Gəncə səhiyyəsi
dünən,
bu gün, sabah
Əslində, Gəncədə səhiyyənin dünəni ilə bu günü arasında fərq böyükdür, bəlkə də müqayisəolunmazdır. “Dünən” deyəndə, ən azı beş-on il əvvəlki dövrü nəzərdə tuturuq. Heç bir şəraiti olmayan, illərlə təmir edilməyən, köhnə tibb avadanlıqlarının ümidinə qalan səhiyyə müəssisələri keçir gözlərimiz önündən. Amma bu gün Gəncədə əhaliyə ən yüksək səviyyədə tibbi xidmət göstərmək üçün şərait var. Xəstəxanalarda çətin və mürəkkəb cərrahi əməliyyatlar aparılır. Elə şəhər səhiyyə idarəsinin rəisi Əlikram Məmmədovun özü Gəncədə nümunə göstərir, tez-tez belə əməliyyatlar aparır, neçə-neçə xəstəni sağlam həyata qaytarır.
Yola saldığımız il
də dünənin hesabındadır. Odur
ki, söhbətimizdə əsas diqqəti
2014-cü ildə Gəncə səhiyyəsində baş verən yeniliklərə və
görülməsi nəzərdə tutulan
işlərə yönəltməyə qərara aldıq. Müsahibimiz Gəncə Şəhər Səhiyyə
İdarəsinin rəisi, Əməkdar həkim, tibb elmləri doktoru, professor Əlikram Məmmədovdur.
– Professor, bayaqdan
fikir verirəm, elə hey
barmağınızı ovuşdurursunuz,
nəsə olub?
– Sapın yeridir, deyəsən, bir qədər
dinclik verməmişəm barmaqlara.
Çətin bir əməliyyatda olmuşam , beş saata yaxın davam edib. Allaha şükür
yaxşı keçdi.
– Belə görürəm yaxın gələcəkdə Bakıya, yaxud xarici ölkələrə xəstələrin getməsinə ehtiyac qalmayacaq. Gəncədə də səhiyyə müasir tələblərə tam cavab verir...
– Demək olmaz ki, bütün
problemlər həll olunub və biz bu gün dünyanın
qabaqcıl tibb ocaqlarındakı kimi ən unikal əməliyyatları
aparmağa tam
hazırıq. Məqsədimiz budur və
bu yolu tutmuşuq.
Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Şəhər
son illər çox inkişaf edib, tamamilə
dəyişıb və bu gün
də iş bir an belə dayanmır. Gəncə 2016-cı il üçün
“Avropanın Gənclər paytaxtı” seçilib.
Respublika Prezidenti cənab
İlham Əliyev Gəncəyə xüsusi diqqət və qayğı göstərir.
Elə şəhərin sürətli
inkişafı da bu
qayğının təzahürüdür. İnsafla
demək lazımdır ki, Gəncə
şəhərinin rəhbərliyi də bu
etimadı bütün varlığı
ilə doğrultmağa
çalışır. Şəhərdə əsl
işgüzarlıq mühüti var. Əgər bütün bunlar varsa səhiyyə niyə mövcud vəziyyətlə
kifayətlənməlidir. Gəncədə böyük və təcrübəli tibb heyəti var. Şəhərin
35 tibb müəssisəsində 850-dən
çox həkim, 1750 nəfərə
yaxın tibb bacısı, feldşer
işləyir. Ötən il dövlət
proqramına uyğun olaraq
Səhiyyə Nazirliyi tərəfindən
A.Səhhət adına və yoluxucu
xəstəliklər xəstəxanalarında, 6 nömrəli
poliklinikada əsaslı təmir və
yenidənqurma işləri, demək olar ki, başa
çatdırılıb. Hazırda bu
müəssisələrdə avadanlıqlar
quraşdırılır, digər təchizat məsələləri
həll edilir.
Yola saldığımız ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Gəncə
psixatiriya xəstəxanası üçün müasir
tələblərə uyğun iki yeni korpusun
və yardımçı binaların inşası üçün şəhər icra hakmiyyəti tərəfindən torpaq sahəsi ayrılmış və tikinti
işlərinə başlanmışdır. Bu
il obyektin istifadəyə
verilməsi nəzərdə tutulmuşdur.
Şəhərdə
keçən il uşaq
stomotoloji poliklinikası əsaslı təmir
olunub və müasir
avadanlıqla təchiz olunub. Təcili
yardım xəstəxanasının cərrahiyyə
şöbəsi isə Yaponiyanın Azərbaycandakı səfirliyinin
qrant layihəsi üzrə əsaslı təmir
olunduqdan sonra istifadəyə
verilmişdir. Təcili və təxirəsalınmaz
tibbi yardım stansiyası ayrıca binaya köçürülmüş
və burada əsaslı təmir işləri
aparılmış, spesifik xidmət üçün
uyğunlaşdırılmış, sanitar
avtonəqliyyat vasitələrinin çıxışı üçün əlavə yol
açılmışdır. Stansiya hər
cür lazımi avadanlıqla təchiz edilmişdir. Səhiyyə Nazirliyi
tərəfindən Hemodializ Mərkəzə
yeni doğulmuşlar üçün
4 ədəd süni tənəffüs
aparatı, digər müxtəlif tibbi
avadanlıq verilmişdir.
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilinin yekunlarına həsr olunmuş iclasında və regionların sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən konfransdakı çıxışında prioritet layihələrin, o cümlədən səhiyyənin bundan sonra da davamlı inkişaf etdiriləcəyini bildirmişdir.T əbii ki, Gəncə də istisna deyil...
– Dövlət
başçısı cənab İlham
Əliyev əhalinin sağlamlığının
qorunmasını və ən yüksək səviyyədə
tibbi xidmət göstərilməsini daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə nəzərəçarpacaq
işlər görülür, böyük layihələr həyata keçirilir. Təsadüfi deyil
ki, səhiyyənin inkişafı üçün ayrılan vəsait ildən-ilə
artırılır. Məsələn,
2003-cü illə müqayisədə 2014-cü ildə səhiyyəyə
ayrılan vəsait 11 dəfədən çox
artıb. Ölkənin bütün şəhər
və rayonlarında tibb ocaqları əsaslı
təmir olunur və hətta ən ucqar dağ kəndlərində
müasir səhiyyə müəssisələri
işə salınır, müasir
avadanlıqlarla təchiz edilir. Ötən
il ölkə
başçısının tapşırığına əsasən
əhalinin sağlamlığının etibarlı şəkildə
qorunması, xəstəliklərin erkən aşkara
çıxarılması və insanların vaxtında
müalicəyə cəlb olunması məqsədilə icbari dispanserizasiya tədbirləri
həyata keçirilib. Respublika
əhalisi tərəfindən böyük
razılıqla qarşılanan bu vacib tədbir Gəncə şəhərində
də yüksək səviyyədə aparılıb. Həmin
tibbi-profilaktik müayinələrdən
147 min 604 nəfər keçirilmiş,
əhali qrupunun 69,7 faizi
əhatə olunmuşdur.
Hazırda Azərbaycan
Respublikası Prezidentinin 10 dekabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari
dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” nın icrası
diqqət mərkəzindədir. Bu məqsədlə
komissiya yaradılmış, müayinələrin
və baxış keçirəcək ixtisaslı mütəxəssislərin
siyahısı təsdiq olunmuş, təhsil
alan uşaqların tibbi-
profilaktik müayinə cədvəlləri
tərtib olunmuşdur. Uşaqların
dispanserizasiyasını mütəşəkkil qaydada bilavasitə təhsil ocaqlarında həyata
keçirilməsi üçün briqadalar yaradılmışdır.
Ötən il mərkəzi qan
bankının Gəncə bölməsində talassemiyalı
xəstələr üçün
bölmə yaradılmışdır. Bundan başqa,
Səhiyyə Nazirliyinin “Hematoloji
xidmətin təkmilləşdirilməsi barədə” 25 iyul 2014-cü il tarixli əmrinə uyğun
olaraq, ayrı-ayrı poliklinikalarda
hematoloji kabinetlər yaradılmış,
bura məsul həkimlər təyin edilmiş və onların iş
yerlərində təcrübə keçmələri təmin
olunmuşdur.
2014-cü
ildə şəhərin tibb
işçilərinin bilik və peşə
bacarığının artırılması istiqamətində
tədbirlər diqqət mərkəzində olmuşdur.
Şəhər səhiyyə idarəsinin konfrans
zalında Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutu ilə birgə terapiya, pediatriya, stomotologiya
ixtisasları üzrə aktual mövzularda
distant kurslar keçirilmişdir. Azərbaycan Tibb Universitetinin mama-ginekologiya kafedrasının mütəxəssisləri
Regional Perinatal Mərkəzdə
olmuş, görülən işlərlə
maraqlanmış, lazımi tövsiyələrini vermişlər.
Səhiyyə Nazirliyi tərəfindən
həmin mərkəzdə yenidoğulmuşların
reanimasiyası və digər mövzular
üzrə treninq, Elmi
Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Səhiyyə Nazirliyinin
İctimai İslahatlar
Mərkəzi ilə isə bir sıra aktual mövzularda elmi-praktik konfranslar keçirilmişdir. Universitetin
sinir xəstəlikləri kafedrasından tibb elmləri doktoru
Ç.Gülablının iştirakı ilə elmi-praktik konfrans da maraqla
qarşılanmışdır.
Bütün tibb müəssisələrimizin
istilik sisteminin
olmasını qarşımıza məqsəd qoymuşuq. Cari ildə elektron səhiyyə
sistemləri ilə bağlı tədbirlərin icrası,
doğuşayardım xidməti göstəricilərinin
yaxşılaşdırılması, uşaqların icbari dispanserizasiyası ilə əlaqədar müvafiq əmrin icrasına nəzarətin
artırılması işi gücləndiriləcəkdir.
Yoluxucu xəstəliklərlə
mübarizə tədbirləri, profilaktik
peyvəndlərin tələblərə uyğun
həyata keçirilməsi, sanitar-gigiyenik
və əks-epidemik tədbirlərə yüksək səviyyədə
əməl olunması, stasionar şəraitdə
istifadə olunan ən vacib
dərman preparatları və tibbi ləvazimatların
siyahısının genişləndirilməsi barədə
nazirliyin əmrindən irəli gələn
məsələlərin həlli, kadrların təkmilləşdirilməsi,
sertifikasiyası, praktik işə yüksək
məsuliyyəti və sair vəzifələr
qarşıdakı aylarda həyata
keçiriləcəkdir.
– Gəncədə ilk dəfə olaraq Cərrahlar və Pediatrlar cəmiyyətləri yaratmısınız və bu barədə qəzetimizdə xəbər də dərc etmişik. Hansı zərurətdən yaranıb bu cəmiyyətlər?
– Söhbətimizin əvvəlinə bir daha qayıtmaq istəyirəm ki, Gəncədə səhiyyənin səviyyəsini daha yüksəklərə qaldırmaq başlıca vəzifələrimizdən biri olaraq qalır. Buna görə gənc həkimlərlə daha ciddi məşğul olmaq, onlara hərtərəfli şərait yaratmaq və qayğı göstərmək lazımdır. Bu işdə adlarını çəkdiyiniz cəmiyyətlər, heç şübhəsiz, böyük rol oynayacaqdır. Artıq gənc həkimlərimizin xarici ölkələrdə və Bakının tanınmış tibb müəssisələrində təcrübə keçmələri üçün əməli fəaliyyətə başlamışıq.
– Professor, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, 2015-ci il fevral ayının 1-dən mart ayının 31-dək ölkə əhalisinin tibbi müayinədən keçirilməsinə başlanıb. Bu vacib, həm də xeyirxah bir iş Gəncədə necə həyata keçirilir?
– Şəhərin bütün tibb
ocaqları əhalinin müayinə edilməsi və xəstəliklərin
üzə çıxarılması istiqamətində
işlərin yüksək səviyyədə həyata
keçirilməsi üçün imkanlardan daha səmərəli istfadə etməyə
çalışırlar. Laboratoriyalarda hər
cür şərait var,
peşəkar həkimlərimiz az deyil. Müasir tibb avadanlıqlarımızın köməyi
ilə xəstəliklərin diaqnozlarını aparmaq mümkündür.
Bunları ona görə xüsusi
vurğulayıram ki, bizə formal müayinə aparmaq yox, real vəziyyəti aşkar etmək lazımdır. Xəstəliklərin,
xüsusilə gizli gedən xəstəliklərin
erkən üzə çıxarılması çox
vacibdir. Tibb müəssisələri
rəhbərləri ilə ayrıca müşavirə keçirmişik, seminarlarımız olub və bu işin icrası nəzarətimdədir. Hər
10 gündən bir işlərin gedişi və müayinələrin nəticələri
barədə Səhiyyə Nazirliyinə məlumat göndəriləcəkdir.
Qeyd etmək istəyirəm ki,
hazırda görülən işlər və gələcəkdə
planlaşdırılan layihələr respublika
Səhiyyə Nazirliyinin və Gəncə
Şəhər İcra Hakimiyyətinin xüsusi diqqəti və qayğısı sayəsində
həyata keçirilir. Biz öz
razılığımızı və minnətdarlığımızı
bildiririk və əminik ki,
tezliklə Gəncə səhiyyəsinin şan-şöhrəti
hər yerə yayılacaqdır.
Söhbəti qələmə aldı: Hamlet QASIMOV
Xalq qəzeti.- 2015.- 10 fevral.- S.9.