Vətənə və
xalqa bağlı ömür
Doğma Vətənə və xalqa xidmət görkəmli ictimai xadim Zərifə Salahovanın fəaliyyətinin əsas hədəfidir. Zərifə xanım özünün çoxşaxəli fəaliyyəti ilə cəmiyyətin tərəqqisinə, milli mədəniyyətin və milli düşüncənin inkişafına dəyərli töhfələr verib. O, həm nüfuzlu ictimai xadim, pedaqoq, maarifçi, naşir, həm də vətənpərvər, işıqlı bir şəxsiyyətdir.
Müasir müstəqil
Azərbaycan dövlətinin banisi və qurucusu, dünya
şöhrətli siyasətçi və dövlət xadimi
Heydər Əliyevin yaxın silahdaşlarından biri olmuş
Z.Salahova bütün ictimai-siyasi proseslərdə həmişə
fəal mövqe tutub, vətənpərvərlik nümunəsi
göstərib.
Vətən sevgisi Z. Salahovaya irsən keçib. O, Azərbaycanın görkəmli şəxsiyyətlərindən
biri olan Teymur Salahovun ailəsində doğulub. Müxtəlif
rəhbər vəzifələrdə
çalışmış, doğma Vətənə və
torpağa qəlbən bağlı olan T.Salahov məkrli xəyanətkarların,
erməni millətçilərinin əli ilə repressiya
dövründə - 1938-ci ildə güllələnib. Lakin
gec də olsa, 18 il sonra haqq-ədalət öz yerini tapıb və
ona bəraət verilib.
Zamanın ədalətsizlikləri Teymur Salahovu cismən
məhv etsə də, mənən sarsıda bilməyib və
işıqlı xatirəsi bu gün də ürəklərdə
yaşayır. Onun yadigarları olan dünya şöhrətli
Xalq Rəssamı Tahir Salahov, görkəmli ictimai xadim Zərifə
Salahova, nəslin digər davamçıları
xalqımızın ən dəyərli şəxsiyyətləri
sırasında yer alırlar.
Azərbaycan Rus dili və Ədəbiyyatı
İnstitutunu və Moskvada Ali Partiya Məktəbini bitirən
Zərifə Salahova müxtəlif sahələrdə işləyib,
1970-1981-ci illərdə görkəmli dövlət xadimi Heydər
Əliyevin rəhbərliyi altında Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsində məsul vəzifədə
çalışıb. 1981-1992-ci illərdə Azərbaycan Respublikası “Kitab” Cəmiyyəti
sədrinin birinci müavini olub (1974-1989-cu illərdə cəmiyyətin
Fəxri sədri mədəniyyət naziri Zakir Bağırov
idi), 1993-cü ildən isə cəmiyyətin sədridir.
2002-ci ildə Z.Salahova dünyada ilk dəfə olaraq
Bakıda Miniatür Kitab Muzeyini yaradıb. Dahi rəhbər
Heydər Əliyevin qayğısı sayəsində ərsəyə
gələn bu muzeydə dünyanın 67 ölkəsində,
o cümlədən Azərbaycanda
çap olunan 7 mindən çox miniatür kitab
toplanıb. “Kitab” Cəmiyyəti ulu öndər Heydər
Əliyev ilə bağlı 37 miniatür kitab nəşr
edib. “İNDİGO” nəşriyyatında çap olunan bu kitablar Heydər Əliyev Fondunda
və Miniatür Kitab Muzeyində nümayiş etdirilir. Muzeyin
eksponatları arasındakı ən qədim kitab isə Səudiyyə
Ərəbistanında nəşr olunmuş Müqəddəs
“Qurani-Kərim”in 1672-ci ilə aid nüsxəsidir.
“Kitab” Cəmiyyətinin dəstəyi ilə
ayrı-ayrı ölkələrdə Miniatür Kitab Muzeyi kolleksiyasının
ən yaxşı nümunələri təqdim olunub. Ginnesin
Rekordlar Kitabına daxil edilən bu muzeyin beynəlxalq əlaqələri
də genişləndirilib. Bütün bunlar Azərbaycan mədəniyyətinin,
milli mənəvi irsimizin dünyada təbliğinə və
tanınmasına əvəzsiz töhfədir.
Z.Salahovanın fəlsəfi baxışlarında “milli
təfəkkürün inkişafı”, “milli mənəvi dəyərlərin
zənginləşdirilməsi”, “milli dövlətçiliyə
xidmət”, “azərbaycançılıq təəssübkeşliyi”
həmişə önəmli yer tutub. İştirak etdiyi
bütün beynəlxalq tədbirlərdə Azərbaycanı
layiqincə təmsil edən Zərifə xanım ölkəmizlə
bağlı həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında daim xüsusi əzmkarlıq
göstərib.
Ümummilli lider Heydər Əliyev, Prezident İlham
Əliyev Zərifə Salahovanın fəaliyyətini yüksək
dəyərləndiriblər. Azərbaycan Prezidentinin
müvafiq Sərəncamı ilə Z. Salahova “Şöhrət”
ordeni ilə təltif olunub.
Zərifə xanım Azərbaycan Respublikasının
Əməkdar Mədəniyyət İşçisi fəxri
adına, Belarus Respublikasının Prezidenti Aleksandr
Lukaşenkonun müvafiq Sərəncamı ilə bu ölkənin
dövlət mükafatı Fransisk Skorina medalına (2010),
Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin fəxri fərmanına,
Rusiya Xarici İşlər Nazirliyinin agentliyi olan
“Rossotrudniçestvo”nun “Dostluğa və əməkdaşlığa
görə” (“Za drujbu i sotrudniçestvo”) Şərəf
nişanına və digər mükafatlara layiq
görülüb.
Belarusun Azərbaycandakı səfiri Nikolay
Patskeviç: “Zərifə Salahova öz əməli, xeyirxah
işi və yorulmaz fəaliyyəti ilə digərlərindən
seçilir. Mən onda olan bu həyat eşqinə
vurğunam. Onun yolu insanları daim düzlüyə,
saflığa, oxumağa, öyrənməyə səsləyir.
Bu yolda ona uğurlar arzulayıram”.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri
Vladimir Doroxin: “Zərifə Salahova nadir muzey
yaratmışdır... Miniatür Kitab Muzeyinin təşkili həm
də bədii sözə hörmətin yüksək əlamətidir”.
Zərifə xanım, eyni zamanda, olduqca xeyirxah, nəcib
bir ziyalı, yüksək idarəçilik
bacarığına malik təşkilatçıdır.
Haşiyə: 1983-cü il idi. Mən Azərbaycan
Respublikası “Kitab” Cəmiyyətinin Zəngilan rayon təşkilatının
sədri vəzifəsində çalışırdım.
Eyni zamanda, Azərbaycan Dövlət Universitetinin jurnalistika
fakültəsinin qiyabi şöbəsində təhsil
alırdım.
Bir gün xəbər tutdum ki, “Kitab” Cəmiyyəti sədrinin
birinci müavini Zərifə Salahova qurumun fəaliyyəti zəif
olan rayon təşkilatlarının sədrləri ilə
görüşəcək. Həmin görüşə məni
də dəvət etdilər. Doğrusu, çox narahatlıq
keçirirdim.
Görüş zamanı Zərifə xanım bu
narahatlığımı hiss etdi. Çox
qayğıkeşliklə iş şəraitim, problemlərim
ilə maraqlandı. Rayon təşkilatının fəaliyyətini
genişləndirmək üçün tövsiyə və
tapşırıqlarını verdi. Ölkənin
inkişafında yüksək ixtisaslı, bacarıqlı
mütəxəssislərin mühüm rolunu qeyd edən Z.
Salahova dedi: “Sən həm də tələbəsən, tələbəyə
daha çox diqqət və qayğı göstərilməlidir.
Hansı çətinliklərin olsa, müraciət et,
çalışarıq ki, öz dəstəyimizi verək”.
Qəbul otağından çıxanda qəlbimdə Zərifə
xanıma sonsuz minnətdarlıq hissləri baş
qaldırmışdı. Həmin duyğular bu gün də məni
tərk etməyib. Zərifə xanımın tövsiyələri,
ondan gördüyüm diqqət və qayğı həyatıma
və fəaliyyətimə həmişə işıq tutur.
Xalqımızın ləyaqətli övladı Zərifə
Salahova bir çoxlarının inam, ümid yeri olub. Bu
qayğıkeşlik Zərifə xanıma irsən keçib
və onun Vətənə, torpağa olan sonsuz məhəbbətindən
qaynaqlanır.
İbrahim
ƏSƏDOV,
AzərTAc-ın
müxbiri
Xalq qəzeti.-
2015.- 10 fevral.- S.11