Azərbaycanın bugünkü uğurları mükəmməl
sosial-iqtisadi strategiyanın məntiqi nəticəsidir
Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanıb. Son on bir ildə dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.
Müasir dünyada dövləti
lazımi səviyyədə idarə etmək, geosiyasi
təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün
çox yüksək səriştə və
siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün
tarixi bir
şansdır ki, hazırda ölkəmizə İlham
Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada
gedən siyasi və iqtisadi
prosesləri yaxşı bilən siyasətçi və
dövlət xadimi rəhbərlik edir. Dövlət
başçısı İlham Əliyev öz Vətənini, xalqını sevən, azərbaycançılıq
amalını qəlbində daşıyan bir
rəhbərdir.
Prezident İlham
Əliyevin rəhbərliyi ilə
son on bir
ildə Azərbaycanda əldə edilən sosial-iqtisadi uğurların əsasında dahi Heydər Əliyevin siyasi
kursu dayanır. Dövlət
başçımız ölkəyə rəhbərliyə
başladığı 2003-cü ilin
oktyabrından daim ulu
öndərin siyasi kursuna
sədaqətini nümayiş etdirib, xalqın etimadını əməli fəaliyyəti
ilə doğruldub. Xalqımız və
müstəqil dövlətimiz üçün
alternativsiz olan bu siyasi kurs
dövlət başçısının uğurlu
fəaliyyətinin başlıca amili
sayılır.
Xatırlatmaq yerinə
düşər ki, möhtərəm İlham Əliyev hakimiyyət sükanı
arxasına keçərkən bu siyasəti
dönmədən davam etdirəcəyini
bəyan etmişdi: “Azərbaycan
xalqına vəd etmişəm ki, Heydər
Əliyevin siyasətini davam etdirəcəyəm,
çünki o, yeganə
düzgün siyasətdir. Bu
siyasət ona gətirib
çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş
müharibəsi vəziyyətindən quruculuq
və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm
və onun təcrübəsini, məsələlərə
baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm.
Hər hansı bir qərar
qəbul etməzdən əvvəl düşünürəm
ki, bu vəziyyətdə
Heydər Əliyev necə hərəkət edərdi.
Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən
yüksək mükafat onun
ideyalarına inamdır, bunsuz işləmək
çox çətindir, ona
görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün
prinsipləri həyatda öz təcəssümünü
tapmaqda davam etsin”.
Hazırda
iqtisadiyyatın dinamik inkişafı, görünməmiş yüksəliş,
tərəqqi Azərbaycanın
şəhər və kəndlərinin simasını dəyişir, insanların həyat tərzini yeniləşdirir.
Geniş miqyaslı dövlət
proqramları həyata keçirilir, xalqımızı
düşündürən sosial-iqtisadi
problemlər həll edilir. İstehsal
və sosial infrastruktur
obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə,
elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artır. Aqrar sahədə müsbət dinamika
davamlı xarakter alır.
Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir.
Azərbaycanın Qafqaz bölgəsində
lider mövqelərinin möhkəmlənməsi,
Avropanın enerji təhlükəsizliyi
sistemində mühüm yer
tutması onun dünya
birliyində nüfuzunu artırır. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi
ölkəmizin inkişafı yolunda ən
böyük maneə olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq
prinsipləri və normaları, xüsusən onların
arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll
edilməsinə yeni imkanlar
açır.
Regionların
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramının birinci
ilinin yekunlarına həsr olunmuş
konfransda bütün bunlar barədə ətraflı bəhs edildi. Bir iş
adamı kimi iştirak
etdiyim həmin konfransda ölkə Prezidenti
cənab İlham
Əliyev nitqində xüsusi
vurğuladı ki, 2004-cü ildə əgər
birinci proqram qəbul
edilməsəydi, bugünkü Azərbaycan
reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun
inkişafı, idxaldan
asılılığın azaldılması, ixrac
potensialının yaradılması son illərin
uğurlarıdır.
Azərbaycanın
regionlarının sosial-iqtisadi
inkişafına yönəldilmiş üçüncü
dövlət proqramının bir ili artıq arxada qalıb.
Bu bir ilin
yekunları göstərir ki, 2004-cü
ildən - birinci proqram
qəbul ediləndən ölkənin bütün
şəhər və rayonlarının tarazlı şəkildə
inkişafı üçün başlanan işlər uğurla
davam etdirilir.
2004-2008-ci,
2009-2013-cü illəri əhatə edən proqramların yerinə
yetirildiyi zaman, eləcə
də 2014-2018-ci illər üçün
nəzərdə tutulan cari
proqramın icrasından ötən dövr
ərzində ölkəmiz tanınmaz dərəcədə
dəyişib, inkişaf edib.
Bu, həm onun iqtisadi qüdrətinə, həm vətəndaşlarının
güzəranına, həm də şəhərlərin, rayon mərkəzlərinin, kənd və qəsəbələrin
gündən-günə gözəlləşən
simasına aiddir. Prezident
İlham Əliyev konfransdakı nitqində
bununla bağlı dedi:
“Bizim atılan bütün addımlarımız Azərbaycanın
inkişafına xidmət edir. Ölkəmizdə
ictimai, siyasi vəziyyət
sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar
qoyulur və iqtisadiyyatımızın
şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır.
Yəni, bu gün Azərbaycan
nəinki regionda, dünya
miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə
olan maraq artır. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim çoxsaylı
görüşlər, orada səslənən
fikirlər bunu bir daha göstərir və Azərbaycanın inkişaf modelini yüksək
qiymətləndirirlər”.
Sözügedən konfransda həmçinin xatırladıldı
ki, Azərbaycan dövləti hərtərəfli
düşünülmüş, məqsədyönlü
iqtisadi siyasət həyata keçirir.
Məhz bunun nəticəsidir
ki, son 11 il Azərbaycanın sürətli və hərtərəfli
inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin
artması, ölkənin enerji, ərzaq, nəqliyyat
və ekoloji təhlükəsizliyinin
möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun
yüksəlməsi, əhalinin rifahının
davamlı olaraq yaxşılaşması dövrü kimi tariximizə
daxil olub. Bu uğurların əsasında Prezident İlham
Əliyevin müasir
çağırışlara cavab verən,
məqsədyönlü və praqmatik
siyasəti durur.
Ölkəmizin
davamlı sosial-iqtisadi
inkişafının təmin olunmasında, makroiqtisadi
sabitliyin qorunmasında, dünya
iqtisadi böhranının mənfi təsirinin
qarşısının alınmasında dövlət
başçısının böyük
uzaqgörənliklə apardığı iqtisadiyyatın
şaxələndirilməsi siyasətinin, o
cümlədən bu siyasətin prioritet
istiqamətlərindən olan
regionların inkişafı strategiyasının müstəsna
əhəmiyyəti vardır.
2004-cü
ildən indiyədək uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramları rayonların iqtisadi
potensialının artmasına, infrastruktur
təminatının, kommunal xidmətlərin
keyfiyyətinin daha da
yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin
rifahının yaxşılaşmasına səbəb olur, bununla
da ölkənin strateji
inkişaf hədəflərinə, müəyyən
edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini
verir.
Regionların
inkişafı ilə bağlı əldə edilən
uğurların bir səbəbi də odur ki, cənab İlham Əliyev bölgələrdə
reallaşdırılan bütün layihələrin
icrasını daim diqqət mərkəzində
saxlayır, verdiyi
tapşırıqların yerinə yetirilməsinə nəzarət
edir,
zəruri tədbirlər həyata keçirir.
Möhtərəm
Prezidentin 2014-cü il
ərzində bölgələrə 23 səfəri çərçivəsində
120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektinin
açılış və təməlqoyma mərasimlərində
iştirakı, müəssisələrin fəaliyyəti ilə
yaxından tanış olmağı, eləcə də
ictimaiyyətlə keçirdiyi görüşlərdə
qaldırılmış məsələlərin həlli məqsədilə
əlavə olaraq 270 milyon
manat vəsaitin ayrılması barədə
imzaladığı 72 sərəncam regionların
inkişafına göstərdiyi diqqətin bariz
nümunəsidir.
Rahat, abad yol
olmadan heç bir bölgənin inkişafından söhbət
gedə bilməz. Keçən il ərzində
960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil
yolunun, 30 yeni körpünün və
yolötürücülərinin tikilməsi, yaxud
təmir edilməsi regionların sosial-iqtisadi
inkişafına yönəldilən tədbirlərdəndir.
Eləcə də kənd yollarının tikintisi
davam etdirilib. Təkcə 2014-cü ildə dövlət
başçısının 43 sərəncamına əsasən,
bu məqsədlə əlavə vəsaitlər
ayrılıb. Əhalisi 960 min nəfər
olan 597 yaşayış məntəqəsini
birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi
və yenidən qurulması işləri aparılıb.
Son 11 ildə isə ümumilikdə 10 min kilometr yol
çəkilib. 340 körpü və tunel tikilib.
Konfransda yuxarıda qeyd etdiklərimlə
yanaşı, eyni zamanda,
Azərbaycanın hər bir bölgəsinin
son dövrlərdə tikinti
meydançasını xatırlatması və ölkədə
həyata keçirilən mühüm
layihələrin yerli şirkətlər
tərəfindən uğurla
reallaşdırılması da
xatırladıldı. Bildirildi ki, quruculuq siyasəti,
sabitlik və inkişaf
müasir Azərbaycanın
simasıdır. Bütün bunlar ölkəmizin
gücünü daha da möhkəmləndirir. On
bir illik inkişaf mərhələsi
xalqımızın tarixində və taleyində mühüm nailiyyətlərlə
müşayiət olunub. Bu
illərdə hər bir azərbaycanlının
ən ümdə arzuları reallaşıb. Beləliklə, dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycan
öz iqtisadi inkişaf tempi ilə indi dünyanın diqqət mərkəzindədir.
Beynəlxalq miqyasda iqtisadi
və siyasi güc mərkəzinə
çevrilən Azərbaycanın iştirakı olmadan bu gün
regionda irimiqyaslı layihələri həyata
keçirmək sadəcə mümkün
deyildir.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə ötən müddət ərzində regionlarda
infrastrukturun yenidən qurulması və
inkişafı, səhiyyə və təhsil müəssisələrinin
tikintisi, əhalinin sosial
vəziyyətinin daha da
yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər
həyata keçirilib. Bu, Azərbaycanın
öz iqtisadiyyatını sadəcə neft amili üzərində
qurmadığını, əldə olunmuş
uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu
təsdiqləyib.
İqtisadiyyatın
şaxələndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində
ölkəmizdə qeyri-neft sektorunun dinamik
inkişafı davam edib.
Prezident İlham
Əliyev konfransda bununla
bağlı dedi: “Bu gün Azərbaycan iqtisadiyyatı artıq
çoxşaxəlidir. Məhz buna
görə iki-üç il
bundan əvvəl dünyada
neftin qiymətləri kəskin şəkildə
aşağı düşəndə biz böyük çətinliklərlə
üzləşməmişdik. Hətta o
illərdə dünyada neftin
qiyməti 4-5 dəfə aşağı düşmüşdü,
Azərbaycan iqtisadiyyatı 8-9 dəfə artmışdı.
Nəyin hesabına, məhz qeyri-neft sektorunun inkişafı hesabına. Bu, bizim siyasətimizdir və
gələcək illərdə çalışacağıq
ki, qeyri-neft sektorunun inkişafına daha
da güclü təkan
verək. Deyə bilərəm ki, bunu etmək üçün
dövlət proqramları həlledici rol
oynayır. 2004-cü ildən bugünə qədər
artıq üçüncü
dövlət proqramı icra edilir. Eyni
zamanda, xarici investorların Azərbaycana
olan marağı və qoyulan investisiyalar da az rol oynamır”.
Son on bir ildə
ölkə
biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər
həyata keçirilib.
Regional proqramların icrası
müddətində qanunvericilik
bazasının təkmilləşdirilməsi,
korrupsiyaya qarşı
mübarizənin gücləndirilməsi,
sahibkarlığa dövlət
dəstəyinin genişləndirilməsi,
vergi yükünün
azaldılması, sağlam
rəqabətin təmin
edilməsi, 400-dən çox
xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin
tətbiqi və digər tədbirlər nəticəsində regionlarda
güclü özəl
sektor formalaşıb.
Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin
maliyyələşməsinə 1,2 milyard manat güzəştli
kredit verilib və bu layihələr
hesabına 110 minədək
yeni iş yeri yaradılıb. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür.
Dövlətimizin başçısı cənab İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf
strategiyası artıq
özünün növbəti
- üçüncü mərhələsi
ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın
inkişaf etmiş ölkələr sırasına
çıxarılması və
əhalinin yüksək
gəlirli topluma çevrilməsi, qeyri-neft
sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli
inkişafı sayəsində
ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət
və özəl qurumların birgə fəaliyyəti üzrə
yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi,
elm və innovasiyalara əsaslanan cəmiyyət
quruculuğu, hüquqi
dövlətçilik prinsiplərinin,
insan hüquq və azadlıqlarının
tam bərqərar edilməsi
- Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.
Son bir neçə
ildə Azərbaycanın
gələcək inkişafı
üçün əvəzolunmaz
layihələr - su elektrik stansiyaları ilə birlikdə Taxtakörpü və Şəmkirçay su anbarlarının, Vəlvələçay-Taxtakörpü
və Taxtakörpü-Ceyranbatan
kanallarının, baş
Muğan-Mil kollektorunun
tikintisi başa çatdırılıb. 2014-2018-ci
illər üçün
nəzərdə tutulan
sosial-iqtisadi inkişaf
proqramında ölkənin
3 şəhərində və
50 rayonunda çoxsaylı
meliorasiya-irriqasiya tədbirlərinin
həyata keçirilməsi
planlaşdırılıb. Keçən ildən başlayaraq
bu istiqamətdə artıq bir sıra işlər görülür. Şimal zonasının
6 çayından Samur-Abşeron
kanalına əlavə
320 milyon kubmetr su verilməsi üçün tikinti işləri gedir. Respublikanın digər bölgələrində
də bu sahədə müvafiq tədbir görülür.
Dövlət su təsərrüfatının
inkişafına milyardlarla
manat vəsait yönəldir. Üçüncü proqram çərçivəsində
də bu işlər davam etdirilir. “Azərsu”,
“Meliorasiya və Su Təsərrüfatı” açıq
səhmdar cəmiyyətləri,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən
genişmiqyaslı layihələr
həyata keçirilir.
Konfransda deyildiyi kimi: “Çaylar boyunca yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılır.
Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır. Artezian
quyularının qazılması
bu il
davam etdiriləcək.
Bu məqsədlə də Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır.
Bu il üç
yüzdən çox
artezian quyusu qazılacaqdır. Bu sahə daim diqqət mərkəzindədir”.
2015-ci ilin “Kənd təsərrüfatı
ili” elan edilməsi regionların inkişafına yönəldilmiş
üçüncü proqramda
nəzərdə tutulan
işlərin daha uğurlu icrasına dəstək verəcək
və ərzaq təhlükəsizliyinin daxili
istehsal hesabına təmin olunmasında mühüm rol oynayacaq. Əminliklə demək olar ki, bu il də bütün bölgələrdə
genişmiqyaslı işlər
görüləcək, Azərbaycan
kəndi daha da inkişaf edəcək.
Bu gün Azərbaycanda sosial-iqtisadi
inkişafı sürətləndirən
mühüm amillərdən
biri qarşıya qoyulan hər bir hədəfin reallaşdırılması üçün
konkret fəaliyyət
proqramlarının işlənib
hazırlanmasıdır. Bu baxımdan ölkə
regionlarının sosial-iqtisadi
inkişafına dair dövlət proqramlarının
icrasının əhəmiyyətini
xüsusi qiymətləndirmək
lazımdır. Çünki
keçid dövrünə
xas bir sıra
köklü problemlərin
həlli prosesinə məhz bu fərmanlarla
start verilib, nəticədə
qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi
inkişaf meyilləri
nəzərə çarpıb.
Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması,
regionların tarazlı
inkişafı, qeyri-neft
sektoruna diqqətin artırılması, sahibkarlığın
inkişafı, yeni iş yerlərinin açılması istiqamətində
konkret nəticələrlə
müşayiət olunub.
Məhərrəm ŞƏFİYEV,
Bərdə “Çörək” ASC-nin idarə heyətinin sədri,
iqtisadiyyat üzrə
fəlsəfə doktoru
Xalq qəzeti.- 2015.- 7 fevral.- S.6.