Naxçıvan:
mübarizə,
qürur və əzəmət rəmzi
Naxçıvan
Muxtar Respublikası – 91
9 fevral Azərbaycanın siyasi həyatında xüsusi məna kəsb edən bir tarixdir. Bir tərəfdən, 9 fevral 1924-cü ildə Naxçıvan muxtar respublika olaraq Azərbaycanın tərkibində qaldı. Digər tərəfdən isə, bu tarixi Azərbaycanın, xüsusən də ölkəmizin ayrılmaz bir parçası olan Naxçıvanın taleyində bir imtahan, sınaq kimi də qiymətləndirmək olar.
XX əsrin əvvəllərində
böyük dövlətlərin Qafqaz planlarında ciddi dəyişikliklər
baş vermişdi. Həmin
dövrdə Qafqaz Qərblə Şərqin,
İslam və xristian
dünyasının qarşıdurma nöqtəsi hesab olunurdu. Buna görə də neft
iyinə yığışan bütün
böyük dövlətlər Qafqazda öz dayaq nöqtəsini yaratmağa
çalışırdılar. Başqalarının əlində
alət olmaq missiyası isə tarix boyu, sanki,
ermənilərin boyuna biçilmişdir.
Qafqazda tarixin heç bir mərhələsində
müstəqil dövləti olmayan ermənilər
bu fürsətdən maksimum
yararlandılar.
Hələ
keçən əsrin əvvəllərində erməni təcavüzkarlığı
öz zirvəsinə qalxmışdı.
1905-1907, eləcə də 1918-1920-ci illərdə
Naxçıvanda, Zəngəzurda, Qarabağda,
Şamaxıda, Qubada və digər Azərbaycan
torpaqlarında erməni silahlı dəstələri azərbaycanlı
əhaliyə qarşı qırğınlar törətmişdilər. Mərkəzi Naxçıvan olmaqla, Şərur-Dərələyəz, Vedibasar və Sürməli bölgələrində
qurulan Araz-Türk
Respublikasının əsas missiyası yerli
əhalini erməni qırğınlarından qorumaq
idi. Həmin dövrdə regionda
ingilis, amerika hərbi
qüvvələrinin olması, Amerika general-qubernatorluğunun yaradılması böyük dövlətlərin Qafqaz planlarına doğru
atılmış addımlardır. Bu planların nəticəsində
1918-ci ildə tarixi Azərbaycan torpaqlarının
hesabına Ararat Respublikası
yaradıldı, qədim Azərbaycan şəhəri İrəvan
regionda gərginliyin azaldılması üçün bu yeni dövlətə güzəştə gedildi. 1920-ci ildə Sovet
işğalı nəticəsində isə böyük
mübarizədə regionun qalibi müəyyənləşmiş oldu. Qısa zamanda
tarixi arzularına çatan
ermənilərin ambisiyaları daha da artdı. Digər “böyüklər”dən
müstəqil dövlət payı alan
ermənilər Qafqazın yeni
ağası olan Sovet
Rusiyasından da Azərbaycan
torpaqlarını pay almaq
uğrunda səy göstərirdilər.
Nəticədə, Zəngəzur ermənilərə hədiyyə
edildi, Naxçıvan və Qarabağ isə növbəti hədəf seçildi.
Həmin dövrdə
Naxçıvan, ilk növbədə, yerli əhalinin mübarizəsi və qətiyyəti
hesabına Azərbaycanın tərkibində qalmış oldu. Yerli əhalinin təkidi ilə Moskva
tərəfindən keçirilən rəy sorğusuna
əsasən, Naxçıvanda yaşayan
əhalinin böyük əksəriyyəti
qətiyyətlə Azərbaycanın tərkibində qalmaq istəklərini bildirdilər. 1921-ci ildə
imzalanan Moskva və Qars müqavilələri isə
Naxçıvanın statusunun toxunulmazlığına
beynəlxalq zəmanət qazandırmış oldu. Bütün bu siyasi-hərbi mübarizə
9 fevralda Naxçıvanın Azərbaycan
SSR-in tərkibində Muxtar
Sovet Sosialist
Respublikası statusu ilə
yekunlaşdı. Təqvimin bu günü Naxçıvanın Azərbaycanın
ayrılmaz tərkib hissəsi olmasını təsdiqləməklə
tarixə yazıldı. Buna görə də
9 fevralı, hər şeydən əvvəl,
Naxçıvanda yaşayan əhalinin qətiyyətinin
zəfəri adlandırmaq olar.
Min illərlə Azərbaycan tarixində özünəməxsus
yeri olan bu diyar ermənilərin və
onların havadarı olan xarici
qüvvələrin məkrli planlarından bütövlük
prinsipini saxlayaraq
çıxdı. Məhz bu səbəbdən
də 9 fevral Azərbaycandan yalnız coğrafi cəhətdən ayrı salınmış, ancaq
Azərbaycanın ayrılmaz tərkib hissəsinin yeni tarixinin
başlanğıcı kimi tarixə düşmüşdür.
Sovet dövründə də
Naxçıvana qarşı erməni fitnəsi və ögey münasibət davam
etmişdir. Belə ki,
Kremlin təzyiqi ilə 1929-1931-ci illərdə
Naxçıvanın 9 kəndi Ermənistana verilmişdir.
Sonrakı illərdə də bir
sıra ərazilər Ermənistana birləşdirilmişdir
və Naxçıvan Muxtar
Respublikasının Qars müqaviləsi
ilə təsbit edilmiş ərazisinin, təqribən,
15 faizi XX əsrin müxtəlif illərində
Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.
Sovet rejimi
dövründə Naxçıvan xüsusi
sərhəd zonası olaraq SSRİ-nin mərkəzi
planlaşdırılmasında bir çox iqtisadi layihələrdən
kənarda saxlanılmışdır. Müqayisə üçün deyək ki,
Azərbaycanın tərkibində digər bir
muxtar statuslu bölgə
olan Dağlıq Qarabağ
Muxtar Vilayətinə büdcədən dəfələrlə
çox vəsait ayrılır, güzəştlər
edilirdi.
Naxçıvan
Azərbaycanın ayrılmaz tərkib hissəsi
olmasını və böyük Azərbaycançılıq
ideallarına dönməz sədaqətini Sovetlər
İttifaqının dağılması dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi
altında Azərbaycan dövlətçiliyinə xidməti
ilə bir daha təsdiq etmişdir. 1990-cı
ildə ilk dəfə Naxçıvanda
Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü elan
olunması ilə bağlı qərar verildi.
20 yanvar gecəsi isə Naxçıvan MSSR-in Ali Sovetinin fövqəladə sessiyasında muxtar respublikanın SSRİ-nin
tərkibindən çıxması barədə qərar qəbul
edildi. Sonralar bu tarixi qərarı şərh
edən görkəmli dövlət xadimi
Heydər Əliyev deyirdi:
“Naxçıvanlıların bu tarixi hərəkəti həmin dövrdə Sovet İttifaqı üçün
misli görünməmiş hadisə idi... Bu, naxçıvanlıların nə qədər mərd,
cəsarətli və azadlıqsevər olduqlarının sübutu idi.” Əsrin
sonlarında ermənilərin Azərbaycan torpaqlarına yeni təcavüzü başlayarkən ulu öndər Heydər Əliyev Qars müqaviləsini yenidən gündəmə
gətirməklə Naxçıvanın Azərbaycanın
ayrılmaz parçası olmaq taleyini bir daha
həll etmiş oldu.
Anklav regionun
uğurlu modeli
Yeni dövrdə Naxçıvan Muxtar
Respublikası böyük inkişaf yolu keçmişdir. Təkcə onu sadalamaq kifayətdir ki, son 10 ildə muxtar respublikada ümumi daxili məhsulun həcmi
10,3 dəfə, sənaye məhsulunun ümumi
həcmi 34,9 dəfə, kənd təsərrüfatının
ümumi məhsulu 4,6 dəfə, əsas
kapitala investisiyalar
11,5 dəfə, xarici ticarət dövriyyəsi
13,2 dəfə artıb.
Nəzərə alsaq ki,
Naxçıvan anklav bölgə, həm
də blokada şəraitindədir onda bu statistik
rəqəmlərin həyata keçirilən ardıcıl və
məqsədyönlü işin bəhrəsi
olduğu daha aydın
olar.
Fikrimizcə,
Naxçıvan dünyada mövcud
olan anklav bölgələr
arasında hərtərəfli inkişafın uğurlu
modeli hesab oluna bilər. Azərbaycanın əsas ərazisindən
ayrı düşdüyü üçün və müharibə ilə bağlı
blokada şəraitində olan
Naxçıvan iqtisadi siyasətində
özünəməxsus tənzimləmələr mexanizmləri
tətbiq edir. Regionun
hazırkı yüksək inkişaf səviyyəsi
göstərir ki, Naxçıvan Muxtar Respublikası rəhbərliyinin həyata
keçirdiyi iqtisadi
siyasət uğurlu anklav
bölgə modelinin əsasında
dayanır.
Hazırda dünyada siyasi, tarixi, coğrafi səbəblərdən
yaranmış müxtəlif ölçüdə 283 anklav ərazi mövcuddur.
Dünya təcrübəsində bu tip ərazi
quruluşlarının yaranması tarixi, siyasi və coğrafi səbəblərlə
əlaqədardır. Naxçıvan anklavının
yaranması daha çox
siyasi-tarixi proseslərin nəticəsidir.
Belə ki, keçən əsrin 20-ci illərində
Sovet Rusiyası tərəfindən Qafqaz işğal olunarkən
bu regionda
yaradılmış müttəfiq respublikaların sərhədlərində
dəyişikliklər edilmişdir. Tarixi Azərbaycan
torpaqları Zəngəzurun, Dərələyəzin Sovet rəhbərləri tərəfindən
Ermənistan SSR-ə hədiyyə edilməsi hesabına
Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə
birbaşa quru əlaqəsi
kəsilmiş və nəticədə, Naxçıvan anklav əraziyə çevrilmişdir.
Müstəqillik
dövründə isə anklav region olan Naxçıvan Muxtar Respublikası Ermənistanın hərbi
təcavüzü nəticəsində blokada
şəraitində yaşamağa məcbur
olmuşdur. Məhz bu
səbəbdən Azərbaycanın vahid iqtisadi sistemindən təcrid olunmuş
muxtar respublika anklav şəraitdə olsa
belə, uğurlu gömrük-vergi
tənzimləmələri tətbiq etməklə daxili bazarı qoruyur, xarici bazarlara
çıxış imkanlarını genişləndirir.
Gələcəyin üfüqləri
Bu gün sevinclə qeyd etmək olar ki, Azərbaycanın dövlət müstəqilliyinin
ilk günlərindən blokada
şəraitində olan Naxçıvan öz ağır günlərini artıq arxada qoymuşdur. Gələcəyə
nəzər salarkən indi
Naxçıvanda yeni bir
mənzərə açılır. Məlum olduğu kimi, blokada şəraitində
Naxçıvanın Azərbaycanın vahid
təsərrüfat sistemindən ayrı düşməsi, quru yolu ilə birbaşa nəqliyyat əlaqələrinin kəsilməsi
nəticəsində region iqtisadi
cəhətdən ağır vəziyyətə düşmüşdü. Amma
bu gün
Naxçıvan bir sıra istiqamətlər
üzrə nəinki özünün
ehtiyaclarını təmin edir, hətta xarici ticarət əlaqələrini yeni bazarlara doğru genişləndirir. Elektrik
enerjisi sahəsində mövcud
vəziyyət deyilənlərin əyani təzahürüdür.
Elektrik enerjisinin böyük fasilələrlə verilməsinin
çətinliklərinin şahidi olan, təbii qazın az qala unudulduğu dövr artıq arxada
qalmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü
siyasət əsasında
regionların sosial-iqtisadi inkişaf
proqramının uğurlu icrası nəticəsində
indi muxtar
respublikanın ən ucqar dağ
kəndində belə təbii qaz da, fasiləsiz işıq da
vardır. Nəqliyyat sahəsində
Naxçıvan yaxın gələcəkdə böyük perspektivlər vəd edir.
Hazırda Azərbaycanın əsas ərazisi ilə
yükdaşımalar daha çox
İran ərazisi vasitəsilə
aparılır. Naxçıvanın beynəlxalq aləmə
çıxışı isə Türkiyə və İranla sərhəd keçid
məntəqələri və beynəlxalq aeroportun
üzərinə düşür.
Naxçıvandan İstanbula, Moskvaya müntəzəm uçuşların
həyata keçirilməsi ilə Naxçıvan blokada tilsimini
sındırır.
Dəmir yolu ilə bağlı layihələrin isə
Naxçıvanı Yeni İpək Yoluna
qaytaracağı gün uzaqda
deyildir. Məlum olduğu
kimi, Naxçıvan bütün
tarix boyu öz inkişafının yüksək mərtəbəsinə
qədim İpək Yolunun işlək vəziyyəti
zamanı yüksələ bilmişdir. Orta əsrlərdə Naxçıvanda bu yol üzərində onlarca karvansara, məscid, körpü
salınmış, Naxçıvan, Ordubad,
Culfa, Aza kimi böyük şəhərlər
olmuşdur. Azərbaycan Atabəylər dövrünü Naxçıvanın tarixi inkişafının “qızıl dövrü” adlandırmaq olar.
Azərbaycan Atabəylər dövlətinin paytaxtı olan Naxçıvanda Möminə xatın məqbərəsi
başda olmaqla, bir çox memarlıq abidələri
əsrlər boyu bu diyara bəzək vermiş,
tarixi simvola çevrilmişdir. Müasir
dövrümüzdə Naxçıvanın yenidən mühüm nəqliyyat yollarına
çıxış imkanı yaranmışdır.
Azərbaycanın təşəbbüsü
ilə tikintisinə başlanan
Bakı-Tbilisi-Qars dəmir yolu artıq yekunlaşmaq üzrədir. Bu
nəqliyyat arteriyası Pekini Londona birləşdirəcək ən qısa
yoldur və Şərq-Qərb nəqliyyat
marşrutunda ən mühüm
vəsilə olacağı gözlənilir. Bakı-Tbilisi-Qars
dəmir yolu böyük
coğrafi kəşflərdən sonra itirilən Böyük
İpək Yolunu tamamlayacaq
bir layihədir. Heç bir
xarici donordan, beynəlxalq
maliyyə institutlarından vəsait almadan,
hətta tikintisinə müxtəlif qüvvələr tərəfindən
əngəllər törədilən Bakı-Tbilisi-Qars dəmir
yolunun istifadəyə verilməsinin Azərbaycanın
geosiyasi çəkisinə güc qatacağını əminliklə
söyləmək olar.
Dəmir yolu xəttinin Qarsdan
Naxçıvana qədər uzadılması ilə
bağlı planlar isə strateji
xarakter daşıyır və
Naxçıvanın gələcək taleyində müstəsna
rola malik olacaqdır. Bu, dövlət başçısının
uzaqgörən siyasətinin təzahürüdür və
Ermənistan tərəfindən blokadaya
alınan Naxçıvanın dünyaya
və Ana Vətənə
qovuşmasına hesablanmışdır. Beləliklə,
Bakı-Tbilisi-Qars dəmir yolu
Naxçıvanın beynəlxalq aləmə yeni
çıxış imkanı yaradacaqdır. Naxçıvan
yenidən “Şərqə açılan qapı” və “Türk dünyasına qapı” olaraq öz layiqli yerini tutacaqdır. Muxtar respublikada dəmir yol infrastrukturunun işlək
vəziyyətdə saxlanılması Qars-İqdır marşrutunun Naxçıvanda dərhal Şərur,
Culfa və Ordubada qədər
hərəkətdə olmasını təmin edə biləcəkdir.
Bundan başqa, bu marşrut tarixi ənənəsi olan
Culfa-Təbriz xəttinin də Mərkəzi Asiyaya
qədər uzadılmasına imkan
yaradacaqdır. Beləliklə, Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər
uzadılması Dəmir İpək Yolunu
dairəvi halqaya çevirəcəkdir.
Şərq-Qərb tranzit əlaqələri
Naxçıvanın inkişafında mühüm
rol oynayacaqdır.
“İslam mədəniyyətinin
paytaxtı”
Məlum
olduğu kimi, 2009-cu il oktyabrın 14-də Bakıda İslam ölkələrinin mədəniyyət
nazirlərinin VI konfransında qəbul edilmiş
qərara əsasən, qədim Azərbaycan torpağı olan Naxçıvan 2018-ci il
üçün “İslam
mədəniyyətinin paytaxtı” elan edilmişdir. Bu, bütün İslam
aləmində Azərbaycanın və onun
ayrılmaz parçası olan
Naxçıvanın daha yaxından
tanıdılması, xalqımızın tarixin
dərin qatlarında yatan maddi-mənəvi
dəyərlərinin təbliği baxımından mühüm bir platforma və gözəl bir
fürsətdir.
Qeyd etməliyik ki,
Naxçıvan öz tarixi
və dini abidələri ilə mədəniyyət
paytaxtı olmağa tamamilə layiqdir. Bəşəriyyətin
yenidən yaranış tarixini simvolizə
edən Nuh peyğəmbərin məzarüstü
abidəsi, adı müqəddəs “Qurani-Kərim”də
adıçəkilən Əshabi-Kəhf ziyarətgahı, min ilə yaxındır ki,
öz mövcudluğunu
qoruyan Möminə xatın türbəsi,
orta əsrlərə aid
Qarabağlar türbəsi, yüksək
səviyyədə yenidən bərpa olunmuş
Naxçıvan şəhər-qalası bu
qədim torpağı dünyaya
tanıdacaqdır. Bu təqdimat isə Azərbaycançılıq
və İslam dini dünyagörüşünün vəhdətinin
fəlsəfəsini ortaya qoymağa
qadirdir. Naxçıvandakı tarixi abidələr burada
bəşər sivilizasiyası ilə Türk-İslam
mədəniyyətinin və müasirliyin
vəhdət halında mövcudluğunu
göstərir.
Çünki Naxçıvanda bəzi islamaqədərki
tarixi abidələri burada
yaşayan yerli əhalinin tək Tanrıya inamını
ortaya qoyur. Bu mənada Əshabi-Kəhf ziyarətgahını
xüsusi fərqləndirmək olar. Bu qədim tarixi-dini məkan hətta İslamdan
əvvəl də türklərin tək Tanrıya
inancını əks etdirən bir fəlsəfəni
təcəssüm etdirir. Fikrimizcə,
İslamın bu regionda
asanlıqla qəbul edilməsinin əsas səbəbi
türklərin İslamla yekun
nəticədə çox yaxın olan göytanrıçı inama
sahib olması ilə əlaqəlidir. Bu baxımdan İslam mədəniyyətinin
paytaxtında bu fəlsəfi dünyagörüşün təqdimatı da maraqlı olar.
Digər
mühüm tarixi abidə
kimi, Əlincə qalasının və ətrafındakı
dini-tarixi abidələrin İslam
aləmi üçün xüsusi
maraq doğuracağını güman etmək olar. Çünki bu tarixi məkan bir neçə
aspektdən Azərbaycan həqiqətlərinin və fəlsəfi
dünyagörüşünün təbliğinə xidmət edir.
Birincisi, “Kitabi – Dədə
Qorqud” dastanında adı çəkilən
abidə kimi Əlincə qalası bu məkanın qədim türk
yurdu olmasının əsas göstəriciləri
sırasında mühüm yer tutur. Dünya
ictimaiyyəti, o cümlədən İslam ölkələri Naxçıvanda
ermənilərin qədimdən yaşaması ilə
bağlı erməni diasporunun
uydurmaları, saxtalaşdırmaları ilə tez-tez
qarşılaşırlar. Naxçıvan tarixinin saxtalaşdırılması ilə
bağlı ermənilərin məkrli təbliğatına
qarşı ən tutarlı cavablardan biri “İslam mədəniyyəti
paytaxtı”na yığışacaq nümayəndə heyətlərinə
ən qədim türk dastanlarından olan “Kitabi – Dədə Qorqud”da əks olunan Azərbaycan torpaqlarının, o cümlədən Əlincə
qalasının təqdimatı olar.
İkinci bir məqam Əlincə
qalası- hürufilik
bağlılığının təqdimatıdır. Məlumdur
ki, hürufiliyin
yaranıb formalaşdığı XIV-XV əsrlərdə İslam təlimində bu
dünyagörüşünə münasibət birmənalı
olmamış, bəzən hətta küfr
sayılmışdır. Həmin dövrdə hakimiyyətdə
olanların bir çoxu
hürufiliyi və sufi
dünyagörüşünü dinə
təhdid kimi görmüş,
ona qarşı mübarizə
aparmışdır. Lakin bu
da bir faktdır ki, bütün bu mübarizələrin müqabilində xalq arasında hürufi təlimi
və dünyagörüşü geniş yayılmışdır. Bu baxımdan Əmir Teymurun
hürufilik təliminin banisi
Fəzlullah Nəimini 1394-cü ildə Əlincə
qalasının ətəyində edam
etdirməsi bu günə qədər yaddaşlardan silinməmişdir. Xalqın böyük sevgisi sayəsində
Nəiminin məzarı bu gün
də Əlincənin ətəyində qorunub
saxlanılmışdır. Ehtimallara
görə, Fəzlullah Nəiminin burada
basdırılmasının səbəbi onun
Əlincədən Araz çayına tərəf
orta əsr şəhəri olan Astarabaddan
olmasıdır. Yəni, Fəzlullah Nəiminin məzarının
burada əsrlərdir qorunması vətəni
ilə əlaqədardır. Bu isə o deməkdir ki,
Naxçıvan hürufizmin əsas mərkəzlərindən
biri olmuşdur. Xalq arasında Nəiminin türbəsi kimi tanınan həmin abidənin son illərdə əsaslı şəkildə
yenidən qurulması böyük tarixin yaşadılması ilə
yanaşı, həm də dünyaya təqdim
edilməsinə yol açacaqdır.
Müasir dövrümüzdə İslam
dini dünyagörüşündə hürufi fəlsəfəsinə münasibət
dəyişmişdir. Artıq bu fəlsəfə
dünyada İslama
qarşı deyil, İslam
daxilində təsəvvüf dünyagörüşü
kimi öyrənilir. Bu mənada hürufiliyin
mərkəzlərindən olan Əlincə
qalası və ətrafındakı abidələr İslam dünyasında bir
fəlsəfi təlimin incəliklərinə diqqət etmək
üçün fürsət verir və şübhəsiz, bu,
mütəxəssislərin də diqqətini cəlb edəcəkdir.
Tarixdən o da məlumdur ki, Əlincə qalası 14 il
(1387-1401) Əmir Teymurun
qoşunlarının mühasirəsində qalmış və
təslim olmamışdır. Bütün
dünyanı lərzəyə gətirən Əmir Teymurun Əlincəni ala
bilməməsi Azərbaycan tarixinə yazılan bir mübarizənin, qətiyyətin, əzəmətin
rəmzidir. Beləliklə, Əlincə qalası İslam dünyasına Azərbaycan
xalqının qəhrəmanlıq səhifəsini, milli-mənəvi
dəyərlərini, fəlsəfi dünyagörüşünü,
tarixini təqdim edə biləcək
möhtəşəm bir abidədir. Bu mənada Naxçıvan MR Ali
Məclisinin sədri Vasif Talıbovun sərəncamı
ilə Əlincə qalası tarixi-memarlıq kompleksinin
tikintisi 2018-ci il “İslam mədəniyyətinin paytaxtı” kimi Naxçıvanın bu
missiyaya hazırlığına böyük bir töhfədir.
Hazırda Naxçıvan şəhərində inşa edilməkdə olan
böyük məscid kompleksi
də İslam memarlığının müasir səviyyəsini əks etdirmək
imkanlarına malikdir.
Beləliklə, hər
tərəfdən, sıra dağlarla əhatə
olunan Naxçıvandan gələcəyə
doğru baxarkən yeni-yeni
üfüqlər açılır. Minillərdir ki, Naxçıvanın taleyinə şahidlik edən həmin dağlar
diyarın inkişafının əzəmətinin rəmzinə
çevrilib. Dağların
Naxçıvan üçün xüsusi bir mənası
vardır. Bu yaxınlarda nəşr olunan “Naxçıvan - Şərqin əfsanəsi”
kitabında qeyd edildiyi
kimi, “Venesiyada kanallar, Naxçıvanda isə dağlar yerli mənzərənin
səciyyəvi detalı kimi
çıxış edir”. İndi Naxçıvanda həyatın və
inkişafın səviyyəsi heyrətamizdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət
Vətənimizin ayrılmaz bir
parçası olan və muxtariyyətinin
91-ci ilini qeyd edən
Naxçıvanı hər keçən gün
daha böyük zirvələrə
aparır. Yüksəlişin uğurlu və
davamlı olsun, Naxçıvan!
Ərəstü HƏBİBBƏYLİ,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Xarici əlaqələr şöbəsi analitik informasiya sektorunun müdiri,
iqtisadiyyat üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2015.- 8 fevral.- S.4.