2016-Yeni ilə yeni arzularla
Yer üzünə yeni - 2016-cı
il gəlir. Dünyanın bir çox xalqları hər il təqvimlərin
dəyişdiyi dekabrın 31-dən yanvarın 1-nə
keçən gecəni böyük sevinc və ümidlərlə
qarşılayırlar. Adamlar Yeni il kimi bayram etdikləri bu əziz
gündə deyib-gülür, şənlənir, sevdiyi
insanlara hədiyyələr verirlər. Küçələrdə,
mənzillərdə yolkalar bəzədilir, uşaqların səbirsizliklə
gözlədikləri Şaxta baba və Qar qız evlərin əziz
qonaqlarına çevrilirlər.
Yeni il əsrlərdən bəri Azərbaycan xalqının da əziz bayramlarından biridir. Soydaşlarımız bu bayrama hər dəfə böyük şövqlə hazırlaşır, həvəslə bayram süfrələri açırlar. Son illər xalqımız üçün bir çox uğurlarla yadda qalıb. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük yaradıcılıq-quruculuq işləri görülüb, istər paytaxtımız Bakı şəhərində, istərsə də rayonlarımızda genişmiqyaslı abadlıq tədbirləri həyata keçirilib, yeni yollar salınıb, körpülər tikilib. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məktəblər, xəstəxanalar, uşaq evləri tikilib, təmir edilib. Son illərdə ölkəmizdə bir çox iri infrastruktur layihələri, Bakı şəhəri və regionlarımızın inkişafı ilə bağlı böyük proqramlar icra olunub. Bütün bunlar, Prezident İlham Əliyevin dediyi kimi, insanlarımızın rahat yaşaması üçün edilib.
Yola saldığımız 2015-ci ildə də müəyyən işlər görülüb. Ancaq dünyada baş verən iqtisadi-maliyyə problemləri Azərbaycandan da yan keçməyib, nəticədə yola saldığımız il bir sıra çətinlikərlə müşayiət olunub. Bununla belə, heç bir sosial layihə dayandırılmayıb.
Yeni il bayramı ərəfəsində xalqımız özünün başqa bir əziz bayramını - 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü də böyük coşqu ilə qeyd edir. Belə günlərdə milli duyğu və düşüncələrimiz aşıb-daşır, arzu-diləklərimiz sabaha qanad açır. Dünyanın hər yerində soydaşlarımızın fəal iştirakı ilə anamız Azərbaycanın şərəfinə təntənələr qurulur. Həmrəylik duyğusu bizi güclü edir, öyünc və sevincimiz həyat eşqimizi yüksəldir. Beləcə, eldə, obada, bütün Azərbaycanda indi bayram-bayrama qarışır. Bayramınız mübarək olsun, əziz dostlar, əziz həmvətənlər!
2016-cı il -
qırmızı meymun ilidir
Meymun ilində doğulanlar çevik, zirək, ixtiraçı və orijinal insanlar olurlar, ən mürəkkəb problemləri asanlıqla həll edirlər. Elə fəaliyyət meydanı yoxdur ki, onlar orada əl-qol aça bilməsinlər. Onlar hər nə oldusa, dərhal bilmək və öyrənmək istəyirlər, səbirsiz və hər şeylə maraqlanan olurlar. Lakin meymunları işlərindən ayırmaq və fikirlərindən daşındırmaq da asandır. Onlar hər işi elə həmin dəqiqə görmək istəyirlər. Adətən, düzgün qərar qəbul edirlər, sağlam düşüncəyə malik olurlar. Qərarları düzgün olmasa da, əmindirlər ki, addımlarını düz atırlar. Əgər onlara mane olan olmasa, şöhrət qazana bilirlər. Meymunlar yüksək vəzifə sahibi olmaqda da çətinlik çəkmirlər.
Lakin bu ildə doğulanların xarakterində müəyyən zəiflik də özünü göstərir. Ən yüngül maneə onların qanlarını qaraldıb planlarını poza bilər. Bir çoxları öz qətiyyətsizlikləri və qərarsızlıqları ilə digərlərindən fərqlənirlər.
Onlar temperamentli və öz bildiklərini edən, tez qızışan, lakin yola gələn adamlardır. Onları hətta etibarsızlıqda günahlandıranlar da tapıla bilər. Bəziləri isə düşünürlər ki, onlar xarakter bütövlüyünə malik olmayan, ziddiyyətli adamlardır.
Meymunlar enerjili və dinamik heyvanlardır. Bu ildə kim
aktivliyə can atsa, onun ili olacaq. Meymun keçidən
daha dərin düşüncəli və hərəkətli
olduğu üçün ona bir yerdə oturmaq qəti əl
vermir. Qırmızı meymunlar əmindirlər
ki, mütləq aktiv hərəkət etmək lazımdır.
Kim öz uğuru və karyerası üçün irəliyə
can atsa, mütləq uğur qazanacaq.
Meymun
ilində anadan olan insanlara dost və ya ömür-gün
yoldaşı kimi əjdaha və siçan ilində anadan
olanlar uyğun gəlirlər. Amma bəzən dovşan, qoyun,
it və meymun ilində doğunlarlarla qurulan ailələr
uğurlu ola bilir. İlan,
qaban və pələng ilində doğulanların isə
meymun ilində anadan olan insanlarla ailə qurması qətiyyən
yaxşı nəticə verməz.
Lakin
astroloqlar etiraf edirlər ki, ulduzlardan, bürclərdən
yuxarıda Allah var, təbii ki, ən doğrusunu da O bilir.
Yeni ilin 5 min illik tarixi var
Yeni ili qeyd etmək ənənəsi ilk dəfə
harada və nə vaxt meydana gəlib? Gəlin,
lap əvvəldən başlayaq. Belə fərziyyələr var ki,
Yeni il bayramı ilk dəfə 5 min il
bundan əvvəl Mesopotamiyada qeyd edilib. Bu qədim ölkədə
şumer, babil, assur kimi mədəniyyət
mərkəzləri yaranmışdı. Mesopotamiyada
əkin işləri martın sonunda, Dəclə və Fərat
çaylarında su artandan sonra başlanırdı. Bu hadisə 12 gün ərzində təntənəli
yürüşlərlə, şənliklərlə qeyd
edilirdi.
Qədim yəhudilər Yeni ilin bayram edilməsini babillilərdən,
yunanlar isə yəhudilərdən öyrənmiş, Qərbi
Avropaya da bu ənənə yunanlardan keçmişdir. Qədim romalılar hələ
bizim eradan əvvəl Yeni il gecələrində
səhərə qədər şənlik edir, tanış və
dostlarına xoşbəxtlik diləyirdilər. Arxeoloqlar
qədim Misir piramidalarında qazıntı işləri
apararkən üzərində “Yeni ilin
başlanğıcı” sözü yazılmış qab
tapmışdılar. Qədim Misirdə Yeni il Nil çayı daşan zaman (təqribən
sentyabrın axırında) bayram edilirdi. Nilin
daşması çox mühüm hadisə hesab olunurdu.
Ona görə ki, çayın daşması
sayəsində susuz səhrada taxıl bitirdi. Yeni ildə Tanrı Amonun, onun arvadının və
oğlunun kiçik heykəllərini minnətdarlıq əlaməti
olaraq qayığa qoyurdular. Qayıq Nil
çayı boyu çal-çağırın müşayiəti
ilə bir ay üzəndən sonra heykəlcikləri yenidən
məbədə qoyurdular.
Romalılar
imperator Yuli Sezarın yeni təqvimi tətbiq etməsinədək
Yeni ili martın əvvəlində bayram
edirdilər. Sezar eramızdan əvvəl 45-ci ildə Misirdə
olarkən misirlilərin təqvimi ilə tanış
olmuşdu. Bu təqvim 365 gündən və 12
aydan ibarət idi. Salnaməçilər yazır ki, Sezar bu
tanışlıqdan sonra dərhal yeni təqvimin
hazırlanması barədə əmr vermişdi.
O da bəllidir
ki, bəzi xalqlar Yeni il bayramını
müxtəlif vaxtlarda qeyd edirdilər. Məsələn,
qədim Yunanıstanda bayram ilin ən uzun gününə -
22 iyuna düşürdü. İngiltərədə
isə bayram şənliklərinə baharın ilk
günündə - martın 1-də başlayırdılar.
Fransada Yeni ilin gəlişini Böyük
İnqilab Günü, yəni Respublikanın
yarandığı 22 sentyabrda bayram edirdilər.
I Pyotr 1699-cu ildə Avropa səyahətindən
qayıdandan sonra Yeni ilin 1 yanvardan hesablanması barədə
fərman imzalamışdı. İmperator Yeni il
şərəfinə yolkalar bəzədilməsi
üçün göstəriş vermişdi. I Pyotr öz fərmanında,
eyni zamanda, Yeni il günlərində sərxoş
olaraq sillələşmə və yumruqlaşmanı
qadağan etmişdi. Göstərilmişdi ki,
bu xoşagəlməz işi başqa vaxtda da görmək
olar. 1 dekabrda yır-yığış edən
rus qızları mizin altını çox səylə ələk-vələk
edir, buğda dəni axtarırdılar. Buğda
dəni tapan qızlar sevinclərindən
qışqırırdılar. Onlara elə
gəlirdi ki, buğda dəni tapan qız tezliklə ərə
gedəcək. Ərə getmək arzusu ilə
yaşayan qızlar gündə bir neçə dəfə təzə
paltar geyirdilər.
Yeni ili
qarşılama ənənələri
Hər
bir xalqın Yeni ili qarşılama ənənəsi
var. Məsələn, italyanlar Yeni ili bayram etməzdən
öncə mənzillərindəki bütün köhnə əşyaları
pəncərədən küçəyə tullayırlar. Köhnə əşyaların yerini təzə
alınmış mebellər tutur.
Yaponlar hesab edirlər ki, Yeni ilin ilk saniyələrindən
başlayaraq gülmək adama uğur gətirir. Yaponiyada Yeni il
gecəsi 108 dəfə zəng çalmaq adəti
mövcuddur. Qədim inanclara görə, vurulan
hər bir zəng insan qüsurlarından birini
“öldürür”. Yaponlar hesab edirlər ki, insanın
altı qüsuru olur: simiclik, axmaqlıq, qərəz,
yelbeyinlik, qətiyyətsizlik, paxıllıq. Və
bu qüsurların hər birinin 18 müxtəlif
çaları mövcuddur. Yaponlar Yeni ildə
öz yaxınlarına məhz bu qüsurlardan azad
olmalarını arzulayırlar. 6-nı 18-ə
vuranda 108 alınır. 108 rəqəmi və
bu qədər zəng çalmaq ənənəsi də məhz
buradan yaranıb.
Asiyanın
ən böyük ölkəsi olan Çində də Yeni il bayramı qədimlərdən bəri
böyük təmtəraqla, atəşfəşanlıqla
qeyd edilir. Çinlilər bununla ümid edirlər ki, Yeni ilin gəlişinə
mane olmağa cəhd edən şər qüvvələri
qovurlar. Avropalılardan fərqli olaraq
çinlilər yolka bəzəmirlər, əvəzində
bayram süfrələrinə narıngi və portağalla
dolu məcməyilər düzürlər.
Yeni il bayramı polyak xalqının da sevimli
bayramıdır. Polyaklar Şaxta babanı
Silvestr Klaus adlandırırlar. Onların
inancına görə, bu, həmin Silvestr adlı məşhur
nağıl qəhrəmanıdır ki, Levifian adlı vəhşiyə
qələbə çalaraq həmvətənlərini dəhşətli
bəlalardan xilas edib.
Avstraliyada
da Yeni il şənlikləri kifayət qədər
ekzotik keçirilir. Qar, şam ağacı,
maral və bayramın digər ənənəvi
atributlarının olmamağı səbəbindən
Şaxta baba Sidney çimərliyində parlaq rəngli
üzgüçülük kostyumunda peyda olur. Bununla belə,
“Köhnə dünya”nın ənənələrinə
uyğun olaraq
Şaxta babanın mütləq ağ saqqalı və
qırmızı papağı olur. Yeni il
axşamı açıq səma altında atəşfəşanlıqların
keçirildiyi müxtəlif ictimai məkanlara baş çəkmək
ənənəyə çevrilib. Avstraliyadakı Yeni il şənliklərinin özəlliyi ondan
ibarətdir ki, gecə yarısından sonra bu cür atəşfəşanlıqlar
müşahidə olunmur. İstirahət günü
və ya bayram olmasına baxmayaraq avstraliyalılar adətən
səhər saat 5-6-da yuxudan oyanır, axşam saat 10-dan gec
olmayaraq isə yatağa girirlər. Təbii ki, Yeni il gecəsi istisnadır. Amma bu bayram
günündə də saat 00:10-da hamı yataqda olur.
1927-ci ildə Milad bayramı keçmiş SSRİ məkanında
rəsmi bayram kimi ləğv olunmuşdu. 1936-cı ildən isə
Yeni il təqvim ili kimi qeyd edilir. O zaman
keçmiş ittifaqda Yeni il iki gün ərzində
bayram edilirdi. Rusiyanın indiki rəhbərliyi
isə Yeni il tətillərini 10 günə
çatdırıb ki, bundan da sadə camaat çox razı
qalıb. Üstəlik, ruslar 13 yanvarda “Köhnə
Yeni ili” də qeyd etməkdən vaz keçmirlər.
Dünya
xalqlarının bir çoxunda, xüsusən də Afrikada
Yeni ilin qarşılanması gecəsi fit və çəpik
çalmaq, hay-küy qoparmaq, tullanıb-düşmək,
haray-həşir salmaq adət-ənənələri
vardır. Yəqin ki, bu ənənələr
bütpərəstlik zamanından mövcuddur. Qədim insanlar əcinnələri və digər
şər qüvvələri qovmaq üçün bu
üsullara əl atırdılar.
Yeni ilin ayrılmaz atributlarından biri Rusiyada, Şimali Amerikada,
ümumiyyətlə, dünya dövlətlərinin
çoxunda şüşə və plastik oyuncaqlarla,
şamlarla və şirniyyatla bəzədilmiş yolkadır. Yolka bayram dövründə
mənzillərdə, yaxud böyük şəhərlərin iri
meydanlarında qurulur. Bayram ərəfəsində
ağacların bəzədilməsinin başlanğıcı
Misir fironlarının dövrünə təsadüf edir.
Həmin vaxtlarda qədim Misir küçələrindəki palma ağaclarını bəzəyirdilər.
Bizim eramızda Avropa ölkələrində Milad bayramı
münasibətilə küknar ağaclarını alma, qoğal və şamlarla bəzəməyə
başlamışlar. Adamın heç
inanmağı gəlmir ki, nə vaxtsa yolkanı başı
üstə qururdular. Bayram qurtarandan sonra isə
uşaqlara ağacdakı meyvələri və
şirniyyatı yığmağa icazə verirdilər.
Avropada ilk Milad yolkaları
Yolka qurmaq ənənəsi Almaniyadakı Reyn
çayının sahillərindəki Elzas əyalətində
qoyulub. XVI əsrdə burada Milad yolkası qurmağa
başlamışdılar. Bəzən də
Milad ağacını tavandan başı aşağı
olmaqla asırdılar. Almaniyada Milad bayramında
uşaqlar üçün mizlərin üstünə hədiyyələr
düzürdülər. Bu ölkədə
ilk əvvəllər yolkanı yalnız şəhərlərdə
qururdular. 1820-ci ildə yolka Praqada, XIX əsrin
başlanğıcında isə Skandinaviya ölkələrində
şəhər meydanlarında qurulmağa
başlamışdı. Yolka qurmaq adəti
cəmiyyətin yüksək təbəqələrindən gəlirdi.
Məsələn, İngiltərədə
yolkanı 1760-cı ildə ilk dəfə olaraq kral III Georqun
arvadı bəzəmişdi, sonralar isə kraliça
Viktoriya özünün milliyyətcə alman olan əri
Albert ilə Vindzor şəhərində uşaqlar
üçün yolka qurmuşdu.
Vyanada
Müqəddəs Stefan kilsəsində
quraşdırılmış “Sülh zəngi”nin
təntənəli sədalarını dinləmək burada
Yeni ilin yazılmamış qanunlarından biri hesab olunur. Dekabrın 31-də Kilsə meydanına minlərlə
insan toplaşır. Keçmişdə bu ölkədə
Yeni il günü bacatəmizləyənlə
qarşılaşmaq, ona toxunmaq və paltarına ləkə
salmaq yaxşı əlamət sayılırdı. Hesab olunurdu ki, bu, böyük xoşbəxtlik və
uğur gətirir.
Rusiyada da qədimdən bayram yolkası bəzəməyi
çox sevirlər. Əvvəllər yolka qurmaq ənənəsi burada da
şəhərlərdə yaranmışdı, sonra kəndlərə
də sirayət etmişdi. Əvvəl
yolkanı kənd məktəblərində qururdular, sonralar
isə kəndli evlərində də yolka qurmağa
başlamışdılar. XIX əsrin
alman mühacirləri yolka bəzəmək ənənəsini
Amerikaya da aparıb çıxarmışdılar. Okeanın o tayında ilk dönəmlərdə
yolkanı meydanlarda qururdular.
Yolka bəzəmək ənənəsi müsəlman
ölkələrində də geniş
yayılmışdır. Məsələn,
1960-cı ildə Tehran və Mərakeş şəhərlərində
yolka bəzəmək halları mövcud idi. İkinci dünya müharibəsinədək
Türkiyədə də yolka bəzəyirdilər. 1936-cı ildə Türkiyə hökuməti
meşələrin qırılmasının
qarşısını almaq məqsədilə yolka bəzəmək
ənənəsinə qadağa qoymuşdu. Lakin sonralar bu qadağa aradan götürüldü.
Böyük Britaniyada Yeni ildə evi yolka
ağacının budaqları ilə bəzəyirlər. Adətə görə,
Milad ərəfəsində kişilərin bayram
yolkasının ətrafında istənilən qızı
öpməyə hüququ çatır. Bu
ölkədəki qədim ənənələrdən biri də
milad oduncağıdır. Deyilənlərə
görə, bu adəti İngiltərəyə vikinqlər gətirib.
Onlar Miladda böyük bir ağacı kəsirlər və bu
ağac il boyu qalaraq büsbütün
quruyur. Yalnız növbəti Miladda onu evə gətirirlər
və bu odun uzun müddət yanır.
Qonaq-qaralı bayram
Bəllidir
ki, Yeni il şənlikləri turistləri
cəlb etmək üçün yaxşı fürsət
hesab olunur. Buna görədir ki, bir çox
ölkələr bayramın əsas rəmzlərindən olan
Şaxta babaya “sahib çıxmağa” cəhd edirlər.
Ən çox da şimal xalqları iddia edirlər
ki, ilk Şaxta babalar məhz onların ölkəsində
peyda olublar.
Məsələn, finlər bütün dünyaya car
çəkirlər ki, Santa Klaus, yəni Şaxta baba
onların həmvətənidir. Onların
inanclarına görə, Santa Klaus Finlandiyanın qütb dairəsinə
yaxın ərazilərdəki hündür küknar
ağacları ilə əhatə olunan, bəmbəyaz qardan
“ağ libas” geyinmiş Laplandiya adlanan möcüzəli bir
yerdə yaşayır. Finlər düşünürlər
ki, Santa Klaus hər il dünya ölkələrinə
səyahətini məhz Laplandiyadan başlayır.
Finlandiyada
Yeni il şənlikləri dekabrın 25-dən,
yəni Milad bayramı günündən başlanır.
Dekabrın 31-i – Yeni il axşamı isə
ölkə paytaxtı Helsinkidə nağıl və əsatir
qəhrəmanlarının libaslarını geyinmiş həvəskar
aktyorlar teatr məzhəkələri oynayırlar. Həmin gecə hədiyyə dolu xurcunu ilə Santa
Klaus şimal maralları qoşulmuş xizəkdə
Helsinkinin mərkəzi meydanına təşrif buyurur. Meydanda dərhal alqış səsləri
eşidilir, şən mahnı sədaları ətrafa
yayılır. Bayram günlərində
dünyanın hər yerindən Santa Klausun vətəninə
- Finlandiyaya, həqiqətən, çoxlu turist gəlir.
Yeni ili “Laplandiya”da keçirən əcnəbi
qonaqlar etiraf edirlər ki, burada bayram etməyin ayrı səfası
var! Özünüzü bir anlığa rəngbərəng
oyuncaqlar bərq vuran Yeni il yolkasının başına
dolaşan uşaqların, övladlarına baxıb
sevinən gənc
ata-anaların və bir-birini sevən gənclərin
yanında hiss edin. Göydən isə iri,
yupyumru qar dənələri ələnir. Heç kəs soyuğu, şaxtanı vecinə
almır. Hamı gülür, sevinir.
Romantik səhnədir, deyilmi?
Yeni il günlərində ənənəvi turist
ölkəsi olan Fransa həmişəkindən də
çox qonaq-qaralı olur. Turistlər Parisdə
Eyfel qülləsinin ətrafında keçirilən bayram atəşfəşanlığını
müşahidə etməyi lap çox sevirlər. Fransada Şaxta babanı “Noel ata” adlandırırlar.
Noel ata bayram günlərində uşaqlara
çoxlu hədiyyələr paylayır. Uşaqlar
da onun şəninə gözəl şeirlər deyir, şən
mahnılar oxuyurlar.
Yeri gəlmişkən, fransızlar bayram günlərində
çox səxavətli olurlar. Onlar belə günlərdə
turistləri həvəslə məşhur fransız şərabına
qonaq edirlər. Bəllidir ki, Fransa şərab ölkəsidir,
şərabının dadına isə söz ola
bilməz. Turistlər təbii ki, vətənlərinə
qayıdanda fransızların onları şəraba qonaq etmələri
barədə fəxrlə söz açırlar.
İrlandiyada
Yeni il ərəfəsində axşam evlərin
qapılarını taybatay açırlar. Bu vaxt istənilən
şəxs istənilən evə girə və bu evin hörmətli
qonağı ola bilər. Onu yuxarı
başda otuzdurur, şəraba qonaq edirlər və deyirlər:
“Bu evdə və bütün dünyada sülhün
sağlığına!” Saat 12-nin
yarısında irlandiyalılar mərkəzi meydana
çıxır, oxuyur, oynayır və şənlənirlər.
Norveçdə uşaqlar hədiyyəni keçidən
gözləyirlər. Bu ölkədə keçinin müəyyən
üstünlükləri var. İş burasındadır ki, rəvayətə
görə, Norveç kralı İkinci Olaf bir dəfə
yaralı keçini qayaların üzərindən
düşürərək xilas edir. Heyvanı
saraya gətirir və burada sağaldaraq gəldiyi yerə
qaytarır. Keçi isə minnətdarlıq
əlaməti olaraq hər axşam xilaskarına şəfalı
otlar gətirirmiş.
Yeni il arzuları
Bəli,
Yeni il özü ilə yeni arzular, yeni
ümidlər gətirir. İnsan arzuları isə
bitib-tükənməzdir. Hər kəs
bayram günlərində doğmalarına ən xoş arzu və
təbriklərini çatdırmağa
çalışır. Axı hər bir xoş
sözün, ürəkdən deyilmiş təbrikin ecazkar təsir
gücü var. Elə bayramlar da insanların həyata
bağlılıqlarını artırmaq, onları sevindirmək
üçündür! Belə
bir deyim var ki, Yeni ili hansı əhval-ruhiyyədə
başlasan, bütün ili həmin ovqatla başa vuracaqsan. Biz də oxucularımıza, bütün
xalqımıza bu gözəl bayramı xoş ovqatla
başlamağı, bütün arzularının çin
olmasını diləyirik. Qoy 2016-cı il
hər birinizin həyatında ən uğurlu illərdən
biri olsun. Bir daha deyirik: Yeni il
bayramınız mübarək!
Məsaim ABDULLAYEV,
Paşa ƏMİRCANOV,
Elçin ABBASOV
Xalq qəzeti.-
2015.- 31 dekabr.- S.8.