məstəli şah, “Molla İbrahimxəlil kimyagər”də Molla İbrahimxəlil, “Xırs quldurbasan”da Tarverdi, “Lənkəran xanının vəziri”ndə Mirzə Həbib, Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər”ində Hacı Qəmbər, “Ağa Kərim xan Ərdəbili”də Ağa Kərim xan, “Müsibəti Fəxrəddin”də Vəli, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsində Tavad Maqobeli, Rzaqulu Mirzə rollarını məharətlə ifa edib. Eyni zamanda, Lev Tolstoyun “Əvvəlinci şərabçı”əsərində Potap, Fridrix Şillerin “Qaçaqlar”inda Qoca Moor, Jan Batis Molyerin “Zorən təbib”ində Eyvaz, Şəmsəddin Saminin “Dəmirçi Gavə”sində Qubad və Fərhad, “Əhdə vəfa”sında Zübeyr, Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin “Əmir Əbül Üla”sında Rəbi, S.Lanskoyun “Qəzavat” əsərində Qoca sərkərdə, Vano Mçedaşvilinin “Qaçaq Kərəm”ində Çinovnik və Xanın katibi, Namiq Kamalın “Vətən”ində (“Vətən, yaxud Osmanlı müharibəsi”) Şeyxülislamı yüksək peşəkarlıqla tamaşaçılara təqdim edib.
Yuxarıda sadalanan rolların əksəriyyətini dəfələrlə müxtəlif quruluşlarda ifa etmiş Cahangir Zeynalov bəstəkar Üzeyir bəy Hacıbəyovun “O olmasın, bu olsun” operettasında Rza bəy və Rüstəm bəy obrazlarını yüksək məharətlə yaradıb.
Cahangir Zeynalov oynadığı rolda doğruluğa, həyatiliyə, inandırıcılığa nail olmaq üçün obrazın daxili inkişaf məntiqinə əsaslanır, müxtəlif üslubları sintez edə bilirdi. Cahangir Zeynalovun aktyor məktəbi köklü və davamlı prinsiplər əsasında qurulmaqla öz poetikasının müəyyən vacib prinsiplərini formalaşdırıb.
Son dəfə səhnəyə “İsmailiyyə”də oynanan “Hacı Qara” tamaşasında baş rolda çıxıb. Cahangir Zeynalov 1918-ci il hadisələri dövründə ailəsini qırğınlardan qorumaq üçün İrana – qayınatasının yanına aparıb. “Ərdəhan” gəmisində geri qayıdarkən dənizdə fırtınaya düşüb. 8 gün gəmidə qalmağa məcbur olan Cahangir bəy tif xəstəliyinə tutulub və Bakıya döndükdən sonra vəfat edib.
Bu günlər xalqımız bu mötəbər sənət xadiminin 150 illik yubileyini qeyd edir. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyində tədbirlər planı hazırlanıb. Dekabrın 23-də Akademik Milli Dram Teatrında yubiley mərasimi keçirilmişdir. Tədbirdə “Cahangirdən Cahangirə” adlı bədii layihə nümayiş olunmuşdur. Layihədə yubilyarın nəvəsi, Əməkdar incəsənət xadimi Cahangir Novruzovun rejissorluğu ilə Anton Çexovun “Qu quşunun nəğməsi” əsəri əsasında hazırlanmış tamaşa göstərilmişdir. Səhnə əsərində baş rolu Cahangir Novruzov, digər rolda aktyor Hikmət Rəhimov çıxış etmişlər.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.- 27
dekabr.- S.8.