Tanınmış publisist,
dramaturq Xeyrəddin
Qocanın 65 yaşı
tamam olmuşdur
Məncə Xeyrəddin Qocanın
təbiətində ən
əlamətdar cəhət
onun bir jurnalist, bir publisist kimi prinsipiallığı, əzmkarlığı,
qorxmazqlığıdır. O, öz cəsarətli, prinsipial məqalələri
ilə Azərbaycan publisistikasının tarixində
qalacaqdır. Mən məhz
onun 90-cı illərin
jurnalistikasından danışmaq
istəyirəm, çünki
bu sahə mənə daha yaxındlr, ikinci tərəfdən də Heydər Əliyev haqqında çoxcildliyimin
5-ci cildində mən
Xeyrəddin müəllimin
obrazını və onun Heydər Əliyevlə münasibətlərini
canlandırmışam.
Xeyrəddin
Heydər Əliyev haqqında yazılarını
90-cı ildə Azərbaycanın
KİV-lərində çap
elətdirməyə başlamışdı. Onda bir çox yazarlar Heydər Əliyevə qarşı
törədilən haqsızlıq
barəsində danışmağa
cürət etmirdilər. Xeyrəddin tam başqa bir
insan idi.
1990-cı il iyulun 3-də “Dan ulduzu”
qəzetində Xeyrəddin
Qocanın “Heydər Əliyevi düşünərkən”,
elə həmin il iyulun 13-də yenə həmin qəzetdə iki səhifəlik geniş məqalələri, 1990-cı ilin
sentyabr ayında isə “Xalq məhəbbəti və böhtançıların aqibəti”
adlı materialı dərc olundu. Bu yazılarda respublika mətbuatında bəlkə
də ilk dəfə Heydər Əliyev və onun ailəsi
haqqında “yenidənqurma”
illərində respublika
və ittifaq mətbuatının səhifələrində
özünə yer tapan uydurmaların çoxu təkzib edilir. Lakin daha əhəmiyyətlisi
budur ki, jurnalist həmin məqalələrdə Heydər
Əliyevin respublikanın
rəhbəri vəzifəsində
işləyərkən sənaye,
kənd təsərrüfatı,
mədəniyyət sahələrində
apardığı böyük
quruculuq işlərini
oxuculara xatırladır.
1990-cı il avqustun
1-də təxminən 80 min nüsxə tirajla çıxan “Vətən
səsi” qəzetində
dərc edilmiş “Niyə susurlar?” adlı yazıda Xeyrəddin Qoca heyrətlənir: “Necə
olur ki, “Komsomolskaya pravda”, “İzvestiya”, “Arqumentı i faktı” qəzetləri,
“İnterfaks” agentliyi,
“Azadlıq” radiostansiyası
və başqaları
Əliyev haqqında materiallar, onunla müxtəlif müsahibələr
dərc edir, yerli mətbuat, radio, televiziya isə respublikanın keçmiş
rəhbərinin vətənə
qayıtması, Naxçıvanın
mərkəzində təxminən
80 min nəfərin toplaşdığı
möhtəşəm mitinq
haqqında, Heydər Əliyevin həmyerliləri
tərəfindən səmimi
qarşılanması haqqında
inadkarlıqla susur?”
Bu ədalətsizliyin aradan qaldırılmasını jurnalist
kimi özünə borc sayan Xeyrəddin
rəhbəri olduğu
“Dan ulduzu” qəzetində
Heydər Əliyev fenomeni haqqında məqalələr dərc
etməyə başladı. Ümumiyyətlə
1991-1993-cü illərdə Xeyrəddin Qoca Heydər Əliyev ilə bağlı mifləri və stereotipləri puç edərək müxtəlif
dövri nəşrlərdə
(“Şərq qapısı”,
“Açıq söz”,
“İki sahil”, “Millət” və digər qəzetlərdə)
Heydər Əliyevi dəstəkləyən çoxlu
məqalə dərc etdirmişdir. O, Heydər Əliyevin opponentlərinə
və bədxahlarına
uzaqgörənliklə cavab
verərək, yazırdı:
“Kimin istəyib-istəməməsindən
asılı olmayaraq Heydər Əliyev siyasi fəaliyyətdədir,
xalq üçün böyük işlər görür. Bu, danılması
mümkün olmayan həqiqətdir. Əminəm ki, gec-tez Heydər
Əliyev həqiqəti
dərk olunacaqdır”.
Bu yazılarına görə Xeyrəddin Qoca təqib olunur, işlədiyi qəzetlərdən qovulurdu. Bu barədə
heç vaxt Heydər Əliyevə şikayət etməmişdi,
lakin o vəfalı jurnalistin işlərindən
xəbərdar idi.
1991-ci ilin yayında
Heydər Əliyev Kommunist Partiyasından çıxmaq haqqında ərizə vermək üçün Moskvaya getməzdən əvvəl
Cəlal müəllimin
evində Xeyrəddinlə
görüşdü.
- Partiyadan çıxmaq
haqqında ərizə
verməyə gedirəm,
- dedi, - sənin başına gələnləri
də yazacağam.
Xeyrəddin əvvəl
düşündü ki,
o zarafat edir, lakin sonra onun
ərizəsinin mətni
ilə tanış
oldu, orada belə bir cümlə
vardı: “Qəzet redaktorları, jurnalistlər
mənim Azərbaycandakı
çıxışlarımı dərc etdiklərinə görə işdən azad edilir, təqiblərə
məruz qalırlar”.
Xeyrəddin
Qoca dəfələrlə
Naxşıvana uçur,
Heydər Əliyevin əhatəsində olur, onun işini müşahidə edir və sonra Bakının
KİV-lərində bunu
təbliğ edirdi. Deyərdim ki, məhz Xeyrəddin
Qoca kimi namuslu jurnalistər sayəsində Heydər Əliyevin ətrafında
süni yaradılan informasiya blokadası yarıla bildi və belə insanlar ona mənəvi
dayaq oldular.
Sonralar “El” qəzetinə
verdiyi müsahibədə
Xeyrəddin Qoca özü Heydər Əliyevin təmiz adı uğrunda mübarizəsinin motivlərini
belə izah edirdi:
“Müxtəlif qəzetlərdə Əliyev
haqqında yazılar dərc etməyə bir növ məcbur
olmuşdum. Çünki gözüm görə-görə
bütün planetdə
görkəmli siyasi xadim və nadir dövlət adamı kimi tanınmış Heydər Əliyevin bədxahları onun haqqında keçmiş İttifaq və respublika mətbuatında böhtan və iftiralarla dolu yazılar dərc edirdilər. Özü
də bir-birindən yalan “faktları” o “jurnalistlər” uydururdular ki, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi
14 il müddətində işləri-peşələri
onu TƏRİFLƏMƏK idi.
Təsadüfi
deyil ki, yeni yaradılan “Yeni Azərbaycan” partiyasının mətbu
orqanını təşkil
etməyə Heydər
Əliyev məhz Xeyrəddin Qocaya təklif etmişdi. Onların nə binası vardı, nə də texniki imkanları, lakin Heydər Əliyev tapşırmışdı
ki, qəzetin birinci nömrəsi
1993-cü il aprelin 10-da buraxılmalıdır.
Həmin
gün bütün maneələri dəf edərək “Yeni Azərbaycan” qəzeti fəaliyyətə başlamış,
partiyanın lideri isə bu münasibətlə
öz təbrikini göndərmişdi.
Həmin
tarixi gündən Xeyrəddin Qoca Türkiyədə Baş
konsul işləməyə
gedənə qədər
onun baş redaktoru vəzifəsində
çalışdı. Məgər bunları unutmaq olar? Olmaz!
Mən Xeyrəddin
Qocayla çoxdan ünsiyyətdəyəm, vaxtı
ilə Heydər Əliyevi Türkiyəyə
səfərlərində müşayiət
edərkən orada onunla təmasda olmuşuq, mən şəxsən Heydər
Əliyevin Xeyrəddin
Qocaya necə səmimi, isti münasibət bəslədiyini
görmüşəm, hiss etmişəm. Onları həqiqətən də dostluq telləri bağlayırdı.
Şadam ki,
böyük siyasətçi
və istedadlı jurnalist arasında olan bu qeyri-adi
dostluq tarixçəsini
mən öz kitablarımda əks etdirmişəm və Xeyrəddin Qoca öz dəyərli və səmimi xatirələri ilə çoxcildlik romanımı
zənginləşdirib.
Bir dəfə Xeyrəddin mənimlə söhbətində etiraf etmişdi:
“Heydər Əliyev mənim həyatımda heç kəsin oynaya bilməyəcəyi rol oynayıb. Bu insan mənim ən güclü dayağım və köməyim idi. Heydər Əliyevin sayəsində indiyə qədər yaşayıram...”
Mən öz
həmkarım və dostuma səmimi-qəlbdən
arzu edirəm: yüz il
yaşa, yarat, yazılarınla bizi coşdur, silkələ. Çünki cəmiyyətimiz sənin kimi dəyərli insanlara həmişə möhtacdı.
Ad günün mübarək,
qocalmayan Qocamız!
Elmira
AXUNDOVA
yazıçı, publisist,
millət vəkili
Xalq qəzeti.- 2015.- 1 fevral.- S.7.