Yarımçıq ömrün həzin simfoniyası
Nədənsə, mənə elə gəlir ki, bir həzin simfoniyaya bənzəyir aktrisa Vəfa xanım Fətullayevanın yarımçıq qalmış ömrü. O, bu simfoniyanı tamamlaya bilmədi. Sənətini dəlicəsinə sevirdi. Səhnəyə çıxanda elə bil ona yeni həyat verirdilər. Şaqraq gülüşü, şux yerişi, qeyri-adi səs tembri onun qəhrəmanlarınında xarakterik xüsusiyyətləri idi.
Vəfa
xanımın sənətindən
xatırlanası çox şey
var. Az zaman kəsiyində o, teatrımıza
çox
qiymətli rollar bəxş etdi.
İndi ondan yadigar qalan tamaşalara baxanda bu qüdrətli sənətkarın nə qədər
güclü enerjiyə, yaradıcılıq
ehtirasına malik
olduğunu aydın hiss edirsən. Vəfa Fətullayeva geniş diapozana malik aktrisa idi.
Onun tamaşalarından insanlar
həmişə xoş əhval-ruhiyyə
ilə çıxardılar. Vəfa xanım səhnədə
görünən kimi alqış sədaları
tamaşa zalını bürüyərdi,
özü də bu
alqışlardan xoşlanardı. O, səhnədə tamamilə
başqalaşardı. Anası, xalq artisti Hökümə xanımın şaqraq səsini xatırladardı onun danışığı. Rolları ilə
yaşayırdı. Onları qəlbən
sevirdi və hər birini
öz həyatının bir
parçası sayırdı. Onun
atası, uzun illər Azərbaycan Milli Akademik Dram Teatrının baş
rəssamı olmuş Nüsrət Fətullayev
də sənətdə böyük uğur qazanmış fırça ustası idi. Bəlkə, elə ona
görə idi ki, Vəfa
öz
rollarını rəssam dəqiqliyi ilə canlandırardı.
Vəfa Fətullayeva
bütünlüklə öz qəlbini sənətə
vermiş, milli mədəniyyətimizin
inkişafının xidmətində durmuş
sənətkar ailəsinin - Fətullayevlərin
davamçısı idi.
Ailə də qurmuşdu. Hətta, teatrdan
gedəcəyini də qət etmişdi. Ancaq özü qurduğunu özü də
dağıtmalı oldu. Ailəsi onun aktrisa olmasını
istəmirdi. Həyat yoldaşı da onu ev xanımı, gələcək
uşaqlarının anası kimi qəbul
edib ailə qurmuşdu.
Vəfa bunu gözəl bilirdi.
Amma şərti özü
pozurdu. Görünür,
Hökümə xanımın cazibəsindən qurtarmaq mümkün deyildi. Günlərin birində Vəfa Fətullayeva
yenidən anasının yanına qayıdır. Hökümə
xanım Vəfanı tək qızı kimi
deyil, bir rəfiqəsi,
dostu, sirdaşı kimi
sevirdi. O, Vəfasız yaşaya
bilməzdi.
Vəfa xanım
İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil
olmuş, sonra isə
teatrşünaslıq fakültəsinə keçmişdi.
Bu da belə olmuşdu. Vəfa
Məhərrəm Haşımovun kursunda
oxuyurdu. Bir müddət
öz xarici görkəmini
nəzarətsiz buraxdığından Vəfa birdən-birə
kökəlir. Bu, Məhərrəm
Haşımovun da diqqətindən
yayınmır. Və bir gün
dərslərin birində “Qız, sən yaman
kökəlirsən, bunun axırı hara gedəcək?” deyir.
Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın onsuz
da tükdən asılı olan seçimini həll edir. O, bir müddət dərsə
gəlmir. Və günlərin birində məlum olur ki, Vəfa bu dəfə heç kimlə
məsləhətləşmədən fakültəsini dəyişib...
Keçib teatrşünaslığa.
Hökümə
xanımın qəlbən, xəyalən istədiklərini Milli Dram Teatrın baş rejissoru Tofiq Kazımov gerçəkləşdirir. Tofiq Kazımov “Məhv olmuş
gündəliklər” əsərini işləmək fikrinə
düşür. Və Vəfanı da bu tamaşaya
dəvət etmək istəyir. Hökümə
xanımın ürəyindən olan bir xahiş edir ondan. Beləliklə,
Vəfanın aktrisa taleyi
Tofiq müəllimin xeyir-duası ilə
başlayır. Ona sonralar
da öz
tamaşalarında rol verir.
Vəfanın anasına məktubunda Tofiq
Kazımovun onun sənət taleyindəki yeri daha aydın görünür.
Qəzetlərdən
birində onun anasına yazdığı
bu məktub dərc olunmuşdu:
“Salam, mənim əziz anam!
Biz özümüzü
çox yaxşı hiss
edirik. Düzdür, burda bir az
istidir, amma eybi yox, dözmək olar. Ana, narahat
olma, evlə bağlı dediyin
bütün işləri çoxdan
görmüşəm. Nənə köynəyi çox bəyəndi, sənə minnətdardır.
İndi özünü
pis hiss etmir və tez-tez Nailə
ilə 2-3 günlüyə bağda olur. Mənim də işlərim pis getmir. Dünən Tofiqin yanında olmuşam.
Məni çox yaxşı
qarşıladı və biz oturub xeyli dərdləşdik.
Mən ona hər şeyi
dedim. Dedim ki, Gülgəzdən sonra
bir dənə də olsun
xoşuma gələn rolum
olmayıb. Dedim ki, əhvalım
yaxşı deyil. Çox
narahatam. O mənə dedi ki, mənim yanımda özünü çox günahkar hiss edir. Çünki vaxtilə
məni teatra gətirməyini özü səndən xahiş
edib, amma indi bir əsər də
işləyə bilmir mənimlə. Bu sözlərindən sonra
mən ona deyə bilmədim ki, nəinki səndən, o mənim özümdən də dəfələrlə
teatra gəlməyimi xahiş
edib. Mən başa düşdüm ki, o, hər şeyi çox gözəl xatırlayır.
Yadına salmağa ehtiyac
yoxdur. Dedi ki, məni dəvət eləməyib ki, indi mən belə narahat olam, əsəbləşəm.
Ana, deyim ki, onun özünün
əhvalı mənim xoşuma gəlmədi.
O, hətta görkəmcə də dəyişib. O, özü də etiraf etdi ki, indi
bütün sahələrdə ona həmişəkindən daha
çətindir. Sonra da
dedi ki, səndən ötrü bərk darıxıb. Səni
görmək, oturub söhbət etmək
istəyir. O, mənə məişət
qayğılarından, onu narahat
edən problemlərdən danışdı. Xahiş
etdi ki, ona tez-tez baş
çəkim və onunla söhbətə
vaxt ayırım. Qısası, biz həmin gün xeyli dərdləşdik. Sən təsəvvür
edə bilməzsən ki, gənc
aktyorlarımız sənin üçün
nə qədər darıxıblar. Səni hər gün məndən soruşurlar,
salam göndərirlər. Xahiş
edirlər sənə çatdırım ki,
tez gələsən. Yolunu
səbirsizliklə gözləyirlər. Sən görərdin
Moskvadan qayıdanda onlar
mənim üstümə necə düşdülər...
Qısası, onlar səni çox
sevir və yolunu
gözləyirlər. Bütün kollektivin sənə salamı var.
Hələlik bu qədər. Məktubunu
gözləyirəm. Mənə görə narahat
olma, tez-tez nənəgildə
oluram. Öpürəm. Vəfa.”
Beləcə, teatra ilk
addımını Vəfa 1970-ci ildə İlyas
Əfəndiyevin “Məhv olmuş gündəliklər”
əsərində Fəridə ilə atdı. Fəridə onun taleyini birdəfəlik
teatra bağladı.
Tamaşa müvəffəqiyyətlə keçirdi. Vəfanın səhnədəki
hər bir hərəkəti, hər bir jesti, hər bir kəlməsi salonda
tamaşaçılar arasında oturan
Hökümə xanımda reaksiya doğururdu. O, özü
oynayırmış kimi yerində sakit otura bilmirdi.
Özündə səhnə həyatı üçün
heç bir qabiliyyət
görməyən və yalnız anasının istəyinə
zidd getməmək üçün
belə bir addım atan
qızının bu seçimində
yanılmamasına onun da
əmin olmasını arzulayırdı, Hökümə
xanım. Vəfa anasının səhv etmədiyini, onu öz yerinə layiqli davamçı bildiyini
başa düşməli, ona
inanmalıydı. Vəfanın gələcək səhnə
həyatının taleyi indi
Fəridədən asılı idi. Bu rol, doğrudan
da, onun ürəyincə
olmuşdu. Sevə-sevə
yaratmışdı onu.
“Məhəbbət əfsanəsi”ndə
Şirini oynadı. Nazim
Hikmətin bu əsərindəki Şirin, həqiqətən, onun
xarakterinə çox yaxın qadın idi və ona görə də
rol çox maraqlı
alınmışdı.
“Sən yanmasan”, “Göz həkimi”,
“Heç nədən hay-küy”,
“İblis” tamaşalarında
yaratdığı xaraktercə bir-birindən fərqli
rolları ona böyük
şöhrət gətirmişdi.
Televiziya tamaşalarında da
onun çox qiymətli
rolları vardır. “Alov”, “Göz həkimi” tamaşalarını xüsusi olaraq qeyd etmək lazımdır.
Vəfa xanım
yaradıcılığının çiçəkləndiyi
bir dövrdə həyatdan köçdü. Ancaq
arzuları çox böyük
idi. Dünya və Azərbaycan
klassiklərinin bir çoxunun
əsərlərində rollar oynamaq barədə düşünürdü.
Amma bütün
arzuları yarımçıq qaldı.
Azərbaycanın əməkdar
aktrisası, Dövlət mükafatı laureatı Vəfa
xanım Fətullayevanı xalqımız həmişə xoş xatirələrlə yad
edəcək. Bu yaxınlarda Vəfa xanım haqqında bir radio verilişini dinlədim.
Onunla birgə
çalışan sənət dostları bu aktrisa haqqında necə
yanğı ilə danışırdılar. Ətrafında olan dostları
itirmək böyük faciədir. Hər halda, Vəfa
xanımın yeri həmişə
görünəcək. Vəfa xanımın yarımçıq
qalmış sənət
simfoniyası sənətsevərlərin qəlbində
hər zaman səslənəcək.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.- 8 fevral.- S.7.