“Azərbaycan hökmdarları:
Səfəvilər” kitabının təqdimatı
Dekabrın 26-da “Kitabevim” mağazasında “Oğuz”
Müstəqil Araşdırmaçılar Qrupunun
(“Oğuz” MAQ)yeni kitab layihəsinin təqdimatı olub. AMEA-nın Tarix İnstitutunun doktorantı Ceyhun
Bayramlı və Bakı Dövlət Universitetinin
dosenti Vüqar Zifəroğlunun
həmmüəllifliyi ilə yazılan “Azərbaycan
hökmdarları: Səfəvilər” kitabı Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə çap edilmişdir.
Təqdimatı qonaqlar üçün açıq elan edən “Oğuz” MAQ-ın rəhbəri Vüqar Zifəroğlu kitabın əhəmiyyəti barədə danışaraq bu layihənin Azərbaycan tarixinin ayrılmaz parçası olan Səfəvilər dövlətinin hökmdarlarından bəhs etdiyini və milli dövlətçilik tariximizdə misilsiz rol oynamış dövlət başçılarımızın gənc nəsil tərəfindən öyrənilməsinin zəruruliyini qeyd edib. V.Zifəroğlu xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Səfəvi xanədanına məxsus hökmdarlar barədə 2 dildə avtobioqrafik məlumatları və rəngli şəkilləri özündə əks etdirən bu kitabın əsas üstünlüyü orada təkcə Səfəvi hökmdarlarının geniş təsvir edilməsi deyil, eyni zamanda, onların şəkillərinin, eləcə də dövlətlərinə aid bayraqların və sikkələrin, xəritələrin təsvirlərinə də geniş yer ayrılmasıdır.
Sonra digər həmmüəllif, tədqiqatçı-alim Ceyhun Bayramlı çıxış edərək kitabın Azərbaycan gəncləri və geniş oxucu auditoriyası üçün nəzərdə tutulduğunu və yeni nəslin hökmdarlarımızı və milli kimliyimizi tanımaq istiqamətində bu cür layihələrdən yararlanmalı olduqlarını qeyd edib. C. Bayramlı bildirib ki, Azərbaycan Səfəvilər dövlətini, dünya ictimaiyyətinin, elmi sferasının bir çox hissəsi qonşu dövlətlərin xələfi hesab edir. Dünya tarixşünaslığında bu yanlışlıq, təəssüflər olsun ki, hələ də davam edir və yalnız vicdanlı və məsələni dərindən araşdıran alimlər istisna olmaqla, bir çoxları ya bilgisizlikdən, ya da məqsədyönlü şəkildə Səfəviləri qeyri-türk və ya qeyri-azərbaycanlı kimi təqdim etməyə çalışırlar. Bu da xarici ölkələrdə yaşayan və təhsil alan soydaşlarımızın ciddi narazılığına səbəb olur. Belə yanlış tendensiyanı aradan qaldırmaq üçün bu layihə də köməkçi vəsait kimi istifadə olunmalıdır. Tarixdən məlumdur ki, bu dövlət sırf Azərbaycan xalqına məxsus olmuş, ölkəmizin ərazisində yaranmış, dövlətin qurulmasında Azərbaycan türkləri əsas rol oynamış və xanədanlığın idarəsi buradan-Azərbaycandan həyata keçirilmişdir. Səfəviləri digər qonşu ölkələrə bağlamaq cəhdinin heç bir elmi əsası yoxdur və bu cür prizma yalnız iflasa məhkumdur.
Daha sonra fəlsəfə üzrə fəlsəfə doktoru, araşdırmaçı Faiq Ələkbərov çıxış edərək bu layihənin elmi fundamental əsaslarından danışaraq, belə kitabların cəmiyyətdə geniş yayılmasının zəruriliyini qeyd edib. F. Ələkbərov Azərbaycan tarixinin tam öyrənilməsi üçün torpaqlarımızın da bütövlükdə öyrənilməsinin vacibliyini qeyd edərək bunun milli təfəkkürümüzdə yer almasının son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.
Onu da qeyd edək ki, 235 səhifəlik “Azərbaycan hökmdarları: Səfəvilər” layihəsinin hazırlanmasında tanınmış mərhum səfəvişünas alimimiz Oqtay Əfəndiyevin monoqrafiyasından və tarix elmləri doktoru Zabil Bayramlının, tarix üzrə fəlsəfə doktoru Tofiq Nəcəflinin əsərlərindən istifadə edilmişdir. Kitabda olan materiallar Azərbaycanın XVI-XVIII əsrlər tarixinə aid olan bir dövrü əhatə edir, müsbət və mənfi tərəfləri ilə Səfəvi hökmdarlarının avtobioqrafiyasına işıq salaraq, həqiqəti ortaya çıxarmağa xidmət edir. Kitabın elmi rəyçiləri tarix elmləri doktorları Zabil Bayramlı, Xeyrəddin Qasımov və tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli, redaktoru Elməddin Behbuddur.
Layihə haqqında bir sıra tanınmış ziyalılar çıxış etdikdən sonra müəlliflər tərəfindən imzalama mərasimi keçirilib və kitab tədbir iştirakçılarına paylanıb.
Anar TURAN
Xalq qəzeti.- 2015.- 31
dekabr.- S.9.