Makedoniya təəssüratları
Yol qeydləri
Makedoniya Respublikası Cənub-Şərqi Avropada, Balkan yarımadasında yerləşir. Şimalda Serbiya, qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla qonşudur. 25,7 min kvadratkilometr əraziyə malik olan Makedoniya 8 sentyabr 1991-ci il tarixdə özünün dövlət müstəqilliyini elan edib. Beynəlxalq birlik isə 8 aprel 1993-cü ildə Makedoniyanın dövlət müstəqilliyini tanıyıb.
Yunanıstan bu ölkənin Makedoniya
Respublikası adlanmasının əleyhinədir. Odur ki, məhz
Yunanıstanın təzyiq və təhrikləri nəticəsində
BMT onu “Keçmiş
Yuqoslaviya Makedoniya
Respublikası” adı ilə tanımışdır.
Makedoniyanın 2 milyondan bir
qədər artıq əhalisi var. Paytaxtı Skopye şəhəridir.
500 min nəfərdən bir
qədər artıq əhalisi olan Skopye 1961-ci il zəlzələsi
zamanı böyük
dağıntılara məruz qalsa da, şəhər yenidən bərpa olunub və bu gün dinamik inkişaf yolundadır. Bu
gün Makedoniya sərhədləri
daxilində olan torpaqlar
ayrı-ayrı tarixi dövrlərdə Roma imperiyası, daha sonra Şərqi Roma
imperiyası, Osmanlı imperatorluğu, XX əsrdə
isə Yuqoslaviya Sosialist
Federativ Respublikasının tərkibinə
daxil olub.
Bakı
aeroportu - daha bir qürur ünvanımız
Bu, mənim Makedoniyaya ikinci səfərim idi. Özü də bu yaxınlarda
ürək əməliyyatından
çıxdığımdan getməyə o qədər
də risk etmirdim.
Amma sonda maraq hissi və
bir sıra mədəni irs
layihələrində birgə
çalışdığım “Miras” Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai
Birliyinin rəhbəri,
dostum Fariz Xəlillinin təkidi səfərin reallaşması
ilə nəticələndi.
Səfərdə məqsəd Ohrid
şəhərində keçirilən
III beynəlxalq konfransda
iştirak idi. Xatırladım ki, iki il öncə keçirilən
I konfransın da iştirakçısı olmuşam.
O zaman “Azərbaycanda tarixi-mədəni irsin tədqiqi, mühafizəsi
və təbliği işində qeyri-hökumət
təşkilatlarının iştirakı” mövzusunda
məruzə etmişdim.
Məruzəmdə əsasən
Heydər Əliyev Fondunun, SEBA, “Miras” və “Regionların inkişafı” ictimai birliklərinin nümunəsində
respublikamızda tarixi-mədəni
irsin mühafizəsi,
tədqiqi və təbliği istiqamətində
görülən işlərdən
bəhs olunurdu.
Bu, həm də ulu öndər
Heydər Əliyevin adını daşıyan
Bakı aeroportunun yenicə istifadəyə verilmiş yenicə terminalından ilk uçuşum
idi. Doğrudan da, qibtə olunası hava limanımız var. Mən
dəfələrlə Moskva,
Kiyev, Tbilisi, London, Ankara, İstanbul,
Milan, Roma, Qahirə, Pekin,
Urumçi, Madrid, Vaşinqton
və digər böyük şəhərlərin
aeroportlarında olmuşam.
Bakı aeroportu onların heç birindən geri qalmır. Əksinə,
bir sıra parametrlər üzrə onlardan da üstündür.
Mən,
ilk növbədə, hava
limanımızın genişliyini,
rahatlığını, müasirliyini
nəzərdə tuturam.
Yəni,
Azərbaycan kimi müstəqilliyə yeni qədəm qoymuş ölkələrin heç
birində belə müasir aeroport yoxdur. Təyyarələrimizin yeni olması
və uçuş zamanı heyət tərəfindən sərnişinlərə
göstərilən xidmət
də xüsusi olaraq qeyd olunmalıdır.
Amma
məni və dostlarımı dövlət
dilimizdən istifadə
ilə bağlı narahat edən bir məqamı da diqqətə çatdırmaq istərdim. Bunu necə izah edəsən ki, Bakı -İstanbul reysində uçuş ərzində nümayiş
etdirilən bütün
filmlər ya rus, yaxud da
ingilis dilindədir.
Olmazmı ki, filmlər
seçilərkən bu
amil nəzərə alınsın? Nəzərə
alınsın ki, birincisi, bu, Azərbaycan Hava Yollarına aid təyyarədir.
İkincisi, bu reyslə
uçanların çox
böyük əksəriyyəti
azərbaycanlılar və
türklərdir.
Makedoniya
Arxeologiya muzeyində
İstanbulun
Sabinə - Gokçan
(O, Türkiyənin ilk qadın
hərbi təyyarəçisi
olub) hava limanından Makedoniyanın
paytaxtı Skopyeyə
uçduq. Türklər bu şəhərə Üşküb deyirlər.
İki il
öncə Makedoniyada
olarkən Skopye şəhərinin gəzməli-görməli
yerləri ilə yaxşıca tanış
olmuşduq. Avropanın bir sıra məşhur şəhərləri
kimi, Skopye də, hər şeydən öncə, içərisindən gursulu
çayın keçməsi
ilə diqqəti çəkir. Vardar çayının
hər iki sahili boyunca uzanan Skopye əhalisinin əksəriyyəti
dini etiqad etibarilə xristian olsa da, orada
İslam və Türk dəyərləri
də yaşamaqdadır.
Təsəvvür edin, günün
müxtəlif vaxtlarında
şəhərin 56 məscidindən
azan səsləri eşidilir.
Küçədə, ictimai nəqliyyatda,
alış-veriş mərkəzlərində
əhalinin, demək olar ki, çox
hissəsi alayarımçıq
olsa da, türkcə başa düşür. Şəhərin tarixi yerləri sırasında Makedoniyalı
İsgəndərin abidəsi,
Skopye qalası və orta əsr
karvansarası turistlərin
ən çox seyr etdiyi ünvanlardır.
Ölkənin pul vahidi Makedoniya denarisidır.
100 ABŞ dolları 5200 Makedoniya denarisinə bərabərdir. Alış-veriş hər yerdə ancaq denari ilə
aparılır.
Skopyedə bizi
Mədəni İrs, Turizm, Yerli İqtisadi
İnkişaf və
Media İnstitutunun direktoru,
professor Rubin Zemon qarşılayaraq əvvəlcə
Makedoniyanın Arxeologiya
muzeyinə apardı. Muzey nə muzey?! Hər şeydən öncə, qeyd etməliyəm ki, muzeyin 8 mərtəbədən
ibarət olduqca möhtəşəm binası
var. İki il
öncə istifadəyə
verilib. Muzeyin ekspozisiyası ingilis
mütəxəssisləri tərəfindən işlənib.
Tərtibata söz ola bilməz.
Ekspozisiya Paleolit dövrü
materiallarından başlayır.
Orada əsasən ölkənin
müxtəlif yerlərində
aparılmış arxeoloji
tədqiqatlar zamanı
aşkar edilmiş daş alətlər və silahlar nümayiş etdirilir.
Tapıntıların dövr
etibarı ilə ən qədiminin 1,5 milyon yaşı
var. Muzeyin neolit və eneolit bölmələri xüsusilə
zəngindir. Həmin bölmələrdə nümayiş olunan zəngin və rəngarəng çeşidli
keramika məmulatı
özünün forma və
məzmun yetkinliyi baxımından, sözün
əsl mənasında,
heyranlıq doğurur.
Tunc və dəmir dövrlərinə, habelə
antik və orta əsrlər dönəminə aid bölmələrdə
də olduqca maraqlı tapıntılar
nümayiş etdirilir.
Muzeyin qızıl fondunun ekspozisiyasını gərək
öz gözlərinlə
görəsən. Materialların daha canlı və effektli təqdimi üçün,
doğrudan da, olduqca orijinal, həm də son dərəcə gözəl
forma düşünülüb. Ümumilikdə, muzeyin ekspozisiyasında
5 mindən çox eksponat nümayiş etdirilməkdədir.
Makedoniya
Arxeologiya muzeyini gəzərkən ürəyimdən
bilirsiniz nələr keçdi? Ürəyimdən keçdi
ki, kaş Bakıda da ayrıca arxeologiya muzeyi olaydı. Ola bilsin ki, kimlərsə mənim
bu sözlərimə etiraz
edərək desin ki, əşi,
bizdə də arxeologiya muzeyi
var axı. Yox, əzizlərim,
sizin dediyiniz muzey o muzey
deyil. Sizin muzey kimi təqdim etdiyiniz “muzeycik” Azərbaycana,
onun bugünkü inkişaf səviyyəsinə uyğun
deyil. Artıq vaxtdır ki,
Azərbaycan paytaxtında yeni, həm də
nümunəvi arxeologiya muzeyi
olsun. Fikrimcə, artıq ölkədə
vahid və mərkəzləşmiş Arxeologiya Fondunun da yaradılması barədə
düşünmək vaxtıdır. Bugünkü
halda ölkəmizə aid
arxeoloji materiallar pərakəndə
vəziyyətdədir. Mövcud
fondların bir çoxu
qənaətbəxş vəziyyətdə deyil.
Məlumat üçün bildirim ki, Azərbaycanın
Makedoniya və qeyri-ölkələrlə
müqayisədə daha qədim və daha zəngin tarixi var. Həmin tarixi yaşadan, onu bir növ özündə
maddiləşdirən, əyaniləşdirən abidələrimiz
və nadir tapıntılarımız da digər ölkələrlə müqayisədə
qat-qat çoxdur.
Deyilənlərə onu da
əlavə edim ki, son illər maliyyə problemləri
üzündən Makedoniyada arxeoloji tədqiqatlar üçün
dövlət tərəfindən, demək olar
ki, vəsait ayrılmır. Bu istiqamətdə tədqiqatlar isə indiyədək
əsasən alman mütəxəssisləri
tərəfindən aparılıb. Azərbaycanda isə
dövlətimizin maliyyəsi ilə hər il
azı 40 ekspedisiya arxeoloji
tədqiqatlarda iştirak edir.
Bundan əlavə, ölkə Prezidenti cənab İlham
Əliyev tərəfindən arxeoloji tədqiqatların
miqyasını daha da
genişləndirmək məqsədilə bir
neçə dəfə xüsusi sərəncamla
böyük miqdarda
maliyyə vəsaiti ayrılıb. Qəbələ, Şəmkir
və Ağsu ekspedisiyaları isə
artıq neçə ildir ki,
bilavasitə qeyri-hökumət təşkilatları və
xeyriyyəçi insanlar tərəfindən
maliyyələşdirilir. Göründüyü
kimi, Azərbaycanın bu
sahədəki imkanları da, görülən
işləri də daha çox
və daha sanballıdır. Amma razılaşaq ki, son nəticə, yəni tariximizin
qədim yadigarlarının təqdimatı qaneedici
səviyyədə deyildir. Əlbəttə,
bu barədə düşünmək gərəkdir.
Daha nə etməli?!
Arxeologiya muzeyi ilə
tanışlıqdan sonra bizi
Skopyedə yerləşən Avropa Audio-Vizual İncəsənət, Film, Teatr və Rəqs İnstitutuna apardılar. İnstitutun
rektoru, professor Cordon Plevneşlə səmimi söhbətimiz
oldu. Məlumat üçün
onu da bildirim
ki, professor C.Plevneş Makedoniyada, eləcə
də Avropada çox
tanınan bir simadır. O, rəhbərlik
etdiyi elm və təhsil
ocağı barədə ətraflı məlumat verdi. Daha sonra
Azərbaycandan olan heyət üçün təşkil olunmuş
ziyafətdə iştirak etdi.
Söhbət əsnasında Azərbaycan - Makedoniya
əlaqələrini daha da
genişləndirməklə bağlı bəzi təkliflərini
də bildirdi. Dedi ki, hər il Makedoniyada keçirilən beynəlxalq konfrans çərçivəsində həm
də Azərbaycan sərgisi təşkil etmək olar. Mən isə professor C.Plevneşin təklifinə
bir qədər düzəliş edərək
bildirdim ki, ölkələrimizin
və xalqlarımızın bir-birini daha yaxşı tanıması üçün
həm Azərbaycanda, həm də Makedoniyada
vaxtaşırı müxtəlif tematikalara
həsr olunmuş qarşılıqlı
tanıdım seminarlar, simpoziumlar
və festivallar keçirmək
daha məqsədəuyğun olardı. Mənim
bu təklifim professor C.Plevneş tərəfindən müsbət
qarşılandı. Razılaşdıq ki,
bu istiqamətdə görüləcək
işlərlə bağlı fikir
mübadiləsi gələcəkdə də davam
etdirilsin.
Xatirələr
Skopye ziyafətindən sonra “Mercedes”
mikroavtobusla Ohridə yola düşdük. Dağlar qoynundan və sərt
dolaylardan keçməklə təqribən
3 saatlıq yol getməli idik.
Hər tərəf qalın qar və buz örtüyünə bürünsə də,
yollar yaxşıca təmizlənmişdi.
Proqrama görə, yolüstü
Bitola şəhərində, Atatürkün hərbi təhsil
aldığı gimnaziyada da
olmalı idik. Hansı ki
artıq 20 ildir ki, ora xatirə muzeyi kimi fəaliyyət göstərir. Biz Bitolaya çatanda
gecə saat 11 olardı. Xatırladım ki, Makedoniya ilə Azərbaycan
arasında 3 saat vaxt fərqi
var. Gecə yarısı olmasına baxmayaraq, muzeyin
qapıları açıq idi. Bizi gözləyirdilər. Bitola
muzeyi Türkiyə hökumətinin maliyyəsi
ilə yaradılıb və son illər əsaslı
şəkildə yenidən qurulub. Xatirə
muzeyində Atatürkün ömür yolunun bütün dönəmlərini əks etdirən
çoxlu foto material və əşyalar, həmçinin onun əmr və sərəncamları,
çıxışlarından fraqmentlər əks olunub. Bitola və ətraf
ərazilərdən tapılan arxeoloji materiallar və onların maket
nümunələri də muzeydə geniş
yer tutmaqdadır.
Daha sonra Bitolanın mərkəzi
küçəsi ilə tanış olduq,
oradakı restoranların birində bizə şam
yeməyi verdilər. Maraqlıdır ki,
küçədə gəzərkən də, restoranda şam edərkən
də hər tərəfdən qeyri-adi bir qoxu - his
qoxusu gəlirdi. Bu,
evlərdən və xidmət obyektlərindən ətrafa
yayılan tüstünün qoxusu idi. Tüstü
qoxusu bir anlığa
məni sanki 80-ci illərin sonu – 90-cı illərin əvvəllərinə
qaytardı. O illərdə Azərbaycanın şəhər
və kəndlərində də beləcə ətrafı tüstü qoxusu
bürüyərdi. Bu, evlərdə və
iş yerlərində yanacaq
kimi istifadə edilən odun
və ya kömür
sobalarının tüstüsünün qoxusu idi. Maraqlıdır,
Makedoniya şəhərlərində hər
tərəfi tüstü qoxusu
bürüsə də, isti bir yer tapmaq
da çox çətin
idi. Restoranlar, kafelər,
mehmanxalar, demək olar
ki, qızdırılmır. Bəli, 20-25
il öncə Azərbaycanda da vəziyyət bu cür idi. Bu
gün Makedoniya da sanki o
dönəmi yaşayır. Orada isti bir məkan tapmaq, həqiqətən, çox
müşkül bir işdir. İnsanlar da sanki belə soyuq şəraitdə yaşamağa
və işləməyə vərdiş ediblər.
Maşınımız Ohridə çatanda gecə yarıdan keçmişdi. Bizi “Çinqo” otelində yerləşdirdilər. Hamının gözündən yuxu tökülürdü. Səhər isə bizi gərgin iş qrafiki gözləyirdi.
(ardı var)
Qafar CƏBİYEV,
Milli Televiziya və Radio Şurası sədrinin müavini,
Azərbaycan Respublikasının Əməkdar
jurnalisti,
tarix elmləri doktoru
Bakı
- Skopye - Ohrid - Bakı
Xalq qəzeti.- 2015.- 4 fevral.- S.5.