Makedoniya təəssüratları
Yol qeydləri
əvvəli
qəzetin 4 fevral nömrəsində
Maraqlı
məruzələr, işgüzar müzakirələr
Yanvarın
17-də Ohridə “Mədəni irs, turizm, yerli iqtisadi
inkişaf və media”
mövzusunda III beynəlxalq konfrans öz işinə
başladı. Onu da bildirim ki, 14 ölkədən,
o cümlədən Makedoniya,
Albaniya, Azərbaycan, Rusiya,
Litva, Serbiya,
Bolqarıstan, Belarus, Polşa,
Bosniya və Hersoqovinadan
olan çoxsaylı elm
adamları və media nümayəndələrinin bir araya gəldiyi III Beynəlxalq
Ohrid konfransının təşkilatçılarından
biri Azərbaycanı təmsil edən “Miras” İctimai Birliyi idi. Yeri
gəlmişkən, onu da
bildirim ki, “Miras” son vaxtlar
təkcə Azərbaycanda deyil, həm də
xarici ölkələrdə icra olunan bir
çox mədəni irs
layihələrində iştirakçı, tərəfdaş
və ya təşkilatçı qismində
təmsil olunur. Təqdirəlayiq
haldır ki, uzaq Avstraliyadan tutmuş ucqar Şotlandiyayadək, Yaponiya
və Hindistandan uzaq İspaniya və Meksikayadək “Miras”la əməkdaşlıq
edənlərin və iş birliyində
olanların sayı daim artmaqdadır.
Konfransda öncə Ohridin sərgi
salonlarından birində Belarusun tarixi-mədəni
dəyərlərindən ibarət sərginin
açılışı oldu. Ənənəyə
görə hər il konfrans
öncəsi bir ölkənin sərgisi olur. Xatırladım ki,
ötən il keçirilən II Beynəlxalq
Ohrid konfransı çərçivəsində
Azərbaycanın tarixi-mədəni dəyərlərindən
ibarət sərginin nümayişi olmuşdu.
İki gün ərzində
davam edən konfransda
Azərbaycanla bağlı 15-dən çox
məruzə dinlənildi. Demək olar ki, əksər məruzələrdən sonra qızğın və işgüzar
müzakirələr olurdu. Bu cəhətdən
“Miras”ın sədri Fariz Xəlillinin təqdim
etdiyi “Təmiz kənd” layihəsi, Çexiyadan olan etnoqraf Qalina Voodun “Lahıc icması irsinin
canlandırılması” mövzusunda məruzələri
ətrafında olan müzakirələri xüsusi olaraq qeyd etmək istərdim. Mənim məruzəm
isə “Azərbaycanda tarixi-mədəni irsin
təqdimi və təbliğində televiziyaların rolu” mövzusuna həsr olunmuşdu. Müstəqilliyə yeni qovuşan dövlətlərdə
tarixi-mədəni irsin mühafizəsi, tədqiqi
və təbliği sahəsində olan
qayğı və problemlər oxşar olduğundan bu mövzu da
iştirakçıların əksəriyyəti üçün maraqlı oldu.
Məsələn, Azərbaycanda 4 telekanalın
bütünlüklə dövlət tərəfindən
maliyyələşdirilməsi, ayrıca “Mədəniyyət”
kanalının olması, elm, mədəniyyət
və incəsənət adamlarına göstərilən
dövlət qayğısı və nəhayət, ölkə
Prezidenti tərəfindən milli teleseriallar çəkilişi
məqsədi ilə son illər təqribən
15 milyon ABŞ dolları həcmində
yardım ayrılması faktları yaxşı mənada konfrans iştirakçılarının çoxunun təəccübünə səbəb
oldu. Ona görə ki, onların təmsil olunduqları ölkələrdə
bu reallıqlar yoxdur. Xorvatiyadan olan professor, Beynəlxalq Otellər və Restoranlar Assosiasiyasının üzvü
Ameliya Tomaşeviçin
mənim məruzəm ətrafında çıxış edərkən
dedikləri bu cəhətdən çox əhəmiyyəlidir:
– Əlbəttə, Azərbaycan
hökumətinin tarixi-mədəni irsinin
qorunmasına və təbliğinə olan
həssas münasibəti təqdir olunmalıdır. Siz milli teleserialların
çəkilişinə şərait yaratmaqla
cəmiyyəti, xüsusən də yetişməkdə olan gənc nəsli yad təsirlərdən
qorumaq istiqamətində çox
vacib iş görmüsünüz. Bu
seriallar Azərbaycan kimi
sürətlə inkişaf edən bir ölkənin turizm
perspektivləri baxımından da çox faydalı bir
addımdır. Siz məhz bu
teleseriallar vasitəsilə ölkənizi
dünyaya daha
yaxşı tanıda bilərsiniz. İndi
əsas məsələlərdən biri başqa ölkələrin sizin
teleseriallara nə dərəcədə maraq göstərəcəyindən
asılıdır. Bu sahədə işləriniz
necə gedir? Azərbaycan
teleseriallarını almaq istəyən
varmı?
Mən xorvat aliminin sualına cavab olaraq bildirdim
ki, ilkin mərhələ
olaraq Azərbaycan teleserialları daxili bazarın ehtiyaclarına hesablanıb. Bununla belə, bu seriallara maraq göstərən
xarici ölkələr də az deyil. Hazırda bəzi İslam ölkələrinin teleradio
təşkilatları ilə bu istiqamətdə
danışıqlar aparılmaqdadır. Düşünürəm
ki, gələcəkdə milli
teleserialların sifarişi və çəkilişi
zamanı bu amil də
xüsusi olaraq nəzərə
alınacaqdır.
Ohriddən Ştruqaya
19 yanvar səhər tezdən Ohrid gölü
və onun sahilboyu, bəlkə də, heç vaxt belə
izdiham və qələbəlik görməmişdi. Şəhərin xristian-pravoslav
əhalisi xaçın suya
salınması mərasimini qeyd edirdi. Yağışlı və
şaxtalı bir gün
olmasına baxmayaraq, Ohridin
qonaqları və müsəlman əhalisi də gəmilərin
göyərtələrinə toplaşaraq
mərasimi maraqla seyr edirdi. Sahilboyu kafelərdə
pivə boçkaları bir-birinin
ardınca boşalmaqda idi.
Ohrid bayram içində
ikən biz professor Rubin Zemonla birlikdə Ştruqa şəhərinə yollandıq. Proqrama əsasən, saat
12-də Ştruqa bələdiyyəsində
görüşümüz olmalı idi.
Məlumat üçün bildirək ki,
Ştruqa Ohrid gölünün cənub şərqində
yerləşir, 65 min əhalisi var. Ohrid gölündən çıxan yeganə çay - Qara Drim çayı şəhəri iki hissəyə bölür.
Əhalinin 57 faizdən çoxunu albanlar, 20 faizdən çoxunu
makedonlar, az bir faizini isə türklər
təşkil edir. Ştruqa
əhalisinin 75 faizdən çoxu müsəlmandır.
İnsanların əsas məşğuliyyəti turizmlə
bağlıdır. Bələdiyyənin aylıq
büdcəsi təqribən 250 min avro təşkil edir, bunun da 50 faizi
əmək haqlarının ödənməsinə gedir. Bələdiyyə ərazisində həyata
keçirilən bir sıra sosial layihələrin reallaşmasında
Türkiyə hökuməti və türk
iş adamları yaxından iştirak edirlər.
Ştruqa bələdiyyəsinin önündə
bələdiyyə sədrinin müavini Aydar Ayvaz və bələdiyyə
üzvləri bizi qarşılayaraq
türkcə salamladılar. Qısa tanışlıqdan sonra bələdiyyə sədri Ziyəddin
Selanın kabinetində görüşümüz
oldu. Əvvəlcə sədr Ştruqa bələdiyyəsi haqqında məlumat
verdi. Daha sonra mən, Ağsu Rayon İcra Hakimiyyətinin
başçısının müavini İqbal Mikayılov, professor
Kübra Əliyeva və “Miras”
İctimai Birliyinin sədri
Fariz Xəlilli söhbətə qoşulduq. Bələdiyyə üzvü
Musim Bayraqdar türk dilini yaxşı
bildiyindən bizim nitqimizi
makedon dilinə, sədrin nitqini
isə türkcəyə tərcümə edirdi.
Görüşdə
niyyət gələcəkdə Ağsu və
Ştruqa şəhərlərinin
qardaşlaşması ilə bağlı gündəmdə olan təklif ətrafında müzakirələr
aparmaq idi. Bələdiyyə
ofisində başlanan şirin
söhbət Ohrid gölü
sahilindəki restoranlardan birində təşkil
olunmuş şam yeməyi
zamanı da davam etdi.
Qafqazdan Balkanlara.
Turizmin prioritetləri
Makedoniya səfərimizin növbəti günü də bir
sıra görüş və tədbirlərlə
yaddaqalan oldu. Əvvəlcə
səhər saat 9.30-da Ohrid
bələdiyyəsinin görüşünə getdik. Şəhər merinin
müavini Angel Janev və bələdiyyə üzvləri
görüşdə iştirak edirdilər. Məlumat üçün
bildirək ki, 40 min əhalisi
olan Ohrid tək
Makedoniyanın deyil, bütövlükdə
Avropanın ən çox turizm
axını olan şəhərlərindən
biridir. UNESCO-nun mədəni
irs siyahısında olan
Ohrid şəhərinin illik
büdcəsi 15 milyon avroya
bərabərdir ki, bunun
da böyük bir hissəsi xarici turizmin payına düşür.
Ohridə ən çox turist
Türkiyədən gəlir. Şəhər büdcəsinə
ən çox gəlir verən isə Hollandiyadan gələn turistlərdir. Məsələ
burasındadır ki, Türkiyədən olan turistlər, adətən, 3 günlüyə,
holandlar isə bir həftə-10
günlüyə gəlirlər.
Ohrid gölü sahilində
yerləşən Ohrid şəhəri tarixi tikililərlə çox
zəngindir. Ohrid qalası turistlərin ən
çox ziyarət etdiyi
məkandır. Əhalisi etnik tərkib
etibarı ilə çox rəngarəngdir.
İaşə və ticarət obyektlərində daha çox türklərin
çalışdığı diqqət çəkir. Ohriddə
9 məscid fəaliyyət göstərir. Günün müxtəlif
vaxtlarında şəhərin ayrı-ayrı məhəllələrindən
eşidilən kilsə zəngləri və azan
səsləri Ohriddə təkcə etnik
baxımdan deyil, həm də dini baxımdan tolerant mühitin hökmran olduğundan xəbər verir.
Ohrid həm də olduqca sakit bir şəhərdir.
Şəhərdə bir ədəd belə
yük maşını və ya avtobus gözə dəymir.
İctimai nəqliyyat kimi
ancaq taksilərdən istifadə olunur. Taksilər də küçələrdə
vaxtlı-vaxtsız hara gəldi şütümür. Yəni, taksilər bəlli
yerlərdə gözləyir və ancaq
çağırış olan yerə
gedirlər. Ohrid bələdiyyəsindəki görüşümüzün
keçirildiyi konfrans
zalı soyuq olsa da, söhbətimiz çox
isti alındı. Söhbətdə daha çox gələcəkdə
Balkanlara və Qafqaza
qarşılıqlı turizm
turlarının təşkili məsələlərinə
önəm verildi. Qeyd
olundu ki, Azərbaycan
və Makedoniyanın turizm agentlikləri bu cür turların təşkilatçısı
kimi çıxış etməklə böyük mənfəət əldə edə
bilərlər.
Atatürkün ata yurdunun ziyarəti
Ohrid bələdiyyəsində görüşümüz başa
çatan kimi dağlar qoynunda yerləşən
və əhalisi bütünlüklə türklərdən
ibarət olan Jupa bələdiyyəsinə
yola düşdük.
Səfər proqramına əsasən türk dünyasının böyük
dövlət xadimi Mustafa
Kamal Atatürkün ata yurdu olan
Qocacıq kəndindəki xatirə muzeyini
ziyarət etməli, daha sonra
isə 20 Yanvar faciəsi ilə
bağlı anım tədbirində iştirak
etməli idik.
Maşınımız
Drim çayının sahili
boyunca qıvrıla-qıvrıla uzanan dağ
yollarını qət etdikcə
rastlaşdığımız bir-birindən ecazkar
mənzərələr adamı heyran edir. Bir tərəfdə Jabloniya
dağının meşəli yamacları, digər tərəfdə
Drim çayı üzərində elektrik almaq məqsədilə
hələ Yuqoslaviya hökuməti
dönəmində yaradılan nəhəng süni
su qurğuları, başımızın
üstündə isə Balkan silsiləsinin
ikinci ən uca zirvəsi
Korap dağı durur.
Ara-sıra qar örtüyü
getmiş yaşıl talalar
dağlara xüsusi bir gözəllik verir. Drim çayının sol
sahilindəki dağ yamaclarında bir-birinin yaxınlığında alman şirkətlərinin
çalışdığı çoxsaylı gips mədənləri var.
Deyilənə görə, tibb sahəsində
istifadə olunan ən keyfiyyətli gips orada hasil
olunur. Bu yerlərin termal sularla da zəngin olduğu bildirilir.
Günorta fasiləsi olmasına baxmayaraq,
Jupa qəsəbəsində bizi böyük bir izdiham gözləyirdi.
İlk görüşümüz
Atatürkün qəsəbədəki
möhtəşəm abidəsi önündə oldu. Qısa tanışlıqdan və xatirə
şəkli çəkdirdikdən sonra
Qocacığa yollandıq. Daha çox Lahıc, Xınalıq və Lerik yollarını xatırladan çətin
dağ yollarını qət edərək
Qocacığa yetişdik. Evlərin kənardan
görünüşündən də hiss
olunduğu kimi kənd
xeyli dərəcədə boşalıb.
Əhalinin çox hissəsi iş dalınca mərkəzi şəhərlərə
və xarici ölkələrə gedib. Bu ab-hava
Jupa bələdiyyəsinə daxil olan digər
yaşayış məntəqələrində də
açıq-aydın hiss olunmaqdadır.
Deyilənlərə görə, əhali iş
dalınca daha çox
İtaliyaya gedir. Amma heç kəs doğma yurdla əlaqəni
kəsmir. Gedənlərin hamısı imkan
sahibi olan kimi ilk olaraq
doğma yurdda
yaraşıqlı imarət tikməyə üstünlük
verir. Jupa bələdiyyəsinin
əhatə etdiyi bütün
yaşayış məntəqələrində belə dəbdəbəli
villa və imarətlərin sayı-hesabı
yoxdur.
Biz Qocacığa çatanda
bir an içərisində
hər yanı duman və bulud
aldı. Yağış və qar təhlükəsi
şəxsən məndə çox ciddi təşviş hissi
yaratdı. Təbiətin şıltaqlığı adamı
bu yerlərdə ciddi
fəsadlarla üz-üzə qoya bilər.
Odur ki, Atatürkün atası Əlirza kişinin Qocacıqdakı yurdunda
Türkiyə hökuməti tərəfindən tikilmiş xatirə muzeyini
tələm-tələsik ziyarət edərək Jupaya döndük.
20 Yanvar faciəsi
Makedoniyada da
anıldı
Jupa bələdiyyəsinin geniş konfrans salonunda 20 Yanvar faciəsi ilə bağlı keçirilən
anım mərasimini giriş sözü ilə bələdiyyə sədrinin
müavini Munir Bastri açdı. 20 Yanvar
şəhidlərinin xatirəsi bir dəqiqəlik
sükutla yad edildikdən
sonra “Miras”ın sədri Xəlilli Makedoniya səfərimiz
barədə toplaşanlara məlumat verdi. Mənim “20 Yanvar faciəsi:
səbəbləri, nəticələri və dərsləri”
mövzusunda məruzəm diqqətlə
dinlənildi. Professor K.Əliyeva 20 Yanvarla bağlı xatirələrini
danışdı. Daha sonra
bələdiyyə sədri İbrahim
Arayın danışdı. Onun dediklərindən
yadımda qalan bəzi məqamları oxuculara təqdim edirəm:
– Bələdiyyəmiz
ərazisində ilk dəfədir ki, qardaş Azərbaycandan
olan qonaqları qəbul edirik.
Azərbaycan bizim üçün
Türkiyədən sonra ikinci
vətəndir. Azərbaycan televiziyaları vasitəsilə
Bakıda baş verən yenilikləri,
genişmiqyaslı abadlıq və quruculuq
işlərini böyük maraqla izləyirik. Hər dəfə alov qüllələrini seyr
etdikcə ürəyimiz dağa dönür. Bakıdakı Avroviziya
təntənələri hələ də
yadımızdadır. Azərbaycan
idmançılarının beynəlxalq turnirlərdəki
uğurları bizə də qürur verir. Qarabağ ərazilərinin
hələ də düşmən tapdağında
qaldığından isə qəlbən üzülürük.
İnanırıq ki, bu
problem tezliklə Azərbaycanın
maraqları çərçivəsində öz
ədalətli həllini tapacaq. Tam səmimi olaraq onu da etiraf
edim ki, 20 Yanvar faciəsi barədə bu
gün ilk dəfədir
ki, eşidirəm. Deməli, Azərbaycanla
bağlı bilmədiklərimiz də çox
imiş. Çox istərdik
ki, Azərbaycan insanlarında buradakı türk elləri barədə daha
artıq məlumatı olsun.
Mərhəba, Türkiyə!
Bir süfrə arxasında əyləşərək
duz-çörək kəsdikdən sonra
ayrılmaq məqamı yetişdi. Amma uzun illər qəriblik acısı yaşayan insanlar kimi bizim də can və qan
qardaşlarımız olan yeni
dostlardan ayrılmağımız asan olmadı. Ümid edirəm
ki, bundan belə həm
Jupada, həm də Bakıda belə
görüşlər tez-tez olacaq. Bu ümidlə
də Jupanı tərk edərək, Türkiyə
Cümhuriyyətinin düz Jupayadək
çəkmiş olduğu yeni və rahat asfalt yolla Ohridə döndük. Belə bir məqamı
xüsusi vurğu ilə
qeyd edim ki, Makedoniyada
gördüklərimiz Türkiyə Cümhuriyyətinin və
türklərin Balkan ölkələri və
xalqlarına olan qayğı və himayəsindən
yalnız bəzi epizodlardır.
Bosniya - Hersoqovina və Albaniyada Türkiyə və türklərin bu qayğı və himayəsi daha qabarıq hiss olunur. Mərhəba, Türkiyə! Mərhəba,
türklər!
Ertəsi gün isə sübh tezdən
“Çinqo” otelini tərk
edərək Skopyeyə yola düşdük. Üç
saatlıq məsafəni qət etdikdən sonra
Makedoniyalı İsgəndərin adını daşıyan Skopye aeroportuna yetişdik. Günorta yeməyi
vaxtı artıq İstanbulda idik. Bakı reysinin uçuş vaxtına hələ bir neçə saat
qaldığından İstanbulun bəzi
görməli yerlərini bir daha gəzib-dolaşmaq fürsətimiz oldu. Gecə saat 2-də təyyarəmiz
Heydər Əliyev hava limanına eniş etdi.
Başqalarını bilmirəm, amma mənim
ayağım doğma torpağa
dəyəndə elə bildim, dünyaya yenidən gəldim. Axı Vətəni,
Vətən sevgisini nə əvəz edə
bilər?! Bəli, gəzməyə, görməyə qərib
ölkə yaxşı olsa da, doğmaların və əzizlərinlə
birlikdə yaşamağa, işləməyə
və rahat ömür
sürməyə Vətən yaxşıdır.
Qafar CƏBİYEV,
Milli Televiziya və Radio Şurası sədrinin müavini,
Azərbaycan Respublikasının Əməkdar
jurnalisti,
tarix elmləri doktoru
Bakı
- Skopye - Ohrid - Bakı
Xalq qəzeti.- 2015.- 5 fevral.- S.5.