2014-cü ildə “Azərbaycanın
əfsanələr paytaxtı”
seçilmiş Qəbələ böyük xariqələr
ünvanına çevrilib
Ötən ilin sosial-iqtisadi
inkişafının yekunları və 2015-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
hesabat yığıncağının
iştirakçıları əvvəlcə ümummilli liderin
şəhər mərkəzindəki abidəsi önünə
gül dəstələri qoydular. Sonra Heydər Əliyev
Konqres Mərkəzinin foyesində rayonun sosial-iqtisadi
inkişafını əks etdirən stendlər və
istehsal olunan yerli məhsulların
sərgisi nümayiş etdirildi.
Konqres Mərkəzində
keçirilən iclasda Azərbaycan Respublikası
Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının məsul
işçisi Əflatun Rufiyev, rayonun idarə, təşkilat,
müəssisə rəhbərləri, icra nümayəndələri
və yerli özünüidarəetmə orqanlarının sədrləri
iştirak edirdilər.
Qəbələ Rayon
İcra Hakimiyyətinin başçısı Səbuhi
Abdullayevin hesabat məruzəsində
qeyd edildi ki, ötən il rayonun
ictimai həyatında baş verən əsas əlamətdar
hadisə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin 2014-cü il yanvarın 3-də və
sentyabrın 22-də Qəbələyə səfərləri
olub. Səfərlər zamanı dövlət
başçısı sosial və iqtisadi xarakterli bir sıra
mühüm obyektlərin açılışında
iştirak edib, inşaat işləri aparılan tikintilərdə
işlərin gedişi ilə maraqlanıb.
Görülmüş işlər barədə fikirlərini
bildirən ölkə başçısı rayon ictimaiyyəti
qarşısında yeni vəzifələr
qoyub.
Qeyd edildi ki, ötən
müddət ərzində rayonda iqtisadiyyatın
ayrı-ayrı sahələri üzrə 239 milyon 304 min
manatlıq məhsul istehsal edilib. Xidmət təşkilatları qarşıya qoyulmuş vəzifələrin
öhdəsindən lazımınca gəliblər. Əhalinin
elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər
kommunal xidmətləri ilə təminatının daha da
yaxşılaşdırılması məqsədilə bu sahələr
daim diqqət mərkəzində saxlanılıb.
Azərbaycan hökuməti
və Dünya Bankının maliyyə dəstəyi əsasında Qəbələ
şəhərinin su təchizatı və kanalizasiya sisteminin
yenidən qurulması istiqamətində 1-ci mərhələ
üzrə işlər tamamlanıb, 2-ci mərhələ
üzrə isə tikinti işləri davam etdirilib. “Qaraçay”, “Duruca” su mənbələrində
yerləşən anbarlar lil və
qumdan təmizlənib, cari təmir işləri
görülüb. Şəhərin küçələrində
aparılan abadlıq işləri ilə əlaqədar
mövcud su təchizatı və kanalizasiya xətlərində
müxtəlif diametrli borular dəyişdirilib,
təmir-bərpa işləri aparılıb. Hərbi şəhərcikdə,
qaçqın şəhərçiyində,
Aydınqışlaq kəndində və beşmərtəbəli
yaşayış binalarının qarşısındakı
artezian quyularında nasoslar dəyişdirilib, Elçin Kərimov
küçəsində bir ədəd subartezian quyusu
qazılıb...
Rayonun
yaşayış məntəqələrinin sel sularından
qorunması, daşqın və selə qarşı mübarizə
məqsədilə 1115 min kubmetr çay məcrası daş
və qumdan təmizlənib, 320 kubmetr qabion bəndi vurulub,
6326 kubmetr daş-beton bənd və
kənd təsərrüfatının suvarma kanalları cari təmir
edilib. İstifadəçilərdən 15,8 min manat su
haqqı yığılaraq tapşırığa 100 faiz əməl
edilib.
Qeyd olundu ki,
2014-cü ildə Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana
avtomobil yolunda əsaslı təmir, Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının
“N” saylı alayında, qida şəhərciyində, kartof
soyuducu anbarında, Çuxur Qəbələ kəndindəki
Arxeoloji Araşdırmaların Tədqiqatı Mərkəzinin
inzibati binasında, Qafqaz-Yengicə Termal Otel və SPA obyektində,
80 şagird yerlik Yengicə kənd orta məktəbinin, 220
şagird yerlik Zirik kənd orta məktəbinin və Qəbələ
şəhərindəki 5 nömrəli tam orta məktəbin
binalarında tikinti işləri başa
çatdırılıb.
Hazırda Qəbələ
Futbol Akademiyası və stadionlar kompleksində, Dəmiraparan
çayı üzərindəki 10 aşırımlı, 324
metrlik beton körpüdə, “Aquapark” istirahət mərkəzində,
“Tufandağ” Dağ-Xizək Yay-Qış İstirahət
Kompleksinə daxil olan xizəkçilik mərkəzi və
“Tufangöl” otelində, “Qrand siti” otelində, Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
rayon şöbəsinin, rayon məhkəməsinin və
prokurorluğun inzibati binalarında, Savalan kəndindəki
“Raftinq” Mərkəzində, Laza sərhəd zastavasında,
Nohur gölü ərazisindəki otellər kompleksində,
Gömrük Akademiyasının, YAP Qəbələ rayon təşkilatının,
“ASAN xidmət”in rayon filialının, kənd təsərrüfatı
idarəsinin inzibati binalarında, atıcılıq və
atçılıq idman mərkəzlərində
tikinti-quraşdırma işləri davam etdirilir.
Bundan başqa,
ilboyu Qəbələ şəhərində
abadlıq işləri davam etdirilib,
Həzi Aslanov və Sahil küçələrində
yenidənqurma işləri başa çatdırılıb.
Hazırda Seyid Əzim Şirvani və İsmət Qayıbov
küçələrində tikinti-abadlıq işləri həyata
keçirilir. Eləcə də, Zarağan kəndindəki hərbi
şəhərciyin 11 binasının və şəhərin
beşmərtəbəli yaşayış binalarının
istilik, su-kanalizasiya sistemi, dam örtüyü və fasadı
əsaslı təmir edilib.
Rayon rəhbərinin hesabat məruzəsində qeyd edildi
ki, 2015-ci ildə Qəbələ
peşə məktəbinin yeni binasının, rayon mərkəzi
xəstəxanasının, Azərbaycan Dillər Universitetinin
Qəbələ filialının, Yengicə su
anbarının, Turizm Akademiyasının, Qəbələ
şəhərində hər biri 100 yerlik 2 uşaq
bağçasının, 1 nömrəli uşaq
bağçasının yeni binasının və
Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun
tikintisinə başlanılması nəzərdə tutulur.
Rayonda təhsil sistemi
daim diqqət mərkəzində saxlanılır. Təhsil
müəssisələri 2013-2014-cü dərs ilini də
yüksək nəticələrlə başa vurub. On birinci
sinfi bitirən 1381 şagirddən
810 nəfəri ali məktəblərə qəbul olunmaq
üçün sənəd verib, onlardan 534 nəfəri ali
məktəbə qəbul edilib. Bu da əvvəlki illə
müqayisədə 38 nəfər çoxdur. Ali məktəbə
qəbul olunanların 131 nəfəri 500-dən yuxarı, 27 nəfəri
isə 600-dən yuxarı bal toplayıb.
Təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində işlər davam etdirilib. Şəhər 5
saylı tam orta, Zirik və Yengicə kənd ümumi orta məktəblərinin
tikintisi başa çatdırılıb. Böyük Pirəli
kənd tam orta məktəbi əsaslı təmir olunub. Təhsil
sisteminin informasiyalaşdırılması sahəsindəki
işlər 2014-cü il ərzində
də davam etdirilib, məktəblərdə kompüterlərin
sayı 570-ə çatdırılıb. Bununla da, hər
20 şagirdə bir
kompüter düşməsi haqqında Dövlət
Proqramı Qəbələ məktəblərində
artıq həyata keçirilib.
17 məktəb internet şəbəkəsinə
qoşulub, 5 tam orta məktəbin, o cümlədən təhsil
şöbəsinin xüsusi saytı açılıb.
Ulu öndərin
irsinin öyrənilməsi ilə əlaqədar Heydər Əliyev Mərkəzində təşkil olunan tədris kursları yüksək fəallıq və işgüzar diskussiya şəraitində keçirilib. 2014-2015-ci tədris ilində də
bu dərslər
böyük fəallıq və həvəslə davam
etdirilir.
Qəbələ
Rayon Mədəniyyət və
Turizm Şöbəsində də
2014-cü il ərzində tarixi hadisələrin, yubileylərin
və əlamətdar günlərin qeyd
olunması istiqamətində xeyli işlər görülüb,
yaradıcı kollektivlər respublika tədbirlərində
iştirak ediblər. 2013-cü ildə Qəbələnin MDB
ölkələrinin “Mədəniyyət paytaxtı” elan edilməsi
ilə əlaqədar rayonda silsilə tədbirlər
keçirilib və yekunda təntənəli
bağlanış mərasimi təşkil olunub. Tədbirdə
MDB ölkələrinin mədəniyyət və incəsənət
xadimləri, bir sıra ölkələrin Azərbaycandakı
səfirləri, rayon ictimaiyyətinin nümayəndələri
və digər nüfuzlu qonaqlar iştirak ediblər. Mədəniyyət
Mərkəzində Azərbaycan və rus
kinematoqrafçılarının filmləri nümayiş
etdirilib.
Bundan başqa, rayonda ənənəvi
VI Qəbələ Beynəlxalq Musiqi Festivalı
keçirilib. Festivalda ABŞ, Cənubi Afrika, Ukrayna, İsrail, Avstriya, Kanada, Koreya, Rusiya, Türkiyənin dünya
şöhrətli musiqiçiləri,
Vyana Akademik Orkestri, İohannesburq Simfonik Orkestri, “Kiyev solistləri”
Milli Kamera Ansamblı, Tel-Əviv balet qrupu, Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri
çıxış etmişlər. Festival çərçivəsində
tamaşaçılara caz və muğam axşamları da təqdim
olunub. Dağıstan Respublikasında keçirilən ənənəvi “Tsamauri” II Beynəlxalq
Mədəniyyət Festivalında Azərbaycanı
“Aşıqlar” qrupu və Qəbələ rayonunun mədəniyyət
işçiləri təmsil ediblər.
2014-cü ildə
rayonda II Qəbələ mürəbbə festivalı
keçirilib. Festivalda 21 rayonun şirniyyat ustaları
iştirak ediblər. “Qəbələ guşəsi”nin təşkilinə
görə rayon Azərbaycan Respublikası Milli Kulinariya Mərkəzi
tərəfindən qızıl medala layiq görülüb.
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Azərbaycanın
Xalq Yaradıcılığı Paytaxtları” proqramına uyğun olaraq nazirliyin
31 mart 2014-cü il tarixli 169 nömrəli əmri ilə Qəbələ
2014-cü ildə “Azərbaycanın əfsanələr
paytaxtı” seçilmişdi.
Şəki şəhərində keçirilmiş IX
Çövkən Milli Oyunları Festivalında Qəbələ
Rayon Mədəniyyət və Turizm Şöbəsinin
komandası “Yaylıq” milli oyununda birinci yeri tutduğuna
görə Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin fəxri diplomuna və pul
mükafatına layiq görülüb.
Səbuhi Abdullayev qeyd etdi ki, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamına əsasən,
2015-ci il respublikamızda “Kənd
təsərrüfatı ili” elan edilib. Sərəncamın
icrası ilə əlaqədar Qəbələdə kənd
təsərrüfatının dinamik inkişafı
üçün yeni emal müəssisələrinin, iri fermer
təsərrüfatlarının yaradılması, idarəetmədə
səmərəliliyin və şəffaflığın
artırılması üçün elektron kənd təsərrüfatı
sisteminin tətbiqi mühüm vəzifə kimi qarşıya
qoyulub. Yeni ilin ilk ayından bu istiqamətdə işlər
sürətləndirilib.
Ölkə ərazisində mövcud olan tolerantlıq və
çoxmədəniyyətlilik kimi dəyərlər Qəbələdə
də öz layiqli əksini tapır. Rayonda yaşayan etnik
xalqlar öz adət-ənənələrinin,
milli mədəniyyətlərinin, dillərinin qorunması,
inkişaf etdirilməsi istiqamətində fəal mövqe
nümayiş etdirir, bir-birinə bərabərhüquqlu vətəndaş
kimi, qarşılıqlı hörmət münasibəti bəsləyirlər.
Həyata keçirilən abadlıq-quruculuq işləri milli
azlıqların yaşadıqları qəsəbə və kəndləri
də əhatə edir və
onların bu işlərdən bəhrələnməsini
təmin edir.
Həm rayon rəhbərinin hesabat məruzəsində,
həm də məruzə ətrafındakı
çıxışlarda xüsusi olaraq vurğulandı ki, qəbələlilər
həmişə olduğu kimi, Vətənimizə, dövlətimizə,
xalqımıza sədaqətlə xidmət edəcək,
2015-ci ili də uğurlu nailiyyətlərlə başa
vuracaqlar.
Sonda Azərbaycan Respublikası Ağsaqqallar
Şurasının sədri, millət vəkili Fəttah Heydərov
çıxış edərək əldə olunmuş
uğurlardan söz açıb. 2014-cü ildə Qəbələdə
görülən işlər və bu işlərin yerinə
yetirilməsi ilə bağlı rayon icra hakimiyyətinin, idarə,
təşkilat və müəssisələrin yorulmaz fəaliyyətini
yüksək qiymətləndirildiyini qeyd edən millət vəkili
2015-ci ildə qarşıda duran vəzifələrin yerinə
yetirilməsi üçün bütün qəbələlilərə
cansağlığı, firəvanlıq və əminamanlıq
arzulayıb.
Tədbirdə Qəbələ
ictimaiyyəti nümayəndələri adından Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevə müraciət qəbul edilib və
rayonun sosial-iqtisadi inkişafında xidmətləri olan bir
qrup vətəndaşa qiymətli hədiyyələr, fəxri
fərmanlar verilib.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2015.- 12 fevral.- S.6.