Milli Atlas Azərbaycan dövlətinin
suverenliyinin zəruri atributudur
Bəşəriyyət
müasir texnoloji inkişaf səviyyəsinə müşahidə
və vərdişlərin, bilik və bacarıqların
sistemləşdirilərək elmi təfəkkür
formasına keçməsi sayəsində nail olmuşdur. Qədim
dövrlərdən bəri yaşamaq uğrunda mübarizə
aparan qəbilə, tayfa və xalqlar həm məskunlaşdıqları əraziləri,
həm də ətrafdakı məkanları öyrənməyə
çalışmış, əldə etdikləri məlumat
və bilikləri müxtəlif formalarda əks etdirərək
bir-birinə, gələcək nəsillərə və digər
toplumlara ötürmüşlər. Belə formalardan biri də
universal ünsiyyət vasitəsi olan, fərqli dillərdə
danışan insanların başa düşə biləcəyi
kartoqrafik təsvir
və materiallardır.
Mütəxəssislər belə hesab
edirlər ki, kartoqrafiya hətta yazıdan da əvvəl
meydana gəlmişdir. Zaman keçdikcə bu sahə
texniki və elmi-metodoloji baxımdan təkmilləşmiş,
dövlət və cəmiyyət üçün onun əhəmiyyəti
daha da artmışdır. Azərbaycan
alimləri və mütəxəssisləri də milli xəritəçəkmə
mədəniyyətinin tərəqqisi istiqamətində xeyli
uğurlara imza atmış, hələ sovet dövründə
respublikamızın fiziki, coğrafi, geoloji, ekoloji, siyasi və
inzibati xəritələrini tərtib etmişlər. Lakin ölkəmiz müstəqillik qazandıqdan
sonra bu sahənin prioritetlərinə yeni elementlər
qatılmış, xəritə və atlasların elmi-praktiki
və təsərrüfat əhəmiyyətləri ilə
yanaşı, siyasi və ideoloji seqmenti də xüsusi
aktuallıq kəsb etməyə başlamışdır.
Erməni ekspansionizminin saxta xəritə və
atlaslardan ölkəmizə qarşı ideoloji silah kimi
geniş istifadə etməsi bu məsələnin nə qədər
vacib olduğunu əyani şəkildə göstərir.
Dövlətin öz məqsədlərinə
çatması yolunda kartoqrafik materialların əhəmiyyətini
və təsir imkanlarını yüksək qiymətləndirən
ümummilli lider Heydər Əliyev Azərbaycan
Respublikasında bu sahənin inkişafına xüsusi həssaslıqla
yanaşaraq, xəritəçəkmə fəaliyyətinə
dövlət qayğısının artırılması
istiqamətində təsirli tədbirlərin görülməsini
təmin etmişdir. Təsadüfi deyil ki, 2001-ci ildə
ölkədə struktur islahatları aparılarkən
kartoqrafiya problemləri də diqqət mərkəzində
saxlanılmış, mövcud resurslardan daha səmərəli
istifadə etmək üçün Dövlət Torpaq Komitəsi
ilə Dövlət Geodeziya və Kartoqrafiya Komitəsinin
bazasında Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi yaradılmışdır.
Son illərdə dövlət idarəçiliyində
və iqtisadiyyatda kartoqrafiya materiallarına tələbatın
artması səbəbindən mövcud sahədə
ixtisaslaşmış dövlət qurumu kimi Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi xəritə
və atlasların istehsalı üzrə bir sıra tədbirlər
həyata keçirmişdir. Adıçəkilən
Komitənin ictimaiyyətə açıqladığı məlumatlar
və statistik göstəricilər Azərbaycanda kartoqrafiya
sahəsinin inkişafının yeni mərhələsinin Azərbaycan Prezidenti İlham
Əliyevin adı ilə bağlı olduğunu söyləməyə
əsas verir. Belə ki, cənab Prezidentin
müstəsna diqqəti və himayəsi sayəsində
2003-cü ildən indiyə qədər respublikada müxtəlif
mövzularda 200-dən çox xəritə və atlas nəşr
edilmişdir. Bu sırada ölkəmizdə ilk dəfə
olaraq ana dilində Azərbaycan Respublikasının Ekoloji
Atlası, Azərbaycan Respublikasının Torpaq Atlası, Azərbaycan
Respublikasının Turist Atlası, Azərbaycan
Respublikasının Tarixi Atlası, Azərbaycan
Respublikasının Aqroiqlim Atlası, Naxçıvanın
Tarixi Atlası və s. hazırlanmışdır. Nəşr
olunmuş adıçəkilən xəritə və atlaslar
keyfiyyət, məzmun və dizayn baxımından kartoqrafiya
sahəsində mövcud beynəlxalq standartlara cavab verir. Bundan başqa, son 10 ildə milli maraqlarımıza
uyğun olaraq dövlət sərhədlərinin
delimitasiyası sahəsində görülən işlərin
nəticələri də ictimaiyyətə məlumdur.
Müasir dövrdə dinamik inkişaf yolunda olan Azərbaycan
Respublikası beynəlxalq münasibətlərdə siyasi,
iqtisadi, informasiya və s. xarakterli amillərin əhəmiyyətini
nəzərə alıb elmin bir çox sahəsinə,
xüsusilə kartoqrafiya elminin inkişafına xüsusi diqqət
ayırır. Xəritəçəkmə sahəsində
indiyədək həyata keçirilmiş tədbirlərin əhəmiyyətini
azaltmadan, inamla qeyd etmək olar ki, kartoqrafiyamızın
şah əsəri, şübhəsiz, Azərbaycan
Respublikasının Milli Atlasıdır. Çapı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
2011-ci il 20 aprel tarixli 1436 saylı sərəncamı ilə təmin
olunmuş bu fundamental nəşr ölkəmiz haqqında
mühüm informasiya mənbəyi, analitik material,
sosial-iqtisadi inkişaf üçün tələb olunan
biliklərin məcmusudur.
Milli Atlasda Azərbaycanın tarixi, mədəniyyəti,
iqlimi, flora və faunası, yeraltı və yerüstü sərvətləri,
iqtisadiyyatı və digər sahələr haqqında mötəbər
bilgilər toplanmışdır. Atlasda
qiymətli elmi məlumatların, eləcə də xəritə,
diaqram və cədvəlin, arayışların, qrafik və
illüstrasiyaların yer alması redaksiya heyətinin və bu
işə cəlb olunmuş bütün mütəxəssislərin
gərgin əməyinin nəticəsidir.
Lakin Milli Atlas sadəcə elmi və ya məlumat-sorğu
vəsaiti deyildir. Bu, üçrəngli bayrağımız,
gerbimiz və himnimizlə yanaşı, müstəqil Azərbaycan
dövlətinin siyasi-inzibati vəziyyətinin, təbiətinin,
iqtisadiyyatının, flora və faunasının, kənd təsərrüfatının,
sənayesinin, təhsilinin, səhiyyəsinin, mədəniyyətinin,
tarixinin, ən əsası
suverenliyinin zəruri atributu, onun kartoqrafik inikası və təsdiqidir.
Beynəlxalq təcrübə göstərir
ki, milli atlasları yalnız müstəqil dövlətlər
hazırlayırlar. Hazırda dünyadakı
200-dək ölkədən təxminən yarısının
milli atlası vardır. Qərb ölkələri
bu prosesi hələ ötən əsrin 70-90-cı illərində
başa çatdırmışlar. Böyük
intellektual, elmi-texnoloji və maliyyə tutumu olan bu işə
postsovet ölkələrinin əksəriyyəti hələ
başlaya bilməmiş və ya prosesi
yekunlaşdırmamışdır. Bu ölkələr içərisində
yalnız Rusiya Federasiyası, Belarus, Ukrayna, Qazaxıstandan sonra Azərbaycan
öz Milli Atlasını nəşr edən 5-ci dövlətdir.
Təbii ki, Azərbaycanın Milli Atlasının ərsəyə
gəlməsi həm dövlət müstəqilliyimizin bizə
bəxş etdiyi tarixi nailiyyət, həm xalqımızın
yüksək intellektual potensialının göstəricisi, həm
də son illər sosial-iqtisadi sahədə
qazanılmış uğurların nəticəsidir.
Atlas cəmiyyətimiz üçün
bir neçə aspektdən faydalı olacaqdır. Əvvəla,
bu nəşr vətəndaşlarımız, xüsusilə
də gənc nəsil üçün maarifləndirici funksiya daşıyır. Belə ki,
o, tariximiz, mədəniyyətimiz, iqtisadiyyatımız, təbii
sərvətlərimiz
və s. barədə
dəqiq məlumatlar və dolğun biliklər əldə etməyə, ölkəmizi
və onun hər bir guşəsini daha yaxından
tanımağa imkan yaradacaq. Digər tərəfdən, təhsil
alan yeniyetmə və gənclərimiz bu
tipli vəsaitlərlə işləmək vərdişləri
qazanacaqlar ki, bu da onların
dünyagörüşünün genişlənməsinə,
intellektual səviyyələrinin artmasına səbəb
olacaqdır.
Milli Atlas, eyni zamanda, Azərbaycanın milli
maraqlarının qorunması, ilk növbədə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
işinə də mühüm töhfə verə bilər. Məlumdur ki, Ermənistan Respublikası və erməni
diasporu uzun illərdən bəri saxta xəritələr
hazırlayaraq onlardan ölkəmizə və xalqımıza
qarşı geniş istifadə edirlər. Qeyd etmək
lazımdır ki, təcavüzkar Ermənistan Respublikası
da öz milli
atlasını nəşr etmişdir. İki
cilddən ibarət Ermənistan milli atlasında ölkəmizin
ərazi bütövlüyünü təhrif edərək,
tamamilə həqiqətə uyğun olmayan bir sıra məlumatlar,
o cümlədən Azərbaycan Respublikasının
işğal olunmuş ərazilərini də öz ərazisi
kimi göstərmişdir. Bundan əlavə,
qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycan
Respublikasının ayrılmaz hissəsi olan Dağlıq
Qarabağın da ayrıca milli atlasını
hazırlamışdır. Sözügedən
atlas müxtəlif dillərə tərcümə olunaraq
dünya ölkələrində yayılır və Azərbaycanın
ərazisi haqqında həqiqətə uyğun olmayan fikir
formalaşdırır. Bu səbəbdən Azərbaycan
Milli Atlasının nəşr edilməsi, xarici ölkələrə,
beynəlxalq təşkilatlara və xarici ölkələrin
kitabxanalarına göndərilməsi regionun tarixi, cərəyan
edən proseslərin mahiyyəti barədə əsl həqiqətlərin
oxucuya çatdırılması, erməni yalanlarının
ifşa olunması baxımından da mühüm əhəmiyyət
kəsb edir.
Azərbaycan
Respublikasının Milli Atlası 19 bölmədən, 444 səhifədən
və 1000-ə yaxın xəritə, diaqram, cədvəl,
izahedici mətndən, slaydlardan və digər zəruri
material və məlumatlardan ibarətdir.
Atlasın məzmunu ölkəmizin
bütün əsas iqtisadi və sosial-mədəni sahələrini
əhatə edir. Bununla belə
respublikamız haqqında ümumi məlumatlar da kartoqrafik
üsulla əks etdirilmişdir. Belə məlumatların
toplandığı “Ümumi səciyyə” adlı bölmədə Azərbaycan
Respublikasının dünya siyasi xəritəsindəki
mövqeyi əks etdirilmiş, ölkəmizin yerləşdiyi
region, onun qonşuları haqqında məlumatlar kartoqrafik
üsulla təsvir edilmişdir.
Eyni zamanda, Azərbaycan
Respublikasının coğrafiyası haqqında mətn
formatında məlumatlar verilmişdir. Burada Azərbaycan
Respublikasının ərazisinin Yerətrafı kosmik fəzada
peykdən çəkilmiş fotosu, siyasi-inzibati, ümumcoğrafi
xəritələri, ölkəmizin türk
dünyasındakı mövqeyini əks etdirən xəritəsi,
Naxçıvan Muxtar Respublikasının siyasi-inzibati,
ümumcoğrafi, eləcə də Abşeron
yarımadasının ümumcoğrafi xəritələri təsvir
edilmişdir.
Bununla yanaşı, bölmədə Azərbaycan
Respublikasının təbii şəraitinin və
ehtiyatlarının qiymətləndirilməsi, iqtisadi,
ekoloji-coğrafi rayonlaşma, ölkəmizin, eləcə də
Abşeron yarımadasının ayrıca ekoloji vəziyyətinin
qiymətləndirilməsini əks etdirən xəritələr
mövcuddur. Ümumilikdə, bu bölmədə
18 adda xəritə, material və izahedici mətn yerləşdirilmişdir.
Atlasın ən geniş, əhatəli
bölmələrindən biri “Tarix” bölməsidir. Azərbaycan xalqının öz tarixi
keçmişini yüksək səviyyədə
açıqlayan bu bölmənin xəritə və mətnləri
hazırlanarkən tarix elminin ictimai rəyin
formalaşmasında mühüm əhəmiyyəti nəzərə
alınmışdır. Bununla
yanaşı, ölkəmizin müstəqilliyinin əldə
edilməsinə qədər tarixi inkişaf mərhələləri
xəritələrdə öz əksini tapmışdır.
Bu baxımdan, Azərbaycan ərazisinin ən
qədim dövrlərin tarixi xəritələrindəki təsvirləri,
bu ərazidə eramızdan əvvəl yaranmış
dövlətlər, qədim tayfa birlikləri, qədim Daş
dövrü və Tunc dövrü abidələri haqqında
xəritələr mühüm əhəmiyyət kəsb
edir.
Bundan başqa, Azərbaycan Ərəb
xilafəti dövründə, Xürrəmilər hərəkatı,
Atabəylər dövləti, Hülakilər dövləti,
Naxçıvan və Qarabağın XIII - XIV əsrlərdəki
vəziyyəti haqqında xəritələr xronoloji
ardıcıllıqla yerləşdirilmişdir. Orta əsrlərdə mövcud olmuş Qaraqoyunlu,
Ağqoyunlu dövlətləri haqqında, Səfəvilər
dövlətinin yaranmasının və inkişafının əsas
mərhələlərini, eləcə də XV - XVII əsrləri
özündə əks etdirən xəritələr çox
mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın xanlıqlar dövrü
Atlasda ayrıca xəritələrlə təsvir
edilmişdir. Burada Qarabağ, Naxçıvan, İrəvan,
Quba xanlıqlarının və s. xanlıqların xəritələri
həmin dövrlərdə baş vermiş tarixi hadisələr
haqqında real təsəvvür yaradır.
Məlumdur ki, xalqımıza qarşı erməni millətçiləri
tərəfindən müxtəlif vaxtlarda məqsədyönlü
şəkildə həyata keçirilən terror, etnik təmizləmə,
soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə
müşayiət olunan çox ağrılı mərhələlərini
təşkil etmişdir. Bu millətçi siyasətin
əsas məqsədi azərbaycanlıları tarixi
torpaqlarından çıxarmaqla əzəli Azərbaycan ərazilərində
ermənilərin uydurduqları “Böyük Ermənistan”
dövləti yaratmaq olmuşdur. XIX əsrin
əvvəllərindən başlayaraq Azərbaycanın
Qarabağ bölgəsinin dağlıq hissəsinə
İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin
köçürülməsi nəticəsində onların
bu bölgədə süni surətdə çoxaldılması,
XX əsrin əvvəllərindən başlayaraq Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarının baş
qaldırmasına səbəb olmuşdur.
Bu məqsədlə erməni millətçiləri
“Daşnaksütyun” partiyasının proqramında
qarşıya qoyduqları “Böyük Ermənistan”
ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətlərini
genişləndirərək XX əsrin əvvəllərindən
öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları
planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə
və soyqırımı siyasətini həyata keçirməyə
başladılar. Bu cinayətkar siyasətin
davamlılığını sübut edən fakt ondan ibarətdir
ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə -
1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü
illərdə erməni millətçiləri tərəfindən
törədilən soyqırımına və etnik təmizləmələrə
məruz qalmışlar.
Azərbaycanın çar Rusiyası tərəfindən
işğalını əks etdirən xəritələr həmin
dövrdəki tarixi hadisələri əhatə edir. Eyni zamanda,
strateji baxımdan mühüm əhəmiyyətə malik
olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq
hissəsinə İrandan və Türkiyədən çoxlu
sayda erməni əhalisinin köçürülməsinə
XIX əsrin əvvəllərində başlanmış, bu
dövrdə regionun zəngin təbii
sərvətləri üzərində nəzarəti ələ
keçirmək istəyən çar Rusiyası XVIII əsrin
sonu – XIX əsrin əvvəllərində Türkiyə və
İrana qarşı müharibə apararkən “erməni
amili”ndən siyasi alət kimi
istifadə etməklə, əhalinin erməniləşdirilməsi
siyasətini də həyata keçirmişdir. Atlasda öz əksini
tapmış bu dövrü əks etdirən xəritələr
qədim Azərbaycan torpaqlarına İran və Türkiyədən
ermənilərin Rusiya imperiyası tərəfindən məqsədli
şəkildə köçürülməsi haqqında
aydın təsəvvür yaradır.
Atlasda Azərbaycan Xalq Cümhuriyyətinin
xəritəsi, eləcə də ermənilər tərəfindən
Azərbaycana qarşı 1918-ci ildə Bakıda və digər
bölgələrdə törədilmiş
soyqırımları ayrıca xəritələrdə
göstərilmişdir. Bundan əlavə, Azərbaycan SSR-in yaranması və
inkişaf mərhələləri müxtəlif xəritələrdə
təsvir edilmişdir. Böyük Vətən
müharibəsində Azərbaycan neftinin əhəmiyyətini
nəzərə alaraq iki xəritə, bir sıra fotoşəkillər,
mətnlər verilmişdir.
XX əsrin 80-ci illərinin ikinci yarısında
SSRİ-nin hakim dairələri tərəfindən himayə
edilən və mono-etnik dövlət
yaratmağa nail olan Ermənistanın Azərbaycana
qarşı açıq-aşkar təcavüzü nəticəsində
dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri
dağıdılmış, talan edilmiş və yandırılmışdır.
XX əsrin sonlarında ermənilərin Xocalıda törətdikləri
soyqırımı isə bütün insanlığa
qarşı yönəldilmiş ən ağır cinayətlərdən
biri kimi qiymətləndirilir. 1988-1993-cü illərdə
Ermənistanın silahlı qüvvələri Azərbaycanın
Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, ətraf
7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli,
Cəbrayıl, Qubadlı və Zəngilan) da işğal
etmişlər. Eyni zamanda, Ermənistanda
yaşayan 250 min nəfər azərbaycanlı öz doğma
yurdundan zorla qovulmuş və bütün bu ərazilər ermənilər
tərəfindən etnik təmizləməyə məruz
qalmışdır. Ermənistanın hərbi təcavüzü
nəticəsində 1 milyondan çox insan doğma yurdundan
qaçqın və məcburi köçkün vəziyyətinə
düşmüş, Azərbaycanın 20 faiz ərazisi işğal
edilmişdir.
Atlasda Ermənistanın Azərbaycan
Respublikasına qarşı 1988-1993-cü illər ərzindəki
təcavüzünə dair xəritələr xüsusi yer
tutur. Bu, işğal edilmiş ərazilər,
etnik təmizləmələr barədə ətraflı təsəvvür
yaradılması baxımından əhəmiyyətlidir.
Ölkəmizin informasiya müharibəsi,
eləcə də kartoqrafik erməni saxtakarlığı ilə
mübarizə apardığı müasir dövrdə “Azərbaycan
Respublikasının Milli Atlası” bu kimi təhdidlərə
tutarlı cavabdır.
Atlasda Azərbaycan ərazisində qədim
dövrlərdən indiyə qədər dövriyyədə
olmuş pul nişanları, qədim zərbxanalar, əsginaslar,
sikkələr təsvirlərlə və xəritələrlə
göstərilmişdir. Eyni zamanda, Azərbaycan
Respublikasının son dövrlərdə tədavüldə
olan pul nişanları haqqında da ətraflı məlumat
verilir.
Ümumilikdə,
Atlasın “Tarix” bölməsində 70-ə qədər
xəritə və geniş materialların yerləşdirilməsi
olduqca təqdirəlayiq haldır. Azərbaycan ərazisinin
müxtəlif dövrlərdə hazırlanmış
kartoqrafik materiallardakı təsvirləri, bu torpaqlarda
yaranmış qədim dövlətlər və maddi abidələr
haqqında xəritələr mühüm elmi, siyasi əhəmiyyət
kəsb edir.
Xəzər dənizinin ölkəmiz
üçün həyati əhəmiyyəti eyni adlı
bölmədə xəritə və mətnlərdə təsvir
edilmişdir. Bu bölmədə
Xəzər dənizinin ümumcoğrafi xəritəsi, su
toplama hövzəsi, dənizdə ilin qış
dövründə buzların dreyfi, geomorfologiyası, günəş
radiasiyası, su səthində axınlar, küləklər,
dalğalanmalar, temperatur rejimi, buxarlanma, sahil küləkləri
və s. haqqında xəritələr verilmişdir. Xəzər dənizində neft və qaz
yataqları, dənizin ekologiyası haqqında olan xəritələr
maraqlıdır. Bölmədə, ümumilikdə 27
kartoqrafik material, mətn, slayd və s. məlumatlar
verilmişdir.
“Geoloji quruluş və Yer təkinin ehtiyatları”
bölməsində 31 xəritə, mətn, fotoşəkillər
və s. materiallar təqdim edilmişdir. Burada Azərbaycan
Respublikasının ərazisinin geoloji quruluşu ayrıca xəritədə
göstərilmişdir. Abşeron
yarımadasının respublikanın iqtisadi həyatında əhəmiyyətini
nəzərə alaraq, yarımadanın və
Naxçıvan Muxtar Respublikasının ərazisinin geoloji
quruluşunun ayrıca xəritələrdə göstərilməsi
çox zəruridir və mühüm əhəmiyyət
daşıyır.
Azərbaycan Respublikasının Milli
Atlası bütövlükdə ölkə
kartoqrafiyasının böyük uğuru olmaqla
yanaşı, Azərbaycan elminin də mühüm nailiyyətidir. Atlasda Azərbaycan
Respublikasının sosial-iqtisadi göstəricilərini əks
etdirən bölmələr sahələr üzrə təqdim olunur. Atlasa daxil
edilmiş “Səth suları və
hidroloji şəraitlər”,
“Relyef və geomorfologiya”, “İqlim və aqroiqlim
ehtiyatları”, “Torpaq və torpaq ehtiyatları”,
“Landşaftlar”, “Bitki örtüyü”, “Sosial mühit”, “Sənaye”,
“Kənd təsərrüfatı”, “Nəqliyyat”, “Təhsil, mədəniyyət,
idman” və “Turizm” bölmələrində də
respublikamızın dinamik inkişafını ardıcıl
izləməyə imkan verən xəritə, cədvəl,
diaqram və s. materiallar yerləşdirilmişdir. Bu, ölkəmizin potensialı haqqında dolğun təsəvvür
yaranmasına, beləliklə də, xarici investisiyalar və
turist səfərləri üçün cəlbedici
mühitin formalaşmasına kömək edəcəkdir.
Xalqımızın zəngin tarixini və dövlətin
müstəqilliyini təsdiq edən ən qiymətli ilk mənbə
kimi, Milli Atlasda izahedici mətnlər və göstəricilər
3 dildə – Azərbaycan, rus və ingilis dillərində
500-ü VIP olmaqla, 5000 nüsxədə çap edilmişdir.
Milli Atlasın CIS variantının hazırlanması da ölkəmizdə
yaradılacaq Milli Məkan Məlumatları İnfrastrukturunun
fundamenti hesab etmək olar.
Atlas tədqiqatçılar, o cümlədən,
tarixçilər, iqtisadçılar və siyasətşünaslar
üçün də mötəbər mənbə rolunu
oynaya bilər. Nəşri diqqətlə
öyrənən araşdırmaçı Azərbaycanın
daxili və xarici siyasəti, inkişaf meyilləri, prioritetləri,
təhlükəsizlik və müdafiə konsepsiyası və
digər məsələləri anlamaq üçün müəyyən
imkanlara sahib olur.
Ümumulikdə, “Azərbaycan Respublikasının Milli
Atlası”nın nəşri Azərbaycanın
elmi, ictimai və mədəni həyatında mühüm
tarixi hadisə kimi dəyərləndirilməlidir.
Şübhə etmirəm ki, Atlas Azərbaycanın
sosial-iqtisadi inkişafına, gənc nəslin maariflənməsinə
və vətənpərvərlik ruhunda tərbiyəsinə,
xalqımızın tarixi irsi və zəngin mədəniyyəti barədə
həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasına sanballı töhfə verəcəkdir.
Əli
HƏSƏNOV,
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin müdiri,
tarix
elmləri doktoru, professor
Xalq qəzeti.- 2015.- 6 fevral.- S.3.