“Kitabi-Dədə Qorqud”un
200 illik zəfər yürüşü
Bizim zəngin tariximiz,
qədim mədəniyyətimiz milli-mənəvi dəyərlərimiz
“Kitabi-Dədə Qorqud” eposunda
öz əksini tapmışdır. Bu epos bizim
ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla
haqlı olaraq fəxr edə bilər.
Heydər ƏLİYEV,
Ümummilli lider
12 mart 2000-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş yubleyin
açılışında Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin
çıxışı Azərbaycan
qorqudşünaslarına yeni bir ruh yüksəkliyi bəxş
etdi. “Kitabi-Dədə Qorqud” dastanı 1815-ci ildə alman
şərqşünas alimi, Prussiyanın
İstanbuldakı nazir səlahiyyətli səfiri
(1784-1791), din xadimi və
görkəmli tərcüməçi Haynrix
Fridrix fon Dits tərəfindən Drezden
Kral Kitabxanasında tapılmış və
elm aləminə təqdim edilmişdir. Əlyazmanı tapan
şərqşünas alim onu oxumuş, geniş bir müqəddimə yazaraq
“Basatın Təpəgözü öldürdüyü
boyu” alman dilinə tərcümə
edərək “Yeni aşkar
edilmiş Oğuz Təpəgözü
“Homerinki ilə müqayisədə”
adlı kitabını nəşr etdirmişdir.
Hələ 1636-cı ildə məşhur alman səyyahı A.Oleari Dərbənd və Şamaxını gəzərkən bu yerlərin adət-ənənələrini, üsul-idarəsini öyrənərək öz səyahətnaməsində dəyərli fikirlər qələmə almışdır. Almaniyanın Leypsiq şəhərindəki “Alman kitabxanası”nın muzeyində saxlanılan ilk nəşrdə A.Oleari Dərbənd haqqında geniş məlumat verərək, şəhər qəbiristanlığının şəklini çəkmiş, qəbirləri müxtəlif ifadələrlə qeyd etmiş və Dədə Qorqudun da qəbrinin burada olduğu fikrini söyləmişdir.
Dədə Qorqud dövrünə bizdən 400 il yaxın olan səyyahın əlində, əlbəttə, bu dastanlar haqqında heç bir fakt olmamışdır. Lakin o, Dədə Qorqudun, Qazan xanın və onun həyat yoldaşı Burla Xatunun tarixi şəxsiyyət kimi yaşayıb ömür sürdüklərini və nəhayət, Qazan xanla Burla Xatunun Cənubi Azərbaycanda Səlmas yaxınlığında dəfn edildiklərini söyləmişdir. Əlbəttə, Dədə Qorqud və Qazan xan müxtəlif illərdə nəşr edilmiş ensiklopediyalarda özlərinə müəyyən səpkidə yer tutsalar da, el ağsaqqalı, bilicisi Dədə Qorqud və xalq qəhrəmanı, sərkərdəsi, onu bütün çətinliklərdən qurtaran Oğuz elinin xilaskarı Qazan xanın əsl simaları “Kitabi-Dədə Qorqud” dastanlarında reallıqla təsvir olunmuşdur.
F.Rəşidəddinin və Əbül-Qazi Bahadır xanın “Oğuznamə”lərində əks olunan el ağsaqqalı, müdrik şəxs olan Dədə Qorqud, dastanda, demək olar ki, bütün boylarda iştirak edir, öz ağıllı məsləhətləri ilə Oğuza yol göstərərək ən çətin anlarda belə ona mənəvi dayaq olur. Oğuz elinin başçıları həm toyda, həm yasda, həm də düşmən tərəfindən basqıya məruz qaldıqda onun müdrikliyinə ehtiyac duymuşlar. Dastanda Dədə Qorqud simasında Oğuz elinin düşünən beyni, müdrik el ağsaqqalının obrazı ümumiləşdirilmişdir. Qazan xan başda olmaqla tərəfdarları simasında isə xalqın qəhrəmanlıq tarixi öz əksini tapmışdır.
Əlbəttə, Dədə Qorqud və Qazan xan kimi şəxsiyyətlər haqqında ayrı-ayrı geniş tədqiqat əsərlərinin yazılması, yalnız alman şərqşünası H.F.fon Ditsin 1815-ci ildə “Kitabi-Dədə Qorqud” dastanlarını elm aləminə təqdim etməsindən sonra baş vermişdir.
Dastanlar haqqında geniş məlumat verən H.F.fon Dits elə ilk səhifədəcə belə yazır: “Yeni aşkar edilmiş Oğuz Təpəgözü Homerinki ilə müqayisədə”. Bu onun tədqiqat kitabının adıdır. Elə bundan sonra ilk səhifədə oxuyuruq: “Təpəgöz, yoxsa Oğuz Siklopu. Tatar-türk dilindən”. Əlbəttə, bütün Şərqi qarış-qarış gəzib tədqiqat əsərləri yazan məşhur şərqşünas H.F.fon Dits “Tatar-türk dilindən” dedikdə biz onun nəyi nəzərə aldığını başa düşürük. Məlumdur ki, o vaxtlar Azərbaycan dili əvəzinə tatar-türk dili məhfumu işlədilirdi. Əlyazmanın üz səhifəsində “Kitabi-Dədə Qorqud” oğuz xalqının dilində yazılmışdır. Drezden Kral Kitabxanasında başqa ad ilə göstərilən bu əlyazmalarını, H.F.fon Dits aşkar etmişdir. O, bu əlyazmaları oxuyub, sonra isə “Basat Təpəgözü öldürdüyü boyu bəyan edir” boyunu Homerin “Odisseyin Təpəgözlər ölkəsinə gəlib çıxması nəğmələri” ilə müqayisə edərək, ümumiyyətlə, Təpəgöz mifinin oğuzlarda daha qədim, bitkin olduğunu söyləyərək yunanların bunu oğuzlardan əxz etdiklərini dəlillərlə sübut etməyə çalışmış və buna nail olmuşdur.
H.F.fon Dits “Kitabi-Dədə Qorqud”un yazıya alındığı, yəni oğuz xalqının hökmdarı Alp Oğuzun (Süleyman şahın) oğlu Ərtoğrulun dövründə Azərbaycan ərazilərində oğuz dilinin hökmran olduğunu tarixi dəlilərlə sübut etmişdir.
H.F.fon Dits yazır ki, yaxın dostları Rays və Rəşid əfəndinin dediklərinə görə, Osmanın ətrafında yalnız 2 min türkmən, yaxud oğuz var idi.
Belə aydın olur ki, oğuz dili hakim olaraq qala bilməzdi, çünki səlcuqların türk adlanan dili Kiçik Asiyada hökmran dil idi, danışanlar hər iki dildə (türk və oğuz) bir-birini asanlıqla başa düşürdülər. Beləliklə də oğuz dili məfhumu yox olur və onun yerinə osmanlılar dövründə türk dili hökmran olduğundan türk dili işlədilir.
Əlbəttə, səlcuqlar da vaxtilə Türküstandan gəlmiş və yuxarıda adları çəkilən hökmdarların rəhbərliyi ilə yürüşlər etmişlər. Bunlardan Osman sülaləyə öz adını vermiş və onu daha da möhkəmləndirmişdir.
H.F.fon Dits əsərin girişində belə yazır: “Söhbət “Kitabi-Dədə Qorqud”un dilindən gedirsə, deməli, bu dastanlar oğuz dilində yazılmış və bu, I Osmandan əvvəl oğuz dilinin hökmran olduğu dövrdə baş vermişdir”.
“Kitabi-Dədə Qorqud” hər zaman qorqudşünasların diqqət mərkəzində olmuş və dastan haqqında araşdırmalar aparılaraq dəyərli fikirlər söylənilmişdir. Bu baxımdan AMEA-nın həqiqi üzvü, Bakı Slavyan Universitetinin sabiq rektoru, Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin məhsuldar yaradıcılığının nəticəsi olaraq nəşr etdirdiyi “Gizli Dədə Qorqud”, “Sirr içində dastan, yaxud gizli Dədə Qorqud”, “Yarımçıq əlyazma”, “Mifdən yazıya və yaxud gizli Dədə Qorduq” kimi sanballı əsərlərindəki araşdırmaları və tamamilə yeni fikirləri qorqudşünaslığa ən dəyərli tövhədir. Məşhur qorqudşünaslar O.S.Gokyay, H.Araslı, M. Təhmasib, S.Əlizadə, Ş.Cəmşidov, T.Hacıyev və başqaları dastanı müxtəlif nöqteyi-nəzərdən tədiqi edərək qorqudşünaslıqda yeni səhifələr açmışlar.
2009-cu ilin mart ayında Bakı Slavyan Universitetinin sabiq rektoru, professor Kamal Abdullayev, Almaniya Federativ Respublikasının Mayns Universitetinin Şərqşünaslıq seminarının rəhbəri, professor Hendrix Bushoten və Frank am Maynsdakı Osvald fon Volkenştayn Cəmiyyətinin sədri, professor Ziqlinde Hartmanın birgə əməyi sayəsində “Kitabi-Dədə Qorqud” dastanının orta əsr alman qəhrəmanlıq dastanı “Nibelunqlar nəğməsi” ilə müştərək tədqiq olunması barədə 10 illik bir layihəyə imza atıldı. İlk simpozium 30 sentyabr – 4 oktyabr 2009-cu ildə dilçilik aspektlərinə həsr olundu və Bakı Slavyan Universitetində keçirildi. Azərbaycan və Almaniya Federativ Respublikası arasındakı ikitərəfli elmi layihəyə hər cür dəstək verildi. Simpoziumun materialları həm Bakıda, həm də Almaniyanın Visbaden şəhərində Lüdviq Rayxert nəşriyyatında çap olundu.
2010-cu ildə Haynrix Fridrix fon Ditsin 1815-ci ildə Halle və Berlin şəhərlərində nəşr etdirdiyi “Yeni aşkar edilmiş Oğuz Təpəgözü Homerinki ilə müqayisədə” əsərini mən Azərbaycan dilinə tərcümə etdikdən sonra bu alman şərqşünas alimə, diplomat və tərcüməçiyə maraq daha da artdı.
Sazişə əsasən, 2011-ci ildə orta əsr qəhrəmanlıq dastanlarının oxşarlıqları və xüsusiyyətləri ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən ikinci simpozium Almaniyanın Mayns şəhərində keçirildi və materiallar nəşr edildi. Almaniyada keçirilən simpoziumda artıq Azərbaycan və alman tədqiqatçıları bir araya gələrək dastanlar haqqında ətraflı fikir mübadiləsi apararaq ortaq məxrəcə gəldilər. Artıq “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan hüdudularından uzaqlarda – Qərbi Avropada alman, ingilis, fransız alimlərinin tədqiqat obyektinə çevrilmiş oldu.
2014-cü ilin oktyabrında Bakıda “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru mövzusunda IV Beynalxalq Humanitar Forum keçirildi. Forumun “Sivilizasiyalararası dialoq: “Nibelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorud” eposlarının müqayisəli tədqiqi bölməsində Almaniyadan, Hollandiyadan, İtaliyadan, Yaponiyadan, Rusiyadan, Türkiyədən, Böyük Britaniyadan, Fransadan və Azərbaycandan olan tədqiqatçı alimlər maraqlı və elmi çıxışlar etdilər. 2015-ci ilin 30-31 yanvarında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Kitabi-Dədə Qorud” və Haynrix Fridrix fon Dits 200" adlı beynalxalq kollokvium keçirildi. Kollokviumda həm xaricdən, həm də Azərbaycandan olan alimlər maraqlı və cəlbedici məruzələrlə çıxış etdilər.
2015-ci ilin fevralında Azərbaycan Respublikasının Prezindeti İlham Əliyevin “Kitabi-Dədə Qorud” və Haynrix Fridrix fon Dits 200” yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamı qorqudşünas alimləri daha da ruhlandırdı. Belə ki, Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin bilavasitə rəhbərliyi ilə keçirilən tədbirlər, sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi və görkəmli alman şərqşünası Haynrix Fridrix fon Ditsin əsərinin 25 dilə tərcüməsi xüsusi diqqətə layiqdir.
Dekabrın 17-də Almaniyanın Drezden Saksoniya Əyalət Universitet Kitabxanasında (Drezden Kral Kitabxanası) Azərbaycan (akademik K.Abdulla, professor A.Hacıyev, professor M.Nağısoylu, professor Ş.Xəlili, professor R.Qeybullayeva, professor İ.Məmmədzadə, dosent T.Kazımov və dosent A.Qəhrəmanova) və alman alimlərinin birgə keçirdiyi dəyirmi masada çıxışlar və dekabrın 22-də Azərbaycan Akademik Milli Dram Teatrında keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamından irəli gələn vəzifələrin yerinə yetrilməsinin əsasını təşkil edir.
Telman KAZIMOV,
Bakı Slavyan Universiteti
alman
filologiyası kafedrasının dosenti
Xalq qəzeti.- 2015.-
31 dekabr.- S.9.