Azərbaycan 2014-cü
ildə də
dünyanın diqqət
mərkəzində olub
Ölkə başçısının
çoxsaylı xarici səfərləri,
400-ə yaxın beynəlxalq
səviyyəli
tədbir və görüş keçirməsi də bunu təsdiqləyir
2014-cü il ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirən və reytinqini yüksəldən bir sıra əhəmiyyətli siyasi hadisələrlə yadda qaldı. Ölkəmiz ötən il də sürətli inkişaf yolunda inamla irəliləmiş, siyasi, iqtisadi və mədəni sahələrdə bir sıra uğurlu nailiyyətlərə imza atmışdır. İnsan hüquq və azadlıqlarının qorunması, demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsi, habelə, əhalinin həyat tərzinin daha da yaxşılaşdırılması dövlət siyasətinin prioriteti olmuşdur.
Ümumiyyətlə,
2014-cü il ərzində dövlətimizin
başçısının xarici səfərləri,
beynəlxalq tədbirlərdə iştirakı,
respublikamıza gələn dövlət və hökumət
başçılarının yüksək səviyyəli
nümayəndə heyətləri, Bakıda keçirilən
beynəlxalq tədbirlər
göstərir ki, ötən il də Azərbaycan dünya
birliyinin diqqət mərkəzində olub. . Bütün bunlar Xarici İşlər
Nazirliyinin 2014-cü ilin
yekunlarına dair bu günlərdə yayılan
hesabatında da öz
əksini tapıb.
Azərbaycan
Prezidenti İlham
Əliyevin respublikamızın inkişafı, dünya
birliyində mövqelərinin möhkəmləndirilməsi və
ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi
istiqamətində həyata keçirdiyi xarici səfərləri, beynəlxalq tədbirlərdə
iştirakı və görüşlərinin sayı üst-üstə 400-ə
yaxındır. Ümumiyyətlə, 2014-cü ildə Azərbaycan
Prezidenti İlham
Əliyevin xarici səfərləri, beynəlxalq
tədbirlərdə iştirakı, görüşləri və
müzakirələri zənginliyi ilə diqqəti çəkmişdir:
yanvarda 23, fevralda 17, martda 16, apreldə 49, mayda
42, iyunda 51, iyulda 17, avqustda 8, sentyabrda 62,
oktyabrda 42, noyabrda 34, dekabrda isə 17. Bütün səfərlərdə və görüşlərdə
əsas məqsəd ölkəmizin beynəlxalq aləmdəki
əlaqələrinin daha da
möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin
beynəlxalq aləmə olduğu kimi çatdırılması, Ermənistanın
işğalçılıq siyasətinin kəskin pislənilməsi
və bu hərbi təcavüz nəticəsində
bir milyondan artıq
soydaşımızın öz
yurd-yuvalarından didərgin salınması barədə ətraflı
məlumat verilməsi olmuşdur. Həmçinin, dövlətimizin
başçısı iştirak etdiyi tədbirlərdə
bir sıra qərəzli beynəlxalq təşkilatların
hələ də bu ədalətsizliyə
göz yummalarını, eyni
zamanda, ikili standartlar nümayiş
etdirmələrini də kəskin tənqid etmişdir.
2014-cü il ərzində Azərbaycan Prezidenti
20-yə yaxın ölkədə səfərdə olub. Bu səfərlər zamanı Azərbaycanın həmin
ölkələrlə ikitərəfli münasibətləri,
iqtisadi əlaqələr və digər mühüm məsələlər müzakirə
olunmuş, Dağlıq Qarabağ
probleminin həlli istiqamətində
danışıqlar aparılmışdır.
Ötən il beynəlxalq
münasibətlər sistemində kəskin ziddiyyətlər və hərbi-siyasi
bloklara bölünmə kimi
meyillərin dərinləşməsi diqqət mərkəzində
olmuşdur. Hətta,
dünyanın bir çox
ölkələrində çoxlu sayda insanın ölümü, terror
aktları, iqtisadi böhran
və fəlakətlərə gətirib çıxaran
xoşagəlməz hadisələr baş
versə də, bütün bunların
ölkəmizə ciddi təsiri
olmamışdır. Azərbaycan 2014-cü ildə də
uğurlu nəticələrə imza ata bildi.
Bu istiqamətdə Prezident
İlham Əliyevin gərgin fəaliyyətini
və diplomatik səfərlərini xüsusi qeyd etmək
lazımdır. Həyata keçirilən xarici siyasətin əsas prioriteti
beynəlxalq hüququn norma
və prinsiplərinin, dövlətlərarası
davranışlarda daim qanunun aliliyinin,
BMT Nizamnaməsinin və dövlətlər tərəfindən
öz öhdəliklərinə riayət
edilməsi kimi məsələlərin təşviq
edilməsi olub. Belə
bir təlatümlü şəraitdə
ölkəmizin müstəqilliyinin və suverenliyinin
qorunması, sürətli inkişafın qorunub
saxlanılması, respublikamıza qarşı xaricdən olan hədə və təhdidlərin, şər
və böhtanların qarşısının siyasi-diplomatik vasitələrlə
alınması, əsl həqiqətlərin dünya
ictimaiyyətinə olduğu kimi
çatdırılması, mədəni və humanitar diplomatiya xarici siyasi fəaliyyətimizin
əsas prioritetləri kimi davam
etdirilmişdir.
Məhz bu siyasətin nəticəsidir ki,
Azərbaycan dünyada etibarlı tərəfdaş
kimi qəbul olunur və
ölkəmizlə sıx əməkdaşlıq etmək
niyyətində olan tərəfdaşların
sayı getdikcə artır. Biz ötən
il də bunun şahidi olduq. Azərbaycan Prezidenti xarici ölkələrə səfərləri
zamanı keçirdiyi bütün
görüçlərdə ilk növbədə
Ermənistanın hərbi təçavüzünü diqqətə
çatdırmış, 20 ildən artıqdır ki, davam etdirilən bu işğalçılıq siyasəti nəticəsində
hələ də ərazilərimizin 20 faizinin
düşmən əsarəti altında
qaldığını bəyan etmişdir.
Ötən
il ərzində baş
tutan səfərlərin içərisində
daha çox avqustda reallaşdırılan Soçi
səfəri yadda qaldı. Avqustun 9-da dövlətimizin
başçısının əvvəlcə Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında
Rusiya Prezidenti Vladimir Putinlə görüşü
olmuşdur. Sonra isə Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan
Respublikasının prezidenti Serj Sarkisyan ilə birgə
görüş olmuşdur.
Rusiya Prezidenti Valdimir Putinin təşkilatçılığı
ilə bu səfər zamanı Azərbaycan,
Ermənistan və Rusiya prezidentlərinin
üçtərəfli görüşündə əsas
müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olmuşdur.
Həmin gün baş tutan görüş həm
də ona görə əhəmiyyət
daşıyırdı ki, oradakı
müzakirələr Azərbaycan və Ermənistanın təmas
xəttində ciddi münaqişənin
yarandığı günlərə təsadüf etmişdir. Azərbaycan və Ermənistan
prezidentlərinin görüşü sonra da davam etdirildi.
Prezidentlərin növbəti görüşü
isə Böyük Britaniyada,
Uelsdə dövlət başçılarının işgüzar səfəri zamanı
reallaşdı. Bu zaman
Azərbaycan və Ermənistan prezidentlərini ABŞ-ın
dövlət katibi Con
Kerri müşayiət edirdi.
Üçüncü dəfə isə prezidentlər Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə
Parisdə görüşdülər. Bütün
bunlar bir daha təsdiqləyir ki,
2014-cü il Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində keçirilən
görüşlərlə bağlı keyfiyyət dəyişikliyi
olmasa da, kəmiyyət
dəyişikliyi diqqəti cəlb edib.
Əsas məqamlardan biri də odur ki, Soçidəki görüşdən sonra NATO-nun sentyabr ayında keçirilən sammiti çərçivəsində də
prezidentlərin üçtərəfli görüşü
baş tutmuşdur. Məlum
olduğu kimi,
dünyanın çox nüfuzlu
hərbi-siyasi təşkilatı olan NATO
ölkəmizin ərazi bütövlüyünü
birmənalı şəkildə dəstəkləyir. Bu mötəbər
qurum özünün
tərəfdaş ölkəsi kimi, Azərbaycanın
ərazi bütövlüyünün bərpasında,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün
maraqlı olduğunu dəfələrlə
təsdiqləyib. Fakt üçün diqqətə
çatdıraq ki, Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi
məsələsi NATO-nun 2006 və 2008-ci
illərdə keçirilən zirvə toplantılarında da bir daha
ifadə olunmuşdur. Ölkəmizin ərazi
bütövlüyü məsələsi
NATO-nun 2009-cu ildə keçirilən zirvə
sammitinin yekun bəyanatının 58-ci maddəsində də öz əksini tapmışdır. 2012-ci ildə
NATO-nun zirvə görüşündə
və qəbul edilmiş qətnamədə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüququn
norma və prinsipləri çərçivəsində,
həmçinin dövlətlərin ərazi bütövlüyü
əsasında həll edilməsi məsələsi öz əksini tapmışdır. Beynəlxalq təşkilatlar tərəfindən qəbul
edilmiş qətnamələrdə birmənalı
olaraq Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və
suverenliyi dəstəklənmiş,
münaqişənin məhz bu prinsiplər
nəzərə alınmaqla həllinin zəruriliyi qeyd olunmuşdur.
Ötən il dövlət başçımızın keçirdiyi görüşlərdə, həmçinin
NATO-nun sammmitində əsas iki mühüm tezis səslənmişdir. Birinci
mühüm məsələ status-kvonun dəyişdirilməsi,
ikincisi isə, Fransa Prezidenti Fransua
Ollandın Böyük
Sülh sazişinin
hazırlanmasına başlamaq təklifi olmuşdur.
Sentyabrda NATO-nun Uelsdə keçirilmiş sammitinin
yekun bəyanatında Alyansın üzv dövlətləri Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinə
dəstəklərini ifadə edərək, Cənubi
Qafqazdakı münaqişələrin məhz bu
prinsiplər əsasında həllini mümkün
sayıblar. Dövlətlərin ərazi bütövlüyü
və ya siyasi müstəqilliyinə
qarşı güc tətbiq etmək, yaxud güc tətbiq edərək
hədələməyin qəbuledilməzliyi vurğulanıb
və dövlətlərin beynəlxalq səviyyədə
tanınmış sərhədlərinə hörmət
edilməsinin vacibliyi qeyd
olunub.
NATO-nun zirvə toplantısında
çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini
yenidən gündəmə gətirib və təşkilatın
bu məsələ ilə bağlı tutduğu mövqeyini
yüksək dəyərləndirib. Respublikamızın
başçısı vurğulayıb ki, Azərbaycan ilə NATO arasında tərəfdaşlığın
iyirmi ili ərzində
ölkəmiz Alyansın bir çox fəaliyyət sahəsinə töhfə
verən etibarlı tərəfdaşa çevrilib.
Ermənistanın işğalçılıq siyasətindən
hələ də əl çəkməməsini kəskin
pisləyən Azərbaycan Prezidenti deyib: “Azərbaycan regionda
təhlükəsizliyin və sabitliyin təmin
olunmasında mühüm rol
oynayan ölkədir. Bununla
belə, bu gün
regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Azərbaycan ərazisinin
iyirmi faizini təşkil
edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayan
Ermənistanın işğalçılıq siyasətidir.
Ermənistan azərbaycanlılara qarşı etnik
təmizləmə siyasəti həyata keçirib
və bunun nəticəsində 1 milyondan artıq insan
qaçqın və məcburi köçkün
vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
Ermənistan qoşunlarının işğal
edilmiş ərazilərdən dərhal və
qeyd-şərtsiz çıxarılmasını tələb
edir. Əfsuslar olsun ki, Ermənistan onlara məhəl
qoymamaqda davam edir və münaqişə həll
olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi
bütövlüyü əsasında həll
edilməlidir. Biz NATO-nun
bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə
Azərbaycanın ərazi bütövlüyü
və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk.
Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə
sadiqliyi bundan sonra da davam
edəcək. Beləliklə, o, ədaləti
bərpa etməyə və beynəlxalq səviyyədə
tanınmış sərhədləri güc
hesabına dəyişmək kimi səhv
düşüncədən yayındırmağa birmənalı
şəkildə yardım edir”.
Təəssüf ki, Ermənistan 2014-cü ildə də tutduğu qeyri-konstruktiv mövqe ilə münaqişənin həllini
ləngitmişdir. Rəsmi İrəvan
işğalçılıq siyasətindən əl çəkmədiyini
iyulun sonu, avqustun əvvəlində təmas xəttində
ciddi insident, təxribat törətməsi ilə bir daha təsdiqləmişdir.
Bir müddət sonra
isə işğalçı Ermənistana məxsus helikopter
sərhədlərimizi pozmağa cəhd
etsə də, bu hərbi texnikanı
göndərənlər layiqli
cavabını almışdır.
Azərbaycan
Prezidenti bütün xarici səfərlərində və iştirak etdiyi beynəlxalq
tədbirlərdə ölkəmizin xarici
siyasətinin prioritetinin
dövlətlərlə ikitərəfli münasibətlər
olduğunu vurğulayaraq
bildirmişdir ki,
respublikamızın daxili imkanları,
potensialı, iqtisadiyyatı daha da gücləndikcə, bu,
özünü xarici siyasətdə də göstərir. Bu baxımdan
Prezidentin
ikitərəfli münasibətlərin daha
da yaxşılaşdırılması
istiqamətində atdığı qətiyyətli
addımlar xarici səfərlərində
özünü açıq şəkildə
büruzə vermişdir. Ötən ilin aprelində ölkə
başçısının İran səfərini qeyd
etmək istərdik. Bu səfər
çərçivəsində əldə olunmuş
razılaşmalar, xüsusilə iki fundamental məsələdə ortaq mövqeyin olması səfərin böyük əhəmiyyət kəsb etməsindən xəbər
verirdi. Səfər çərçivəsində
keçirilən görüşdə İran
Prezidenti Həsən Ruhani
bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və
regionda heç bir coğrafı dəyişmələri qəbul
etmir. İkinci isə,
Xəzərin statusu ilə bağlı məsələdə
İranla Azərbaycan arasında
anlaşılmazlıqlar aradan qalxdı. İran Prezidenti Xəzərin
statusunun müəyyənləşməsinin
uzaq perspektivli yox, yaxın zamanda həll
olunacaq məsələ olduğunu
deyib.
Faktlar da təsdiqləyir ki,
Azərbaycan əməkdaşlıq etdiyi
bütün tərəfdaşları ilə
açıq və səmimidir. Ölkəmiz bu
prinsiplər əsasında dünya
dövlətləri ilə xoşməramlı əməkdaşlığını
ən yüksək səviyyədə davam
etdirir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2015.- 1 fevral.- S.2.