Qocaman jurnalistin
unudulmaz xatirəsi
Azərbaycan
jurnalistikasına ağır itki üz vermişdir. Ömrünün 60 ildən
çoxunu milli mətbuatımızın inkişafına
həsr etmiş əməkdar jurnalist, II Dünya müharibəsinin
veteranı Kazım Hacı oğlu Ələkbərov
uzun sürən
xəstəlikdən sonra
91 yaşında vəfat
etmişdir.
Uşaqlığı Bakıda repressiya olunmuş ailədə, ağır mənəvi- fiziki çətinliklər
şəraitində keçən
gələcəyin jurnalisti
bütün bunlara baxmayaraq, həyatın işıqlı cəhətlərindən
güc alaraq, milli və ictimai
dəyərlərə rəğbət
ruhunda böyümüş,
dövrünün təhsil
və tərbiyə imkanlarından bacarıqla
bəhrələnmişdir.Orta məktəb partasından
Dünya savaşı
cəbhəsinə yollanan
Kazım Ələkbərovun
döyüş yolu Böyük Vətən müharibəsinin başlanğıcından
Qələbəyədək davam etmiş, doğma Bakıya sinəsi orden- medallarla qayıtmışdır. O, jurnalistik
fəaliyyətinə də
əynində əsgər
şineli ilə başlamışdır.
Kazım Ələkbərov
uzun illər Azərbaycan Dövlət Teleqraf Agentliyində (indiki AzərTAc ), “Kommunist” (indiki “Xalq qəzeti”),
“Bakı”- “Baku” qəzetlərində
və digər tanınmış mətbu
orqanlarda məsul vəzifələrdə işləmişdir.
Peşəkar jurnalistikamızın formalaşmasında və
inkişafında, gənc
jurnalistlər nəslinin
yetişməsində layiqli
xidmətləri olan Kzım Ələkbərov
əmək fəaliyyətinin
son illərində paytaxtın
idarəetmə sistemində
çalışmış, dövlət idarələrində
ana dilinin tətbiqi işinə yaxından kömək göstərmişdir.
Təcrübəli və nüfuzlu jurnalistin mərkəzi mətbuatda aktual mövzularda, müxtəlif
janrlı yüzlərlə
yazısı dərc olunmuşdur. Uzun illər Kazım
Ələkbərov elm, təhsil,
tərbiyə mövzusunda
yazan ən yaxşı qələm sahiblərindən biri olmuşdur. Obyektivliyi,
prinsipiallığı, məsuliyyəti,
aşkarlığı, nəzakəti həmişə
peşə davranışı
norması kimi qəbul etmiş Kazım Ələkbərov
ömrü boyu jurnalist üçün vacib olan bu
prinsiplərə sadiq
qalmış, paklığı
və təmənnasızlığı
ilə seçilmişdir.
Təqaüdə çıxandan
sonra da Kazım Ələkbərov
jurnalistika aləmindən
uzaq düşməmiş,
bir- birinin ardınca 6 kitab (“Mən necə jurnalist oldum”, “Jurnalist ömrünün akkordları”, “İki cəbhə əsgərinin
xatirələri”, “Yazmışam
ki, izim qala”, “Xeyirxahlarım”, “Şirin- acı xatirələr” ) yazıb
həmkarlarına və
gələcəyin jurnalistlərinə
hədiyyə etmişdi.
Bu nəşrlərdə milli jurnalistikamızın
müharibədən sonrakı
mərhələsinin peşəkarlıq
xüsusiyyətləri, tanınmış
nümayəndələri, yaddaqalan hadisələri, milli maraqlarımız uğrunda mübarizəsi
geniş əksini tapmışdır. Kazım müəllim
bir vaxtlar çalışdığı kollektivlərlə əlaqəsini
kəsmir, vaxtaşırı
gənc jurnalistlərə
tövsiyələrini çatdırır,
ölkədə gedən
media proseslərinə faydalı
mülahizələri ilə
xeyirxah köməyini
göstərirdi.
Kazım
Ələkbərovun milli
jurnalistikamızın inkişafında
xidmətləri layiqincə
qiymətləndirilmişdir. O, Əməkdar jurnalist fəxri adına, dövrünün
nüfuzlu yaradıcılıq
mükafatı olan “Qızılıl qələm”ə
və AMŞ-nin xüsusi Diplomuna layiq görülmüşdür.
Son illərdə gözləri və ayaqları tutulsa da, Kazım müəllim gümrahlığını
və nikbinliyini qoruyub saxlayırdı. I qrup müharibə əlili olsa da, bu şux
qamətli, son dərəcə
mədəni görkəmi
ilə Hollivud aktyorlarını xatırladan
yaraşıqlı insanı
heç vaxt qəddibükük, giley-
güzarlı görmədik.Tez-tez
redaksiyamıza zəng
vurur, qəzetimizi ardıcıl izlədiyini
söyləyirdi. Ürəyinə yatan yazıların müəllifləri ilə
ayrıca danışırdı.
Jurnalistikada baş verən
neqativ hallara ürək ağrısı
ilə yanaşır,
buna son qoymaq üçün bizi mübarizliyə çağırırdı.
Bir də dünyasını dəyişmiş
jurnalist və redaktor dostlarını – Əli Vəliyevi, Rza Quliyevi, Nəsir
İmanquliyevi, İsrafil
Nəzərovu, Rəşid
Mahmudovu... unutmur, yubileylərində onları
yada salmağımızı,
yazı verməyimizi xahiş edirdi. Kitablarını, ilk növbədə, redaksiyaya
göndərir, öz yubileylərində doğma kollektivin təmsilçilərini
başda əyləşdirirdi. 85
yaşının tamamında keçirilən məclisdə
ürək dolusu dedi-
güldü, ötən illərdən xoş xatirələr danışdı. Böyük Üzeyir
Hacıbəyovun dəfnindən
hazırladığı geniş tarixi xronikanı və Stalinə
yazdığı məktubu, həmişə olduğu
kimi, yenə öyünclə
xatıtladı. O gün bəxtəvər saatları ilə
hamımıza xoş əhval, unudulmaz xatirə bəxş elədi.
Ötən
il avqustun 12-də 90 yaşı tamam olanda Azərbaycan Mətbuat Şurasına gəlməsinin
çətin olduğunu nəzərə
alıb, AMŞ-nin və qurumun
Ahıl Jurnalistlər Məclisinin rəhbərləri,
redaksiyamızın təmsilçiləri qocaman
jurnalist Kazım Ələkbərovu mənzilində
ziyarət və təbrik
etdilər. Yubiliyara
AMŞ-nin Diplomu və AJM-in hədiyyəsi
də təqdim olundu. Bu qədirbilənlik
onu çox sevindirdi, ağrı- acılarını unutdurdu.
O vaxt sevimli Kazım müəllimə
daha bir yubileyini bizimlə birlikdə qeyd etməyi arzuladıq...
Bu günlərdə isə jurnalistikamızın
ağsaqqallarından biri
olmaq mötəbərliyini
sonadək qoruyan qocaman yazarı və dostumuzu böyük ehtiramla əbədiyyətə yola
saldıq. Silinməz-
pozulmaz jurnalistika
irsi və unudulmaz xatirəsi isə bizimlə qaldı.
Kollektivimiz adından deyirik:
Allah rəhmət eləsin!
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2015.- 8 fevral.- S.7.