Gənclər siyasəti
Azərbaycan dövlətinin
fəaliyyətində prioritet istiqamətlərdəndir
Gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biridir. Gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleksidir. Dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu zəruri edir.
Prezident İlham
Əliyevin “2015-2025-ci illərdə
Azərbaycan gənclərinin
İnkişaf Strategiyası”nın
təsdiq
edilməsi haqqında 26 yanvar
2015-ci il tarixli sərəncamından
Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı Dövlət Gənclər siyasətinin uğurla davam etdirilməsi gənc müstəqil Azərbaycan Respublikasının daha da qüdrətləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu siyasət gündən-günə öz yeni çalarlarını almaqla, beynəlxalq aləmdə formalaşmış Azərbaycan modelini daha da zənginləşdirir. Təsadüfi deyil ki, ümummilli liderimizin böyük siyasi uzaqgörənliklə ərsəyə gətirdiyi 2 Fevral – Gənclər Günü respublikamızda ənənəvi olaraq hər il bir neçə əlamətdar hadisə ilə yadda qalır. Bu il isə həmin ənənə daha əlamətdar olan faktlarla milli tariximizə yazıldı. Onlardan cəmi ikisini xatırlatmaq kifayətdir. Birinci fakt ötənilki Gənclər Günündən sonra ölkə paytaxtında keçirilən Beynəlxalq Gənclər Forumu, ikinci fakt isə bilavasitə Gənclər Günü ərəfəsində dövlət başçımızın sərəncamı ilə gənclərin İnkişaf Strategiyasının təsdiqlənməsi idi.
Qeyd olunan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin
nəticəsidir ki, bu
gün ölkə gəncləri ictimai həyatın bütün
sahələrində öz təşəbbüskarlığı
ilə seçilir, siyasi,
iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində
mühüm rol oynayırlar. Rəsmi sənədlərdə
və hesabatlarda qeyd olunur ki, son
illər respublikamızda həyata keçirilən tədbirlər
gənclərin hərtərəfli inkişafının təmin
olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi
şərait və təminatların yaradılmasını
sürətləndirib, onların ictimai-siyasi
fəallığının artmasına kömək edib. Bu gün
ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin
mühüm tərkib hissəsinə çevrilib.
Cəmiyyət
həyatının bütün sahələri
kimi, gənclərlə birbaşa
bağlı dövlət proqramları qəbul olunub və onların icrası nəticəsində
dövlət gənclər siyasətinin prioritet
sahələrində müsbət dəyişikliklər baş verib. Həmin tendensiya son zamanlar daha
böyük uğurla
davam etdirilir. Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun
qeyd etdiyi kimi, gənclərin vətənpərvərlik
tərbiyəsi sahəsində davamlı iş
aparılıb, istedadlı və yaradıcı gənclərə
dövlət qayğısı artırılıb. Dövlətin qayğısı sayəsində gənclər
təşkilatlarının gənclər siyasətində
iştirakını təmin edən hüquqları genişləndirilib,
onların layihə və proqramlarına mütəmadi dəstək
verilib. 2011-ci ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər
Fondunun yaradılması,
respublikanın 30-a yaxın şəhər və rayonunda gənclər mərkəzlərinin
inşası və s. ölkə
başçısının gənclərə diqqət və
qayğısının əməli nəticəsidir.
Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Azərbaycan dövləti sürətli inkişaf dövrünü
yaşayır və bu inkişaf,
təbii ki, gənclər üçün
yeni imkanlar
açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı
artdıqca, bütün sahələrin
inkişafına kapital qoyulur
və bu, müsbət nəticələr
verir. Təbii ki, əldə
olunan uğurlar, Azərbaycanın
yeni inkişaf
imkanları, habelə dünyada baş verən qlobal dəyişikliklər
və çağırışlar da gənclərlə
bağlı yeni sənədlərin qəbulunu
zəruri edir. Buna
görə də ölkə gənclərinin hərtərəfli
inkişafını təmin etmək məqsədilə
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” Prezident
tərəfindən təsdiq olunub.
Strategiyanın ölkə
mətbuatında yayılmış mətni ilə
tanış olmaq kifayətdir ki, bu sənədin nə
qədər əhəmiyyət kəsb etdiyi
barədə təsəvvür yaransın. Gənclərin
gündəlik qayğılarından tutmuş
ictimai-siyasi proseslərdə fəal
iştirakı, intellektual və mənəvi
inkişafı, asudə vaxtlarının səmərəli təşkili,
məşğulluğun artırılması və digər bu kimi məsələlər
strategiyanın əsas vəzifələri sırasındadır.
Nəzərdə tutulan hər bir vəzifənin arxasında ciddi
fəaliyyət dayanır. Buna görə
də gənclərlə işləyən heç
bir qurum bu işdə yaxasını kənara çəkməməli,
yeni nəslin hərtərəfli
inkişafına səy göstərməlidir.
Xatırladaq
ki, hələ on il əvvəl “biz neft sektorundan əldə
edilən kapitalı insan kapitalına
çevirəcəyik” – deyən Prezident İlham Əliyev məhz həmin tezisin reallaşdırılması nəticəsində
Azərbaycan gənclərinin intellektual səviyyəsini
inkişaf etmiş
ölkələrin gənclərinin səviyyəsinə qaldırılmasını bir vəzifə kimi
qarşıya qoymuşdu. Bu gün
həmin çağırışların böyük
əksəriyyəti günün
reallıqlarıdır. Üstəlik, yeni
strategiya gənclərin elm, texnika, mədəniyyət, incəsənət
sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını
stimullaşdıran tədbirlərin həyata keçirilməsini,
televiziya kanallarında yeniyetmə və gənclər
üçün faydalı olan maarifləndirici, elmi-populyar
verilişlərin hazırlanmasını nəzərdə tutur. Sənəd, eyni zamanda, gənclər
arasında ixtisas və peşə seçimini, əmək bazarı və məşğulluq
haqqında məlumatlılıq səviyyəsini
artırmağı, gənc mütəxəssislərin bilik və bacarıqlarını işəgötürənlərin
tələblərinə uyğunlaşdırmağı, əlilliyi
olan gənc mütəxəssislərin
sosial müdafiəsini gücləndirməyi,
gənclər üçün aktual olan məsələlərin
həllində qeyri-hökumət təşkilatlarının
iştirakını stimullaşdırmağı, xarici ölkələrdəki gənclərimizin
fəaliyyətinin əlaqələndirilməsini, onlar tərəfindən Azərbaycan həqiqətlərinin
dünyaya yayılması istiqamətində
aparılan işlərə dəstək verilməsini və
digər məsələləri əhatə edir.
Xatırladılmalı
digər məqamlardan biri də odur ki, indiyədək gənclərlə birbaşa
bağlı olan “Azərbaycan Gəncliyi
Dövlət Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” və
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”
icra olunub. Əli Həsənovun
fikrincə, əldə olunan nəticələr
deməyə əsas verir ki,
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da
Azərbaycan gənclərinin iqtisadi, humanitar və sosial həyatında
yeni səhifə açacaq.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
oktyabr ayında Bakıda keçirilən
Gənclər Siyasəti üzrə Birinci
Qlobal Forumun
iştirakçılarına göndərdiyi məktubda qeyd edilirdi ki, gənc nəslin intellektual,
fiziki və mənəvi
inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının
artırılması, sosial-məişət və məşğulluq
problemlərinin həlli sahəsində kompleks
tədbirlərin görülməsi daim
diqqət mərkəzindədir. Bu məqsədlə
son 10 ildə müvafiq
dövlət proqramları təsdiqlənərək icra edilmiş, gənclər
təşkilatlarının və ayrı-ayrı gənclərin
layihə və təşəbbüslərinə dəstək
verən fond yaradılmışdır.
Dövlət
başçımız adı çəkilən forumun rəsmi
açılış mərasimində çıxış
edərkən isə gənclik və təhsil məsələlərinin
bir-birindən ayrılmaz olduğunu
vurğulamışdır: “Bizim üçün mühüm prioritetlərdən biri də təhsildir. Fərəhlənirik ki, Azərbaycanda savadlılıq səviyyəsi,
demək olar ki, yüz faiz təmin edilib. Gənclər siyasətinə gəldikdə,
həmçinin olduqca mükəmməl qanunvericilik bazası mövcuddur.
Gənclər siyasəti ilə bağlı qanun
var. Azərbaycanda gənclərlə
bağlı iki Dövlət Proqramı qəbul
edilib və uğurla
həyata keçirilib. Bu
yaxınlarda biz Gənclər Fondunu yaratmışıq. Dövlət
büdcəsindən bu fonda
ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətdə
təqdim etməyə şərait yaradır. Onlar
mədəniyyət, təhsil və sosial
sahələrə, eləcə də siyasi
islahatlara aid olan layihələr üzərində işləyirlər.
Başqa sözlə desək, bu fond gənc nəslə
öz istedadını müəyyən
etməyə, özünü cəmiyyətə
təqdim etməyə və beləliklə, ölkəmizin
inkişafına töhfə verməyə yardım edir”.
Dövlət Gənclər
siyasətinin prioritet
istiqamətlərindən biri də idmandır.
Azərbaycan gənclərinin bu sahədəki möhtəşəm nailiyyətlərindən
söz açan Prezident gənclərimizin
idman uğurları ilə fəxr edir: “Sonuncu Olimpiya Oyunları bizim üçün tarixi əhəmiyyətə
malikdir. Çünki
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan
əvvəlki illərlə müqayisədə ən yüksək
nəticəni əldə etdi. Azərbaycan,
demək olar ki, 200
ölkə arasında 30-cu oldu. Gənclər
arasında Olimpiya Oyunları da Azərbaycan üçün
əlamətdar oldu. Yığmamız təxminən
200 ölkə arasında 10-cu oldu. Bu, onu göstərir ki, Olimpiya hərəkatının
inkişafı, müasir idman
qurğularının yaradılması siyasəti nəticə
verir. Eyni zamanda, idman cəmiyyətimizin
həyatının ayrılmaz hissəsinə çevrilib.
Gənc nəslin idman fəaliyyətinə
qoşulması və həvəsləndirilməsi məqsədini
daşıyan dövlət proqramları nəinki ölkənin
beynəlxalq yarışlarda nüfuzu, o cümlədən gənclərə uğurlu yolun göstərilməsi
baxımından vacibdir”.
Onu da yada
salaq ki, hazırda
ölkədə 250-dən çox gənclər təşkilatı fəaliyyət
göstərir. On il əvvəl
isə onların sayı cəmi 51 idi. Yəni son on ildə ölkədəki
gənclər təşkilatların sayı beş
dəfə artmış, Gənclər və İdman
Nazirliyi tərəfindən bu dövrdə 550
layihə dəstəklənmiş və həmin layihələrin icrası məqsədilə dövlət büdcəsindən
13 milyon manatdan çox vəsait
ayrılmışdır. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət
Dəstəyi Şurasının və Gənclər Fondunun yaradılması ilə gənclər təşkilatlarının
xarici donorlardan
asıllığına, demək olar ki, son qoyulmuş
və onlar üçün
yeni imkanlar
yaradılmışdır. Bu isə
o deməkdir ki, Azərbaycan
gəncliyi qarşıdakı illərdə daha
böyük uğurlara
imza atacaq, milli dövlətimizin daha
da qüdrətlənməsinə
özünəməxsus töhfələr verəcəkdir.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2015.- 1 fevral.- S.1.