Bütövlük

 

 (oçerk)

 

 Həyatda çox insanla rastlaşıb tanış olursan. Bu tanışlıq bəzən uzun illəri əhatə etsə də, müəyyən müddət keçdikdən sonra onlardan bir çoxunu unudursan. Şəxsən mənim on il orta məktəbdə, beş il universitetdə bir yerdə oxuduğum, yaxud iki il eyni hərbi hissədə qulluq etdiyim, eləcə də neçə müddət əvvəl iş yoldaşı olduğum tanışlarımın bir çoxunun adı, soyadı, hətta görkəmi belə yaddaşımdan silinib... Elə insanlar da olur ki, onları bircə dəfə görürsən, hətta kəlmə kəsməsən belə, yaddaşa əbədi həkk olunur, ömür boyu unuda bilmirsən. Söhbətimiz belə unudulmaz insanlardan biri haqqındadır.

 

...Onu bircə dəfə – 1967-ci ilin axırlarında “Xəzərdəniztikinti” Trestinin 446 nömrəli idarəsində işləyərkən görmüşdüm. Universitetin jurnalistika fakültəsinə imtahan verib kifayət qədər bal toplasam da, müsabiqədən keçə bilmədim. O vaxtlar bəzi ixtisaslar üzrə qəbulda iş stajına böyük üstünlük verilirdi. Ona görə də bir yerdə işləməli idim. Elə yerdə ki, yataqxanası olsun, pasport qeydiyyatına düşə bilim. Həmin idarədə işə düzəldim.

Yaşlı nəslin yadındadır. Həmin illərdə Bakıda ab-hava elə idi ki, kənd rayonlarından gələnlərə, daha doğrusu, rus dilini bilməyənlərə burada yaşamaq və işləmək asan deyildi. Digər təşkilatlarda olduğu kimi, çox çətinliklə adi fəhləliyə düzəldiyim idarənin aparatında, kontorda katibədən, texniki işçilərdən tutmuş müdirədək bir nəfər də azərbaycanlı yox idi. Salam verirdin, “zdrasti” eşidirdin. Bu da fəhlələrin əksəriyyəti, xüsusən mənim kimi, kənddən gəlmiş cavanlar üçün problem yaradırdı.

...Hövsanda konserv zavodu tikirdik. Günlərin birində yenicə işə başlamışdıq ki, aləm qarışdı, idarə rəisi, iş icraçısı əlhaya düşdülər, fəhlələrə tələm-tələsik iş paltarı, əlcək, qoruyucu baş geyimləri paylandı. Dedilər ki, “upravlyayuşi” (trest müdiri) gəlir.

Az sonra müdirin maşını obyektin ərazisinə daxil oldu. İdarə rəisi (Sapkin familiyalı bir yəhudi idi) tez maşının arxa qapısını açmaq üçün irəli cumsa da, trest müdirinin sərt baxışı ilə qarşılaşıb fikrindən döndü. O vaxt onun 42 yaşı olsa da, bir qədər yaşlı görünürdü. Çöhrəsindən ağayanalıq sezilən, iri cüssəli, ucaboylu, sərt baxışlı, ciddi görkəmli trest müdirinin üzünün misə çalan rəngindən hiss olunurdu ki, Günəş üzü görməyən kabinet məmurlarından deyil. O, yaxınlaşaraq ana dilimizdə salamlaşıb hal-əhval tutdu, qayğılarımızla maraqlandı. Yanındakı rəhbər işçilərdən (heç biri azərbaycanlı deyildi - Q.P.) işlə bağlı Azərbaycanca soruşduğuna görə, onlar da çarəsiz qalıb dilimizin qol-qabırğasını sındıra-sındıra olsa da, Azərbaycanca cavab verməyə çalışdılar...

İndiki nəsil, bəlkə də, bunun mahiyyətini və əhəmiyyətini bir o qədər dərk etməsin. Lakin təsəvvür edin ki, bu hərəkət 1967-ci ildə – SSRİ-nin bütün əyalətlərində açıq-aşkar ruslaşdırma siyasətinin aparıldığı, imperiya daxilində kənar millətlərin hüquqlarının ayaq altına atılaraq, sovet xalqı” adlanan yeni hibridin yetişdirilməsi sahəsində qızğın iş görüldüyü vaxtda, üstəlik İttifaq tabeliyində olan nəhəng idarənin rəhbəri tərəfindən edilmişdi...

Bu hadisədən bir neçə ay sonra başqa təşkilatda işləməli oldum, sonra əsgərliyə getdim, qayıdıb universitetə qəbul olundum və taleyimi həmişəlik jurnalistikaya bağladım...

Haqqında danışdığım həmin hadisədən 32 il keçmişdi. Dənizkənarı parkda yanımdan ötüb keçən ucaboy, salğarlı kişidən nəzərlərimi çəkməyərək düşündüm: görəsən, zənnim məni aldatmır ki?

Otuz iki il az müddət deyil. Amma adını-soyadını unutsam da, sıravi fəhlələrlə “Salam-əleyküm” deyərək, mehribancasına görüşən və qeyri-millətlərdən olan məmurları doğma ana dilimdə danışmağa məcbur edən trest müdirinin surəti yaddaşımdan silinməmişdi.

Geri qayıdarkən skamyada tək oturduğunu görüb yanında əyləşdim.

– Ağsaqqal, mənə tanış gəlirsiniz. Aradan xeyli vaxt keçib, səhv də edə bilərəm, tikintidə işləməmisiniz ki? - deyə onu söhbətə tutdum.

Diqqətlə üzümə baxsa da, şübhəsiz, tanımadı.

– Ömrüm elə tikintidə keçib, inşaatçıyam, – dedi və soruşdu:

– Sən də inşaatçısan?

– Yox, jurnalistəm, amma altmışıncı illərin axırlarında “Xəzərdəniztikinti” Trestinin 446 nömrəli idarəsində fəhlə işləmişəm, o vaxt sizi bircə dəfə görmüşəm, – deyib həmin hadisəni ona danışdım...

Deyəsən, kişinin kövrək hisslərinə toxundum. Əl uzadıb özünü təqdim etdi: Əlimuxtar Hüseynzadə. Və bir qədər ara verib başladığım söhbəti davam etdirdi:

– Bu söhbətinlə məni xeyli cavanlaşdırdın. Düz deyirsən, mən həmin trestə müdir təyin olunanda, istər trest aparatında, istərsə də tikinti idarələrində rəhbər və texniki işçilər arasında cəmi 1 nəfər azərbaycanlı vardı. İttifaq tabeliyindəki təşkilat idi, mənə qədər bütün müdirlər qeyri-millətlərin nümayəndələri olmuşdu. Bu, mənə də ağır gəlirdi. Odur ki, azərbaycanlı mütəxəssislər arasından xeyli kadrı rəhbər işə gətirdim. Elə sənin işlədiyin idarəyə Ramiz Axundovu sonradan rəis təyin etdim. Bu hərəkətim barədə Moskvaya siqnal göndərildi və məni oraya çağırdılar. Nazirliyin baş idarəsinin rəisi, istefada olan general Stepan Demeşov məni kabinetində, necə deyərlər, top-tüfənglə qarşıladı. Hətta salamımı da almadı:

– Orada nə oyun çıxarırsan? Bilirsən, sən kimsən? Millətçisən!

 – Stepan Stepanoviç, bu nədir, verdiyim salamın cavabıdırmı? – deyə ona kəskin cavab qaytardım.

– Siz orada ətrafınıza yalnız azərbaycanlıları toplayırsınız...

– Burada nə qəbahət var, əgər mən Rusiyada işləsəydim və azərbaycanlıları irəli çəksəydim, sizin sözləriniz, bəlkə də, yerinə düşərdi. Bir halda ki, Azərbaycanda işləyirəm, deməli, ətrafıma da yerli kadrları yığacağam. Mənə başqa sözünüz yoxdur ki? - deyib cavab gözləmədən kabinetdən çıxdım...

Keçmiş müdirimlə söhbətimiz alındı. Mənim jurnalist marağım, verdiyim suallar onu ömür yolunu vərəqləməyə, keçmişə və bu günə öz münasibətini bildirməyə vadar etdi.

Əlimuxtar Hüseynzadə 1925-ci il fevralın 5-də Bakıda anadan olub. Nəinki valideynləri, necə deyərlər, yeddi arxa dönəni İçərişəhərdə yaşayıb. Nəsillikcə inşaatçı olublar. Atası usta Ağaqulu bir vaxtlar Bakıda adla deyilən mahir sənətkar olub. Ən çətin suvaq işlərini ona həvalə edərdilər. Təzə Pir məscidinin gümbəzindəki naxışlar, bəzək elementləri usta Ağaqulunun, onun qardaşı, elə həmin məscidin tikintisində qəza nəticəsində həlak olmuş usta Qədirin, eləcə də usta Səmədin, usta Fərəcin əl işləridir. Usta Ağaqulu otuzuncu illərin staxanovçularından olub. O vaxtlar ayrı-ayrı peşələr üzrə sosializm yarışları keçirilərdi. Usta Ağaqulu suvaqçılar arasında həm respublikada, həm də Ümumittifaq səviyyəsində keçirilən yarışlarda normanı 7 dəfə artıqlaması ilə yerinə yetirərək qalib gəldiyinə görə Moskvaya - Ümumittifaq Xalq Nailiyyətləri Sərgisinə dəvət olunub və dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Ağaqulu kişi övladlarının ali təhsil alıb həyatda fəal mövqe tutmasına xüsusi diqqət yetirib. İlk növbədə isə erkən yaşlarından onların qəlbində zəhmətə məhəbbət hissi aşılayıb.

Əlimuxtar Böyük Vətən müharibəsi başlananda səkkizinci sinfi bitirib, on altı yaşından fəhlə işləyib. Əvvəlcə Dəmir Yolu Texnikumunda, sonra Dəmir Yolu İnstitutunda təhsil alsa da, 1950-ci ildən sonra həyatını inşaatla bağlayıb. Bir müddət metro tikintisində, üç il Salyanda “Kür - Arazsutikinti”də usta, iş icraçısı vəzifələrində çalışıb. 1953-cü ildə Bakıya gələrək Neft Sənayesi Nazirliyinin “Azərəraziidarə” Trestində işə qəbul olunub. O vaxt Bayılda inşa edilən İttifaq əhəmiyyətli obyektin – gəmi təmiri zavodunun tikintisində işgüzar və təşəbbüskar gənc mütəxəssis kimi diqqəti cəlb edib ustalıqdan iş icraçısı, idarə rəisi, 1962-ci ildə isə trest  müdiri  vəzifələrinə irəli  çəkilib. 1963-  ildə Bakı Baş Tikinti  İdarəsinin 1 nömrəli Bakı Şəhər Tikinti  Trestinə rəhbərlik ona  tapşırılıb.  3 il  sonra “Xəzərdəniztikinti”  Trestinin  müdiri  təyin olunub    8  il həmin  vəzifədə  çalışıb. 1974-  ilin noyabrından 1978-ci ilin sonunadək Kənd  Tikinti  naziri  vəzifəsində  işləyib. Respublika  hökumətinin  və Azərbaycan KP MK-nın  üzvü, Ali  Sovetin  deputatı  olub. Bir il  çəkən  xəstəlikdən  sonra  öz  xahişi  ilə  vəzifədən  azad edilib. Müalicədən sonra Səhiyyə  nazirinin tikinti  işləri  üzrə müavini  vəzifəsində  işləyib. 60  yaşının tamamında – 1985-ci ildə  pensiyaya  çıxıb. Zəhməti  yüksək  qiymətləndirilib, iki dəfə  Qırmızı  Əmək  Bayrağı ordeninə,  “Şərəf nişanı” ordeninə,  onlarca  medala,  Ali  Sovetin fəxri fərmanlarına, SSRİ Nazirlər Sovetinin  mükafatına, “Əməkdar inşaatçı”  fəxri  adına  layiq görülüb.

Bütün ömrünü Azərbaycanın  tikinti kompleksinin  inkişafına  həsr etmiş  Əlimuxtar Hüseynzadənin  bu gün  nəinki  paytaxtımızda,  eləcə  də respublikanın çox  yerində qurub-yaratdığı bir-birindən  gözəl tikililərdə,  binalarda silinməz  izləri  var.

Düz 15 il bundan əvvəl 75 illik yubileyi  ilə  əlaqədar onun  haqqında oçerk  hazırlayarkən  Əlimuxtar müəllim  tikdiyi  obyektlərin  siyahısını  mənə vermişdi. Uzun  bir siyahı idi, bir  məqaləyə  sığışdırmaq  mümkün  deyildi.  Onlardan  az  bir qismini təqdim  edirəm: Hüseyn  Cavid    İnşaatçılar  prospektləri  boyunca  tikilən  gözəgəlimli  binalar,  Elmlər Akademiyasının, BDU-nun, indiki  Texniki  Universitetin  bina və  korpusları, “Bakı”, “Azərbaycan”  və “Abşeron”  mehmanxanaları,  Dəniz vağzalı,  keçmiş Musabəyov qəsəbəsindəki  yaşayış evləri, onlarca məktəb,  xəstəxana  və mədəniyyət  müəssisələri...

Əlimuxtar müəllim  deyirdi ki, Bakıda  tikintinin  inkişafı Heydər  Əliyevin  rəhbərliyi  dövründə – 70-ci  illərdə    80-ci illərin  əvvəllərində  özünün kulminasiya nöqtəsinə çatmışdır. Heydər Əliyev  Bakı partiya  təşkilatının  43-cü  konfransında belə  bir  vəzifə  irəli  sürdü ki,  Bakıda ildə 1  milyon kvadratmetr  mənzil  sahəsi  tikilib  istifadəyə  verilməlidir. Biz bu   vəzifənin  öhdəsindən  gələ  bilirdik. Təkcə  mənim trestim 200  min  kvadratmetrdən  artıq mənzil  sahəsi tikib istifadəyə verirdi.  Onu  da deyim  ki,  həmin  rəqəmlər  yalnız  yaşayış  sahəsini göstərirdi. Yəni,  bura hamam,  dəhliz,  mətbəx    s.  daxil edilmirdi.

Ulu öndər Heydər Əliyev  barədə o,  həmişə  ağızdolusu  danışardı. Deyərdi ki, Heydər Əliyev  Ulu Tanrının  bu xalqa bəxş  etdiyi  töhfədir. O,  hakimiyyətə  qayıtmsaydı, Azərbaycan dövlət  müstəqilliyini  qoruyub  saxlaya bilməyəcəkdi.

Əlimuxtar Hüseynzadənin  o  vaxt  mənə  dediyi  fikirləri  olduğu  kimi təqdim edirəm: “Heydər Əliyev  kimi bir şəxsiyyətin  rəhbərliyi  altında işləmək  özü  böyük xoşbəxtlikdir.  Onunla  dəfələrlə  söhbət etmək,  onun tapşırıqlarını  yerinə yetirmək  şərəfi  mənə də nəsib olub. Və  hər dəfə  bu  insanın böyüklüyünə,  tükənməz enerjisinə,  təşkilatçılıq  qabiliyyətinə,  siyasi müdrikliyinə  və uzaqgörənliyinə  heyran qalmışam.   Kənd  Tikinti  naziri  işləyərkən  Moskvada növbəti  kollegiya  iclasında,  səhv  etmirəmsə,  1975-ci  ilin  yekunları  müzakirə  olunurdu.  Sov. İKP MK  tikinti  şöbəsinin  müdiri  Dimitrov  da  iclasda  iştirak  edirdi.  Mən  çıxış etdim    bildirdim ki, plana  artıqlaması  ilə  əməl etmişik.  Dimitrov  mənə  sual verdi:

– Əvvəlki illərdə  nazirliyiniz plan verə  bilmirdi. Siz  rəhbərlik  edəndən sonra  əməl  olunur. Biz onunla  maraqlanmışıq ki,  siz  işdə  elə bir dəyişiklik də  etməmisiniz,  elə  köhnə  kadrlarla  işləyirsiniz.  Bəs  bu  uğurlarınızın  sirri nədədir?

Bütün  respublikaların  nazirləri də  qulaq asırdılar. Dedim ki,  hər şeydən  əvvəl, respublikamızın  rəhbəri  Heydər Əliyevin  tələbkarlığının  nəticəsidir...”

O  vaxt ondan soruşmuşdum:

Ailədə  davamçılarınız  varmı?

– İki oğlum, bir qızım, 5  nəvəm  var.  Hər iki oğlum – həm  Avtandil,  həm də Elmar  inşaatçıdırlar, tikinti sektorunda işləyirlər. Nəvələrimdən  sonbeşiyinin adını  Əlimuxtar qoyublar.  Güman edirəm ki,   peşə  sülaləsinin  davamçısı olacaq.

Xeyli  yaş  fərqinin olmasına  baxmayaraq, aramızda səmimi dostluq münasibəti yaranmışdı. Tez-tez  redaksiyaya gələr,  maraqlı  söhbətlər edərdi. Bir  dəfə  mərhum Xalq yazıçısı  Qılman  İlkinlə (yaxın dost idilər – Q.P.) birgə  gəlmişdi. O, üzünü  Qılman  müəllimə  tutaraq dedi: – Bu  redaksiya  mənə  doğmadır.  Burada  mənim yaxın  dostlarım – Rəşid Mahmudov, Kazım Ələkbərov    mərhum Əhmədiyyə  Əliyev  işləyiblər. İndi isə  məni bura çəkən dostlarımın  arasında  ən  cavanı  olan  Hacı Qüdrətdir.

Əlimuxtar Hüseynzadə 2007-ci ilin  sentyabr  ayında 82 yaşında  Haqq  dünyasına qovuşdu...

O, həmişə  müasir dövrümüzdə peşəkar inşaatçıların qıtlığından, mahir inşaatçı-mühəndislərin az-az yetişməsindən danışarkən,  yaxşıların da adını hörmətlə  çəkərdi. Onlardan biri də öz yetirməsi, Baş  nazirin  müavini vəzifəsində işləyən Abid Şərifov idi. Elə Əlimuxtar müəllimin 90  illik  yubileyi ilə əlaqədar bu qeydlərimə də Abid Şərifovun fikirləri ilə yekun vururam: “Əlimuxtar  Hüseynzadənin başqalarına,  xüsusən  bugünkü  gənc  nəslə  örnək ola biləcək  elə  zəngin  həyat yolu  var ki, tikinti  tariximizi  onsuz  təsəvvür  etmək  mümkün deyil.  O,  gözəl  insan, əsl  xalq  adamı idi, bütün  ömrü    fəaliyyəti  ilə  Azərbaycan  xalqına  və dövlətinə  başucalığı   gətirmişdir.  Aradan illər  keçsə də, Əlimuxtar müəllimin  xatirəsi onu  tanıyanların,  xalqın  ürəyindədir, hər  zaman  xatırlanır,  yada  düşür, yaddaşlarda yaşayır  və həmişə  yaşayacaqdır. Allah rəhmət eləsin!”

 

Qüdrət PİRİYEV

 

Xalq  qəzeti.- 2015.- 5 fevral.- S.7.