“Vəfa xəzinəsi
- Firəngiz”
Xalq şairi Xəlil Rza Ulutürkün ömür-gün yoldaşı Firəngiz xanımla söhbət
Birgə addımladıqları həyat yollarında Firəngiz xanım mübariz şairimiz Xəlil Rzaya həmişə arxa-dayaq olmuş, onun ailə-məişət qayğılarını yüngülləşdirməyə çalışmışdır. O, evin-ailənin ağır yükünü zəif çiyinlərinə götürərək Xəlil Rzanın elmi-bədii yaradıcılıqla, milli istiqlal mücadiləsi ilə daha böyük coşqu və həvəslə məşğul olmasına şərait yaradırdı. Şair əbədiyyətə qovuşandan sonra Firəngiz xanım Xəlil Rza irsini toplayıb oxuculara çatdırmaq və qalan ömrünü bu işə həsr etmək qərarına gəldi. Çap olunmamış əsərlərini, müasirləri haqqında, onların isə şair haqqında yazdıqları məqalələri, tərcümə əsərlərini nəşr etdirdi. Firəngiz xanım indiyədək çap etdirdiyi kitabların sayını 55-ə çatdırıb. O, bu işi bu gün də böyük həvəslə, Xəlil Rza yaradıcılığına dərin məhəbbət və ehtiramla davam etdirir. Onunla söhbətimizin mövzusu da elə Firəngiz xanımın bu fədakar və gərəkli missiyası oldu.
- Firəngiz xanım, sizin Xəlil Rza ilə birgə həyatınızı tufanlar burulğanında və sevgi dənizində keçən ömür də adlandırırlar. Bu bənzətmə nə dərəcədə doğrudur?
-Bu, həqiqətdir
ki, Xəlillə yaşadığımız 38 ildə
çox ağır sınaqlardan, çətinliklərdən
keçməli olmuşuq. Çətin, əzablı günlərimiz
az olmayıb. Ancaq Xəlilin böyük ürəyi, ülvi
dünyası, hüdudsuz səmimiyyəti
ən müşkül məsələlərin xoş sonluqla
başa çatmasına səbəb olurdu. Ailə həyatı
qurmaq istəyimiz də elə asan baş tutmayıb...
Görüşlərdə
tez-tez məndən soruşurlar ki,
Xəlil Rzanın həyat yoldaşı olmaq çətin
idi, yoxsa silahdaşı? Səmimiyyətimə inanın, Xəlilin
həyat yoldaşı olmaq, onunla çətin sınaqlardan
keçmək mənim üçün çox xoş idi.
Çünki ailə həyatı qurmamışdan əvvəl
onun bütün keyfiyyətlərini öyrənə
bilmişdim. Xəlil mərd, dönməz adam idi, bir
üzü vardı. Sözü ilə əməli həmişə
üst-üstə düşürdü. Xəyanət, kiməsə
paxıllıq etmək ona yad idi. Prinsipial məsələlərdə
qəzəbli, odpüskürən Xəlil evdə ipək
kimi yumşaq, yatımlı olardı. Hər şeyi unudar,
uşaqlarla “Ay dəvəçi” oynunu oynayardı, onlara
nağıl danışardı.
Həyat
yoldaşı kimi də çox nəzakətli, xoşrəftar
adam idi. Heç vaxt mənə hökm etməyib. Həmişə
fikirləşdiklərini təklif kimi çatdırıb:
“Filan işi belə etsək necə olar? Filan yerə getməyimiz
məsləhətdir, sən nə deyirsən?” Bir dəfə
olsun mənə acı söz deməyib. (İndi heyfsilənirəm
ki, gərək deyəydi, onda onun yoxluğuna bu qədər
yanıb-yaxılmazdım). Söyüş söymək, dilinə
pis ifadə gətirmək isə onun təbiətinə tamam
yad idi.
İlkimiz Təbriz
dünyaya gələndə mən iki məqama görə
özümü dünyanın ən xoşbəxti
sayırdım. Birincisi, uzun illərin həsrətindən
sonra ana olmuşdum, ikincisi isə Xəlili ən böyük
arzusuna qovuşdurmuşdum. Təbrizin, sonra da Rzanın
doğulması məni nə qədər sevindirdisə, Xəlilə
qarşı təqiblərin artması bir o qədər kədərləndirdi.
Onu “milli məhdudluq”da ittiham edir, əsərlərini Azərbaycan
KP MK səviyyəsində
müzakirəyə çıxarırdılar. Xəlilin
cəsarətli çıxışları və şeirləri
onun düşmənlərini daha da artırırdı.
Xüsusilə, onun Azərbaycan dilinin təmizliyini qorumaq
uğrunda mübarizəsi yuxarıların xoşuna gəlmirdi.
1969-cu il yanvarın
6-da Xəlilin Azərbaycan Dövlət Pedaqoji İnstitutunda
keçiriləcək görüşünə icazə
verilmədi, özünü də institutun müəllimliyindən
çıxardılar. Xəlil MK-nın ideoloji katibinə tez-tez
zəng vurub iş tələb edirdi. İdeoloji katib də hər
dəfə bir bəhanə ilə dəstəyi
götürmürdü. Bir dəfə Xəlil hirslənərək
axşam onun evinə zəng vurdu. Dəstəyi katibin
arvadı götürdü və onun evdə olduğunu dedi. Xəlil
xahiş etdi ki, dəstəyi ona versin. Bir müddət
keçəndən sonra katibin xanımı dedi ki, bəs
bağışlayın, filankəs müəllim yatıb. Bu
cavabı eşidən Xəlilin hayqırtısı
bütün otağı bürüdü: “Filankəs müəllim
yatmayıb, onun vicdanı yatıb. Get onu oyat, mənim
balalarım acdır, o, toxluqdan yatır, mənim balalarımsa
acından yata bilmir...”.
Səhəri gün Xəlili
Ədəbiyyat İnstitutuna baş elmi işçi
ştatına işə götürdülər.
-O illərdə Xəlil Rzanın doktorluq işinin müdafiəsinə də süni əngəllər yaradırdılar. Necə oldu ki, bu elmi işin müdafiəsi baş tutdu?
-Xəlil “Məqsud
Şeyxzadə yaradıcılığı və Azərbaycan-özbək
ədəbi əlaqələri” mövzusunda doktorluq
dissertasiyasını neçə il idi ki,
yekunlaşdırmışdı, ancaq müdafiəsini ildən-ilə
keçirirdilər. Həm yuxarıdan, həm də
aşağıdan ciddi maneələr vardı. Kiçik oğlumuz Rza Moskva ətrafında
hərbi xidmətdə idi. Ona dəyməyə gedəndə
Xəlil qaldığımız mehmanxanadan Heydər
Əliyevin qəbul otağına zəng vurdu. Onu da deyim ki, Xəlilin
ümummilli liderimiz Heydər Əliyevə böyük
ehtiramı və məhəbbəti vardı. “Heydər Dədə
- Atatürk” şeirində yazırdı:
Dərin
mavi gözləri sakit yanan od-ocaq,
Alovunda satqınlar
yanacaq,
kül olacaq.
Qaranlıqda
işıqdı - o işığa yol açaq,
Məsləki
varlığından böyükdür,
min qat böyük.
Böyüklük
heykəlidir Dədə Heydər - Atatürk!
1985-ci il idi və o vaxt Heydər Əliyev
Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini idi. Qəbul otağında dəstəyi
Camalov soyadlı bir adam götürdü və
bizim Heydər Əliyevlə görüşmək istəyimizi
biləndən sonra otaqda gözləməyi məsləhət
bildi. Bir müddət keçəndən sonra Camalov zəng
vurub dedi ki, Heydər Əliyev sizinlə danışmaq istəyir.
Xəlil millətçi kimi təqib
olunduğundan, bu səbəbdən elmi işinin müdafiəsinə
süni əngəllər yaradıldığından
danışdı. Heydər Əliyev dedi: “Xəlil, sən
millətçi deyilsən, sən millətini sevən
şairsən. Təki səni millətçi
adlandıranlar da millətini sənin kimi sevəydilər.
Narahat olma, sənə mane olanlar özləri sənə
kömək edəcəklər”.
İki-üç gündən sonra
qayıtdıq Bakıya. Gördük ki, Xəlilə
bir neçə teleqram gəlib, onu əlimyandı
axtarırlar. İllərlə uzanan
müdafiə bir həftəyə baş tutdu. Az sonra Xəlilə “Əməkdar incəsənət
xadimi” fəxri adı da verildi.
- Xəlil Rza həbs ediləndə onunla bərabər
siz də çox məhrumiyyətlərlə üzləşməli
oldunuz. Şairin “Canavarlar önündə, gülüm,
ağlamaq olmaz!” eyhamına nə dərəcədə əməl
edə bildiniz?
- Şahid olanlar yaxşı bilirlər ki, ötən əsrin
90-cı ili çox təlatümlü
idi. Xəlil meydanlarda alovlu nitqləri ilə əsas
düşmənlərimizi xalqa tanıdır, hamını
onlarla mübarizəyə haylayırdı. Gecəsi-gündüzü mitinqçilərin
arasında keçirdi. 20 Yanvar faciəsindən
sonra onu danışdırmaq belə olmurdu. Xalqımızın başına gətirilən
müsibət Xəlili sarsıtmışdı. Yanvarın 26-da şəhidlərin yeddisi
günü onu tutub DTK-ya, oradan da xüsusi təyyarə ilə
Moskvaya apardılar. Şəhərdə
tuthatut idi. Mən Xəlilin gündəliklərindən
narahat idim. Qorxurdum ki, evə basqın edib
onları apararlar. Gecəyarı,
qonşular yatandan sonra gündəlikləri Xırdalandakı
qohumumuz Nelufərgilə aparıb yığdım.
Xəlilin Lefortovo həbsxanasında
yatdığı müddətdə 18 dəfə Moskvaya getdim. SSRİ DTK-nın sədri V.A.Kryuçkovla, komitənin
məsul işçisi V.Q.Titovla dəfələrlə
görüşdüm. Xəlili milli ədaləti
qızışdırmaqda günahlandırırdılar.
Onun rus dilinə tərcümə olunmuş
şeir kitablarını, müxtəlif xalqların nümayəndələrindən
etdiyi tərcümələri göstərir, belə bir
adamın milli ədavəti qızışdırmaqda
günahlandırmağın səhv olduğunu sübut etməyə
çalışırdım. Mən rus,
qazax, gürcü, özbək, türkmən
yazıçı və şairlərinin, 2 milyondan çox
insanın imzaladıqları müraciətləri
Kryuçkova verəndə heç tükü də tərpənmədi.
Onun quru səsi, soyuq şüşə kimi
gözləri və ikrah dolu baxışları məni
odsuz-alovsuz yandırırdı.
Səhəri gün Xəlillə
görüşə getdim. O biləndə ki,
Bakıda “Xəlil Rzanı Müdafiə Komitəsi”
yaradılıb, milyonlarla insan onun azadlığa
buraxılmasına imza atıb, həm də bu müraciətlərə
müxtəlif xalqların yazıçı və şairləri
də fəal şəkildə qoşulub, onun gözlərinə
işıq gəldi, qəlbi fərəhlə doldu. Mənə
təsəlli verirmiş kimi bu şeiri oxudu:
Canım,
gözüm, inan ki, hər cür səddi yıxacam,
Dəmir
kibi gəlmişəm, polad kibi çıxacam.
Sovet imperiyası nə qədər
amansız olsa da, xalqın təkidli tələbləri, beynəlxalq
ictimaiyyətin qınağı qarşısında duruş gətirmədi. Xəlil 1990-cı ilin 18 oktyabrında Bakıya gətirildi
və noyabrın 22-də Bakı məhkəmə zalından
azadlığa buraxıldı.
- Sizin ailədə
həm də Azərbaycanın gələcək Milli Qəhrəmanı
böyüyürdü...
- Xəlil övladlarını lap uşaqlıqdan əsgər
kimi böyüdürdü. Onları hər səhər
soyuq suda çimdirir, idmanla məşğul olmağa həvəsləndirirdi.
Meydan hərəkatında, 20 Yanvar hadisələri
vaxtı Təbriz həmişə atasının yanında
olurdu. Qorxurdu ki, ona qəsd edərlər.
Təbrizin atası ilə
oxşarlığı çox idi. Ədəbiyyatı,
poeziyanı çox sevirdi, özü də arabir şeirlər
yazırdı. O da atası kimi dönməz,
sözünün üstündə duran idi. Bir axşam evə
əsgər paltarında gəldi: “Ata, mənə xeyir-dua ver,
cəbhəyə gedirəm”. Xəlil xeyli ona baxdı,
özünəməxsus gur səslə dedi: “Uğur olsun,
oğlum!” Mən ağladım: “Təbriz, axı sənin iki
körpə qızın var”. Cavabı belə oldu: “Ana, elə
o körpələrimə görə gedirəm ki, onlar
sağ-salamat böyüsünlər...”.
Təbriz cəbhədən həyat yoldaşı Sevincə
yazırdı: “Bakıda qala bilmərəm, mənə səngər
havası gərəkdir. Burada - Ağdamda, Şahbulaqda,
Əsgəran civarında azad nəfəs alıram.
Yarıcanım yox, bütöv canım burdadır, səngərdaşlarımın
avtomat doldurduğu yerdə...” Təbriz 1992-ci
ilyanvarın 31-də Naxçıvanik kəndi uğrunda gedən
döyüşdə yaralı yoldaşını atəş
altından çıxaranda başından yaralanır. Sonra həmin ərazi düşmən əlinə
keçdiyi üçün kömək gəlmir və
qanitirmədən həlak olur.
Övlad itkisi valideyn üçün
böyük dərddir. Mən ərimi də itirməmək
üçün göz yaşlarımı qəlbimə
axıdır, Xəlilə təsəlli verməyə
çalışırdım. Ancaq
bütün cəhdlər əbəs idi. Xəlil Təbrizdən
sonra özünə
gələ bilmədi. Uzun illər içini yeyən
şəkər onun bütün varlığına hopmuş
qəm-kədərlə qoşalaşıb Xəlilin
mübarizə əzmini üstələyirdi. Ürəyi, böyrəkləri sıradan
çıxmışdı. Əvvəlcə
İstanbulda, sonra Almaniyada əməliyyat olundu. Qərib-qürbət ellərdə həmişə
onun yanında oldum. Xəlillə
bütün əzablara, ağrılara birlikdə
dözdük. 1994-cü ilin 22 iyununda Bakıda Mərkəzi
Klinik Xəstəxanasında əli əlimdə gözlərini əbədi
yumdu.
- Firəngiz
xanım, sizin qismətinizə ağır və şərəfli
bir ömür yolu düşüb...
-Xəlil Rza kimi bir insanın həyat
yoldaşı, Təbriz kimi bir igidin anası olmaq, əlbəttə,
böyük şərəfdir. Qismətimdən
çox-çox razıyam. Xəlil rəhmətə
gedəndən sonra onun irsini toplayıb nəşr etməyə
qərar verdim. Sağlığında da
kitablarının nəşrində ona kömək edirdim.
Azərbaycan Neft Akademiyasında dərs deyirdim.
Axşamlar boş vaxtım olan kimi makinanın
arxasına keçib şeirlərinin üzünü
köçürərdim. Zarafatla deyərdi
ki, Firəngiz mənim ən yaxşı katibəmdir. “Katibəm” şeirini də mənə həsr
etmişdi.
Elə
bil stolda yox, şah taxtında əyləşib,
Makina
qarşısında bir az da gözəlləşib.
Məndən
tələb etdiyi nə “Volqa”dır, nə “Zim”dir,
Şərik səngərimizdə məslək
mübarizimdir.
Kimdir gözəl katibəm? Mənim Firəngizimdir!
Xəlil əsərlərinin it-bata
düşməsindən bərk narahat olardı, onları
toplayıb çap etmək ən böyük arzusu idi. Amma bu işi görmək üçün nə
vaxtı vardı, nə də maddi imkanı. İndi mən onun
arzuladığı işi görürəm. 21 il ərzində 55 kitab ərsəyə gətirmişəm.
Hər yeni kitabı çapdan çıxanda mənə
elə gəlir ki, Xəlil ölməyib, yenə
sağdır, oxucuları ilə görüşə gedir.
Nə qədər yorulsam da sevinir, mənəvi
rahatlıq tapıram. Qalan
ömrümü də bu işə həsr edəcəyəm.
-
Maraqlı söhbətə görə çox sağ olun.
Müsahibəni
apardı:
Əlipənah
BAYRAMOV
Xalq qəzeti.- 2015.- 1 fevral.- S.6.