İqtisadi inkişafa xidmət
edən vergi sistemi
Azərbaycanda
milli vergi sisteminin formalaşdırılması, inkişaf
etdirilməsi və modernləşdirilməsi zaman
baxımından o qədər də uzun olmayan bir dövrü
əhatə etsə də, bu tarix milli vergi xidmətinin
müasir inkişafını təmin edən, hər bir ili
islahatlarla zəngin olan mühüm inkişaf
dövrüdür.
Ölkəmizdə sürətli iqtisadi
inkişafın təmin olunmasında və gələcək
nailiyyətlərin təməlinin yaradılmasında əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş vergi siyasətinin müstəsna rolu olmuşdur.
Ulu öndər Nazirlər Kabinetinin 1998-ci il noyabrın
6-da keçirilmiş geniş iclasındakı yekun nitqində
dövlət müstəqilliyi əldə olunduqdan sonra
vergitutma sahəsində qəbul edilmiş çoxsaylı
normativ aktların Azərbaycanın vergi sisteminin
ayrı-ayrı sahələrini əhatə etdiyindən vergi
sisteminin idarə olunmasında bir sıra problemlərin yaranmasını,
vergi qanunvericiliyində mövcud olan boşluqların istər
vergi ödəyicilərinin, istərsə də vergi xidməti
orqanlarının fəaliyyətində çətinliklər
yaratdığını, vergitutmanın qanunvericilik və metodoloji
bazasının təkmilləşdirilməsinin zəruriliyini
qeyd edərək, qısa müddətdə Vergi Məcəlləsinin
layihəsinin hazırlanması ilə əlaqədar hökumətə
tapşırıqlar verdi.
“Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik”
- deyən Heydər Əliyev
vergi sisteminin təkmilləşdirilməsi, onun vahid
normativ-hüquqi bazasının yaradılmasının
vacibliyi ilə yanaşı, Vergi Məcəlləsində
vergi dərəcələrinin aşağı
salınması və vergi yükünün azaldılması
hesabına vergitutma bazasının genişləndirilməsi,
iqtisadiyyata investisiya qoyuluşunun
stimullaşdırılması, kiçik və orta
sahibkarlıq üçün əlverişli vergi mühitinin
yaradılması, habelə vergi xidməti orqanlarının fəaliyyətinin
səmərəliliyinin artırılması istiqamətində
məqsədyönlü işlərin aparılmasının
vacibliyini də həmişə xüsusi olaraq
vurğulayırdı.
2000-ci ilin iyul ayında Vergi Məcəlləsinin layihəsi
geniş müzakirələrdən sonra Milli Məclis tərəfindən
qəbul edildi və 1 yanvar 2001-ci il tarixdən
qüvvəyə mindi. Vergi Məcəlləsi ölkəmizdə
vergi sistemini, vergitutmanın ümumi əsaslarını,
vergilərin müəyyən edilməsi, ödənilməsi
və yığılması qaydalarını, vergi ödəyicilərinin
və dövlət vergi orqanlarının, vergi münasibətlərinin
digər iştirakçılarının vergitutma məsələləri
ilə bağlı hüquq və vəzifələrini, vergi
nəzarətinin forma və metodlarını, vergi
qanunvericiliyinin pozulmasına görə məsuliyyəti,
dövlət vergi orqanlarının və onların vəzifəli
şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən)
şikayət edilməsi qaydalarını müəyyənləşdirdi.
Vergi sisteminin vahid normativ-hüquqi bazasını
təşkil edən Vergi Məcəlləsinin tətbiqi nəticəsində
vergi qanunvericiliyində olan boşluqlar, ziddiyyətlər və
pərakəndəlik aradan qaldırıldı. Vergilərin
sayı 14-dən 9-a endirildi, vergilərin dərəcələri,
tətbiq olunan maliyyə sanksiyalarının məbləğləri
aşağı salındı və vergi ödəyicilərinin
hüquqları genişləndirildi.
Ölkədə müasir tələblərə cavab
verən, beynəlxalq normalara uyğun çevik və səmərəli
vergi inzibatçılığını həyata keçirən
dövlət orqanının yaradılması məqsədilə
Azərbaycan Prezidentinin 11 fevral 2000-ci il tarixli fərmanı ilə
Baş Dövlət Vergi Müfəttişliyinin bazasında
dövlətin vergi siyasətinin həyata keçirilməsini,
dövlət büdcəsinə vergilərin vaxtında və
tam ödənilməsini təmin edən, bu sahədə
dövlət nəzarətini həyata keçirən mərkəzi
icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi
yaradıldı.
Sonrakı dövrlərdə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında vergi inzibatçılığının modernləşdirilməsi
ilə bağlı bir sıra uğurlu islahatlar həyata
keçirildi. Dövlət başçısının 2005-ci
il 12 sentyabr tarixli sərəncamı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikasında vergi
inzibatçılığının təkmilləşdirilməsi
Dövlət Proqramı (2005-2007-ci illər)”nın
reallaşdırılması nəticəsində vergilərin
könüllü ödənilməsi sisteminin inkişaf
etdirilməsi və vergi ödəyicilərinin
hüquqlarının etibarlı qorunmasının təmin
olunması, vergi dələduzluğu və vergidən
yayınma halları ilə mübarizənin gücləndirilməsi,
vergilərin məcburi ödənilməsi sisteminin təkmilləşdirilməsi
və vergi borclarının yaranmasının qarşısının
alınması, müasir tələblərə cavab verən
kompüter informasiya sisteminin yaradılması istiqamətlərində
mühüm işlər görüldü.
Azərbaycanda bir çox ölkələrin
vergi orqanlarında maraq doğuran özünəməxsus
vergi sistemi formalaşdırıldı. Aparılan vergi siyasəti bir tərəfdən tətbiq
olunan vergilərin və onların dərəcələrinin
iqtisadiyyatda fiskal situasiyanın nəticələrinə
obyektiv qiymət verilməsinə, digər tərəfdən
isə vergi sisteminin səmərəli, ədalətli, asan
qavranılan və istifadə üçün sadə
olmasına şərait yaratdı. Tam əminliklə
deyə bilərik ki, hazırda ölkəmizin sosial
qanunçuluğa və ədalətə söykənən
iqtisadi sisteminə adekvat olan bir vergi sistemi formalaşıb.
Bu gün Azərbaycanın vergi siyasəti
institutları vergi potensialının və vergi gəlirlərinin
monitorinqini, vergi siyasətinin iqtisadi, struktur və gəlir
aspektlərinin qiymətləndirilməsini, vergilər
toplananadək və toplandıqdan sonra xərclənməsinin
təhlilini aparır, aktiv vergi siyasətinin
formalaşması, vergi potensialının qiymətləndirilməsi,
proqnozlaşdırılması üzrə və bunlarla məhdudlaşmayan
geniş spektrdə ex-post və ex-ante təhlillər əsasında
qəbul olunmuş qərarların ölkədə
sahibkarlıq mühitinə təsiri nəzərə
alınmaqla qanunvericilik və inzibatçılıq sahəsində lazımi tədbirlər həyata
keçirirlər.
Aparılan vergi siyasəti əsasən dövlət
vergilərinin və digər büdcə daxilolmalarının
düzgün hesablanmasına, onların vaxtında və tam həcmdə
dövlət büdcəsinə köçürülməsinə,
vergi qanunvericiliyi və inzibatçılığının
təkmilləşdirilməsinə, vergi nəzarətinin
gücləndirilməsinə, vergi ödəyicilərinə
xidmətin keyfiyyətinin yüksəldilməsinə, ölkənin
vergi sisteminin beynəlxalq vergi
sisteminə inteqrasiya olunmasına və vergi sistemində
insan resurslarından istifadənin səmərəliyinin
artırılmasına yönəldilmişdir.
İnnovasiya və bilik iqtisadiyyatının
inkişafının stimullaşdırılmasının zəruriliyi
nəzərə alınaraq, innovativ sahibkarlığa və
elmtutumlu məhsulların, yüksək texnologiyaların
istehsalına investisiya qoyuluşlarının vergi
stimullaşdırılması məqsədilə Vergi Məcəlləsində
edilmiş dəyişikliklərlə sənaye və texnologiyalar parklarında sahibkarlıq fəaliyyəti
göstərən fiziki şəxslərin gəlirlərinin
7 il müddətinə gəlir vergisindən, parkların idarəedici təşkilatının
və operatorunun mənfəətinin parkın infrastrukturunun
tikintisinə və saxlanılmasına yönəldilmiş
hissəsi müddət qoyulmadan mənfəət vergisindən,
sənaye və texnologiyalar
parklarının rezidenti olan hüquqi şəxslərin
bu fəaliyyətdən əldə etdikləri gəlirləri
7 il müddətinə mənfəət vergisindən, sənaye
və texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin
yaradılması və tikintisi məqsədilə idarəedici
təşkilat və operator tərəfindən idxal edilən
texnikaların, texnoloji avadanlıqların və
qurğuların idxalının müddət qoyulmadan ƏDV-dən,
parkların rezidenti olan şəxslər tərəfindən qeyd olunan məqsədlər
üçün gətirilən
texnika, texnoloji avadanlıq və qurğuların
idxalı 7 il müddətinə ƏDV-dən azad edilib. Eyni zamanda, Vergi Məcəlləsində parkların
idarəedici təşkilatı və operatoru, parkların
rezidenti olan hüquqi və fiziki şəxslər
üçün əmlak və torpaq vergiləri üzrə də
azadolmalar müəyyənləşdirilib.
Kənd təsərrüfatı 2001-ci il
1 yanvar tarixindən torpaq vergisi istisna olmaqla bütün vergilərdən
azad edilib və bu güzəştin müddəti məcəllədə
olan son dəyişikliklərə əsasən 2019-cu ilə qədər
uzadılıb. Bank depozitlərindən əldə olunan gəlirlər
uzun müddət vergidən tam azad idi və 2015-ci il 1 yanvar tarixindən həmin gəlirlərin
500 manatadək olan hissəsi yenə vergidən azad olundu. Məktəbəqədər təhsil-tərbiyə
müəssisələri, ödənişli təhsil isə
ƏDV-dən azad olunub.
Dünyanın ƏDV tətbiq edən
bütün qabaqcıl ölkələrində olduğu kimi,
Azərbaycanın da vergi sisteminin əsas inkişaf istiqamətlərindən
biri olan ƏDV inzibatçılığının təkmilləşdirilməsi
daim diqqət mərkəzində saxlanılır. Beynəlxalq qurumların tövsiyyələri
və ƏDV-nin tətbiqi sahəsində əldə
olunmuş təcrübə nəzərə alınmaqla ƏDV məqsədləri
üçün vergi ödəyicilərinin qeydiyyatı,
ƏDV-nin hesablanması və əvəzləşdirilməsi
mexanizmi təkmilləşdirilib. Vergi Məcəlləsində
dəyişikliklər edilməklə ƏDV məqsədləri
üçün qeydiyyata alınmalı olan vergi ödəyicilərinin
müəyyən edilməsində hüquqi və fiziki şəxslər
arasında mövcud olan fərqli yanaşmanın aradan
qaldırılmasına, ƏDV-nin hesablanması və əvəzləşdirilməsinin
vahid prinsip əsasında həyata keçirilməsinə,
qeydiyyatla bağlı meydana çıxan mübahisəli məsələlərin
həllinə və ƏDV
inzibatçılığının sadələşdirilməsinə
nail olunub.
Azərbaycan Respublikası qanunvericiliyinin Avropa
İttifaqı qanunvericiliyinə
uyğunlaşdırılması istiqamətində həyata
keçirilən son tədbirlərdən biri kimi yerli
istehsalda tütün məmulatlarına tətbiq edilən
aksizin advalor qaydada hesablanmasından spesifik qaydaya
keçildiyini (malların dəyərinə tətbiq olunan
aksiz dərəcəsindən onların həcminin kəmiyyət
ölçüsünə tətbiq olunan aksiz dərəcəsinə
keçilməsi), Azərbaycan Respublikasının ərazisində
istehsal olunan içməli spirtə, pivə və spirtli
içkilərin bütün növlərinə, tütün
məmulatlarına tətbiq olunan aksiz dərəcələri
ilə bağlı dəyişiklikləri göstərmək
olar.
Ötən dövr ərzində Vergi Məcəlləsində
edilmiş dəyişikliklər, əsasən, vergi ödəyicilərinin
hüquqlarının genişləndirilməsi, vergi
inzibatçılığının təkmilləşdirilməsi,
vergi güzəştlərinin verilməsində
ünvanlılığın təmin edilməsi, vergidən
yayınma hallarına qarşı səmərəli vergi nəzarətinin
təşkili, innovasiyalar üçün əlverişli
investisiya mühitinin yaradılması, vergi ödəyiciləri
ilə partnyorluq əlaqələrinin genişləndirilməsi
ilə bağlı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq,
Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş “Vergi sisteminin
inkişafı üzrə 2013-2020-ci illər üçün
Strateji Plan”da ölkə qanunvericiliyinin Avropa İttifaqı
qanunvericiliyinə uyğunlaşdırılması, passiv vergi siyasətindən aktiv
vergi siyasətinə keçid, vergilər üzrə güzəşt
və azadolmaların səmərəliliyinin qiymətləndirilməsi,
vergi bəyannamələrinin əvvəlcədən doldurulma
sisteminə mərhələlərlə keçidin təmin
olunması, ümumi bəyannamə sisteminə keçidlə
bağlı hazırlığın görülməsi kimi tədbirlər
müəyyən edilib.
Qeyd etmək
lazımdır ki, vergi sisteminin təkmilləşdirilməsi
istiqamətində həyata keçirilən bütün tədbirlərdə
dövlət, biznes və istehlakçılar arasında
qarşılıqlı etibar və korporativ sosial maraqların
təmin edilməsi vergi siyasətinin əsas vəzifələrindən
biri olub. Bu vəzifənin
yerinə yetirilməsi üçün ölkəmizin iqtisadi
sisteminin xüsusiyyətləri və əhalinin mentaliteti,
psixologiyası və sosial-iqtisadi-demoqrafik imkanları əsas
faktorlar kimi həmişə diqqət mərkəzində
saxlanılır. Səmərəli maarifləndirmə
və məlumatlandırma sisteminin yaradılması məqsədilə
vergi ödəyicilərinin sosial-demoqrafik göstəricilərinə
əsasən vergidən yayınmanın motivlərinin
aşkar olunması, vergidən yayınma riskinə meyilli və
risklərə neytral olan vergi ödəyicilərinin
ayrılması və vergi ödəməkdən
yayınmanın institusional xüsusiyyətlərinin müəyyənləşdirilməsinə
imkan verən metodologiya hazırlanıb.
Artıq ölkədə
büdcə planlaşması və vergi siyasətinin həyata keçirilməsinin kifayət
qədər təkmil metodları formalaşıb. Belə ki, hər maliyyə ilinin sonunda büdcə
planlaşdırılması sahəsində mövcud məsələlərin
həlli ilə yanaşı, dövlətin vergi siyasəti
institutları tərəfindən Azərbaycan
Respublikasının növbəti və yaxın üç
il üçün vergi siyasətinin əsas istiqamətləri
işlənib hazırlanır. Vergi siyasətinin
əsas istiqamətləri normativ sənəd statusuna malik
olmasa da, bu istiqamətlər ölkə iqtisadiyyatının
struktur komponentinin xüsusi çəkisinin
artırılması, dünyada baş verən siyasi və
iqtisadi konyukturdan asılı komponentin təsirinin
neytrallaşdırılması, iqtisadi agentlərdə öz
gələcək biznes-planlarının tərtibi
zamanı biznes mühitinin sabitliyi və müəyyənliyi
ilə bağlı əlavə imkanlar yaradır.
Vergi
siyasəti sahəsində yuxarıda qeyd olunan prioritetlər və
müəyyənlik orta və uzunmüddətli dövrdə
vergi sisteminin səmərəliliyinin artırılması ilə
yanaşı, bir tərəfdən, büdcənin
dayanıqlığının təmin edilməsini nəzərdə
tutan büdcə gəlirlərinin əldə olunmasına, digər tərəfdən isə
ölkənin xarici iqtisadi inteqrasiyada vergi rəqabətliliyini
təmin edən sahibkarlıq və
investisiya aktivliyinə xidmət
edir.
Akif MUSAYEV,
Vergilər nazirinin vergi siyasəti
məsələləri
üzrə müşaviri
Xalq
qəzeti.- 2015.- 5 fevral.- S.4.