“Naxçıvanın qeyrət qalası”

 

 Muxtar respublikamızın ən böyük sərhəd bölgələrindən biri olan Sədərək rayonu dağlar qoynunda yerləşdiyindən sakinləri də dağ vüqarlı, məğrur və əyilməzdir. Bəlkə buna görədir ki, 1990-1992-ci illərdə mənfur düşmənimiz ermənilərin insanları lərzəyə gətirən qulaqbatırıcı “qrad”ları və ölümsaçan topları bu yurdun sakinlərinin rahatlığını pozsa da, onların qəlbindəki Vətən və yurda bağlılıq hissini qıra bilmədi. Əksinə, bu torpağın qəhrəman övladlarının qəzəb və nifrətini artırdı, onların Vətən, torpaq, yurd sevgisini daha da alovlandırdı. Muxtar respublikamızın hər yerindən köməyə gələn vətənpərvər oğullarımız adi ov tüfəngləri ilə torpağımıza göz dikən qara niyyətli kafirlərin çirkin niyyətlərini gözlərində qoydular. Onun quduz, qorxunctamah dişlərini elə sərhəddəcə sındırdı. Torpağımız  düşmənə verilmədi.

 

Erməni daşnakları Sədərəyi bir neçə dəfə ələ keçirməyə cəhd göstərsə də, ümummilli liderimiz Heydər Əliyevin dəmir iradəsi və qətiyyəti, Vətən övladlarının mərdliyi, rəşadəti və qeyrəti qarşısında məğlub olub geri çəkildilər. Sədərək o vaxtdan ulu öndərimiz Heydər Əliyevin söylədiyi kimi, “Naxçıvanın qeyrət qalası” adını daşıyır.

...Yaxşı xatirimdədir. O vaxt azadlığımız və torpaqlarımız uğrunda şirin canlarını qurban verən şəhidlərimizlə bağlı bir televiziya verilişi hazırlamaq üçün Sədərəyə gəlmişdim. Burada şiddətli döyüşlər zamanı erməni mərmisindən iki qönçə balasını itirmiş şəhid atası Tofiq Nəsirov ilə görüşdüm. O, düşmən tərəfindən atılan mərmilərin bu torpağa yağış kimi yağdığını, lakin sədərəklilərin və onun köməyinə gəlmiş Vətən oğullarının qorxmadıqlarını söylədi:

– Həmin hadisələr zamanı biz mərdliklə, rəşadətlə döyüşdük, 108 şəhid verdik. Onlardan 52-si sədərəklidir. Bu gün hər bir sədərəkli azadlığımız, müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda canını sipər edib qəhrəmanlıq nümunəsi göstərənlərin adını iftixarla çəkir. Azərbaycanın Milli Qəhrəmanı Məhərrəm Seyidov,  böyük məslək uğrunda igidlik göstərən Ənvər Əliyev, Aydın Zamanov, Şakir Cəfərov, Mustafa Şirəliyev, Vüqar Muxtarov, İlqar Babayev və başqalarının keçdikləri döyüş yolunu özləri üçün örnək hesab edirlər. Ancaq o zamankı hadisələrin qarşısının alınmasında ümummilli liderimiz Heydər Əliyevin rolu danılmazdır. Ulu Tanrı bu zəka sahibini başımız üstündəki qara buludları dağıtmaq üçün bir Günəş olaraq göndərib. Çünki xalqımızın qəhrəman oğlu  Heydər Əliyevin siyasətinin gücü müsəlləh bir ordunun gücündən artıqdır.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi dəst-xətti və idarəetmə istedadı məhz bu amillərə söykəndi. Respublikamızın müstəqilliyinin qorunması üçün ilk növbədə güclü nizami ordunun yaranmasına ciddi ehtiyac duyulurdu. Buna görə də ulu öndərimiz 1994-cü ilin payızında Azərbaycanda milli nizami ordunun yaradılmasına nail oldu. Həmin vaxtdan Milli Ordumuz tərəfindən sərhədlərimiz daha etibarlı şəkildə qorundu. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən hərbi hissələrinin gücü və qüdrəti günbəgün artmağa başladı.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ordumuzun möhkəmlənməsinə və gənclərin bu peşəyə maraq göstərməsinə xüsusi diqqət yetirdi. Vətənə sədaqətlə xidmət etmək ruhu gücləndirildi. Çox keçmədi ki, əsgərlərimiz hərb elminin sirlərini öyrəndi, müasir texnikadan bacarıqla istifadə etmək vərdişinə yiyələndi.

Bölgədə quruculuq və abadlıq işlərinin aparılmasına da start verildi. Deyirlər, yurd qorunanda, seviləndə, əzizlənəndə Vətən olur. Yoxsa, onun qürbətdən nə fərqi olardı? Ona görə də Vətəni təkcə ələ silah alıb qorumaqla bitmir. Gərək ona tükənməz sevgimizi, nəvazişimizi, qayğımızı, ən gözəl ülvi məslək və nəcib diləyimizi də əsirgəməyək. Axı bunlarsız uğur qazanmaq olmaz. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 14 mart 2000-ci il tarixli sərəncamı da məhz Vətənə olan sevgi, istək, saf amalpak əməldən doğdu. Sədərək çox keçmədi ki, hünər, zəhmət, quruculuq meydanına çevrildi. Qoynunda düşmən mərmilərindən şırımlar açılan bu yurd yerinin sinəsini yeni-yeni quruculuq töhfələri bəzədi.İnsanların sabaha olan inamı yüksəldi.1990-1992-ci illərdə Heydərabad qəsəbəsindəki 75 ev yenidən bərpa olundu.Rayonda 35 kilovatlıq yarımstansiya tikildi. Muxtar respublika rəhbərinin təşəbbüsü ilə Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin yüksək səviyyədə razılaşmasına əsasən, Türkiyənin Aralıq bölgəsindən Sədərəyə 35 kilovatlıq xətlə fasiləsiz elektrik enerjisi verildi. Qarağac kəndində 120 şagird yerlik məktəb binası tikildi. Şəhidlər xiyabanı yenidən quruldu. Şəhidlərin xatirəsi üçün bulaq kompleksi və 58 mağazadan ibarət mərkəzi bazar sədərəklilərin ixtiyarına verildi, 4,5 kilometr yol əsaslı təmir olundu, içməli su xətti çəkildi, 7 subartezian quyusu yenidən qazıldı. Yeri gəlmişkən qeyd edək ki, rayon yerləşdiyi coğrafi mövqeyə görə su ehtiyatı baxımından çox əziyyət çəkib. Ona görə də rayonun su təminatının başqa mənbələr hesabına ödənilməsi diqqət mərkəzində dayandı. İndi Sədərəyə Arpaçay Su Anbarından uzunluğu 22 kilometr olan və “Sağsahil kanalı” adlandırılan kanal vasitəsilə suvarma suyu verilir. Arpaçay üzərində qurulmuş dördpilləli nasos stansiyaları rayonun 3290 hektar sahəsini suvarma suyu ilə təmin etməkdədir. Hazırda stansiyaların sayı 5-ə çatdırılıb. Suvarma suyuna olan təminatı daha dolğun ödəmək üçün Arazın yaxınlığındakı “Şir arxı” deyilən su mənbəyində daha bir nasos stansiyası tikilib ki, bu da rayonun əlavə min hektar torpağını suvarma suyu ilə təmin edəcəkdir. Hələ bunlar harasıdır? Rayon ərazisində 115 subartezian quyusu fəaliyyət göstərir ki, bu da əhalinin həm içməli, həm də suvarma suyuna olan tələbatının ödənilməsinə kömək edir.

Sədərəkdə son zamanlar bir çox yeni obyektlər tikilərək müasir standartlara uyğun şəkildə istifadəyə verilib. Ən müasir tələblərə cavab verən tikililər, geniş, rahat, kənarları meşə zolaqları ilə əhatələnən yollar çəkilib. 2012-ci il noyabrın 30-da Sədərək kəndində bir neçə obyektin istifadəyə verilməsi də yaddaqalan günlərdən biri olub. Həmin gün Sədərəkdə kənd mərkəzi, uşaq bağçası, ticarət və idman mərkəzi, həmçinin bazar kompleksi  kimi obyektlər  həyata vəsiqə alıb. Açılış zamanı çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri bildirdi ki, Sədərəkdə həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan tikinti-quruculuq işləri, istifadəyə verilən sosial obyektlər dövlət qayğısının ifadəsidir. Bu, eyni zamanda, iqtisadi gücün və ölkəmizdə mövcud olan sağlam, siyasi iradənin nəticəsidir. Dövlət qayğısı, iqtisadi inkişafsiyasi iradənin vəhdəti ölkəmizin, eləcə də Sədərək rayonunun inkişafında başlıca amildir.

2010-cu ilin oktyabr ayında muxtar respublikaya səfəri zamanı ölkə başçısı İlham Əliyev yenidən qurulan Heydərabad qəsəbəsinin açılışında iştirak edib, burada görülən işləri yüksək qiymətləndirib: Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən müasir səviyyədə görülübdür. Çox şadam ki, muxtar respublikanın rəhbərliyi bütün bu işləri çox qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da böyük hadisədir.

İndi bu rayona gələn hər kəs Heydərabad qəsəbəsini görmədən getmir.Həm rayonun idarə və təşkilatlarının əksəriyyəti burada qərar tutub, həm də qəsəbə, sözün əsl mənasında, cənnətin bir guşəsidir. Jurnalist Nurəddin Babayevin bir məqaləsində deyildiyi kimi: – Qəsəbə ümummilli liderimiz Heydər Əliyevin adına layiq bir abad yaşayış məskənidir. Səliqə-sahmanına da söz ola bilməz. Gülzarlıqlar, gül-çiçək dənizi, yaraşıqlı binalar, avropasayağı evlər, hamar yollar, səkilərə döşənmiş rəngli kərpiclər Heydərabada xüsusi bir gözəllik verir.

Bu gün qüruriftixar hissi ilə deyə bilərik ki, burada həyat başqadır. O vaxtlar düşmən hücumundan bərbad vəziyyətə düşən Heydərabadın sinəsini bu gün insan əlinin yaratdığı öz rəngi, ətri, təravəti ilə göz oxşayan güllər bəzəyir. Qan qoxuyan, tük ürpədən qəm möhürlü illərin, məşəqqətli günlərin, vahiməli gecələrin yerini, hər günü yeni müjdəylə açılan səhərlər, insanları xoşbəxtliyə, qurub-yaratmağa səsləyən arzular, ümidlər tutub. Həsrətə, iztiraba, bir dilim çörək üçün saatlarla növbə gözlədiyimiz acı həqiqətlərə son qoyulub.Bir sözlə, insanlar rahatlığa, firavanlığa qovuşub. Sərhədlərimiz daha ov tüfəngləri ilə qorunmur. Bu gün sərhədlərimizin keşiyini çəkən Milli Ordumuz daha güclü və qüdrətlidir. Atalar sözüdür: - Ordusu olmayan xalqın xoşbəxtliyi də olmaz. Bir də deyiblər ki, sərhədi qorunmayan Vətənin ürəyinə güllə tez dəyər. Sərhədi möhkəm və keçilməz olan Vətənin sinəsini gül-çiçək bəzər, başının üstündə həmişə aydın səma olar.

Qüruriftixar hissi ilə deyə bilərik ki,  Heydərabad gözlərimizin qarşısında gözəl bir tablonu xatırladır. Bu əsər ümummilli liderimiz Heydər Əliyevin dühasının, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin qədim diyarımıza diqqət və qayğısının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Vətənə, xalqa tükənməz sevgisi və məhəbbətinin, gərgin əməyinin və zəhmətinin məhsuludur.

Qeyd etdiyimiz kimi, dövlət siyasəti Sədərəyi ağuşuna alıb. Ölkəmizin ən qiymətli sərvəti olan insanlar burada hər cür qayğı ilə əhatə olunublar. Rayon sakinləri muxtar respublikamızda gedən quruculuğu, insana göstərilən qayğını yüksək qiymətləndirir və onları muxtar diyarımızın daha da çiçəklənməsinə öz töhfələrini verməyə ruhlandırır.

 

Rövşən HÜSEYNOV,

Naxçıvan Mətbuat Şurasının sədri

 

Xalq qəzeti.- 2015.- 1 fevral.- S.5.