Hədəf zirvəni
fəth etməkdir
Ötən
ilin ən yaxşılarından biri...
Dünya hərbi döyüş növləri idman ölkəsi olan Azərbaycanda da geniş yayılıb. Atletlərimiz arasında bu növlər üzrə dünya şöhrətlilərinin sayı getdikcə artır. Döyüş növləri üzrə keçirilən beynəlxalq yarışlarda böyük uğurlar qazanan Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) “Gömrükçü” İdman Klubunun təmsilçisi Elsevər Quliyev belə idmançılardan biridir.
1981-ci il
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun
Çeşməbasar kəndində anadan olan Elsevər idmana
kiçik yaşlarından maraq göstərib. Bu
marağı onda vaxtilə güləşlə məşğul
olan atası oyadıb. İlk məşqlərə uşu
üzrə Şəhriyar Tarıyevin rəhbərliyi
altında başlayıb. Əsl idmançıya xas olan
keyfiyyətlər bu sahədə qələbələrini
davamlı edib, ciddi uğurlar qazanıb. Sonradan müxtəlif
döyüş növlərində bacarığını
sınayan idmançımız beynəlxalq səviyyəli,
irimiqyaslı yarışlarda qalib gəlib və
mükafatçılar sırasında yer alıb.
Elsevər 2011-ci ildə
Xarkovda kempo-ryu üzrə keçirilən dünya
çempionatında gümüş, 2012-ci ildə qocyu-ryu
karate üzrə dünya çempionatında qızıl
medal alıb. İtaliyanın Karrara şəhərində
kikboksinq üzrə keçirilən dünya
çempionatında kick-light versiyasında 84 kq çəkidə
mübarizə aparan idmançı III yeri tutub. 2014-cü ildə isə Ukraynada
kempo-karate və kobudo üzrə təşkil edilən
dünya çempionatlarında bütün rəqiblərini məğlub
edərək qızıl medallar qazanıb.
Ukraynada dünya
çempionatı zamanı ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyinə həsr olunmuş III dünya kəməri
uğrunda yarışda Elsevər Quliyev bütün rəqiblərini
mübarizədən kənarlaşdıraraq kəmərə
sahib olub.
Dünyanın ən
mötəbər yarışlarında Azərbaycanı
layiqincə təmsil edən idmançının
uğurları yüksək qiymətləndirilib. O, Milli
Olimpiya Komitəsində 2014-cü ilin yekunlarına həsr
olunmuş mərasimdə Milli Olimpiya Komitəsinin prezidentinin
fəxri fərmanı ilə təltif olunub.
Cəldlik, dözümlülük, əzmkarlıq
– qələbənin əsas şərtləri
2014-cü ildə
yüksək nailiyyətlərinə görə Milli Olimpiya
Komitəsinin prezidentinin fəxri fərmanı ilə təltif
olunan Elsevər Quliyevlə məşq zalında
görüşdük. İdmançı ən çox
sevdiyi ağrıdıcı fəndlər üzrə
hazırlığını davam etdirirdi. “Elsevərin beynəlxalq
yarışlar zamanı məharətlə tətbiq etdiyi
ağrıdıcı fəndlər onun cəldliyi, dözümlülüyü,
əzmkarlığı qarşısında tab gətirə
bilməyən rəqiblərini uğursuzluğa
düçar edir”, – bunu Qocyu-ryu Okinava və Kempo-ryu
Federasiyasının prezidenti Tarverdi Allahverdiyev deyir. O,
idmançıda şəxsi keyfiyyətlərin nailiyyətlərin
əldə olunmasında mühüm rol
oynadığını vurğulayır: “Ölkəmizdə
idmançı olmaq ən şərəfli peşələrdən
biri hesab olunur. Bəzən müəyyən nailiyyətlər
əldə etmiş idmançını şöhrət
çaşdırır, necə deyərlər, gözü
ayağının altını görmür. Amma Elsevər nailiyyətlərinin
sayını artırdıqca məsuliyyəti daha da artır.
Mən qəti əminəm ki, bundan sonra o, daha əzmkarlıqla
çalışacaq, yüksək qələbələr
qazanacaq”. Dünya çempionatında hakimlik etdiyi zaman Elsevərin
ən çətin qarşılaşmalarda belə təmkinini
pozmamasını, dözüm nümayiş etdirməsini, həlledici
anlarda düzgün qərar çıxarma
bacarığını vurğulayan Tarverdi müəllim bu
idmançıda fiziki güclə yanaşı, psixoloji
hazırlığın yüksək səviyyəsini də
qeyd edir.
Zirvəyə doğru...
Milli Olimpiya Komitəsinin
vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman
Sağlamlıq Mərkəzinin (DGK İSM) baş direktoru Xəzər
İsayev uğurlu idman siyasəti nəticəsində Azərbaycanın
dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş,
idmançılarımızın isə əsas rəqib kimi
qəbul olunduqlarını bildirdi və qeyd etdi ki,
idmançılarımız beynəlxalq arenalarda keçirilən
yarışlara məsuliyyətlə hazırlaşırlar.
Onlar idman ölkəsi olan Azərbaycanı yüksək səviyyədə
təmsil etməyi özlərinə borc bilirlər. Xəzər
İsayev Azərbaycanda idmanın həm olimpiya, həm də
qeyri-olimpiya növlərinə qayğının eyni dərəcədə
yüksək olduğunu, idmançılara hərtərəfli
şəraitin yaradıldığını diqqətə
çatdırdı: “Hər bir idmançı - istər
olimpiya, istər qeyri-olimpiya növü ilə məşğul
olsun - beynəlxalq yarışlarda Azərbaycanın idman
şöhrətini ucaldır. Məşqçilər, idman
qurumlarının rəhbərləri gənclərdə vətənpərvərlik
hissinin tərbiyəsinə də xüsusi diqqət yetirirlər. Çünki
idmançıların şəxsi keyfiyyətləri də
onların mübarizəsinə təsir edən amillərdəndir. Təmsilçimiz Elsevər fiziki cəhətdən
güclü idmançı olmaqla bərabər, həm də
vətənpərvərdir. Vətənpərvərlik hissi həlledici
anlarda idmançının mübarizliyini daha da
artırır. İştirak etdiyi yarışlarda o, həm də
taktiki və texniki cəhətdən güclü olduğunu
bir daha sübut etdi. Əminəm ki, Elsevər
qarşıdakı yarışlarda da yüksək səviyyədə
çıxış edəcək, uğurlarının
sayını daha da artıracaq”.
Elsevər Quliyev
qarşıdakı yarışlara hazırlıqdan
danışdı. Bugünkü nailiyyətlərlə kifayətlənmədiyini,
gələcəkdə yüksək qələbələr
qazanmaq əzmində olduğunu dedi: “Mən, eləcə də
komandamızın üzvləri daha yüksək göstəricilər
qazanmaq arzusundayıq. Biz idmançılar üçün
ölkəmizdə yaradılan şərait ən yüksək
səviyyədədir. Təmsil etdiyim DGK İSM-in
“Gömrükçü” İK mənə yarışlarda
daim dəstək olur. Hazırda Xaçmaz Gömrük
İdarəsində yol vergilər şöbəsinin
böyük inspektoru vəzifəsində
çalışıram və gömrük xidməti
polkovnik-leytenantıyam. Fürsətdən istifadə edib
yarışlarda iştirakıma yaratdığı şəraitə
görə Xaçmaz Gömrük İdarəsinin rəhbərliynə
minnətdarlığımı bildirirəm.
Çalışıram ki, mənə göstərilən
etimadı bundan sonra da doğruldum.
Yeni idman nailiyyətləri isə
gərgin əmək tələb edir. Çünki
sabahkı uğurlarımız dünənkindən daha
möhtəşəm olmalıdır.
Leyla QURBANOVA
Xalq qəzeti.- 2015.- 12 fevral.- S.7.