Zaman Azərbaycanın
xeyrinə işləyir
(əvvəli
ötən sayımızda)
Təqdirəlayiq
haldır ki, dövlət rəhbəri İlham Əliyevin
müvəffəqiyyətlə həyata keçirdiyi məqsədyönlü
siyasətlə ölkəmizin birinci xanımı, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın nəcib fəaliyyəti həmahəngdir. Prezidentimiz və onun xanımı Azərbaycanın
nəinki Qafqaz regionunda, eləcə də bütün
dünyada aparıcı mövqeyə çıxması,
dünya birliyində layiqli yerini tutması, qüdrətli,
inkişaf etmiş dövlətə çevrilməsi
üçün yorulmadan çalışırlar. Mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin
qorunması, ümumbəşəri dəyərlərə
sadiq qalması, təhsilimizin, elmimizin inkişafı istiqamətində
bu xeyirxah xanımın göstərdiyi xidmətlər,
gördüyü dəyərli işlər xalqımız,
millətimiz, Vətənimiz üçün müstəsna əhəmiyyətə
malikdir. Mehriban xanım Əliyeva Heydər
Əliyev Fondunun prezidenti olaraq dövlətçilik tariximizdə
misilsiz tarixi xidmətlər göstərmiş qüdrətli
bir şəxsiyyətin — Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin siyasi irsinin qorunması və
təbliği kimi ali bir missiyanı da layiqincə yerinə
yetirir. Ulu öndər Heydər Əliyev zəngin
dövlətçilik və siyasi irsinin qorunması, təbliğ
edilməsi və gələcək nəsillərə
ötürülməsi Azərbaycan xalqının milli
dövlətçilik şüurunun inkişafının və
yetişməkdə olan gənc nəslin dövlətçilik
ənənələrinə sədaqət, azərbaycançılıq
ideologiyası, Azərbaycan məfkurəsi ruhunda tərbiyə
olunmasının ən vacib şərtlərindən biridir.
UNESCO,
İSESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa
Şurasının dəstəyi ilə 2011 və 2013-cü
illərdə Bakıda I və II Ümumdünya mədəniyyətlərarası
forumları keçirilmişdir. 2011-2013-cü illərdə
I, II və III Bakı Beynəlxalq humanitar forumları və
başqa nüfuzlu tədbirlər Bakıda təşkil olunmuşdur. Növbəti - IV
Bakı Beynəlxalq humanitar Forumu ötən ilin oktyabr
ayında keçirilmişdir. 2014-cü ilin 2-3 oktyabr tarixlərində
keçirilən Dördüncü Bakı Beynəlxalq
Humanitar Forumunda 63 ölkəni və 4 mötəbər beynəlxalq
təşkilatı təmsil edən 500 nəfər iştirak
etmişdir. Onlardan 4 nəfəri sabiq dövlət
başçısı, 14-ü Nobel mükafatı
laureatı, 41-i görkəmli ictimai və siyasi xadim idi.
Ölkəmizdə
son illərdə sahibkarlığa göstərilən maliyyə
dəstəyi daha da gücləndirilmiş, Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən 4468 sahibkara 275 milyon
manat güzəştli kredit verilmişdir. Bu kreditlərin 150
milyon manatını dövlət büdcəsindən
ayrılmış vəsaitlər, 125 milyon manatını isə
əvvəlki illərdə sahibkarlara verilmiş və geri
qaytarılan kreditlər təşkil edir. Bu kreditlər
hesabına maliyyələşdirilən investisiya layihələrinin
reallaşdırılması 12 mindən çox yeni iş
yerinin açılmasına imkan yaradır. Güzəştli
kreditlərin 68,8 faizi aqrar sektorun, 31,2 faizi müxtəlif sənaye
məhsullarının istehsalı və emalı sahəsinin
inkişafına yönəldilmişdir. Verilmiş kreditlərin
72,1 faizi ölkə regionlarının, 27,9 faizi isə
Bakı qəsəbələrinin payına düşür.
Son on bir il ərzində Azərbaycanda
1 milyon 300 min yeni iş yeri açılmışdır ki,
onlardan da 900 mini daimi iş yeridir. İşsizlik
kimi ciddi problemin böyük hissəsi, demək olar ki, öz
həllini tapmışdır. Azərbaycanda
ölkə rəhbəri İlham Əliyevin
düşünülmüş siyasəti sayəsində
işsizlik 5 faizə qədər azalmışdır.
Prezidentimiz bildirmişdir ki, biz ölkələr
arasındakı əlaqələrin inkişafı
üçün humanitar aspektlərə daim böyük diqqət
göstəririk:”Çünki bizim tarixi keçmişimiz, mədəniyyətimiz
bunu diktə edir. Əsrlər boyu Azərbaycanda
çoxkonfessiyalı, çoxmillətli cəmiyyət
formalaşıb, mövcuddur və müstəqillik
dövründə bu müsbət meyillər daha da güclənmişdir.
Azərbaycanda bütün xalqlar dostluq,
mehribanlıq şəraitində, bir ailə kimi
yaşayır. Heç vaxt Azərbaycanda
dini, milli zəmində qarşıdurma,
anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir.
Çünki hər bir ölkənin
gücünü, əlbəttə ki, bir neçə amil
müəyyən edir - siyasi imkanlar, iqtisadi güc və eyni
zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam
mühit və həmrəylik duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi
çox müsbətdir və biz öz işimizlə
dünyada gedən proseslərə müsbət töhfəmizi
veririk”.
Azərbaycanda aparılan islahatlar və
düşünülmüş iqtisadi siyasət
dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən
də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət
qabiliyyətliliyinə görə 38-ci yerə layiq
görmüşdür. Azərbaycan bu
gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir.
Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən
artıqdır. “Əsrin müqaviləsi”nin
imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan
Azərbaycanın təchizatçısı olduğu
Bakı-Tbilisi-Ceyhan layihəsi ilə ölkəmiz qlobal enerji
bazarında mühüm iştirakçıya
çevrilmişdir. Hazırda Azərbaycandan
neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə
ixrac edilir. Azərbaycan
sənayesi yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. Yeni inkişaf mərhələsi isə,
öz növbəsində, müasir
çağırışlar və yeni təşəbbüslər
nəzərə alınmaqla, sənayenin modernləşdirilməsi
və qeyri-neft sənayesinin şaxələndirilməsi,
mövcud təbii və iqtisadi resursların təsərrüfat
dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye
sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin
yaradılması, regionlarda sənaye potensialının
gücləndirilməsi, sənayenin innovasiyalar əsasında
inkişafını təmin edəcək imkanların
formalaşdırılması zərurətini yaradır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan
edilməsi məhz bu sahəyə dövlət
başçısı tərəfindən göstərilən
böyük diqqət və qayğının əyani təzahürüdür.
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına istiqamətlənmiş dövlət
proqramları ilə nəzərdə
tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi
ölkə iqtisadiyyatının diversifikasiyasını təmin
etmiş, qeyri-neft sektorunun dayanıqlı inkişafı,
prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi regionlarda
müasir infrastruktur layihələrinin
reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin
fəaliyyətə başlaması üçün zəmin
yaratmışdır.
Son 10 ildə Azərbaycan iqtisadiyyatı
dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat
olmuşdur. Maliyyə və iqtisadi
böhran illərinə baxmayaraq, ölkəmizdə iqtisadi
inkişaf sahəsində pozitiv təmayüllər
saxlanmaqdadır. 2013-cü il ərzində qeyri-neft sənayesində
yaradılan əlavə dəyərin həcmi əvvəlki
illə müqayisədə 3,4 faiz
artmışdır.
“Neft Azərbaycanın ən böyük
sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə
deyil, həm də gələcək nəsillərə mənsubdur”. Ulu öndər Heydər Əliyevin bu fikri dövlətimizin
həyata keçirdiyi iqtisadi siyasətin əsasında
dayanır. 2013-cü ildə Azərbaycanın
neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi
üçün tarixi sazişlər imzalanmışdır.
Transadriatik boru xətti layihəsinə dair qərarın
qəbul edilməsi, TAP-ın əsas marşrut kimi seçilməsi
ötən ilin strateji əhəmiyyətli hadisələridir.
Regionun və Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında müstəsna əhəmiyyəti olan
TANAP və TAP layihələri hələ uzun illər ölkə
iqtisadiyyatına öz səmərəsini verəcəkdir.
Bundan başqa, dünyanın ən iri enerji layihələrindən
olan “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının
imzalanması Azərbaycanın ən iri qaz
yatağının tam həcmdə işlənilməsinə
şərait yaradacaqdır.
2014-cü il sentyabrın 20-də ”Cənub”
qaz dəhlizinin təməli qoyuldu. Bu tarixi gün məhz
1994-cü il sentyabrın 20-də “Əsrin
müqaviləsinin”nın imzalanmasından və onun uğurla
icra edilməsindən düz 20 il ötdüyü gün idi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
tikintisi tarixi nailiyyətlərdir. Prezidentimizin sözlərinə
görə, bu kontrakt bizə imkan verir ki, iqtisadi və maliyyə
imkanlarımızı artıraq:”Mən hesab etdim ki, XXI əsrin
layihəsi də “Cənub” qaz dəhlizidir və yaxşı
olar ki, 20 il sonra məhz sentyabrın 20-də
bu təməlqoyma mərasimini keçirək. Belə
də oldu. Yüksək səviyyəli
çoxsaylı qonaqların iştirakı ilə “Cənub”
qaz dəhlizi layihəsinin təməli qoyuldu, tikintisi
başlamışdır. Bu, böyük və
tarixi hadisədir”.
Ölkə rəhbərliyini apardığı
uğurlu iqtisadi siyasət və yaradılan əlverişli sərmayə
mühiti nəticəsində hər il
ölkə iqtisadiyyatına böyük həcmdə
investisiya qoyulur. Hazırda Azərbaycanın 53
milyard dollardan çox valyuta ehtiyatları var ki, bu da dünya
miqyasında çox böyük göstəricidir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70
faizini təşkil edir. İnvestisiyalar müxtəlif
sahələrə qoyulur: həm sənayenin, kənd təsərrüfatının,
turizm sektorunun inkişafına, həm də neft-qaz sənayesinin
inkişafına. Azərbaycan iqtisadiyyatı
çoxşaxəli iqtisadiyyatdır. Məhz
buna görə iqtisadi artım yüksək sürətə
malikdir. Hazırda neftin qiyməti kəskin
şəkildə aşağı düşür. Lakin ölkə rəhbərliyi qeyri-neft sektoru
hesabına iqtisadiyyatın dayanıqlı inkişafını
davam etdirir və bu, xalqın rifahının getdikcə daha da
yaxşılaşmasının təminatıdır.
Təhsil hər bir cəmiyyətin,
dövlətin gələcək inkişafını, tərəqqisini
müəyyən edən strateji fəaliyyət istiqamətidir. Xüsusilə,
qloballaşma dövründə yeni informasiya,intellekt,
bilik cəmiyyətinin, bilik iqtisadiyyatının
formalaşdığı bir mühitdə hər bir cəmiyyətin
inkişafında təhsilin və elmin rolu danılmazdır. Hörmətli Prezidentimiz İlham Əliyev çox
haqlı olaraq vurğulayır ki, “biz iqtisadi
potensialımızı intellekt potensialına çevirməliyik”.
Müasir təhsil sistemini keçmiş təhsil
sistemindən fərqləndirən cəhət onun məhz
milli xarakter daşımasıdır. Millilik
ilk növbədə ölkənin inkişaf perspektivlərinə,
xalqımızın mənəvi dəyərlərinə,
mentalitetinə, zəngin tarixi ənənələrinə,
demokratiyaya, humanizm prinsiplərinə əsaslanır.
Qeyd etdiyimiz kimi, təhsil dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
2003-cü illə müqayisədə təhsilə
ayrılan ümumi xərclər də dəfələrlə
artıb. 2014-cü ildə
ölkəmizin dövlət büdcəsi 14 dəfə, minimum əmək haqqı 18 dəfə, dövlət büdcəsinin tərkibində təhsilə ayrılan
ümumi xərclər 9 dəfə, təhsilin maliyyələşdirilməsi və investisiya qoyuluşu
47 dəfə, təhsil işçilərinin orta
aylıq əmək
haqqı 8 dəfə artmışdır. 2003-cü ildən
sonra təhsil sahəsində həyata
keçirilən
inkişaf
yönümlü dövlət
proqramları və layihələrin sayı
25-ə çatır. Son on bir ildə ölkədə 3000-ə yaxın yeni məktəb və əlavə korpuslar
tikilmişdir. Təhsil müəssisələrinin
maddi-texniki bazası gücləndirilmiş, istilik sistemi yenidən
qurulmuş, təhsil
sisteminin
informasiyalaşdırılması proqramı
respublikanın bütün
təhsil müəssisələrində uğurla
başa çatdırılmışdır.
Azərbaycanda 2015-ci il dövlət büdcəsi xərclərinin
8,1 faizi təhsil sahəsinə yönəldiləcək.
2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsinə
görə, növbəti ildə təhsil xərcləri
üçün 1717,2 milyon manat vəsait
ayrılacaq. Bu, 2014-cü illə müqayisədə 3,5 faiz, 2013-cü illə müqayisədə 19
faiz çoxdur. Gələn il dövlət büdcəsindən
elmə ayrılan maliyyə vəsaitinin məbləği 21,8 faiz artırılacaq. 2015-ci
ilin dövlət və icmal büdcələrinin layihəsində
elm xərclərinə 142 milyon manat vəsaitin
ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə
müqayisədə 21,8 faiz çoxdur.
Müstəqil Azərbaycan dövlətinin
mövcudluğu şəraitində yüksək səviyyədə
ölkə rəhbəri tərəfindən gənclər
siyasəti həyata keçirilir. İlham Əliyev
dövlətimizin bugünkü və gələcək
inkişafının onun intellektual potensialından
asılı olduğunu qeyd edərək bildirmişdir ki,
inkişaf etmiş ölkələrin təcrübəsinə
nəzər salanda görürük: o ölkələr
inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə
inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların
yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan
bu yolu seçibdir... Gələcəkdə
ölkəmizi gənclərimiz idarə edəcəklər.
Ölkəmizin necə inkişaf edəcəyi
onlardan asılıdır.
Ölkə rəhbərliyi tərəfindən
gənclərin vətəndaşlıq tərbiyəsi və
cəmiyyətdə iştirakı, intellektual və
yaradıcı gənclərin inkişafı üçün
şəraitin yaradılması, gənclərin təşəbbüslərinin
dəstəklənməsi, gənclər siyasəti
infrastrukturunun təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi, regionda yaşayan gənclərin fəallığının
artırılması məsələlərinə daim
xüsusi diqqət yetirilir. Gənclər, bədən tərbiyəsi
və idman siyasətini tənzimləyən hüquqi
bazanın təkmilləşdirilməsi məqsədilə
“2014-2024-cü illərdə Azərbaycan gənclərinin
İnkişaf Strategiyası”, “Azərbaycan Respublikasında bədən
tərbiyəsi və idmanın inkişafı üzrə
2014-2020-ci illər üçün Milli Strategiya”nın layihələri
hazırlanmışdır.
Ölkə rəhbərliyinin
təhsilə, səhiyyəyə olan diqqət və
qayğısı gələcəyimiz olan sağlam,
savadlı və vətənpərvər gəncliyin
yetişdirilməsi kimi strateji məqsəd daşıyır.
Azərbaycan Respublikası Prezidentinin ölkədə sosial-iqtisadi
inkişafın sürətləndirilməsi tədbirləri
haqqında məlum fərmanları səhiyyənin
inkişafına böyük təkan vermiş və geniş
imkanlar yaratmışdır. Səhiyyənin inkişaf
tendensiyası 2013-cü ildə də davam etdirilmiş, bu da
öz növbəsində tibbi demoqrafik və səhiyyə
göstəricilərinin yaxşılaşması
üçün əsaslı zəmindir. Belə ki, son 10 il ərzində
doğum göstəricisi əhalinin hər 1000 nəfərinə
13,9-dan 18,6-a qalxıb, ölüm isə 6 -dan 5,9-ə
düşüb. Təbii artım 7,9-dan 12,7-dək yüksəlib
ki, bu da Avropa ölkələri arasında ən yüksək
göstəricidir. Respublikada səhiyyəyə
ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə
11 dəfədən çox artaraq hazırda təxminən
669 milyon manat təşkil edir. 2014-cü il üçün
725 milyon vəsait nəzərdə tutulmuşdur ki, bu da
2013-cü illə müqayisədə 8 faizdən çox
artım deməkdir. Büdcə vəsaitlərin
artırılması və investisiya fondundan ayrılan vəsait
respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi
avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin
yaradılmasına imkan verib.
Ölkə rəhbərliyi
tərəfindən bundan sonra da hərtərəfli
inkişaf kursunun davam etdirilməsi və qazanılmış
uğurların daha da möhkəmləndirilməsi
üçün gələcək inkişafın əsas
prioritetləri müəyyənləşdirilmişdir. Bu il də makroiqtisadi sabitliyin qorunması,
iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft
sektorunun əsasən ölkənin sənaye potensialından
istifadə etməklə inkişafı, infrastruktur layihələrinin
davam etdirilməsi, alternativ enerji sahəsinə
investisiyaların artırılması, regionların və
Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı
tədbirlərinin davam etdirilməsi,
sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi,
biznes və investisiya mühitinin
yaxşılaşdırılması, ikitərəfli iqtisadi əlaqələrin
genişləndirilməsi, ərzaq təhlükəsizliyinin
möhkəmləndirilməsi, taxılçılıq
üzrə iri fermer təsərrüfatlarının
yaradılması, rəqabətqabiliyyətli
və ixracyönümlü məhsul istehsalının
artırılması, ticarət əlaqələrinin
genişləndirilməsi, yeni və ənənəvi bazarlara
çıxış imkanlarına xüsusi diqqət yetirilməsi,
ekoloji tədbirlərin sürətləndirilməsi davam edəcək.
Azərbaycan xalqı
xoşbəxtdir ki, ulu öndərin alternativi olmayan
düşünülmüş və müdrik siyasəti bu
gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycan xalqı xoşbəxtdir
ki, dövlətçilik sükanı etibarlı əllərdədir.
Azərbaycan xalqı xoşbəxtdir ki, xalqını dərindən
sevən prezidenti ilə əl-ələ verib qüdrətli
dövlət, güclü Azərbaycan qurur!
İradə HÜSEYNOVA,
Bakı Dövlət Universitetinin “Qafqaz
xalqları tarixi” kafedrasının müdiri,
YAP Siyasi Şurasının üzvü,
Əməkdar müəllim,
Beynəlxalq “Sokrat” mükafatı laureatı,
tarix elmləri doktoru, professor
Xalq qəzeti.- 2015.- 8 fevral.- S.3.