Azərbaycanda əhalinin
sosial müdafiəsi
sistemi müasir tələblərə uyğun yenidən
qurulur
Artıq
dünyada belə bir fikir formalaşıb: o dövlət
güclüdür ki, öz vətəndaşlarına
hörmətlə yanaşır, onların sosial müdafiəsinə
daha çox diqqət və qayğı göstərir. Bu mənada müstəqil, gənc Azərbaycan
Respublikası dünyanın
inkişaf etmiş, qabaqcıl ölkələri ilə
müqayisə edilə bilər. Ölkəmizin sosial siyasəti,
dövlət büdcəsində həmin sahəyə
ayrılan vəsaitin həcminin ildən-ilə artması da
bunu inamla söyləməyə əsas verir. Əhalisinin təhlükəsiz, əmin-amanlıq
şəraitində, xoş əhval ruhiyyə ilə
yaşaması hər bir ölkənin və dövlətin ən
ümdə vəzifəsidir. Bu gün Azərbaycanda
formalaşan vətəndaş cəmiyyəti mənsub
olduğu ölkənin sabahına görə məsuliyyət
daşıdığını aydın görür və
öz fəaliyyətini bu istiqamətdə qurur.
Burada bir cəhəti
xüsusi qeyd etmək lazımdır. Mənfur qonşularımız
olan ermənilərin ərazi iddiası ilə Azərbaycana təcavüz
etməsi nəticəstində torpaqlarımızın 20 faizi
işğal altına düşüb. Bir
milyondan çox məcburi köçkün və
qaçqınımız var. Öz doğma yurd-yuvalarından
zorla, silah gücünə qovulan bu adamlar sosial cəhətdən
ən ağır şəraitlə üzləşmişdilər.
2003-cü ildən etibarən iqtisadi qüdrətini
artırmağa başlayan Azərbaycan
dövləti, ilk növbədə, məcburi
köçkünlərin və qaçqınların
yaşayış şəraitini
yaxşılıaşdırmaq məqsədilə təcili tədbirlər
görülməsinə start verdi.
Son on bir ildə 84 qəsəbə yaradıldı. Bütün infrastruktur imkanlarına malik olan bu qəsəbələrdə
indi 210 min köçkün yaşayır. Həmin qəsəbələrin
ərsəyə gəlməsinə dövlət 2 milyard
manat, yəni 2,6 milyard dollar vəsait sərf
etmişdir. Nə qədər ki, ağır şəraitdə
yaşayan köçkünlərimiz var, bu iş davam etdiriləcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə əhalisinin
real gəlirlərinin artmasına, yoxsulluğun
azaldılmasına, məşğulluğun gücləndirilməsinə,
əmək resurslarından səmərəli istifadə
olunmasına, müharibə əlilləri və şəhid
ailələrinin həyat şəraitinin
yaxşılaşdırılmasına, tibbi-sosial reabilitasiya
sisteminin müasir tələblər səviyyəsində
yenidən qurulmasına, əhaliyə ödənişlərin
artırılmasına yönəlmiş sosial siyasəti
2014-cü ildə də uğurla həyata
keçirilmişdir.
Ötən ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasda giriş nitqi söyləyərkən
Prezident İlham Əliyev əhalinin sosial problemlərinin həllinin
vacibliyini bir daha qeyd edərək demişdir: “...Əminəm
ki, insanların rifah halı yaxşılaşdıqca
ünvanlı sosial yardıma ehtiyacı olanların da sayı
azalacaqdır. Çünki hazırda Azərbaycanda
yoxsulluq 5 faiz səviyyəsindədir. Keçən
ildə də yoxsulluq aşağı düşübdür,
işsizlik 5 faizdən aşağıdır. Bizim gördüyümüz işlərin nəticələri
bax budur. Bu rəqəmlər
özlüyündə bizim uğurlu
inkişafımızı təsdiq edir”.
Hazırda əmək bazarının mövcud iqtisadi
inkişaf templərinə və xüsusiyyətlərinə
uyğunlaşdırılması üsullarının təkmilləşdirilməsi,
əmək potensialından daha dolğun istifadə
olunması, yeni iş yerlərinin açılması və
müvəqqəti sərbəstləşmiş
işçi qüvvəsinin sosial müdafiəsi hökumətin
diqqət mərkəzində olan əsas məsələlərdəndir.
Əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsinə
və işçi qüvvəsindən istifadənin səmərəliliyinin
artırılmasına nail olmaq üçün turizm, emal sənayesi,
tikinti, energetika, kənd təsərrüfatı, nəqliyyat
və xidmət sahələrinə aid 200 peşə
standartı hazırlanaraq keçən ilin əvvəlindən
sahibkarların istifadəsinə verilmişdir. Bu
prosesin davam etdirilməsi və müxtəlif sahələrə
aid daha 5 mindən çox peşə standartının
hazırlanması nəzərdə tutulur. Əlverişli demoqrafik vəziyyətin
formalaşdığı indiki dövrdə bu problemin həlli
xüsusi əhəmiyyət kəsb edir. Belə ki, son
11 il ərzində əhalinin orta illik
artım göstəriciləri yüksəlmiş, orta
ömür müddəti uzanmış və müsbət
miqrasiya saldosuna nail olunmuşdur.
Əhalinin ümumi strukturunda 15-64 yaş qrupunun payı
66,7 faizdən 71,8 faizə qədər
yüksəlmişdir. Beləliklə,
hazırda Azərbaycanda əhalinin yaş strukturu demoqrafik
dividendin əldə olunmasına imkan verir. Bu amil nəzərə
alınmaqla, eləcə də, əhalinin kəmiyyət və
keyfiyyət artımını tənzimləmək məqsədilə
ölkənin uzunmüddətli inkişaf xəttinə
uyğun olaraq “Azərbaycan Respublikasında demoqrafiya və əhali
sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının
(2014-2025-ci illər)” layihəsi üzərində iş
başa çatdırılmışdır. Əmək
qabiliyyətli əhalinin işlə təminatı
üçün müvafiq tədbirlər
görülmüş, məşğulluq xidməti
orqanlarına müraciət edənlər münasib işlə
təmin olunmuş, bəziləri peşə
hazırlığı və əlavə təhsil
kurslarına göndərilmişdir. Son on bir il ərzində ölkədə 1 milyon 360 min
yeni iş yerləri açılmışdır ki, bunun da
bir milyonu daimi iş yeridir.
Gənclər arasında məşğulluğun
artırılmasının yeni üsullarının
sınaqdan keçirilməsi məqsədilə Beynəlxalq
Əmək Təşkilatı ilə birlikdə xüsusi
pilot layihənin icrasına başlanılmışdır. Layihənin müsbət nəticələrinin
ölkə miqyasında tətbiqi barədə hökumətə
müvafiq təkliflər təqdim olunmuşdur. Layihə
çərçivəsində ali təhsilli, ilk dəfə
işaxtaran bir qrup gəncin yeni iş yerində əmək
haqlarının yarısı 6 ay
ərzində Beynəlxalq Əmək Təşkilatı
tərəfindən subsidiya şəklində işəgötürənlərə
ödənilir.
Ölkə rəhbərinin
tapşırığına əsasən, əmək
müqavilələri bağlamadan işçi
çalışdıraraq əmək haqlarını qeyri-rəsmi
formada verməklə məcburi ödəmələrdən
yayınan işəgötürənlərə qarşı
sərt tədbirlərin görülməsi məqsədilə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
aidiyyəti dövlət orqanları ilə birlikdə problemin
həlli yolu kimi 2013-cü ilin sonunda əmək müqavilələrinin
elektron qeydiyyatı sisteminin yaradılmasına
başlanılmışdı. Bu prosesin hüquqi əsaslarını
təmin etmək üçün 2013-cü ilin dekabrında
qanunvericiliyə müvafiq dəyişikliklər edilmiş,
bundan sonra həmin informasiya sistemi yaradılaraq “elektron
hökumət” portalında yerləşdirilmiş, 2014-cü il iyulun 1-dən isə istifadəyə
verilmişdir.
Hazırda işəgötürənlər
əmək müqavilələrini bu sistemdə fəal şəkildə
qeydiyyata almağa başlamışlar. Bu elektron
informasiya sistemi qeyri-leqal əmək münasibətlərinin
qarşısının alınmasında, muzdlu işçilərin
əmək hüquqlarının müdafiəsinin gücləndirilməsində,
dövlət büdcəsinin gəlirlərinin və sosial
sığorta haqlarının artmasında, həmçinin əmək
bazarının təhlili üçün informasiya
bazasının formalaşdırılmasında mühüm rol oynayacaqdır.
Bununla bərabər, əmək qanunvericiliyinin
gözlənilməsinə nəzarət üzrə inzibati tədbirlər
də sərtləşdirilmişdir. Həyata
keçirilən tədbirlər və vətəndaşların
müraciətlərinin araşdırılması zamanı
9269 halda işəgötürənlər tərəfindən
əmək qanunvericiliyinin tələblərinin pozulduğu
aşkar edilmiş, 2 milyon 352 min manat məbləğində
cərimə tətbiq olunmuş və bunun 35,3 faizi dövlət
büdcəsinə ödənilmişdir.
Aztəminatlı əhalinin sosial-iqtisadi
problemlərinin həlli, onların yaşayış səviyyəsinin
yaxşılışdırılması və sosial
yardımların ünvanlılığının təmin
edilməsi sahəsində ciddi addımlar
atılmışdır. Keçən il
respublika üzrə 90 mindən çox ailə dövlətdən
ünvanlı sosial yardım almışdır. 400 min insana ünvanlı sosial yardım
verilmişdir. Ünvanlı sosial
yardımın hər ailəyə düşən orta
aylıq məbləği 155 manat olmuşdur.
Əhalinin, xüsusilə də,
çoxuşaqlı qadınların və əlillərin
sosial müdafiəsinin yaxşılaşdırılması
istiqamətində bir sıra mühüm tədbirlər həyata
keçirilmişdir. Belə ki, “Sosial müavinətlər
haqqında” Qanuna edilən dəyişikliyə uyğun olaraq
beşdən çox uşağı olan qadınların 18
yaşına çatmamış 6340 nəfər
uşağına sosial müavinət təyin edilmişdir.
Ölkəmizdə müharibə əlillərinin
sosial müdafiəsinin gücləndirilməsinə xüsusi
önəm verilir. Belə ki,
18262 nəfər müharibə əlilinin sosial vəziyyətinin
yaxşılaşdırılması məqsədilə, Azərbaycan
Respublikası Prezidentinin sərəncamları əsasında
2014-cü il aprelin 1-dən onlara verilən Prezident təqaüdünün
məbləği I qrup əlillər üçün 150
manata, II qrup üçün 130 manata, III qrup
üçün isə 100 manata çatdırılmış,
Böyük Vətən müharibəsi
iştirakçılarına təyin edilən Prezident təqaüdünün
məbləği də 100 manata
qaldırılmışdır. Bütövlükdə,
keçən ilin aprel ayından 86452 şəxsin müavinəti
və təqaüdü artırılmışdır ki, bu
artımların maliyyələşdirilməsinə hər ay
əlavə olaraq
2,1 milyon manat vəsait yönəldilir. Ümumiyyətlə,
sosial müavinətlərin, təqaüd və
kompensasiyaların ödənilməsi üçün dövlət büdcəsindən
145,6 milyon manat vəsait xərclənmişdir.
Dövlət
başçımızın müharibə əlillərinin
avtomobillərlə təmin olunması barədə
tapşırığı sürətlə yerinə
yetirilir. Təkcə keçən il
1453 nəfər Qarabağ müharibəsi və Böyük
Vətən müharibəsi əlillərinə, onlara bərabər
tutulan şəxslərə minik avtomobilləri verilmişdir.
Bundan əlavə, 172 nəfər imtiyazlı
şəxs nazirliyin sifarişi ilə inşa edilmiş
yaşayış binalarında mənzil almışdır.
Respublikada əlilliyi olan şəxslərin
cəmiyyətə inteqrasiyası, onlara göstərilən
tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin
yüksəldilməsi üçün bir sıra zəruri tədbirlər
görülmüşdür. Belə
ki, tibbi-sosial ekspert komissiyalarına ilkin əlillik
üçün müraciət edənlərin 17160 nəfəri
(79 faizi) əlil hesab edilmişdir. Bunların da 78,6 faizi
ağır dərəcəli əlillərdir. Təkrar
müayinə edilmiş 107 min nəfərdən 4 min nəfəri
(3,7 faizi) reabilitasiya olunmuşdur, bu da əvvəlki
ilin nəticəsindən 2 dəfə çoxdur. Tibbi
göstərişi olan xəstələrə 412 əlil arabası
verilmişdir. İxtisaslaşmış
müalicəyə ehtiyacı olan 76 nəfər əlil və
85 nəfər sağlamlıq imkanları məhdud olan
uşaq respublikadan kənarda sanatoriya müalicəsi
almışlar. Eyni zamanda, respublikada əlillərin
bərpası ilə məşğul olan 14 mərkəzdə
3608 nəfər əlil müalicə kursu keçmişdir.
Keçən il əmək və
sosial müdafiə sahəsində ölkəmizin beynəlxalq
əlaqələrinin daha da inkişaf etdirilməsinə
xüsusi önəm verilmişdir. Birləşmiş
Millətlər Təşkilatının Əlillərin
hüquqları Komitəsinin 11-ci sessiyasında “Əlillərin
hüquqları haqqında” Konvensiya üzrə Azərbaycan
Respublikasının ilk məruzəsi uğurlu olmuşdur.
Komitə üzvlərinin diqqətinə, həmçinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ölkədə
əlilliyin artmasına təkan verdiyi və bu münaqişə
nəticəsində 12 min nəfərdən çox
insanın müharibə əlili olduğu
çatdırılmışdır. Eyni zamanda, əlilliyi
olan şəxslərin maddi təminatlarının gücləndirilməsi
ilə bağlı Azərbaycan Prezidentinin həyata keçirdiyi fəal
siyasət barədə konkret göstəricilər əsasında
tədbir iştirakçılarına məlumat
verilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin rəhbərliyi əhali ilə əlaqəni
intensivləşdirmiş, mövcud problemlər haqqında ilk
mənbədən məlumat alınması və müvafiq qərar
çıxarılması işini qaydaya
salmışdır. Dövlət
başçısının ünvanlı sosial
yardımların və əlillik dərəcələrinin təyinatında
mövcud olan mənfi halların təcili aradan
qaldırılması və şəffaflığın təmin
olunması barədə verdiyi tapşırıqların
icrası sürətlə aparılır. Fəaliyyətində qanun pozuntularına yol
vermiş 280 nəfər tutduğu vəzifədən azad
edilmiş, daxili nəzarət qaydasında aparılmış
araşdırmaların nəticələri 5 halda
hüquq-mühafizə orqanlarına göndərilmişdir.
İnzibati tədbirlərlə yanaşı, şəffaflığın
tam təmin edilməsinin modern üsullarının tətbiqi də getdikcə
intensivləşdirilir. Xüsusilə də, həm
ünvanlı sosial yardımların, həm də əlilliyin
təyinatında avtomatlaşdırılmış sistemlərin
formalaşdırılması vətəndaş-məmur təmaslarını
minimuma endirəcəkdir.
Prezident İlham Əliyevin sədrliyi ilə
keçirilən Nazirlər Kabinetinin iclasında 2015-ci ildə
qarşıda duran vəzifələrdən danışan
dövlətimizin başçısı demişdir:
“Ünvanlı sosial yardım, əhalinin pul gəlirlərinin
artırılması, məcburi köçkünlər
üçün yeni qəsəbələrin salınması,
evlərin tikilməsi - bütün bu proqramlar təmin ediləcək.
Məktəb, xəstəxana
tikintisi davam etdiriləcək. Eyni zamanda, infrastruktur layihələri,
ilk növbədə, içməli su ilə bağlı olan
layihələr icra ediləcək. Bu ilin əvvəlində və
keçən ilin sonunda bu istiqamətə Prezidentin Ehtiyat
Fondundan böyük vəsait ayrılmışdır. Bu il ən
azı 300 artezian quyusu qazılacaq və ən azı 50 kənddə
modul tipli təmizləyici qurğular quraşdırılacaq.
Yəni, bu məqsədlərə həm dövlət
büdcəsindən, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan vəsait
ayrılacaq...”
Telman ƏLİYEV,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi müsabiqəyə təqdim olunur.
Xalq qəzeti.- 2015.- 8 fevral.- S.6.